Məhkəmə qərarları › İş №2(103)-523/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-523/2020

22.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-523/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “hasara quraşdırılmış qapının açarının ona verilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2378/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı hasara quraşdırılmış qapının açarının ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, hazırda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 45 saylı evin 17 saylı mənzilinə sərbəst gedib-gəlmək üçün hasara quraşdırılmış qapının açarının cavabdeh X7 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə 1993-cü il tarixdə erməni qəspikarlarının torpaqlarımıza təcavüzündən sonra Füzuli rayonundan məcburi köçkün düşərək ailə üzvləri ilə birlikdə qardaşı X6 məxsus ünvan 1 mənzil 17 ünvanında məskunlaşmışdır. Lakin cavabdeh dəfələrlə onlara təzyiq göstərərək mənzildən çıxarılma tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırsa da, iddiası əsassız olduğu üçün rədd edilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə əri vəfat etdikdən sonra cavabdeh 22 (iyirmi iki) il yaşadığı mənzilinə gediş-gəlişinə maneəçilik yaratmağa başlamışdır. Ərinin dəfn mərasiminə başı qarışan vaxt cavabdeh bir girişdən mənzillərə daxilolma yolunu onunla razılaşdırmadan və bu barədə müvafiq orqandan heç bir icazəsi olmadan qanunsuz olaraq daş hasara almış və bir giriş qapısı qoyaraq açarını özünə götürmüşdür. O, qayıdan zaman bu tikilini belə görərək cavabdehə öz etirazını bildirmiş, sonuncu isə öz növbəsində əvvəlcə hasarı sökəyəcəyini bildirsə də, bunu etməmişdir. Nəticədə onun övladları və qohumları evinə gələn zaman problemlər yaranmışdır. Sonunucu dəfə isə cavabdeh qapını açmamış, nalayiq sözlərlə onu təhqir edərək şərəf və ləyaqətinə toxunan ifadələr işlətmişdir. Cavabdeh könüllü olaraq daş hasarı sökməkdən imtina etmişdir. Bundan sonra Cavabdeh qarşı «qanunsuz tikilmiş hasarın sökülməsi» tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(005)-6/2017 nömrəli qətnaməsi ilə iddiası təmin olunmamış, qətnamədən narazı qaldığı üçün verdiyi apellyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1191/2018 nömrəli qətnaməsi ilə təmin olunmamışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1191/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-5227/2018 nömrəli qərarı ilə kassaiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1191/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Kollegiyasının qənaətinə görə hasara quraşdırılmış qapının açarlarının ona təhvil verilməsi və ya qapının kilidlənmədən (açıq) saxlanılmasını tələb edə bilər. Qeyd olunanlara əsasən iddia təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2378/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına iştiraki edən cavabdeh izahatında bildirmişdir ki, orada qonşu yoxdur. İddiaçı da qeyd etdiyi evdə yaşamır. Onun evi ümumi həyətin axırındadır və qapının iddiaçıya heç bir aidiyyatı yoxdur. 9 ildir ki, həmin evdə yaşayış yoxdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 246 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri Nərimanov rayonu, S.Vasilyev küçəsi (indiki Xan Şuşinski küçəsi) 45 nömrəli evin həyətindəki 12.0 kv.m sahəli qanunsuz tikili təsərrüfat xidmətlərində istifadə etmək üçün T.A.Quliyevin ailəsinə təhkim edilmiş, sərəncamın 1-ci bəndinə əsasən T.A.Quliyevlə icarə müqaviləsi bağlamaq 53 saylı MKİS-ə tapşırılmışdır. - Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2-2021 nömrəli, xx.xx.1998-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər İddiaçı, X2 və qeyr. qarşı məzildən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, X1, İddiaçı bütün ailə üzvləri ilə ünvan 2 ünvannında yerləşən sahəsi 12 kv.m olan otaqdan ünvan 3 ünvanında məskunlaşdırılmaları ilə çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Nərimanov rayonu sektoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür və ünvan 4 ünvanında müvəqqəti məskunlaşaraq 5 (beş) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X5 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş texniki pasportdan görünür ki, mübahisə predmeti olan daş hasar Teyyub Quliyevə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 45 saylı evin 12 saylı mənzilinə aiddir və həmin mənzil aid ərazidə inşa edilmişdir. - RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 45 ünvanında yerləşən 1 (bir) mərtəbəli, 4 (dörd) otaqdan barət, 61.0 kv.m yaşayış sahəsi olan mənzil tam mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2051 nömrəli reyestr kitabının 189657 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə (qeydiyyat nömrəsi: **********) qeyd aparılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 6/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov Rayon Mənzil-Kommunal Təssərüfatı Birliyinin 53 saylı Mənzil Kommunal İstismar Sahəsi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhər Nərimanov rayonu üzrə sektoru cəlb edilməklə qanunsuz tikilmiş daş hasarın sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1191/2018 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti rədd olunmuş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-6/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)- 5227/18 nömrəli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1191/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Apellyasiya baxışı zamanı mübahisəli əraziyə kollegiya tərəfindən yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ünvan 1 17 saylı mənzilin yerləşdiyi ümumi həyətə giriş bir qapıdan ibarət olmaqla həyətin sonunda mübahisəli evin qarşısında hasarla tikilmiş qapı mövcuddur. Qapıdan içəri mübahisəli həyətə daxil olduqda bir-birindən təcrid olunmuş şəkildə bir neçə tikili və sağ tərəfdə iddiaçının qeyd etdiyi tikili yerləşir. Cavabdeh tərəfindən təqdim olunan ünvan 1 12 saylı mənzilin texniki pasportuna əsasən müəəyən olunur ki, iddiaçının açarın verilməsini tələb etdiyi qapı Cavabdeh məxsus 12 saylı evə aiddir. Həmçinin kollegiyanın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən göndərilən məktuba əlavə edilmiş arayış və mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemindən görünür ki, iddia edilən mənzil mövcuddur və təqdim olunmuş koordinatlara uyğundur. Həmçinin sxemdən görünür ki, iddiaçının iddia etdiyi mənzil hasara alınmış torpaq sahəsində yerləşir və cavabdeh tərəfindən qapının qoyulması iddiaçının mənzilinə giriş-çıxışa maneə yaradır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 45 ünavnında yerləşən torpaq sahəsinə qapının quraşdırılması ilə iddiaçı yaşayış sahəsi üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur; buna görə də iddiaçının mübahisələ mənzili sərbəst giriş-çıxışının təmin edilməsi məqsədi ilə torpaq sahəsinəinin girişinə cavabdeh tərəfindən quraşdırılmış qapının açarının bir nüsxəsi iddiaçıya verilməlidir. Kollegiya onu da qeyd edir ki, iddiaçı iddia tələbində Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 45 saylı evin 17 saylı mənzilinə sərbəst gedib-gəlmək üçün hasara quraşdırılmış qapının açarının cavabdeh X7 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, sözügedən açarın cavabdehdən alınaraq iddiaçıya verilməsi cavabdehin də həyətdən istifadə etmə hüquqlarını pozur. Buna görə də kollegiya açarın bir nüsxəsinin iddiaçıya verilməsini daha ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2378/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 45 saylı evin 17 saylı yaşayış sahəsinə sərbəst gedib-gəlməsi üçün hasara quraşdırılmış qapının açarının 1 nüsxəsi cavabdeh X7 alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar