Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5257/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Emin Mehdiyevdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanında paylı mülkiyyətdə olan və tam sökülmüş yaşayış sahəsinə dair üçüncü şəxslər Bəyim Rzayeva və qeyrilərinin adında dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsinin qəbulundan imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, iddiaya mülki məhkəmə icraatı qaydasında baxıla bilməz, iddiaçı inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalı, qərardad ləğv edilməli və iş Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyini nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Nəsimi Rayon Məhkəməsi hazırkı iddiaya düzgün olmayaraq Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin göstərişini tətbiq edib. Tərəflərin arasındakı münasibət ümumi (publik) hüququn deyil, xüsusi hüququn nizamasalma predmetinə aiddir. Belə ki, iddiaçı iddia edir ki, yeni binaların tikintisi məqsədilə köhnə daşınmaz əmlak (yaşayış sahəsi) mülkiyyətçilərin razılığı əsasında iddiaçı tərəfindən tam sökülüb, sökülmüş yaşayış sahələrinə dair reyestr qeydinin saxlanılması iddiaçının maraqlarına toxunur, qeydin ləğvi isə yalnız məhkəmə qaydasında mümkündür. İddia tələbi Mülki Məcəllənin 150.1-ci maddəsinin göstərişi ilə əsaslandırılıb. Həmin maddəyə görə, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Görüdüyü kimi, qeydiyyatın məhkəmə qaydasını ləğvini tələb etmək hüququ Mülki Məcəllədə nəzərdə tutulub. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarxli qərarının 17-ci bəndinə görə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Hazırkı işdəki iddia mülki-hüquqi tələbdir. O cümlədən iddianın hüquqi təbiətinə görə o, inzibati məhkəməyə aid deyil. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Tərəflərin arasında belə münasibət yaranmayıb. Beləliklə, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi barədə” iddiasına dair mülki iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5257/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5257/2023
11.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver