Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5239/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-752/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-752/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar İddiaçı2, İddiaçı1, həm də Cavabdeh verdiyi apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə.., dövlət rüsumu ödənilir (108.1-108.1.9). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Hazırda qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanunun 8.1 və 8.1.4-cü maddələrinə görə iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, iddia ərizələrinin verilməsi üçün 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi qədər dövlət rüsumu ödənilməlidir. Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Mülki iş materiallarında olan iddia ərizəsindən görünür ki, İddiaçı2 cavabdehdən onun xeyrinə tutulmasını tələb etdiyi pul məbləği cəmi 133.200 manat, digər İddiaçı1 isə cavabdehdən tələb etdiyi pul məbləği 145 100 manatdır, yəni iddianın qiyməti ümumilikdə 278.300 manat təşkil edir, belə olan halda iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləği 568,3 (beş yüz altı səkkiz manat otuz qəpik) manatdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-ci maddəsinə müvafiq olaraq Cavabdeh apellyasiya şikayəti üzrə iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş (568,3 manat) məbləğin yarısı qədər ödəməli olduğu halda, cəmi 220 manat dövlət rüsumu ödəmişdir. Həmçinin, kollegiya diqqətə çatdırır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilmiş (71 manat) dövlət rüsumun ödənilməsinə dair qəbzdə rüsumun ödənilmə tarixi şikayət vermə müddəti (07.07.23-cü il) bitdikdən sonrakı dövrə (xx.xx.2023cü ilə) aiddir. Bundan başqa, cavabdeh apellyasiya şikayətinin 7-ci qrafasında (“Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər”) “cavabdehin bir sıra prossesual hüquqlarının pozulması” qeyd edilmiş, lakin pozuntunun nədən ibarət olması ümumiyyətlə, göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-də 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin, MPM-in 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Nəzərə alınmalıdır ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından və şikayət tələblərə cavab vermədiyindən, bu hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 363, 364 və 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-752/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-5239/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5239/2023
28.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver