Məhkəmə qərarları › İş №2(103)-5249/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5249/2020

19.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5249/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçının və cavabdeh Nazirliyin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi (anası) Nümayəndə və vəkili X1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, təhqiqat və istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində uzun müddət istintaqa cəlb olunması, həbsdə saxlanılması ilə bağlı ona vurulmuş maddi zərərə görə 100.000 manat, vurulmuş mənəvi zərərə görə 150.000 manat, cəmi 250.000 manat məbləğində pul vəsaitinin və iddianın məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manatın dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsini əməkdaşları xx.xx.2018-ci il tarixdə iddiaçını qanunsuz olaraq həbs etmişlər. Bundan sonra Suraxanı RPİ İstintaq Şöbəsi iddiaçını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının barəsində həbs qətimkan tədbiri seçilmişdir. Son nəticədə cinayət işinə baxmış Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli hökmü ilə iddiaçıya bəraət vermiş və iddiaçı məhkəmə iclas zalından dərhal azadlığa buraxılmışdır. Hökm qanuni qüvvəyə minmişdir. Göründüyü kimi təhqiqat və istintaq orqanlarının əməkdaşlarının qanunsuz əməlləri nəticəsində iddiaçı 9 ay 18 gün həbsdə saxlanılmış, iddiaçıya maddi zərər dəymiş, iddiaçı fiziki məhrumiyyətlərə və mənəvi iztirablara məruz qalmışdır. İddiaçı hesab edir ki, ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 100.000 manat, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə isə 150.000 manat məbləğində pul dövlət büdcəsindən tutularaq ona ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3.000 manat, maddi ziyanın əvəzinin ödənilməsi məqsədi ilə 500 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddia tam həcmdə təmin olunmalı idi. Cavabdeh Nazirlik də, qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənəvi zərərə görə 3.000 manat məbləğində kompensasiyanın ödənilməsi əsassızdır. Çünki mənəvi zərərin məbləği hesablanarkən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (CPM) 190cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin tələblərə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş zərər görə zərərçəkmiş şəxsə cinayətin ağırlıq dərəcəsindən asılı olaraq, müvafiq olaraq 11 manat, 55 manat, 165 manat, 300 manat məbləğində kompensasiya ödənilməlidir. Hüquqi yardıma görə maddi ziyanın tutulması tələbi də əsasızdır. Çünki cinayət mühakimə icraatı zamanı çəkilmiş xərclərin ödənilməsi qaydası hökmlə müəyyən olunmalıdır. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, övladı olan iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı onlara dəymiş maddi ziyanın məbləği qətnamə ilə müəyyən edilən məbləğdən yuxarıdır. O, iddiaçı həbsdə saxlanıldığı müddətdə hər həftə onu ziyarətə getmiş və bağlama aparmışdır. Hər dəfə təxminən 100-150 manat məbləğində xərc çəkmişdir. Həmçinin iddiaçı qanunsuz təqsirləndirildiyi üçün keçirdiyi iztirablar nəticəsində xəstələnmiş, səhhətində problemlər yaranmışdır. İddiaçının müalicəsi üçün də o, maddi vəsait xərcləmişdir. Lakin maddi imkanı kifayət qədər olmadığı üçün özünə (nümayəndəyə) məxsus qızılları lombarda qoyaraq faizlə pul götürmüşdür. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının vəkili cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh olan Nazirlik işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Nazirliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsini əməkdaşları xx.xx.2018-ci il tarixdə iddiaçını həbs etmişlər. Suraxanı RPİ İstintaq Şöbəsi iddiaçını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçının barəsində həbs qətimkan tədbiri seçilmişdir. Son nəticədə cinayət işinə baxmış Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2018ci il tarixli hökmü ilə iddiaçıya bəraət vermiş və iddiaçı məhkəmə iclas zalından dərhal azadlığa buraxılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş protestə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı ilə protest təmin edilməmiş, Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı (İş №1(102)-1313/2019) qərarı ilə apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş 6 saylı vəkil bürosu ilə Nümayəndə arasında bağlanmış xx xxxx 2018-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında vəkil X2 tərəfindən hazırki iş üzrə İddiaçı sonuncunun CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hüquqi yardım göstərilməsi üçün müqavilə bağlanmışdır. xx.xx.2018-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, göstərilən hüquqi xidmət müqabilində yuxarıda qeyd olunan müqaviləyə əsasən iddiaçının anası (nümayəndəsi) Nümayəndə tərəfindən 6 saylı hüquq məsləhətxanasının hesabına 500 manat ödəniş edilmişdir. İddiaçı maddi zərərə görə 100.000 manat, mənəvi zərərə görə isə 150.000 manat məbləğində pul tələb edir. İddiaçının maddi ziyan tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir. CPM-nin 56.0.2-ci maddəsinə görə, CPM-nin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə .xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. CPM-nin 57.1-cimaddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. CPM-nin 60.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. CPM-nin 61.2-ci maddəsinə görə, bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. CPM-nin 63-cü maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.1999-cu il tarixdən qüvvədədir) tələblərinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməşi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə görə, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəətə digər gəlirlər, məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 12-ci maddəsinə görə, bu Qanunun 5-ci maddəsinin 1, 2, 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə müəyyən edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı istintaq orqanı tərəfindən qanunsuz olaraq cinayət təqibi həyata keçirilməsi nəticəsində ona 100.000 manat məbləğində maddi ziyanın vurulduğunu qeyd etsə də, bu məbləğin real olduğunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı yalnız ona hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğə (500 manat) dair sübutları birinci instansiya məhkəməsinə təqdim etmişdir. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi (anası) maddi ziyan tələbini onunla əsaslandırmışdır ki, tələb olunan 100.000 manat iddiaçının həbsdə saxlanıldığı müddətdə onun müalicə və digər zəruri ehtiyyaclarının ödənilməsi məqsədi ilə çəkilmiş xərclərdir. Həmin xərclər hazırda iddiaçının nümayəndəsi kimi iştirak edən anası tərəfindən çəkilmişdir. O, maddi imakanı olmadığı üçün qızıllarını lombarda qoyaraq faizə pul götürmüşdür və qızılları hazırda da lombardda saxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə, iddiaçının nümayəndəsinin izahatına əssaslanaraq hesab edir ki, maddi ziyanı tələb etməyə iddiaçının subyektiv hüququ yoxdur (hüquqi yardıma görə ödənilmiş vəsait çıxılmaqla), həmin hüquq iddiaçının anasına məxsusdur. Çünki iddiaçı və onun nümayəndəsi (anası) maddi ziyan vurulması ilə bağlı iddia tələbini onunla əsaslandırırlar ki, həmin xərc iddiaçı həbsdə saxlanıldığı müddətdə xəstəlik və digər ehtiayyaclarının ödənilməsi məqsədi ilə çəkilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həmin xərclər birbaşa iddiaçının vəsati hesabına deyil, onun anasının vəsaiti hesabına ödənilmişdir. İddiaçının mənəvi ziyan tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən iddiaçıya münasibətdə cinayət təqibinin qanunsuz olaraq həyata keçirilməsi nəticəsində iddiaçının müəyyən narahatçılıqlar, iztirab və sarsıntı keçirməsi labüddür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində göstərilir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və X3 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarının 2-ci bəndinə görə, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və X3 Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Plenum Qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qərarında vurğulanır ki, “...Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir...”. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyamnamə”yə istinad edilərək qeyd edilir ki, Bəyannamənin 4-cü maddəsinə görə, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə, yuxarıda qeyd olunanlara əsaslanaraq və iddiaçının dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Rayon Məhkəməsi mənəvi ziyana görə 3000 manat məbləğində pulun tutulması ilə bağlı düzgün nəticəyə gəlimişdir. Çünki iddiaçının yuxarıda göstərilən müddətdə əsassız olaraq cinayət təqibinə məruz qalması ona narahatlıq, məyusluq hissləri, stresslər yetirsə də bunun qarşılığının iddia edilən məbləğdə (150.000 manat) ödənilməsi ağlabatan deyildir. Məhkəmə cavabdeh Nazirliyin apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Belə ki, Nazirlik hesab edir ki, cinayət prosessual qanunvericilikdə kompensasiyanın yuxarı həddi 300 manat müəyyən edilib. Buna görə də mənəvi ziyana görə 3.000 manat kompensasiya ödənilməsi əsassızdır. Məhkəmə Nazirliyin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, CPM-nin 58.2-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən də görünür ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş mənəvi ziyana görə konkret məbləğ nəzərdə tutulmamışdır, bu məbləğin həcmi məhkəmə tərəfindən ədalətli hesab olunan məbləğdə müəyyən edilir, bir halda ki, qanunvericilikdə başqa qayda nəzərdə tutulmasın. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının keçirdiyi mənəvi iztirablara görə 3.000 manat məbləğində kompensasiyanın ödənilməsi ədalətlidir. Cavabdeh Nazirliyin apellyasiya şikayətində qeyd edilmiş məbləğlər (11 manat, 55 manat, 165 manat və 300 manat) isə cinayət əməli nəticəsində zərərçəkən şəxsə ödənilən məbləğdir. Belə ki, CPM-nin 190-cı maddəsinə görə zərər çəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə ona qarşı xüsusilə ağır cinayət törədildikdə üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə əlli beş manat və ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə on bir manat kompensasiya almaq hüququna malikdir. Lakin hazırkı iş üzrə iddiaçı zərərçəkən şəxs deyil, o cinayət təqibini həyata keçirən orqanın səhvi nəticəsində cinayət məsuliyyətinə cəlb olunmuş və hökm ilə bəraət verilmiş təqsirləndirilən şəxsdir. Nazirliyin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cinayət mühakimə icraatı zamanı hüquqi yardıma görə çəkilmiş xərclərlə bağlı mülki qaydada iddia verilməli deyil, həmin məsələnin həlli hökmdə öz əksini tapa bilərdi. Məhkəmə cavabdehin bu dəlili ilə ilə bağlı qeyd edir ki, CPM-nin 58.3.4-cü maddəsinə görə müdafiəçiyə ödənilmiş pul məbləğinə görə də bəraət almış təqsirləndirilən şəxsə kompensasiya ödənilir. CPM-nin 63-cü maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Göründüyü kimi vurulmuş ziyanın ödənilməsi məsələsi bəraət hökmündə əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilə bilər. Yəni bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsini cinayət prosesi gedişi zamanı tələb etməmişdirsə, cinayət təqibi üzrə icraat qurtardıqdan sonra mülki məhkəmə icraatı qaydasında bu tələbi irəli sürə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cinayət təqibi həyata keçirilən zaman vurulmuş ziyanı tələb etmədiyi üçün hazırda onun tələb etmək hüququ var və o, qanunvericilkə ona verilmiş hüquqdan istifadə edərək, hazırkı iddianı irəli sürmüşdür. Bu baxımdan müəyyən edilir ki, Nazirliyin bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar