Məhkəmə qərarları › İş №2(103)-5244/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5244/2022

04.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5244/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pulun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(006)-1423/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 34.700 manat və 15.000 ABŞ dolları məbləğində maddi ziyan, 20.000 manat həcmində mənəvi ziyan, ümumilikdə 54.700 manat və 15.000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(006)- 1423/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh iddiaçıya vurulmuş 13.500 (on üç min beş yüz) manat məbləğində maddi ziyan və 3.000 (üç min) manat məbləğində mənəvi ziyan, ümumilikdə 16.500 (on altı min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin surəti Cavabdeh elektron kabinetinə 06 aprel 2022-ci il tarixində yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuşdur. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti 17 iyun 2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə prosessual müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmiş, ancaq həmin ərizəyə birinci instansiya məhkəməsi tərəfindən baxılaraq hüquqi qiymət verilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası MPM-in 361-ci maddəsi ilə nəzərdə tutulmuş apellyasiya şikayətinin tərtib edilməsi qaydaları pozulmuşdur. AR Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; 361.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olunur ki, apellyator apellyasiya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, maddi və prosessual hüquq pozuntularının nədən ibarət olmasını bildirməmişdir. Həmçinin apellyasiya şikayətinin nəticə (xahiş olunan) hissəsi nəzərdən keçirilərkən müəyyən olunur ki, apellyator apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(006)-1423/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Yəni, cavabdehin apellyasiya məhkəməsindən etdiyi xahiş də qeyri-müəyyəndir, şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissədə və hansı səbəbdən əsassız olması, yeni qətnamə çıxarılması ilə bağlı xahişi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla apellyasiya şikayətinin geri qaytarılması üçün iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(006)- 1423/2022 saylı qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar