Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5239/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika X3 Birjası "xxxx" MMC-nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-255/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika X3 Birjası "xxxx" MMC-nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdah tərəfindən aparılmış 41 nömrəli xx.xx.2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 8(073)-303/2017 saylı xx.xx.2018-ci il tarixli qərardadı üzrə Cəlilabad rayon icra və probasiya şöbəsinin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini rəhbər tutaraq mübahisəli əmlakın hərrac vasitəsilə satılması üçün adına olan “Mercedes Benz E220 CDİ” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi məqsədilə cavabdeh “Tərəqqi" MMC-yə sifariş vermiş və sonuncu tərəfindən əmlakın qiymətləndirilməsi aparılmışdır. Cavabdeh tərəfindən əmlakın qiyməti düzgün müəyyən edilməmişdir, yəni bazar qiymətindən təxminən 2 dəfə aşağı, 11.700 manata qiymətləndirmişdir. Bu da həmin əmlakın cavabdeh tərəfindən müəyyən etdiyi məbləğdə hərraca çıxarılmasına səbəb ola bilər. Halbuki, həmin avtomobilin real qiyməti 18.000-25.000 manat dəyərindədir. Odur ki, cavabdeh tərəfindən həyata keçirilən qiymətləndirilmə hesabatı ləğv edilməli, avtomobilə dair yenidən qiymətləndirilmə aparılmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-255/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-255/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən əmlakın qiyməti düzgün müəyyən edilməmişdir, yəni bazar qiymətindən təxminən 2 dəfə aşağı, 11.700 manata qiymətləndirilmişdir. Bu da həmin əmlakın cavabdeh tərəfindən müəyyən etdiyi məbləğdə hərraca çıxarılmasına səbəb ola bilər. Halbuki, həmin avtomobilin real qiyməti 18000-25000 manat dəyərindədir. Bu səbəbdən, cavabdeh tərəfindən həyata keçirilən qiymətləndirilmə hesabatının ləğv edilməsi, avtomobilə dair yenidən qiymətləndirilmə aparılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, birinci instansiya məhkəməsi avtobilin qiymətləndirməsinin aparılmasını "xxxx" MMC-yə həvalə etmişdir. "xxxx" MMC tərəfindən sözü gedən avtomobilin real bazar dəyəri 18.800 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi "xxxx" MMC-nin rəyini deyil, "xxxx" MMC-nin rəyini əsas götürərək iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsi“Qiymətləndirmə hesabatının ləğv edilməsi barədə” iddia tələbini təmin etməməsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən avtomobilə baxış keçirilməmişdir. Bu səbəbdən avtomobilin dəyərini düzgün müəyyən etməmişdir. "xxxx" MMC isə avtomobilə baxış keçirməklə qiymətləndirmə aparmış və rəyini əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin bu dəlili əsassızdır, belə ki, "xxxx" MMC tərəfindən avtomobilə baxış keçirilməmiş, avtomobilin dəyərini real bazar dəyərindən çox aşağı məbləğə qiymətləndirmişdir. "xxxx" MMC-nin onun avtomobilinə qoyduğu qiymət ümumi bazar qiymətinə uyğun gəlməmiş, yəni oxşar avtomobillərin köhnələrinin ən aşağı dəyəri onun avtomobilinin dəyərindən yuxarı olmuşdur. "xxxx" MMC tərəfindən isə "xxxx" MMC tərəfindən işin araşdırılmayan və nəzərə alınmayan bütün halları müəyyən edilərək qiymətləndirmə aparılmış, hətta orta qiymətinin 18.800 manat olması qeyd edilmişdir. Yəni, həmin avtomobilin dəyəri 18.800 manatdan da yuxarı məbləğ ola bilər. Hesab edir ki, "xxxx" MMC-nin rəyi əsassız, "xxxx" MMC-nin rəyi isə tam əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsi "xxxx"MMC-nin rəyini əsas götürməklə qanuni və ədalətli qətnamə qəbul etməli idi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbinin məzmunundan görünür ki, Cəlilabad rayon məhkəməsinin 2(073)-1207/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh İddiaçı 62.300 manat borc və 30 manat dövlət rüsumunun alınıb iddiaçı X1 verilməsi ilə bağlı icra hərəkətləri çərçivəsində Cəlilabad Rayon Məhkəməsinin 8(073)-203/2017 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə “Mersedes-Benz” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomaşının satılması yolu ilə tələbin əmlaka yönəldilməsi qərara alınmışdır. Mübahisəli əmlakın qiymətləndirilməsi həyata keçirilmiş və həmin əmlakın açıq hərracdan satışı üçün sifariş verilmişdir. İddiaçı cavabdeh Respublika X3 Birjası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin soprğusuna əsasən Cəlilabad rayon icra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, borclu İddiaçı 62.330 manat borcundan 36.605 manat ödəmiş, hazırda tələbkara 25.725 manat borcu qalmışdır. Beləliklə, müəyyən edilir ki, iddiaçıya məxsus “Mersedes-Benz” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobil icra məmurunun sifarişi əsasında qiymətləndirilsə də, həmin əmlaka tutma yönəldilməmiş, hərrac vasitəsilə satılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 nömrəli qərardadına əsasən borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi barədə iddia məhkəmə (mülki mühakimə icraatı) qaydasında baxılmalı olan tələb deyil, belə ki, İddiaçı “Mersedes-Benz” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobilin satış qiymətini iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun (hazırki iş üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun) hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 261, 391, 397- 398, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-255/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika X3 Birjası "xxxx" MMC-nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədikdə, həmin qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5239/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5239/2022
29.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver