Məhkəmə qərarları › İş №2(103)-5246/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5246/2023

21.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5246/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu X3 ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “icra qeydinin ləğv edilməsi” ) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-563/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin notariusu X3 qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Nizami Rayon Məhkəməsinin 2(007)-563/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Qumru Əliyeva) ilə iddia təmin edilmiş, Bakı şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən tərtib edilmiş 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

3. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlilləri kimi qeyd etmişdir ki, məhkəmə öz qətnaməsində göstərir ki, ddiaçının "xxxx" MMC ilə bağladığı xx.xx.2011-ci il tarixli abunə müqaviləsi üzrə 1152,42 manat borcunun olması öz təsdiqini tapmamışdır. İcra qeydi ilə borc bir ədəd nömrə ilə bağlı hesablansa da, "xxxx" MMC tərəfindən təqdim edilmiş borca dair çıxarışla isə 19 ədəd nömrə üzrə borc hesablanmışdır. Bununla bağlı qeyd edilir ki, "xxxx" MMC ilə "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC arasında imzalanmış 17 mart 2011-ci il tarixli abunə müqaviləsinin nömrəsi yoxdur. İcra qeydinin verilməsi üçün elektron ərizə formasında isə müqavilə nömrəsi göstərilməlidir. Əks təqdirdə sistem ərizəni qəbul etmir. Buna görə də, müqavilə nömrəsi yerində abunəçinin istifadəsində olmuş nömrələrindən biri yazılmışdır. Hesab edir ki, bu hal icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi T.Rzayev apelyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, şikayət əsassızdır, üçüncü şəxs öhdəliyin olmasını qeyd edir, lakin icra qeydi verilən müqavilə üzrə borcun olmaması barədə həmin təşkilatın özü tərəfindən verilən hesab fakturaları nəzərə almır, icra qeydinin verilməsi üçün əsas olan olan borcun isə hansı dövrü əhatə etdiyini isə bildirmir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

5. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız ünvan 1 ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və kollegiyanın mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

6. xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC arasında abunə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tərəflər müqaviləyə əlavə olunan siyahıda əks olunan nömrəli Azerfon tərəfindən Xidmətləri istifadə üçün Abnunəçiyə təqdim etməsinə və Abunəçi tərəfindən Xidmətlərin 2 il müddətinə bu müqavilədə nəzərdə tutulan qaydada istifadə edilməsi və müvafiq tarif planına uyğun olaraq xidmət haqqının ödənilməsinə razılaşmışlar.

7. "xxxx" MMC tərəfindən "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktunun surətindən görünür ki, "xxxx" MMC (bundan sonra - Azerfon) ilə Abunəçi arasında imzalanmış müvafiq abunə müqaviləsinə (bundan sonra - Müqavilə) əsasən Azerfon siyahısı Müqaviləyə əlavə edilmiş nömrələri və telekommunikasiya xidmətləri ilə Abunəçini təmin etməyi, Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edib müvafiq Ödənişləri həyata keçirməyi öz üzərinə götürmüşdür. Müqavilənin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlıvaxtında xidmətlərdən istifadəyə görə və "Azerfon” tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməli, nömrənin hesabında olan pul vəsaitinin geri ödənilməmək şərti ilə yalnız "Azerfon”un rabitə xidmətlərinə görə yaranmış borcların ödənilməsi üçün istifadə etməlidir. Lakin tərəflərindən abunə müqaviləsinin yuxarıda göstərilən şərtləri pozulmuş, göstərilmiş rabitə xidmətlərinə görə yaranmış borclar ödənilməmişdir. X2-a Müqaviləyə əsasən ödənilməmiş borcu qalmışdır. Qeyd edilənlərə əsasən Müqavilə üzrə öhdəliklərinizi yerinə yetirməyinizi, yaranmış 1152,41 manat borcunun hazırki pretenziya məktubunu aldıqdan sonra 10 (on) iş günü müddətində "xxxx"a ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin, müvafiq faizlərin və məhkəmə xərclərinin tutulması ilə bağlı tərəflərindən aidiyyəti üzrə məhkəməyə müraciət olunacaqdır.

8. Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş icra qeydin surətindən görünür ki, "xxxx" MMC-nin xeyrinə "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-dən tel-(077)219-47- 79/772194779 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1152 manat 42 qəpik (min yüz əlli iki manat qırx iki qəpik) pulun tutulması, bundan əlavə borclu "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-dən tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 1177 manat 42 qəpik (min yüz yetmiş yeddi manat qırx iki qəpik) pulun tutulması təklif edilmişdir.

9. Notariat icra qeydi haqqında ərizədən görünür ki, "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin 1152,42 manat əsas borcu vardır.

10. Bakı şəhər Nizami rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən tərtib edilmiş 6264 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılmış və tələbin könüllü icrası borcluya bildiriş göndərilmişdir.

11. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə borcu yoxdur.

12. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üzrə borcu yoxdur

13. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə borcu yoxdur.

14. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2021-xx.xx.2021-ci il tarixləri üzrə borcu yoxdur.

15. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə borcu yoxdur.

16. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə borcu yoxdur.

17. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş hesab fakturanın surətindən görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə borcu yoxdur.

18. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan görünür ki, İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixə olan borcu aşağıdakı kimi göstərilmişdir: 772194665-1,34, 772194812-13,65, 772194894-13,20, 772194872- 13,35, 772194754- 14,38, 772194800-0,05, 772194906-984,29, 772194877-14,70, 772194883-12,91, 772194773-12,06, 772194952-13,05, 772194814-13,89, 772194837-0,12, 772194818- 5,37, 772194662-1,48, 772194853-0,11, 772194820-12,26, 772194791- 14,16, 772194756-12,03, cəmi 1152,42 manat borcu vardır.

19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2590/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı MMC-nin 3-cü şəxs "xxxx" MMC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Madə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

23. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

26. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il taixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları” Bənd 9.22. Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Tətbiq edilən prosessual hüquq normaları:

27. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

28. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini üçüncü şəxs "xxxx" MMC-nin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Üçüncü şəxsin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, icra qeydi ilə borc bir ədəd nömrə ilə bağlı hesablansa da, "xxxx" MMC tərəfindən təqdim edilmiş borca dair çıxarışla isə 19 ədəd nömrə üzrə borc hesablanmışdır.

31. Kollegiya qeyd edir ki, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci hissəsində borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər qeyd edilir.

32. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

33. İddia tələbini təmin edən birinci istansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, təqdim edilmiş hesab fakturalar ilə iddiaçının xx.xx.2021-xx.xx.2021-ci il və bundan sonrakı aylar üzrə də borcunun olmadığı məlum olmuşdur.

34. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, "xxxx" MMC ilə "Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC arasında imzalanmış 17 mart 2011-ci il tarixli abunə müqaviləsinin nömrəsi olmamışdır, icra qeydinin verilməsi üçün elektron ərizə formasında isə müqavilə nömrəsi göstərilməli olduğundan, müqavilə nömrəsi yerində abunəçinin istifadəsində olmuş nömrələrindən biri yazılmışdır. Buna görə də hesab edir ki, bu hal icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz.

35. Kollegiya həmin dəlillə bağlı bildirir ki, qənamənin 32-ci bəndində icra qeydi almaq üçün tələb olunan sənədlər qeyd edilmişdir. Belə olan halda məlum olur ki, üçüncü şəxs tərəfindən məhz hansı müqavilə əsasında (çünki abunəçinin istifadəsində olmuş nömrələrdən birini yazdığını bildirir), hansı dövr üçün borc tələb edilməsi barədə 32-ci bənddə qeyd edilən müvafiq sənədlərin təqdim edilməsi tələbinə əməl edilməmişdir.

36. İcra qeydinin verilməsinə səbəb olan tel-(077)219-xx-xx/772194779 nömrəli müqaviləyə əsasən borcun olmaması isə üçüncü şəxs tərəfindən verilən hesab fakturalar ilə təsdiq edilmişdir.

37. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Beləliklə, apellyasiya şikayətinin dəlillərini araşdıran Kollegiya belə qənaətə gəlir ki, üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

39. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş üçüncü şəxs "xxxx" MMC-nin özünə aid edilməlidir.

41. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

42. Hazırkı halda mübahisələndirilən icra qeydi 1152,41 manat pul vəsaitinin tutulması ilə bağlı olduğundan hazırkı qətnamədən, MPM-in 402.1-ci maddəsinin tələbinə əsasən kasasiya şikayəti verilə bilməz.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-563/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu üçüncü şəxs "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar