Məhkəmə qərarları › İş №2(103)-5225/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5225/2023

26.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5225/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair” mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil3 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3947/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş mülkiyyətinin bərpa edilməsi, cavabdeh və üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 5-ci mərtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzili "xxxx" müqaviləyə əsasən, əvvəlki sahib X1 adından onun ərizəsinə əsasən öz adına keçirmişdir. Mənzilin dəyəri olan 38287 manat məbləğində pul tərəfindən Cavabdeh1 MTK-ya ödənilmişdir və bu barədə ona xx.xx.2015-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin həmin vaxt mənzil təmirsiz olduğundan, ora köçə bilməmiş və maddi çətinlikləri olduğundan təmir işlərini də müvəqqəti olaraq təxirə salmışdır. Ara-sıra gedib mənzilinə baş çəkmişdir. Bu yaxınlarda növbəti dəfə gedərkən mənzilin qapısını açmaq istəyəndə açarının dəyişdirildiyini və orada başqa şəxslərin məskunlaşdığını aşkarlamışdır. Bundan sonra bu barədə dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq mülkiyyətində olan mənzil boşaldılaraq ona təhvil verilməmişdir. Yəni göründüyü kimi mübahisəli 145 saylı mənzil MTK tərəfindən ona satılmasına və həmin mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışının verilməsinə, həmçinin mənzilin neçə illərdir ki, istifadəsində, sərəncam və mülkiyyətində olmasına baxmayaraq, göstərilən mənzil əsassız və qanunsuz olaraq zəbt edilmişdir. Bununla da o, pozulmuş mülkiyyət hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-2938/2021 saylı, xx.xx.2021- ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir.

4. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 3947/2022 saylı qərardadı ilə Cavabdeh2 ərizəsi təmin edilərək, qeyd edilən qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.

5. Yasamal Rayon Məhkəməsinin 2(004)-3947/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

6. İşə yeni apellyasiya baxışı zamanı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin157.8, 165, 337, 340.1,340.2 567, 568.1, 575.2, 452.1-ci maddələrinin məzmununa nəzər yetirməmiş və yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir, iddiaçının irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşması deməkdir, bundan əlavə Cavabdeh2 adına verilmiş formal müqavilənin etibarsızlığı işin halları ilə tam sübut olunur, iddiaçının açıq-aşkar şəraitdə mülkiyyətində olan əmlaka qanunsuz müdaxilənin qarşısı alınmamışdır, iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsi faktı həm müqavilədə, həm də maliyyə arayışında təsdiqlənmişdir, nəzərə alınmalıdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 5-ci mərtəbəsində yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı, 145 saylı mənzili "xxxx" müqaviləyə əsasən, ilkin olaraq MTK-a ilə X3 arasında xx.xx.2006-cı il tarixli müqavilə bağlanmış, ödənişlər sonuncu tərəfindən edilmiş, və mənzil ona təhvil verilmişdir. xx.xx.2015-ci il tarixdə "xxxx" müqaviləyə əsasən, əvvəlki sahib X1 adından onun ərizəsinə əsasən İddiaçı adına keçirmişdir, göründüyü kimi, hazırki mülki iş X3 hüquq və vəzifələrinə toxunur və bu səbəbdən onun cəlb olunması mütləq və zəruri idi, bu barədə tərəflərindən vəsatət verilsə də məhkəmə qanunsuz olaraq vəsatəti təmin etməmişdir, X1 dəvət edilərək şahid qismində dindirilməsi barədə vəsatət verməklərinə baxmayaraq məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir, məhkəmə iddia ərizəsinə cavabdehin etirazını qətnaməyə köçürməklə kifayətlənmiş və bu səbəbdən də iddia tələbinin hansı əsaslarla təmin edilməməsini əsaslandıra bilməmişdir. Birinci apellyasiya icraatı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Cəmilə Musayeva, iş N 2(103)-576/2023) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya icraatı:

7. İddiaçı (vəkil Nümayəndə1) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2120/2023 nömrəli, xx.xx.2023-cü il qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-576/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı həmin mənzili 2006-cı ildə əldə etmiş onu ilkin mülkiyyətçisindən almışdır, bu halı Ali Məhkəmə də öz qərarında xüsusi olaraq vurğulamışdır, belə olan halda isə 2011-ci ildə həmin mənzilə dair MTK hər hansı hüquqa malik olmamışdır ki, onu kiməsə satsın, Cavabdeh2 mənzilə sahiblənməsi barədə verilən məlumatlar da əsassız olmuşdur, bununla bağlı da Ali Məhkəmənin qərarında göstəriş vardır, sənədlərin texniki ekspertizasına dair verilmiş vəsatətə münasibətdə isə hesab edir ki, buna hər hansı lüzum yoxdur, çünki iddiaçının müqaviləsində hər hansı bir düzəliş aparılmayıb, lakin Əhmədov Natiqin müqaviləsində isə gözlə görünür ki, dəyişiklik edilmişdir, lakin bunun texniki qüsur olduğu aşkardır, belə ki, N.Əhmədov 2 il ərzində hissə-hissə ödənişlər etmişdir ki, buna dair ona müxtəlif vaxtlara aid 14 maliyyə arayışı verilmişdir və həmin arayışların hər birində də ona verilən mənzilin “145” saylı mənzil olduğu qeyd edilmişdir. Demək ki, onun müqaviləsindəki qaralama sırf texniki məsələ olmaqla hər hansı əhəmiyyət kəsb etmir və bu səbəbdən ekspertiza keçirilməsinə ehtiyac olmadığından vəsatətin təmin edilməməsini xahiş edir, X4 şahid qismində dindirilməsi ilə bağlı bildirdi ki, qarşı tərəf hər iki instansiya məhkəməsində bu hüququndan istifadə edə bilərdi, lakin istifadə etməmişdir. Cavabdeh1 MTK-nın nümayəndəsi bildirib ki, Cavabdeh2 ilə ilk əvvəl 179 saylı mənzilə dair 2011-ci ildə müqavilə bağlanılıb, sonradan 179 saylı mənzillə bağlı problem yaranıb, həmin mənzili 145 saylı mənzillə dəyişiblər, maliyyə arayışı isə 2016-cı ilə aiddir. Əgər şəxslər 2011-ci ildə mənzil alıbsa, mənzilə görə ödəniş isə 2016-cı ilə aid olduğu halda, mənzil necə Cavabdeh2 2015-ci ildə təhvil verilə bilərdi, ona görə də mənzilin Cavabdeh2 həmin tarixdə təhvil verilməsi barədə məlumat da həqiqətə uyğun deyildir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil3 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş binanın 2-ci girişinin 5-ci mərtəbəsində yerləşən 145 nömrəli mənzil alınarkən bağlanılan müqavilədə dəyişiklik edilməsi müşaiyət olunur, bu səbəbdən sənədlərin texniki ekspertizasının təyin edilməsini, eyni zamanda N.Feyziyevin şahid qismində dindirilməsinin təmin edilməsini xahiş edir, 2011-ci ildə mənzil alınarkən tikili tam tikilib qurtarmamışdır. Həmin mənzildə yaşayış olmamış, heç qapısı belə olmamışdır. Əgər müqavilədə dəyişiklik edilmişdirsə, əvvəlki mənzilin nömrəsinin neçə olduğunu bilməlidir, buna görə də, ekspertiza təyin olunmasını xahiş etdi.

11. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 MTK-nın nümayəndəsi və müstəqil tələb irəli sürməyən N.Əhmədov məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

12. X3 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş MTK-nın tikilməkdə olan binasında 145 nömrəli mənzili X2 verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

13. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli maliyyə arayışından məlum olur ki, 14700 ABŞ dolları, xx.xx.2007-ci il tarixli maliyyə arayışından məlum olur ki, 1530 manat, xx.xx.2007-cı il tarixli maliyyə arayışından məlum olur ki, 1800 ABŞ dolları, xx.xx.2007-cı il tarixli maliyyə arayışından məlum olur ki, 1800 ABŞ dolları, xx.xx.2007-ci il tarixli maliyyə arayışından məlum olur ki, 1800 ABŞ dolları, xx.xx.2007-ci il tarixli maliyyə arayışından məlum olur ki, 1521 manat, xx.xx.2008-ci il tarixli maliyyə arayışından məlum olur ki, 1666 manat, xx.xx.2007-ci il tarixli maliyyə arayışından məlum olur ki, 1530 manat, xx.xx.2007-ci il tarixli maliyyə arayışından məlum olur ki, 1540 manat, xx.xx.2007-ci il tarixli maliyyə arayışından məlum olur ki, 1530 manat, xx.xx.2007-ci il tarixli maliyyə arayışından məlum olur ki, 1800 ABŞ dolları, xx.xx.2007-ci il tarixli maliyyə arayışından məlum olur ki, 1540 manat, xx.xx.2007-ci il tarixli maliyyə arayışından məlum olur ki, 1530 manat, xx.xx.2008-ci il tarixli maliyyə arayışından məlum olur ki, 420 manat X3 tərəfindən MTK-ya Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş MTK-nın tikilməkdə olan binasında 145 nömrəli mənzilin pay dəyərindən ödənildi, xx.xx.2008-ci il tarixli maliyyə arayışında həmçinin onun MTK-ya borcu olmadığı qeyd edilmişdir (1-ci cild, i/v 62).

14. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasında 145 nömrəli mənzili Cavabdeh2 verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

15. xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, binanın 2-ci girişi, 5-ci mərtəbəsində ümumi sahəsi 85.8 kv.m olan 2 otaqlı, 145 saylı mənzilin pay dəyəri 44080 manat Cavabdeh2 tərəfindən ödənilmişdir.

16. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasında 145 nömrəli mənzili İddiaçı verməyi, sonuncu isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

17. xx.xx.2015-ci il tarixli maliyyə arayışından görünür ki, binanın 2-ci girişi, 5-ci mərtəbəsində ümumi sahəsi 85.8 kv.m olan 2 otaqlı, 145 saylı mənzilin pay dəyəri 38287 manat İddiaçı tərəfindən ödənilmişdir.

18. Cavabdeh1 MTK-nın məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən binanın 2-ci girişi, 5-ci mərtəbəsində ümumi sahəsi 85.8 kv.m olan 2 otaqlı, 145 saylı mənzili xx.xx.2006-cı il tarixdə X2 36464 ABŞ dollarına satılmış və mənzilin dəyəri xx.xx.2008-ci il tarixədək tam olaraq ödənilmişdir. xx.xx.2015-ci il tarixdə X3 ərizə ilə MTK-ya müraciət edərək, mənzili satmaq qərarına gəldiyini bildirmiş və mənzil İddiaçı satılmışdır.

19. 14.12.2018-ci il tarixli, 94648 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, bina 5, 145 saylı mənzilin qazla təmin edilməsi ilə bağlı “Azəriqaz” İB ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır.

20. Təqdim olunmuş abonentin saldosundan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, bina 5, 145 saylı mənzilə dair **********50145 nömrəli abonent kodu xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Müntəzəm olaraq elektrik enerjisindən istifadə olunmaqla, dəyəri ödənilir.

21. “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” xx.xx.2018-ci il tarixli, 38847720 saylı müqavilənin surətindən görünür ki, bir tərəfdən "xxxx" ASC-nin Yasamal rayon Sukanal idarəsi rəisi Ramin Sadıqov, digər tərəfdən istehlakçı Cavabdeh2 arasında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, bina 5, 145 saylı mənzilin içmli su ilə təchiz edilməsi və tullantı sularının axıdılması ilə bağlı müqavilə bağlanmışdır. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

24. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

30. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

32. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarı

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

35. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

36. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

37. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

38. “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 4 mart 2015-ci il tarixli qərarı

39. Alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

47. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

48. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

51. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

52. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

53. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

54. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

55. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

56. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və hazırkı iş üzrə Ali məhkəmənin qərarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

58. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında təkrar baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

59. İddia tələbini təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2015-ci ildə mənzili alarkən mənzilə baxış keçirdiyini və daha sonra mənzilin ona təhvil verilməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hanslı sübut təqdim etməmişdir, mübahisəli mənzilin Cavabdeh1 MTK tərəfindən digər Cavabdeh2 təhvil verilməsi araşdırma zamanı öz təsdiqini tapır, məhkəmə araşdırması nəticəsində Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsızlığına səbəb olan, qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

60. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, mübahisəli mənzil ilkin olaraq Natiq Əhmədova xx.xx.2006-cı il tarixdə satılmış, mənzilin dəyəri tam ödənilmişdir. xx.xx.2015-ci il tarixdə Natiq Əhmədov mənzili satmaq niyyətilə ərizə vermiş və bu ərizə əsasında mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Məhz bu imtina əsasında iddiaçı ilə MTK arasında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış, mənzil addan ada keçmiş, həmin tarixdə də mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə dair maliyyə arayışı verilmişdir.

61. Həmçinin müəyyən edilir ki, MTK xx.xx.2011-ci il tarixdə Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyərinin sonuncu tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı xx.xx.2016-cı il tarixdə verilmişdir. Hazırda mübahisəli mənzildə Cavabdeh2 yaşayır. Həmçinin iş materialları ilə onun 2017-ci il tarixdən etibarən mənzildə yaşaması müəyyən olunur.

62. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2120/2023 nömrəli, xx.xx.2023-cü il qərarında qeyd edilir ki, mübahisəli mənzillə bağlı münasibətlər 15 dekabr 2017-ci il tarixdən əvvəl yarandığından onları tənzimləyən hüquq münasibətləri Mülki Məcəllənin həmin tarixdən əvvəlki redaksiyasının təsir dairəsinə düşür. Həmin dövr qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

63. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

64. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 113.3cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

65. Məhkəmələr nəzərə almamışlar ki, evin ilkin alıcısı Natiq Əhmədov xx.xx.2006-cı il tarixdə mənzili alaraq pay haqqını tam ödəmiş və bununla da əmlaka mülkiyyət hüququ əldə etmişdir. xx.xx.2015-ci ildə isə sırf iddiaçının adına öz payından imtina edərək mənzili iddiaçıya satmışdır. İşin göstərilən halları onu təsbit edir ki, xx.xx.2011-ci il tarixli müqavilə əsasında MTK öz mülkiyyətində olmayan mənzili Cavabdeh2 satmışdır.

66. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işə baxılarkən “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 4 mart 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe də nəzərə alınmalıdır.

67. Belə ki, həmin işdə mübahisənin mahiyyəti ondan ibarət olmuşdur ki, satıcı "xxxx" MTK M.Hüseynov adlı şəxslə bağladığı 1 may 2005-ci il tarixli müqavilə ilə çoxmənzilli binada inşa etdiyi 3 otaqlı mənzili alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzilin dəyərini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzilləri alıcıya təhvil verməmiş və E.Bağırlı adlı şəxslə bağladığı 6 iyul 2011-ci il tarixli müqavilə ilə həmin mənzili sonuncuya satmışdır. Pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı M.Hüseynovun verdiyi 3 otaqlı mənzilin M.Hüseynova təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi barədə tələb apelyasiya instansiyası məhkəməsinin 17 fevral 2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamə Azərbaycan Respulikası Ali Məhkəməsinin 16 iyul 2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Göstərilənlərlə bağlı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, "xxxx" MTK mübahisə predmeti olan mənzili 1 may 2005-ci il tarixli müqavilə ilə M.Hüseynova satdıqdan və sonuncu mənzilin dəyərini tam ödəməklə MM-nin müqavilə bağlanan vaxt qüvvədə olan 178.8-ci maddəsi ilə həmin mənzilə mülkiyyət hüququ əldə etdiyindən MTK-nın həmin mənzil üzərində 6 iyul 2011-ci ildə yenidən sərəncam vermək hüququ, yəni, E.Bağırlı ilə müqavilə bağlamaq hüququ olmamışdır.

68. Göründüyü kimi, hazırkı icraatda olan işdə mənzilin dəyərini tam ödəməklə N.Əhmədov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Daha sonra əmlakını iddiaçıya satmışdır. Belə olan halda, Cavabdeh1 MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə Ş.Emimova ilə 2 aprel 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.

69. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

70. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Mülki Məcəllənin 567-ci maddəsi).

71. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, Cavabdeh1 MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir.

72. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 2 aprel 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 MTK həmin binada dəyəri ödənilmiş iki otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür.

73. Bu baxımdan, sonrakı məhkəmə araşdırılmaları zamanı məhz Cavabdeh1 MTKnın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə Cavabdeh2 təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə biləcək tələb nəzərə alınmalıdır.

74. Beləliklə, Ali Məhkəmənin 2(102)-2120/2023 nömrəli, xx.xx.2023-cü il qərarında qeyd edilən göstərişlərlə razılaşaraq həmin göstərişləri nəzərə alan Kollegiya qeyd edir ki, evin ilkin alıcısı Natiq Əhmədov xx.xx.2006-cı il tarixdə mənzili alaraq pay haqqını tam ödəmiş və bununla da əmlaka mülkiyyət hüququ əldə etdiyindən, MTK-nın həmin mənzilə dair 2011-ci ildə Cavabdeh2 ilə müqavilə bağlamaq hüququ olmadığıdından, N.Əhmədov isə mənzili xx.xx.2015-ci ildə isə sırf iddiaçının adına öz payından imtina edərək mənzili iddiaçıya satdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

75. Məhkəmə kollegiyası Cavabdeh2 nümayəndəsi və vəkili işə yenidən apellyasiya qaydasında baxılarkən Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş binanın 2-ci girişinin 5-ci mərtəbəsində yerləşən 145 nömrəli mənzilə dair bağlanılan xx.xx.2006-cı il tarixli müqavilədə mənzilin nömrəsində dəyişiklik edilməsi müşaiyət olunur, bu səbəbdən mənzilin nömrəsi “145” rəqəmində saxtalaşdırma olub-olmaması ilə bağlı sənədlərin texniki ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir.

76. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, həmin müqavilədə 145 rəqəmində düzəliş edildiyi görünsə də, həmin mənzillə bağlı Natiq Əhmədov tərəfindən ödənişlər edilən zaman verilmiş on dörd maliyyə arayışlarının hər birində mənzilin nömrəsi “145” göstərildiyindən, müqavilədəki həmin düzəlişin texniki xarakterli və əhəmiyyətsiz olduğu məlum olur (1-ci cild, i/v 49-62). Bu səbəbdən, həmin vəsatət əsassız olduğundan təmin edilməmişdir.

77. Bununla da müəyyən olunur ki, rayon məhkəməsi hazırkı iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

78. Eyni zamanda Kollegiya hesab edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edildiyindən, Cavabdeh2 ona dəymiş maddi ziyan tələbi ilə Cavabdeh1 MTK-ya qarşı iddia qaldırmaq hüququ izah edilməlidir. Məhkəmə kollegiyası hazırkı işin halları baxımından MM-in 337.5-ci maddəsinin tətbiqini məqbul hesab etmir, o səbəbdən ki, Cavabdeh2 hazırkı halda təkcə əqd üzrə ödədiyi pulun deyil, həm də onun qanunsuz saxlanılması nəticəsində məhrum olduqlarını, habelə MTK-nın təqsiri səbəbindən məruz qaldığı digər zərəri tələb etmək hüququna sahibdir ki, bu halların müəyyən olunması isə hazırkı araşdırmanın predmetini təşkil etmir.

79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

80. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməli, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı 145 saylı mənzildən çıxarılmalı və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməlidir.

81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

82. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsümu (10+10=20) 20 manat iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməlidir.

83. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3947/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul olunsun, iddia tələbləri təmin edilsin. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilsin, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci giriş, 5-ci mərtəbədə yerləşən, 85.8 kv.m-dən ibarət 2 otaqlı 145 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsümu (10+10=20) 20 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar