Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5259/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətçinin payının cüzi olması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X23 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X14 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətinə kompensasiya yolu ilə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-56/2024 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sutanov küçəsində istifadədə olan 0.01788 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 50.3 kv.m köməkçi sahədən ibarət 13a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 10190 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
3. Bakı şəhəri 3 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən təsdiq edilmiş 17 sentyabr 2019-cu il tarixli vəsiyyətnaməyə əsasən, X9 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını oğlu – İddiaçı vəsiyyət etmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: şəhadətnamə verilən miras əmlak: X10 (qızı) 1/8 hissə, X1 (qızı) 1/8 hissə; X5 (oğu) 5/8 hissə; X11 (oğu) 1/8 hissə və onların hər biri miras əmlakdan yuxarıda göstərilən pay almalıdırlar. Miras əmlakı: ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış yüklülüyün olub-olmaması barədə arayışa və ƏMDK-ın yanında Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X6 verilmiş **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 42.4 kv. metr köməkçi sahəsi 50.3 kv metr (iki) otaqlı fərdi yaşayış evindən ibarətdir.
5. X12, X1 və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 42.4 kv. metr köməkçi sahəsi 50.3 kv metr (iki) otaqlı fərdi yaşayış evindən hər birinə məxsus 1/8 hissə payın qardaşları İddiaçı bağışladılar. Pay verilən tərəf qardaşı İddiaçı payı qəbul etmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Sultanov küçəsində yerləşən 13A nömrəli evin 7/8 hissəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 92,70 m2 , torpaq sahəsinin ölçüsü 0,519 ha göstərilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Sultanov küçəsində yerləşən 13A nömrəli evin 1/8 hissəsi üzərində xüsusi mülkiyyət hüququ Cavabdeh adına xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 161,70 m2 , torpaq sahəsinin ölçüsü 0,1492 ha göstərilmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-58/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh, X7 və X15 cavabdehlər İddiaçı və X2 qarşı “evə köçmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi, qanunsuz tikililərin sökülməsi” barədə iddia tələbi təmin edilməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(103)-2697/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-58/2022 saylı qətnaməsi yoxlanılan hissədə ləğv olunmaı, həmin hissədə iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Sultanov küçəsi 13A nömrəli evə köçürülməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum analarından miras qalmış ünvan 2 ünvanında yerləşən 42.4 kvadrat metr yaşayış 50,3 kvadrat metr köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin paylarına uyğun naturada bölgüsü, naturada bölgü mümkün olmadığı halda miras əmlakın qiymətləndirilməsi və cavabdehə onun payına uyğun yəni miras əmlakın dəyərinin 1\8 miqdarında (məbləğində) kompensasiya verilməklə onun miras əmləkdakı pay hüququna, istifadə hüququna, habelə yaşamaq hüququna xitam verilməsi barədə xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, mərhum anası X3 miraz qalmış ünvan 2 ünvanında yerləşən 42.4 Kvadrat metr yaşayış 50,3 kvadrat metr köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi 8 saylı notarial ofisində acılmış 2V-163 və 2V-165 vərəsəlik işi üzrə verilmiş vəsiyətnamə üzrə vərəsəlik hüququ haqında və məcburi paya şəhadətnamələrə əsasən 5/8 hissədə ona, 1/8 cavabdeh Fətəliyev Böyükağa oğluna məxsusdur. Həmin yaşayış sahəsi onun yeganə yaşayış yeridir, lakin cavabdeh özünə məxsus yaşayış yeri vardır, hazırki vəziyətdə miras əmlakın yaşayış sahəsi onun və cavabdehin ailə üzvləri ilə birlikdə yaşamasına imkan vermir. Ona görə də miras əmlakda cavabdehin payına uyğun kompensasiya verilmeklə pay və istifadə hüququna xitam verilməsinə dair cavabdehə bildiriş (pritenziya) göndərilmiş lakin cavabdeh tərəfindən həmin məktuba münasibət bildirilməmişdir. Buna görə də o mərhum anasından miras qalmış ünvan 2 ünvanında yerləşən 42.4 kvadrat metr yaşayış, 50,3 kvadrat metr köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin paylarına uyğun naturadan bölgüsü, bölgü mümkün olmadığı halda miras əmlakı qiymətdirilməsi və cavabdehə onun payına uyğun yəni miras əmlakın dəyərinin 1/8 miqdarında (məbləğində) kompensasiya verilməklə onun miras əmləkda pay hüququna, istifadə hüququna,habelə yaşamaq hüququna xitam verilməsinə dair iddia ərzəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, ev həyət evidir, evin ərazisi 161 kvadrat metrdir. Evin yanında əlavə tikili var. Həmin ərazidəki evlərin sotu 30000 manatdır. İddiaçı evdəki payını kirayəyə verib. Evə əlavə giriş-çıxış qapısı açıla bilər. Evin naturada bölgüsü mümkündür, evin naturada bölgüsünün aparılmasını xahiş edir. O, öz evində yaşamaq istəyir, amma evdə yaşaya bilmir. Evin satılmasına razı deyil. İddiaçının təklif etdiyi 7.875 manat məbləğlə razı deyil. Həmin ərazinin sotu 30.000 manatdır. Həyətdə köməkçi evlər var. Həyət bölünüb. Mübahisəli ev ona anasından qalıb. Miras əmlakın sahəsi 161 kv.m-dir. Məhkəmə qərarı ilə evə bir gün köçürüldü, ancaq daha sonra Mirzağa evin açarlarını ondan aldı. O da evdən köçməyə məcbur qaldı. Mirzağa evdə yaşamağa ona icazə vermir. Hal-hazırda kirayədə qalır. Vəkilin bildirdiyi kimi özünün nə evi, nə də təsərrüfatı var.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/6735 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, qəraradadın 1-ci və 2-ci sualları üzrə, ünvan 3 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin real paylar üzrə naturada 1/8 və 7/8 hissələrə bölünməsinin İnşaat Norma və Qaydalarının 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X13 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Qəraradadın 3-cü sualı üzrə, ünvan 3 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 63.000 manat məbləğində müəyyən olunur. İstinad edilmiş internet məlumatları rəyə əlavə edilmişdir. Qərardadın 4-cü sualı üzrə ünvan 3 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 63.000 manat təşkil etdiyini nəzərə alaraq həmin fərdi yaşayış evinin 1/8 hissəsinin dəyəri təqribən 7.875 manat (63.000:8), 7/8 hissəsinin dəyəri isə təqribən 55.123 manat (63.000:8) məbləğində müəyyən olunur.
14. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-56/2024 nömrəli, 28 fevral 2023cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
15. Məhkəmə, cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, 15 saylı evin 40 saylı mənzilində 1/8 hissədə payının cüzi olması və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması məsələsini hazırkı işin faktiki halları ilə birlikdə qiymətləndirərək qeyd etmişdir ki, həmin hissədə iddiaçının dəlilləri əsassızdır. Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamə olmaqla o, faktiki olaraq həmin evdə yaşayır. Bundan başqa, miras əmlakın aktivinə Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Sultanov küçəsində yerləşən 13A nömrəli ev daxil olmaqla, həmin evin yerləşdiyi torpaq sahəsi miras aktivinə daxil olmamış, beləliklə, torpaq sahəsi üzərində tərəflərin paylı mülkiyyəti müəyyən edilmədiyindən cavabdeh həmin torpaq üzərində əlavə tikililər inşa etməklə oradan istifadə edir. Göstərilənlərdən aydın olur ki, cavabdeh mənzil hüququnu paylı mülkiyyətçisi olduğu əmlakda realizə etdiyindən onun ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olması aşkardır.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, paylı mülkiyyətçinin razılığı olmadan onun pay hüququna kompesasiya verilməsi yolu ilə xitam verilməsi üçün yuxarıda göstərilən şərtlər hazırkı işdə mövcud olmadığından və cavabdeh 7.875 manat kompensasiya müqabilində payından məhrum edilməsinə razı olmadığını bildirdiyindən öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən Cavabdeh əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçi İddiaçı tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 49cu maddələrinə; Avropa İnsan Hüquqları Konvensiyasına 1 saylı Protokoluna; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3, 220.4 və 220.6-cı maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
18. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-56/2024 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, maddi hüquq normalarının tələbinə görə, paylı mülkiyyətçinin razılığı olmadan onun payına kompensasiya verilməsi ilə xitam verilməsi üçün üç şərt birlikdə mövcud olmalıdır: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Hazırkı işin hallarından görünür ki, mülki qanunvericilikdə cavabdehin paylı mülkiyyətçinin razılığı olmadan onun payına kompensasiya verilməsi ilə xitam verilməsi üçün üç şərt birlikdə mövcuddur. Beləki, mülki işə əlavə edilmiş sənədlərdən və ekspertiza rəylərindən görünür ki, cavabdeh paylı mülkiyyətçinin payının naturada bölənərək ayrılıb ona verilməsi mümkün deyildir və onun payı cüzi olmaqla miras əmlakın 1/8 hissəsini təşkil edir, həmin hissənin dəyəri ümumilikdə 7.875 manat təşkil edirsə, onun miras əmlakdakı 7/8 hissədə payının dəyəri 55.125 manat təşkil edir, habelə cavabdeh paylı mülkiyyətçinin başqa yerdə yaşayış yerinə malik olması səbəbindən həmin miras əmlakdakı payından isitifadə etmir. Lakin, qeyd olunanlara baxmayaraq məhkəmə qeyriobyektiv olaraq hesab edir ki, paylı mülkiyyətçinin razılığı olmadan onun pay hüququna kompesasiya verilməsi yolu ilə xitam verilməsi üçün yuxarıda göstərilən şərtlər hazırkı işdə mövcud olmadığından və cavabdeh 7.875 manat kompensasiya müqabilində payından məhrum edilməsinə razı olmadığını bildirdiyindən öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən Cavabdeh əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçi İddiaçı tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Hesab edir ki, məhkəmənin qeyd olunan qətnaməsi əsaslandırılmadığından, maddi və prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla qəbul edildiyindən ləğv edilməli və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin mübahisələndiridiyimiz qətnaməsi işin həqiqi hallarına uyğun olaraq əsaslandırılmamış, habelə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, ev iki otaqlıdır, 42 kv.m-dir. Cəmi 92 kv.m-dir. Qarşı tərəf faktiki olaraq həmin evdən istifadə etmir. Evi anası ilə birgə tikmişlər. Torpaq sahəsi etibarnamə ilə alınmışdır. 22.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildimişdir ki, iddiaçı və cavabdehin mərhum anası vəsiyyətnamə hazırlamışdır və əmlakı iş üzrə iddiaçıya vəsiyyət etmişdir. Öləndən sonra miras işi açılanda miras əmlak iddiaçıya keçib. Anası öləndən iddiaçı orada yaşayır. Cavabdeh bugünə kimi heç vaxt o evdə yaşamamış, özünün ayrıca təsərrüfatı var. İşin hallarından da görünür ki, miras qoyan hələ sağ ikən əmlakı İddiaçı miras qoymuşdur. Digər məcburi pay hüququ olan 2 vərəsə öz paylarından iddiaçının xeyrinə imtina etmişlər. Bircə 1/8 pay cavabdehə məxsusdur. Keçirilən məhkəmə tikinti və texniki-əmtəəşünaslıq ekspertizası nəticəsində əmlakın dəyəri 63000 manat müəyyən edilmişdir. Cavabdehə çatan payın dəyəri 7850 manatdır. Mülki Məcəllənin müddəalarından da görünür ki, ümumi paylı mülkiyyətdə şəxsə çatan əmlakın dəyəri cuzidirsə, kompensasiya verilməklə pay hüququna xitam verilə bilər. Qaradağ Rayon Məhkəməsi sadəcə Konstitusiya Məhkəməsinin Plenumuna istinad edilmişdir. Həmin qərarda hər hansı qadağa yoxdur. Orada bir məqama toxunulur ki, cavabdeh bugün və ya bundan əvvəl həmin əmlakdan istifadə etməmişdir. Yalnız məhkəmə baxışı zamanı cavabdeh çıxarış təqdim etmiş və qeyd etmişdir ki, miras əmlak 92 yox 161 kvadratmetrdir. Miras əmlak rəsmi qaydada 92 kvadratmetrdir. Qeyri-rəsmi olaraq orada özbaşına tikili vardır, amma onu iddiaçı öz hesabına tikmişdir, miras əmlakla əlaqəsi yoxdur. Mübahisəli evin texniki pasportunu təqdim etmişdir. Mübahisəli ev iki otaqdan ibarətdir. Bundan başqa cavabdehin ayrıva evi vardır, onun adına kommunal xidmətlər üzrə müqavilə bağlanmışdır. Ev iki otaqlıdır, 1 balkon vardır. 23.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, o, hazırda dostunun könhə evində yaşayır. Anası onun yanında qalmışdır, onun yanında dünyasını dəyişmişdir. Mübahisəli ev çıxarışla 161 kv.m dir, həyətdə əlavə tikililər də vardır. Həyət ortadan bölünmüşdür, yarısı onun digər yarısı isə qarşı tərəfindir Həyət 6 sotdur, onun tərəfin ayrıca hasarı vardır. Anası rəhmətə gedəndən sonra o, yenidən evi ölçdürdü, ev hazırda təqribi 161 kv.m-dir. O, hazırda mübahisəli evdə yaşayır. Onun həmin evə köçürülməyi barədə məhkəmə qətnaməsi vardır. Anası ilə birgə mübahisəli evdə yaşayırdı. İddiaçı da həmin mübahisəli yerdə yaşayırdı. Həyət iki hissəyə bölünmüşdür. Qarşı tərəf anası rəhmətə gedəndən sonra onu evdən çıxardı, evin açarlarını dəyişmişdi, onun əşyalarını da evdən çıxarmışdır. Onun evə köçürülməyi barədə qətnamə yalnız ona aid çıxarılmışdır, ailəsinə aid edilməyibdir. İş materiallarına olan ev onun dostunun evidir. Hal-hazırda kirayədə yaşayır, mübahisəli evin açarları dəyişdirilmişdir. 24.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 26.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 28.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı şikayət verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
29.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
30.213.1-213.3-cü maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
31. 213.5-cü maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 32.220.1-220.2-ci maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
33. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi vəya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 34.220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 35.220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədə uyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 36.221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzimüddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
38.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 41.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. İş materiallarından göründüyü kimi iddiaçı, cavabdehin mübahisəli evdəki 1/8 payının cüzi olduğunu və ümumi evdən istifadə edilməsində onun mühüm mənafeyinin olmadığını əsas tutaraq, cavabdehin razılığı olmadan evin digər paylı mülkiyyətçisi kimi onun öhdəsinə mənzildə olan 1/8 payına bazar qiymətinə uyğun kompensasiya ödənilməsi vəzifəsi qoyulmaqla, cavabdehin mənzildə olan paylı mülkiyyət hüququna xitam verilməsini iddia edir.
45. Cavabdeh isə sözügedən mənzildəki 1/8 paynın cüzi olmadığını, həmin payın evdən real surətdə ayrılması texniki cəhətdən mümkün olmasa da, ümumi mənzildən istifadə etməsində onun mühüm mənafeyinin olduğunu, habelə mənzildəki 1/8 payına görə ona təklif edilən 7.875 manat kompensasiya məbləğinin isə açıq-aşkar real bazar qiymətinə uyğun olmadığını göstərərək, iddiaya etiraz edir.
46. İlkin olaraq qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, ümumi mülkiyyəti təşkil edən əmlakın naturada bölünməsi mümkünsüzdür. Bu işin mübahisəsiz halıdır.
47. Bununla yanaşı qeyd edilməlidir ki, Mülki Məcəllənin 220.4-cü maddəsi üç halın mövcud olması halda payı cüzi olan mülkiyyətçinin payının onun razılığı olmadan kompensasiya ilə əvəzləşdirərək mülkiyyət hüququna xitam verilməsini mümkün edir. Bu hallar isə aşağıdakılardır: mülkiyyətçinin payı cüzi olduqda; real surətdə ayrıla bilmədikdə; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda.
48. Göründüyü kimi, ümumi paylı mülkiyyətdə pay hüququndan məhrum edilmə yalnız müstəsna hallarda yolveriləndir. Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmə tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəkildə tədqiq etməklə müəyyən edilməlidir.
49. Birinci instansiya məhkəməsi də cavabdehin əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmamasını araşdırmış, cavabdehin ümumi mülkiyyətdə olan 1/8 payının cüzi olmadığnı qeyd etmişdir. Məhkəmə həmçinin Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin mövcudluğuna istinad etməklə, cavabdehin mənzil hüququnu paylı mülkiyyətçisi olduğu əmlak hesabına realizə etdiyindən onun ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmasının aşkar olduğunu qeyd etmişdir.
50. Bu baxımdan məhkəmə yuxarıda sadalanan müstəsna halların eyni zamanda mövcudluğunun müəyyən edilməməsi əsası ilə iddianın təmin olunmasını mümkün saymamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi hazırki mübahisənin obektiv, hüquqi həlli üçün iş üzrə müəyyən olunmuş halları bu məsələni bilavasitə tənzimləyən Mülki Məcəllənin 220.1-220.6-cı maddələrinin dispoziya şərtləri əsasında qarşılıqlı şəkildə təhlil etməklə düzgün nəticəyə gəlmişdir. Əks yanaşma, yəni öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.
51. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
52. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
53. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir.
54. Beləliklə kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
55. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-56/2024 saylı, 16 iyul 2024 il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev