Məhkəmə qərarları › İş №2(103)-5240/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5240/2021

08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5240/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, cavabdeh “xxxx” Bank ASC-nin nümayəndələri X2 və X5 iştirakları ilə İddiaçı “xxxx” Bank ASC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Bank ASC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 08 aprel 2017-ci il tarixində qohumu X3 Azərbaycan Respublikasında yerləşən bütün banklarda təmsil etmək hüququnu ehtiva edən etibarnamə verdiyini, 08 aprel 2020-ci il tarixədək qüvvədə olan etibarnamədə hesaba nağd pul vəsaitini mədaxil etmək, pul vəsaitlərini digər hesaba keçirmək, hesabdan pul çıxarmaq və bütün digər bank əməliyyatlarını həyata keçirmək səlahiyyətlərinin nəzərdə tutulduğunu, 29 iyun 2016-cı il tarixdə “Cavabdehbank” ASC-nin 8 saylı filialına 700 000 ABŞ dolları depozit yerləşdirdiyini, depozitin müddətinin 30.06.2017-ci il tarixdə avtomatik uzadıldığını, etibar etdiyi şəxsin əmanət məbləğini bankdan almaq istəyinin bankın hüquq departamentinin etibarnamə ilə depozitin çıxarmasına etiraz etməsi səbəbilə təmin olunmadığını, 11 iyul 2019-cu il tarixində banka etdiyi yazılı müraciətə da cavab verilmədiyini, bankın hərəkətinin onun biznes fəaliyyətinə zərər yetirdiyini, pulu verilmədiyi üçün Gürcüstanda almalı olduğu mülkiyyəti əldən çıxardığını, eyni zamanda əmlakı alması üçün öncədən verdiyi 20 000 ABŞ dolları behinin batdığını, bankın onun 700 000 ABŞ dollarını faizlə kreditə buraxaraq özünə külli miqdarda gəlir əldə etdiyini, nəhayət 10.12.2019-cu il tarxdə əmanətinin qaytarıldığını bildirmiş, buna görə cavabdehdən Azərbaycan Respublikası Milli Bankın uçot dərəcəsinə uyğun illik 8 faizlə hesablanmaqla 18 666 ABŞ dolları əldən çıxmış gəlirin əvəzinin, 5000 manat mənəvi zərərin, 600 manat dövlət rüsumunun, yol xərclərinin, Asan Xidmətə edilən ödənişlərinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, qanunsuz nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək onun təmin, cavabdehin nümayəndələri isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da əsas götürməklə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, iddiaçının etibarnamə üzrə nümayəndəsi Sabir Məmmədov 29 iyun 2006-cı il tarixdə onun (iddiaçının) adına Cavabdeh İKB ASCnin (hazırda “xxxx” Bank) 8 saylı filialına 12 ay müddətinə və illik 3% ödənilməsi şərtilə 700 000 ABŞ dolları əmanət yerləşdirmiş, adı çəkilən nümayəndə depozit faizlərini bankın filialından hər ay etibarnamə əsasında almış, əmanətin müddəti 30.06.2017-ci il tarixdə uzadılmış, 11 iyul 2019-cu il tarixdə həmin nümayəndə banka yazılı ərizə ünvanlayaraq depozit məbləğinin qaytarılması barədə müraciətinə müsbət cavab verilmədiyini bildirmiş və əmanətin qaytarılmasını tələb etmiş, hazırkı məhkəmə mübahisəsi başladıqdan sonra - 10.12.2019-cu il tarixdə - iddiaçının əmanətinin əsas məbləği, yəni 700 000 ABŞ dolları ona qaytarılmışdır. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, iddiaçı, banka yerləşdirdiyi depozit vəsaitinin gec qaytarılması nəticəsində bankın bundan faydalanmasını, əldən çıxmış fayda şəklində maddi zərərə düşməsini, həmçinin mənəvi ziyan dəyməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir və buna görə də onun iddia tələbləri təmin olunmamalıdır. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, habelə qanunu səhv təfsir etmiş, bununla nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 948.1-ci maddəsinə görə, bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir; 950.4cü maddəsinə görə isə, bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, .... əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Kassasiya instansiyası məhkəməsinin qərarında da göstərildiyi kimi, iddiaçının (nümayəndəsinin) 29 iyun 2016-cı il tarixdə Cavabdeh İKB ASC-nin 8 saylı filialına 700 000 ABŞ dolları depozit qoyması, depozit müddətinin 2017-ci ilin 30 iyununda avtomatik uzadılması, depozitin müddətinin bitmə tarixinin 30 iyun 2019-cu olması, iddiaçının səlahiyyətli nümayəndəsinin depozitin qaytarılmasını tələb etməsinə baxmayaraq, depozit məbləğinin 10.12.2019-cu il tarixədək qaytarılmadığı işin mübahisə edilməyən hallarıdır. Bu mənada kollegiya hesab edir ki, iddiaçının əmanət məbləğinin qaytarılmalı olduğu tarixdən, onun faktiki qaytarıldığı tarixədək olan müddət ərzində bank əmanəti qanunsuz saxlamışdır və buna görə də həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Hazırkı işi təkrar apellyasiya baxışına göndərdiyi zaman Ali Məhkəmə də öz qərarında qeyd etmişdir ki, “...Ümumiyyətlə, bank elə bir təsisatdır ki, fiziki və hüquqi şəxslərdən və ya digər mənbələrdən vəsaitləri depozit kimi cəlb edib, həmin vəsaitləri buna ehtiyacı olanlara müəyyən faizlərlə kredit kimi verir. Başqa sözlə, cəlb etdiyi depoziti kredit verməklə gəlir əldə etməsi bankın mahiyyətini təşkil edən fəaliyyət növüdür. Belə olan halda, kredit təşkilatı kimi bankın iddiaçıdan qəbul etdiyi pul vəsaitini (depoziti) müddətdən artıq özündə saxlaması nəticəsində faydalanması halını sübut etmək yükünü iddiaçı daşıya bilməz. Əksinə, bu halda iddiaçıdan qəbul etdiyi pul vəsaitini müddətdən artıq özündə saxlamaqla faydalanmaması halını cavabdeh sübut etməlidir. Birinci instansiya məhkəməsi isə hazırki tələb üzrə sübut etmə yükünü iddiaçının üzərinə qoymaqla düzgün nəticəyə gəlməmiş, apellyasiya məhkəməsi də eyni səhvi təkrarlamışdır. Bu isə MPM-in 77.1-ci maddəsinin tələblərinə olmamışdır”. Bununla belə kollegiyanın qənaətinə görə, cavabdeh bank iddiaçının əmanətini qanunsuz saxladığına görə, əmanət müddətinin bitdiyi tarixdən etibarən deyil, iddiaçının nümayəndəsinin əmanətin qaytarılması tələbini banka bildirdiyi tarixdən etibarən məsuliyyət daşımalıdır; belə ki, işin hallarından, iddiaçının 11 iyul 2019-cu il tarixdə banka yazılı müraciət ünvanlayaraq depozit məbləğinin qaytarılmasını tələb etdiyi, məhz həmin tarixdə də sonuncu faiz ödənişini (1458 ABŞ dolları) aldığı aydın olur – onun bundan əvvəlki tarixdə əmanət məbləğinin qaytarılmasını tələb etdiyi barədə isə hər hansı sübut təqdim edilməmişdir. Kollegiya həmçinin hesab edir ki, iddiaçının əldən çıxardığı fayda Mərkəzi Bankın hazırkı dövr üçün müəyyənləşdirilən faiz uçot dərəcəsi əsas götürülməklə hesablanmalıdır; çünkü Mülki Məcəllənin 449.1-ci maddəsi, müvafiq tələbin məhz qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsi əsas götürülməklə ödənilə biləcəyini təsbit edir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində yer alan məlumata görə, hazırda uçot faiz dərəcəsi 6,25 % səviyyəsindədir və bunu nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçının əmanət məbləğinin əsassız olaraq qaytarılmadığı 5 aylıq müddət üçün (11.07.2019-cu il tarixdən 10.12.2019-cu il tarixinədək) onun xeyrinə 18 229 ABŞ dolları əldən çıxardığı fayda qismində cavabdeh bankdan tutulmalıdır (700 000 x 6,25% / 12 ay = 3645,8 x 5 ay = 18 229,1). Bununla belə kollegiya, iddiaçının “600 manat dövlət rüsumunun, yol xərclərinin, Asan Xidmətə edilən ödənişlərinin xeyrinə tutulması” tələbini əsaslı hesab etmir. Belə ki, birincisi, iddiaçı həmin tələblərini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi isə, bu tələblərin təmin olunmasına imkan verəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının mənəvi ziyan tələbi ilə bağlı isə kollegiya qeyd edir ki, o, iddiasının bu hissəsini konkret faktlarla sübuta yetirməmiş, ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən və apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumları, həmçinin bank xidməti xərcləri də cavabdeh bankdan tutularaq ona ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6368/2019 saylı iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbləri qismən təmin olunsun. “xxxx” X9 Cəmiyyətindən pul vəsaitinin ödənilməsini əsassız gecikdirdiyi üçün 18 229 (on səkkiz min iki yüz iyirmi doqquz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), dövlət rüsumlarına görə 45,80 (qırx beş manat 80 qəpik) tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar