Məhkəmə qərarları › İş №2(103)-5227/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5227/2025

03.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5227/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-2703/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində mənəvi zərərin əvəzi kimi 20.000 manat tələb olunub. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 11.000 manat cavabdehin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə, yəni mənəvi zərərin əvəzi kimi 11.000 manat pul tutulmasına aid hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunub, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona bəraət verilib. Cinayət təqibinin həyata keçirilərkən iddiaçı 2 gün, yəni xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan müddətdə şübhəli şəxs kimi tutulub, daha sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, həmin qətimkan tədbiri ittiham hökmü çıxarılandək qüvvədə olub, xx.xx.2023-cü ildə ittiham hökmü çıxarılarkən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib, 6 ay həbsdə saxlanılıb, xx.xx.2023-cü ildə bəraət hökmü çıxarılarkən həbsdən azad edilib. Göründüyü kimi, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb, nəticədə isə mənəvi sarsıntı keçirib və iztirab çəkib. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 7-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mənəvi zərərin əvəzi kimi 11.000 manat tutulmasını qət edib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-2703/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar