Məhkəmə qərarları › İş №2(103)-5228/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5228/2023

06.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5228/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın cavabdeh “X3 Mərkəzi” MMC-yə (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı iddiasına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 cavabdeh İddiaçı MTK-ya qarşı iddiasına dair iş üzrə (Açar sözlər: hərracın yekunları barədə protokolun və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi, maneələrin aradan qaldırılması tələbi) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 nümayəndəsi X6, habelə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh “X3 Mərkəzi” MMC-yə (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı “hərracın yekunları barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 cavabdeh İddiaçı MTK-ya qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3838/2022 nömrəli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3039/2020 nömrəli, xx.xx.2020-ci il tarixli İcra vərəqəsinə əsasən borclu İddiaçı MTK-dan tələbkar X7 xeyrinə tutulacaq məbləğ 57.885 manat müəyyən edilmişdir.

2. İddiaçı MTK tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən kooperativ tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3039/2020 nömrəli, xx.xx.2020-ci il tarixli İcra vərəqəsində qeyd olunan 57.885 manat məbləğində vəsaitin pul şəkilində ödənilməsinin mümkün olmadığı bildirilmiş və kooperativ tərəfindən ünvan 2 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.m. olan mənzilin qiymətləndirilərək, hərrac vasitəsi ilə satılması və həmin mənzilin satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi təklif edilmişdir.

3. “X3 Mərkəzi” MMC tərəfindən poçt-daşıma kuryer xidmətini həyata keçirən "xxxx" MMC (MPS) vasitəsi ilə İddiaçı MTK-ya ünvanlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli bildirişlərə əsasən İddiaçı MTK-ya müvafiq olaraq xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə (hərracın keçirilməsi vaxtı eyni olmuş, saat 11:00) keçiriləcək hərrac barədə məlumat verilmişdir. Bildirişlərin çatdırılmasını təsdiq edən xəbərnamələr üzərində müvafiq olaraq xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixləri göstərilmişdir. Hərracın və növbəti hərracın keçirilməsi, habelə əvvəlki hərracın baş tutumaması barədə məlumatlar “Market” qəzetinin aidiyyəti buraxılışlarında dərc edilmişdir.

4. xx.xx.2020-ci il tarixli, YP-054 nömrəli Satış Protokoluna əsasən İddiaçı MTK-ya məxsus olmaqla ünvan 4 nömrəli binada yerləşən ümumi sahəsi 74,06 kv.m. olan mənzil Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3039/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli, 17340- 75210/20-5-33 sifariş məktubuna əsasən keçirilmiş açıq hərracdan (3-cü təkrar hərracdan) 30% aşağı qiymətə, yəni 57.026 manat məbləğdə pula tələbkar X15 tərəfindən alınmışdır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(009)-922/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X16 cavabdehlər “X3 Mərkəzi” MMC-yə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “Hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MTK cavabdeh “X3 Mərkəzi” MMC-yə qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsini və X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri ünvan 3 ünvanında inşa olunan yaşayış binasında 14-cü mərtəbədə yerləşən, ümumi sahəsi 74,06 kv.m. olan mənzilin “X3 Mərkəzi” MMC tərəfindən açıq hərracda X1 ilə bağlı tərtib edilmiş YP №-054 saylı, xx.xx.2020-ci il tarixli hərracın yekunlarına dair satış protokolunun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. X15 müstəqil tələblər irəli sürən üçünçü şəxs qismində cavabdeh İddiaçı MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 1 (A bloku), 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.m. olan mənzilə sahiblik və istifadə hüququna dair İddiaçı MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ona məxsus ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 1 (A bloku), 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv metr olan mənzildə təmir işlərinin aparılmasına İddiaçı MTK və digərləri tərəfindən maneə yaradılmasının qadağan olunması, həmin mənzilə üçünçü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan olunması və cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzilə su, elektrik və qazın verilməsinin dayandırılmasının cavabdehə qadağa olunması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra müstəqil tələblər irəli sürən üçüncü şəxs X15 iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki, İddiaçı MTK-nın iddiası həm əsassız olması, həm də iddia müddətinin ötürülməsi səbəbi ilə təmin edilməməlidir. Belə ki, iddiaçı protokolu aldığı tarixdən bir il ərzində məhkəməyə müraciət edə bilərdi. İddiaçı iddia ərizəsində satış protokolunu güya ilk dəfə olaraq icra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə əldə etdiyini qeyd etmişdir. Lakin həmin hərracın etibarsız hesab edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında iddiaçı X16 cavabdehlər İddiaçı MTK-ya və “X3 Mərkəzi” MMC-yə qarşı işi olmuş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-922/2021 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Həmin qətnamədə də İddiaçı MTK-nın ona məxsus olan əmlak barəsində keçiriləcək hərracın yeri və vaxtı barəsində məlumatlandırıldığı qeyd edilmişdir. Bu da o deməkdir ki, iddiaçı icra şöbəsindən xx.xx.2022-ci il tarixində hərrac protokolunu təkrar alaraq, iddia müddətini yeniləmək niyyətində olmuşdur. Digər tərəfdən İddiaçı MTK Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, icra sənədi üzrə müəyyən edilmiş 57.885 manatın hazırda pul şəklində ödənilməsinin mümkün olmadığını bildirmiş və mübahisələndirilən mənzilin qiymətləndirilərək, hərrac vasitəsi ilə satılmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini təklif etmişdir. Belə olan halda, iddiaçı hərracın keçirilməsini özü təklif etmiş, bu səbəbdən yaxın müddətdə hərracın keçirilməsini də bilməli idi. Bundan əlavə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olmuş iş üzrə məhkəmə bildirişləri də İddiaçı MTK-ya göndərilmişdir. Başqa sözlə, iddiaçı həm hərracın keçirilməsi barədə bildirişlər, həm də məhkəmə bildirişləri vasitəsi ilə hərracın keçirilməsindən artıq xəbərdar idi. Bununla belə, iddiaçı bügünə kimi hazırki iddia ilə məhkəməyə müraciət etməməklə məhkəməyə müraciət etmək hüququndan istifadə etməmiş, iddia vermək üçün nəzərdə tutulan iddia müddətini ötürmüşdür.

9. Cavabdeh “X3 Mərkəzi” MMC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru 17340-75210/20-5-33 saylı, xx.xx.2020 tarixli məktubla “X3 Mərkəzi” MMC-yə müraciət edərək, ünvan 5 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.metr olan mənzilin açıq hərracda satışının təşkil edilməsi üçün sifariş vermişdir. Qeyd edilən əmlakın ilkin dəyəri 81.466 manat qiymətləndirilmiş, keçirilən ilkin və 3 təkrar hərrac baş tutmadığına görə əmlakın qiyməti ilkin satış qiymətindən 1-ci təkrar hərracda 10 faiz, ikinci təkrar hərracda 20 faiz aşağı düşmüş, 3-cü təkrar hərracda isə 30 faiz aşağı qiymətə, yəni əmlakın yekun alış qiyməti 57.026 manat olmaqla tələbkar X15 tərəfindən qəbul edilmişdir. Həmin iş üzrə keçirilmiş hərrac qovluğunda hərracın keçirilməsinə dair bildirişlərin olmasına baxmayaraq, bildirişlərin tərəflərə çatdırılmasını təsdiq edən sənədlər (xəbərnamələr) aşkar edilməmişdir. Hesab edirlər ki, hazırda həmin bildirişlərin tərəflərə çatdırılmasını təsdiq edən qəbzlərin hərrac qovluğunda olmaması, məhkəməyə təqdim edilən qəbzlərin kseroksurətlərinin müvafiq qaydada təsdiq olunmaması, ona əsas verir ki, həmin bildirişlər tərəflərə çatdırılmamış, digər iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim edilmiş surətlər isə görüntü yaratmaq üçün sonradan tərtib edilmiş və surətlər çıxarılaraq, üzərinə hərrac mərkəzinin üvanını əks etdirən ştamp vurulmuş və məhkəməyə təqdim edilmişdir. Məsələ ilə bağlı "xxxx" MMC-yə müraciət edilərək, hərracla bağlı İddiaçı MTK-ya ünvanlanmış bildirişlərin çatdırılmasını təsdiq edən qəbzlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi xahiş edilsə də, həmin cəmiyyət çatdırılma müddətindən artıq iki ay vaxt keçməsi və həmin dövrün qəbzlərinin artıq ləğvə göndərilməsi səbəbindən müraciətin cavablandırılmasının imkanları xaricində olduğunu bildirmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3838/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Mahal MTK-nın Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi 1 ünvanında inşa olunan yaşayış binasında 14-cü mərtəbədə yerləşən ümumi sahəsi 74,06 kv.m. olan mənzilin “X3 Mərkəzi” MMC tərəfindən açıq hərracda X1 ilə bağlı tərtib edilmiş YP № 054 saylı, xx.xx.2020-ci il tarixli hərracın yekunlarına dair satış protokolunun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ona aid edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 ərizəsinin qismən təmin edilməsi, X11 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi ünvanında inşa edilən yaşayış binasının 1 (A bloku) 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.m. olan mənzilə sahiblik və istifadə hüququna dair İddiaçı MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, X10 məxsus ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 1 (A bloku) 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.m. olan mənzildə təmir işlərinin aparılmasına İddiaçı MTK tərəfindən maneə yaradılmasının qadağan edilməsi, həmin mənzilə üçüncü şəxslərin daxil olmasına maneənin yaradılmasının qadağan edilməsi və cavabdehin üzərinə liftdən istifadəyə şəraitin yaradılması vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi və müstəqil tələblər irəli sürən X15 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Mahal MTK-dan tutularaq X10 ödənilməsi qət edilmişdir. (X12)

11. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, hərrac təşkilatı tərəfindən iş materiallarına əsasən hərracın keçirilmə qaydası pozulmuşdur. Belə ki, hərrac təşkilatı hərracı qanunla müəyyən edilmiş müddət ərzində keçirməli olmasına baxmayaraq, əmlaka ipoteka predmeti kimi yanaşaraq hərracların baş tutmamasını əsas gətirərək qiymətini aşağı salmışdır. Halbuki bu qayda qanunvericiliyin tələbinə ziddir. Digər tərəfdən, Mülki Məcəllənin tələbinə əsasən hərracın nəticələri etibarsız sayıla bilər, lakin əqdləri mübahisələndirmək üçün qanunla müəyyən olunmuş müddət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğun andan bir ildir. İş materiallarına əsasən iddiaçı hüququnun pozulduğunu bildiyi halda, bir il ərzində əqdi mübahisələndirməmiş və qanunla müəyyən edilmiş kəsici müddəti ötürmüşdür. Həmçinin, məhkəmə hesab etmişdir ki, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiası neqator tələb olduğundan qismən təmin edilməlidir. Belə ki, qanunun tələbinə əsasən hərracın nəticələrinə dair protokol müqavilə qüvvəsinə malikdir və Məsumə Sadıqovanın artıq əmlaka sahiblik və istifadə hüquqları vardır ki, bununla bağlı hər hansı maneə cavabdehə qadağan olunmalıdır. Amma, müstəqil tələblər irəli sürən üçüncü şəxs iddia ərizəsində həmin mənzilə su, elektrik və qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunmasını xahiş etsə də, həmin hallarla bağlı məhkəməyə sübutlar təqdim edilməmiş və bu hallar iş materialları ilə müəyyən olunmamışdır.

12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-ci, 157.8-ci, 158.2-ci, 337.1, 347.1-ci, 354.2-ci, 416.1-ci, 416.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü, 88-ci, 119.1-ci, 217.4ci, 218.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı MTK qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, İddiaçı MTK-nın iddiasının təmin olunması, müstəqil tələblər irəli sürən üçüncü şəxs Məsumə Sadıqovanın iddiasının isə təmin olunan hissədə də rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarını kifayət qədər araşdırmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 922/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində İddiaçı MTK-nın müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması barədə hər hansı qərardadın qəbul edilməsi göstərilməmiş və ya MTK-nın müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qeyd olunmamışdır. Bundan başqa müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində İddiaçı MTK tərəfindən hər hansı məhkəmə bildirişi qəbul edilməmiş, nə də məhkəmənin yekun qətnaməsi MTK-ya rəsmi qaydada təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, həmin məhkəmənin icraatında olmuş 2(009)-922/2021 saylı işin predmeti hazırki mülki işin mübahisəsi ilə eyni olmuşdur. Həmin qətnamə İddiaçı MTK-ya rəsmi qaydada təqdim olunmadığından MTK-nın həmin qətnamənin qanuni qüvvəyə minməsindən yalnız 2022-ci ilin may ayında məlumatı olmuşdur. İddiaçı MTK tərəfindən müstəqil şəkildə “X3 Mərkəzi” MMC-yə qarşı protokolunun etibarsız hesab edilməsi tələbi ilə isə ilk olaraq 2022-ci ilin iyun ayının 16-da cavabdehin MTK-ya məlum olan hüquqi ünvanı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin cavabdehin hüquqi ünvanı ünvan 7 xx.xx.2022-ci il tarixli Qərardadı ilə İddiaçı MTK-nın iddiası geri qaytarılmışdır. Göründüyü kimi İddiaçı MTK Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-922/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən, ümumiyyətlə isə həmin iş üzrə icraatdan xəbərsiz olduğundan yalnız 2022-ci ilin iyun ayında məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə öz əsaslandırmasında hərrac təşkilatının hərracın keçirilməsi qaydasını pozması, hərrac təşkilatının əmlaka ipoteka predmeti kimi yanaşmasını və hərracların baş tutmamasını əsas gərirərək qiymətin aşağı salınmasını qanunvericiliyin tələbinə zidd hesab etsə də, əqdləri mübahisələndirmək üçün qanunla müəyyən olunmuş 1 illik müddətin pozulduğunu əsas gətirmişdir. İşə baxan məhkəmə hazırki mübahisəyə qanunun normasını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki qanunvericilikdə şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Yekunda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, cavabdeh “X4 Mərkəzi" MMC hərracın keçirilməsi zamanı hərrac təşkilatının qanun pozuntularına yol verdiyini bildirərək onlara qarşı olan iddia tələblərini faktiki olaraq etiraf etmişdir. Məhkəmə isə bu halı nəzərə almamış, öz qətnaməsində etiraf faktının təsdiq edilib edilməməsinə dair münasibət bildirməmişdir. Bundan başqa işə baxan məhkəmə cavabdeh tərəfin iddia tələbinə dair yazılı münasibətində qeyd etdiyi pozuntu faktları barədə iddiaçının nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavabdeh barəsində xüsusi qərardad çıxarılması haqqında vəsatətə dair heç bir münasibət bildirməmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov)

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, satış protokolu xx.xx.2020- ci il tarixdə tərtib olunmuş, iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə verilmişdir. Hərrac barədə bildirişin MTK-ya çatıb-çatmadığını müəyyənləşdirmək mümkün deyil. Lakin işdə olan digər sənədlərə əsasən MTK-nın hərracın nəticəsindən məlumatı olmuş və o, 1 illik müddəti ötürmüşdür. Belə ki, bundan əvvəl başqa mülki işdə Qəhrəman Rəhimov adlı şəxs hərracın etibarsız sayılması barədə iddia qaldırmış və iddia rədd olunmuşdur. Həmin qətnamə xx.xx.2021-ci ildə qəbul olunmuşdur. Hazırkı iddia isə qətnamənin qəbulundan 1 il 6 ay sonra verilmişdir. Qəhrəman Rəhimov MTK-nın sədri İlqar Rəhimovun (hazırkı iddia ərizəsini imzalayan şəxsin) əmisidir. Odur ki, ən azı qətnamənin qəbul edildiyi zaman MTK hərracın nəticəsindən məlumatlı olmuşdur. Çünki, Qəhrəman Rəhimov iddia edirdi ki, mənzil özünə məxsusdur, onu MTK-dan əldə etmişdir. Belə vəziyyətdə ağlabatan deyil ki, Qəhrəman Rəhimov hərracın nəticəsi barədə öz qohumuna (MTK-nın rəhbərinə) məlumat verməsin. Göründüyü kimi, MTK hərracın nəticəsini mübahisələndirmək üçün 1 illik müddəti ötürmüşdür.

17. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 157.8-ci, 354.2-ci, 425.1-ci və “İcra haqqında” Qanunun 53-cü maddələrinə istinad etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı MTK kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, İddiaçı MTKnın iddiasının təmin edilməsi, müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 iddiasının isə təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2363/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1197/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən hərrac keçirilərkən icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması proseduruna ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydası tətbiq edilmiş, bununla da hərracın keçirilmə qaydası pozulmuşdur. Cavabdeh tərəfindən əmlak hərracdan əvvəl tələbkara təklif olunmamış, hərrac 1 (bir) dəfə deyil, ümumilikdə 3 (üç) dəfə – ilkin və 2 (iki) dəfə təkrar keçirilmiş, yalnız bundan sonra əmlakın yekun alış qiyməti 57.026 manat olmaqla tələbkar X10 təklif edilmiş və əmlak sonuncu tərəfindən qeyd olunan məbləğə qəbul edilmişdir. Cavabdeh əmlakın mülkiyyətçisi olan iddiaçını hərracların vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmamışdır. Belə ki, bildirişlərin iddiaçıya çatdırılmasını təsdiq edən xəbərnamələr cavabdeh tərəfindən təqdim olunan hərrac qovluğunda aşkar edilməmişdir. Qeyd olunan hal apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılan araşdırılma ilə də təsdiq edilmişdir. Cavabdeh tərəfindən hərracın qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət edilmədən keçirilməsi və hazırda mübahisələndirilən hərracın yekunları barədə protokolun həmin hərrac nəticəsində tərtib edilməsi işin mübahisəsiz halıdır. Hazırda mübahisələndirilən əqd – hərracın yekunlarına dair protokol məcburi hüquq qaydalarına zidd keçirilmiş hərrac nəticəsində bağlandığından, əhəmiyyətsiz əqddir. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məcburi hüquq qaydalarına zidd keçirilmiş, hərrac nəticəsində bağlanmış əqdə iradə ifadəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərə şamil olunan kəsici müddəti şamil etməklə apellyasiya instansiyası məhkəməsi yanlışlığa yol vermişdir. İş materialları ilə İddiaçı MTK-nin sədri ilə Qəhrəman Rəhimov adlı şəxsin qohum olması öz təsdiqini tapmır. Həmçinin, onların qohum olması hələ iddiaçının hərracların keçirilməsi barədə məlumatlı olması kimi hesab edilə bilməz. Bu hal iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmalıdır. Hər hansı şəxslərin qohum olması onların hər hansı halla bağlı bir-birini məlumatlandırmasının göstəricisi deyildir. Məhkəmənin gəldiyi nəticə isə güman və şübhələrə deyil, konkret faktlara əsaslanmaqla, qanunilik və əsaslılıq keyfiyyətlərinə uyğun olmalıdır. Beləliklə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə zidd olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

23. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 nümayəndəsi X14 apellyasiya şikayətini qəbul etməmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməmiş və tərəflərindən verilmiş iddianın, habelə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

25. Cavabdeh “X3 Mərkəzi” MMC və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə bu cavabdehin və müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

28. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 61.5-ci və 61.5.1-ci maddələrinə əsasən tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda, bu Qanunun 61.3.1 - 61.3.4-cü maddələrində göstərilən sənədlərə icra məmuru tərəfindən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilir:

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

32. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları, habelə apellyasiya şikayətində qətnamənin ləğv olunub İddiaçı MTK-nın iddiasının təmin, müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiasının isə təmin olunan hissədə rədd olunmasının xahiş edildiyini nəzərə alıb, qətnaməni mübahisələndirilən hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" MTK-nın iddiası təmin edilməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 iddiası isə rədd edilməlidir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MTK Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3039/2020 nömrəli, xx.xx.2020-ci il tarixli İcra vərəqəsinə əsasən X7 xeyrinə ödəməli olduğu 57.885 manatı pul şəklində ödəyə bilmədiyindən ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə müraciət etmiş və kooperativ tərəfindən ünvan 2 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.m. olan mənzilin qiymətləndirilərək, hərrac vasitəsi ilə satılmasını və həmin mənzilin satılmasından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsini təklif etmişdir. Bundan sonra qeyd edilən mənzil hərraca çıxarılmış və 4-cü hərracdan (1 ilkin və 3 təkrar) həmin mənzili 57.027 manat pula X15 əldə etmişdir. Bununla bağlı hərracı keçirən “X3 Mərkəzi” MMC, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi və X15 arasında xx.xx.2020-ci il tarixdə satış protokolu imzalanmışdır.

35. Hazırda İddiaçı MTK həmin hərracın keçirilməsi yeri və vaxtı barədə onlara məlumatın verilmədiyini, hərracın onların iştirakı olmadan keçirildiyini, həm bu səbəblərdən, həm də ümumiyyətlə hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini iddia edir və hərracın yekunlarına dair satış protokolunun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsini, eyni zamanda ona qarşı qaldırılmış iddianın əsassız olması səbəbindən rədd edilməsini tələb edir. Cavabdeh “X3 Mərkəzi” MMC hazırda mübahisələndirilən hərracın keçirilməsi ilə bağlı bildirişlərin çatdırılmasını təsdiq edən qəbzlərin hərrac qovluğunda olmadığını bildirir və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Üçüncü şəxs X15 iddianı qəbul etmir, iddiaçı tərəfindən hazırki iddianın iddia müddəti ötürülməklə verildiyini bildirir və həm iddianın əsassız olması, həm də iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş edir. Eyni zamanda, həmin mənzildən istifadə və ona sahiblik edilməsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb edir.

36. Məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstituisya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadən qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmçinin, qərarda qeyd edilmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.

37. Bununla belə, Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarına şamil edilir. Hazırda mübahisələndirilən əqd – hərracın yekunlarına dair protokol məcburi hüquq qaydalarına zidd keçirilmiş hərrac nəticəsində bağlandığından, əhəmiyyətsiz əqddir. Bela olan halda, məcburi hüquq qaydalarına zidd keçirilmiş hərrac nəticəsində bağlanmış əqdə iradə ifadəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərə şamil olunan kəsici müddəti şamil etməklə birinci instansiya məhkəməsi yanlışlığa yol vermişdir.

38. Məhkəmə kollegiyası hər bir halda, müddətlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı MTK Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olmuş 2(009)- 922/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə üçüncü şəxs qismində işə cəlb edilmiş və ona növbəti, yəni xx.xx.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan məhkəmə iclasında iştirak etmək üçün məhkəmə bildirişi göndərilmişdir. Lakin bu halı təsdiq edən poçt qəbzindən həmin bildirişin hansı ünvan üzrə hansı şəxs tərəfindən (qəbzdə imza var, lakin imza edən şəxs və İddiaçı MTKnın ünvanı barədə hər hansı məlumat yoxdur) qəbul edildiyi müəyyən edilmir. Həmin mülki iş üzrə iddiaçı X17 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılması ilə bağlı məhkəmə bildirişinin göndərilməsini təsdiq edən poçt qəbzi də yoxdur. Eyni vəziyyət (poçt qəbzində imzanın olmaması) işə birinci instansiya məhkəməsində baxılmağa davam edən zaman, xx.xx.2021-ci il tarixli məhkəmə iclasına dair bildirişin göndərilməsində də müşahidə olunur. İş üzrə xx.xx.2021-ci il tarixdə çıxarılmış qətnamə nəinki İddiaçı MTK-ya göndərilməmiş, İddiaçı MTK ümumiyyətlə qətnamənin göndərilməsi barədə məktuba iş üzrə tərəf kimi daxil edilməmişdir (iş vərəqinin 156-cı səhifəsi məhkəmənin məktubu, 157ci səhifə iddiaçıya aid zərf, 158-ci və 159-cu səhifələr müvafiq olaraq Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və “X3 Mərkəzi” MMC-yə aid poçt qəbzləri, 160-cı səhifəsi isə üçüncü şəxs X7 vəkilinin sorğusudur). Həmin iş üzrə iddiaçı olmuş X16 bu proseslər barəsində İddiaçı MTK-ya məlumat verməsi də öz təsdiqini tapmır. Qeyd edilən qətnamənin İddiaçı MTK istisna olmaqla iş üzrə digər tərəflərə xx.xx.2021-ci il tarixdə göndərilməsi və tarix etibarı ilə sonuncu olaraq “X3 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilməsi belə qənaətə gəlməyə imkan verir ki, İddiaçı MTK qətnamə barəsində məlumat əldə etmişdirsə də, ən yaxşı halda xx.xx.2021-ci il tarixdə məlumat əldə etmişdir. Hazırki iddia isə İddiaçı MTK tərəfindən xx.xx.2022-ci il tarixdə, yəni məlumatın əldə edilməsinin mümkün olduğu tarixdən 1 il keçməmiş qaldırılmışdır.

39. Eyni zamanda, nəzərə alınmalıdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən baxılan iş üzrə hərracın nəticələrini mübahisələndirən iddiaçı X18 hərracların yeri və vaxtı barədə ona məlumatın verilməməsi deyil, hərraca çıxarılmış mənzilin ona məxsus olması əsasından çıxış etmişdir. İddiaçı MTK həmin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olmuşdur. Bu baxımdan həmin iş üzrə məhkəmə iclaslarında iştirak etdiyi təqdirdə belə, onun hazırki iddiasının dəlilləri həmin iş üzrə iddianın rədd edilməsi üçün əsas ola bilməzdi.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirilməsi barədə dəlilləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadına istinadən qeyd etməyi zəruri hesab edir ki, “ipoteka haqqında” Qanunun 42, 43-cü maddələri, hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydasını müəyyən edir. İpoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən isə icra qanunvericiliyinə uyğun olaraq tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. İcra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Bununla belə, icra icraatı çərçivəsində ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaka münasibətdə hərrac 3 aylıq müddət çərçivəsində hərracın keçirilməsi qaydasını pozmadan keçirməyə imkan verən sayda keçirilməlidir.

41. Lakin yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə zidd olaraq əmlak hərracdan əvvəl tələbkara təklif olunmamış, hərrac ümumilikdə 4 dəfə (1 dəfə ilkin və 3 dəfə təkrar) keçirilmiş, yalnız bundan sonra əmlakın yekun alış qiyməti 57.026 manat olmaqla tələbkar X10 təklif edilmiş və əmlak sonuncu tərəfindən qeyd olunan məbləğə qəbul edilmişdir. Burdan da belə qənaətə gəlmək olur ki, 3 dəfə təkrar hərracın keçirilməsində əsas məqsəd qanunvericiliyin tələblərinə riayət etmək deyil, hərraca çıxarılmış əmlakın dəyərinin (57.027 manat) icra sənədi üzrə iddiaçı (borclu) İddiaçı MTK tərəfindən üçüncü şəxs (tələbkar) X10 ödənilməli olan məbləğlə (57.885 manat) eyniləşdirmək və nəticədə mənzili ona təhvil vermək olmuşdur.

42. Belə olan halda, hazırki hərracın keçirilməsinə hər hansı zərurət də yox idi. İddiaçı MTK icra sənədi üzrə mövcud olan borcun əvəzi olaraq mənzilin hərraca çıxarılması mövqeyindən deyil, borcun əvəzi olaraq birbaşa tələbkara təhvil verilməsi mövqeyindən çıxış etmiş olardı və mənzili ona təhvil verərdi. Lakin göründüyü kimi, bunu etməmişdir. Bu da şübhəsiz ki, həmin əmlakın daha yüksək dəyərdə olması ilə bağlı olmuşdur. Bununla belə, özünün əmlak maraqlarının qorunması, o cümlədən əmlak vəziyyətinin pisləşməsinin qarşısının alınması və belə bir itkiyə yol verilməməsi baxımından əmlakın hərracdan əldə edilməsi hüququna malik olan İddiaçı MTK-nın keçirilmiş hərraclarda iştirak etməməsini mübahisələndirməsi hüquqi baxımdan anlaşılandır. Onun keçirilmiş hərracların vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması barədə dəlilləri də iş materiallarında olan sübutlarla öz təsdiqini tapır.

43. Belə ki, bildirişlərin iddiaçıya çatdırılmasını təsdiq edən xəbərnamələr cavabdeh “X3 Mərkəzi” MMC tərəfindən təqdim olunan hərrac qovluğunda aşkar edilməmişdir. Bu halı cavabdeh “X3 Mərkəzi” MMC məhkəməyə ünvanladığı ərizəsində də vurğulayır. Bu da öz növbəsində iş materiallarında olan xəbərnamələrin bu cavabdehə aid olmadığını və hərracın keçirilməsi yeri və vaxtı barədə bildirişlərin çatdırılması nəticəsində əldə edilmədiyini (tərtib edilmədiyini) təsdiq edir.

44. Həmin xəbərnamələr hərrac qovluğunda olduğu təqdirdə belə, onların bir hissəsi ümumiyyətlə bildirişlərin çatdırılmasını təsdiq edən sübut qismində çıxış edə bilməz. Belə ki, xəbərnamələrdən birinə əsasən üzərində İddiaçı MTK-nın ünvanı göstərilməyən və özündə xx.xx.2020-ci il tarixdə hərracın keçirilməsi barədə məlumatları əks etdirən xx.xx.2020-ci il tarixli bildiriş xx.xx.2020-ci il tarixdə, eyni vaxtda və eyni kuryer tərəfindən (12:09) İddiaçı MTK-nın həm Binəqədi, həm də Nəsimi rayonu üzrə ünvanlarına çatdırılmışdır. Eyni vəziyyət xx.xx.2020-ci il tarixdə keçirilməsi nəzərdə tutulan hərracla bağlı xx.xx.2020-ci il tarixli bildirişin çatdırılmasına dair xx.xx.2020-ci il tarixli xəbərnamənin məzmununda da müşahidə olunur (12:12 və 12:13). Həmin kuryerin belə inanılmaz dərəcədə surətli olması ümumiyyətlə insan məntiqinə sığmır və nəticə etibarı ilə həmin xəbərnamələrin saxta olduğunu təsdiq edir. xx.xx.2020-ci il tarixli hərracla bağlı xx.xx.2020-ci il tarixli bildiriş isə xəbərnaməyə əsasən ümumiyyətlə xx.xx.2020-ci il tarixdə, yəni hərrac bitdikdən sonra ertəsi gün çatdırılmışdır. Bununla belə, xəbərnamələr nəzərə alındığı təqdirdə belə, iddiaçının xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş təkrar hərraclar barədə məlumatlı olması müəyyən edilmir. Başqa sözlə, cavabdeh bu məsələ üzrə qanunvericiliyin tələblərini pozmuşdur.

45. Halbuki, qanunvericinin əsas məqsədi mülkiyyətçinin hərracda fiziki və formal iştirakının təmin edilməsindən ibarət deyil. Əsas məqsəd üzərində öhdəlik olan, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə öhdəliyini icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaratmaqdan ibarətdir. Bu barədə məlumatlandırmanın müxtəlif növlərinin (media və internet saytda məlumatın dərc edilməsi, bildirişin göndərilməsi) təsbit edilməsi də həmin prosedurun onun iştirakçıları, o cümlədən borclu üçün mümkün qədər əlçatımlı edilməsi məqsədini daşıyır. Hərrac barədə məlumatların mediada və internet saytda yerləşdirilməsi də iddiaçının məlumatlandırılması kimi qəbul edilsə də, bildirişin göndərilməsini istisna etmir. Başqa sözlə, keçiriləcək hərrac barədə məlumatların media və internet saytda dərc edilməsi, habelə bildirişin göndərilməsi hərrac iştirakçılarının məlumatlandırılması üsulları kimi qanunvericilikdə təsbit edilmiş və onların hər hansı birinin təmin edilməməsi hərracın keçirilməsi qaydasının pozulması kimi qiymətləndirilir.

46. Bununla belə, iddiaçı tərəfindən mübahisələndirilən hərrac qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət edilmədən keçirilmişdir. Bu da həmin hərracın nəticələrinə dair tərtib edilmiş YP 054 saylı, xx.xx.2020-ci il tarixli satış protokolunun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaradır.

47. Məhkəmə kollegiyası xüsusilə o halı qeyd etməyi zəruri hesab edir ki, “İcra haqqında” Qanunda tikintisi başa çatmamış obyekt üzərində hüququn da hərracdan satılmasının mümkünlüyü təsbit edilmişdir. Lakin mübahisələndirilən hərraca mənzilə münasibətdə hər hansı hüquq deyil, mənzilin bilavasitə özü çıxarılmış və satılmışdır. Halbuki, mənzillə bağlı iddiaçının xeyrinə təminat qeydi aparılmamış, mənzil mülkiyyət kimi dövlət qeydiyyatına alınmamışdır. Bununla belə, həmin mənzil hüquqi nəticə etibarı ilə ümumiyyətlə hərracın predmeti ola bilməzdi.

48. Məhkəmə kollegiyası İddiaçı MTK-nın iddiası ilə bağlı mövqeyini və qənaətini, habelə bu iddia ilə üçüncü şəxs X7 iddiasının biri digərini istisna etməsini nəzərə alıb, hesab edir ki, apellyasiya şikayəti bu hissədə də əsaslıdır və birinci instansiya məhkəməsinin qətnaməsi üçüncü şəxs X7 iddiasının təmin edilən hissəsində ləğv edilməli və onun iddiası həmin hissədə də rədd edilməlidir.

49. Məhkəmə kollegiyası cavabdeh “X3 Mərkəzi” MMC-nin əməllərində cinayət tərkibinin olması səbəbindən xüsusi qərardad çıxarmaqla, bu barədə aidiyyəti üzrə prokurora məlumat verilməsi ilə bağlı belə qənaətə gəlir ki, hazırki iş üzrə xüsusi qərardadın çıxarılması üçün hər hansı əsas yoxdur.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3838/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddiaçı "xxxx" MTK-nın iddiası təmin edilməli, ünvan 10 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.m. olan mənzilin “X3 Mərkəzi” MMC tərəfindən açıq hərracda X1 ilə bağlı tərtib edilmiş YP № 054 saylı, xx.xx.2020-ci il tarixli hərracın yekunlarına dair satış protokolu və onun yaratdığı hüquqi nəticələr etibarsız hesab edilməli, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 iddiası təmin edilməməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MTK-ya aid edilməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3838/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" MTK-nın iddiası təmin edilsin. ünvan 10 ünvanında inşa olunan yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 74,06 kv.m. olan mənzilin “X3 Mərkəzi” MMC tərəfindən açıq hərracda X1 ilə bağlı tərtib edilmiş YP № 054 saylı, xx.xx.2020-ci il tarixli hərracın yekunlarına dair satış protokolu və onun yaratdığı hüquqi nəticələr etibarsız hesab edilsin. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MTK-ya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar