Məhkəmə qərarları › İş №2(103)-5260/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5260/2024

03.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5260/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidməti “X4” X7 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddianın yolverilməzliyi, işə məhkəmədə baxılmalı olması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin “X4” X7 qarşı “icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması və hərracın keçirilməsinin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ½ hissəsi xx.xx.2016-cı il tarixdə X1, ½ hissəsi xx.xx.2020-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı cinayət işi üzrə 19 iyun 2023-cü il tarixdə verdiyi icra sənədində göstəriş verilmişdir ki, “.... Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən qeyri yaşayış binası.... xüsusi müsadirə tətbiq edilsin və Azərbaycan Respublikasının dövlət nəfinə alınsın”.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı cinayət işi üzrə 19 iyun 2023-cü il tarixdə verdiyi icra sənədinin izah olunmasına dair İddiaçı vəkilinin müraciətinə həmin məhkəmənin hakimi xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, ... İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)- 1571/2022 saylı hökmündən apellyasiya şikayəti verə bilər.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktları

4. İddiaçı Bakı şəhəri Səbail rayon İcra Şöbəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin “X4” X7 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının İddiaçı məxsus ½ pay hissəsinin həbsdən azad edilməsi və həmin hissədə payın “X4” X8ndə keçirilən hərracda satışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqişəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ½ pay hissədə onun, ½ hissədə X1 mülkiyyət hüquqları qeydə alınmışdır. xx.xx.2021-ci il tarixində ünvan 2 ünvanı üzrə hüquqi qeydiyyata alınan “X9” Tam Orta Ümumtəhsil Məktəbi Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə bağlanmış İcarə müqaviləsinə əsasən qeyri yaşayış hissəsinin ona aid pay hissəsi MMC-yə icarəyə verilmişdir. “X9” Tam Orta Ümumtəhsil Məktəbi Məhdud Məsuliyyətl Cəmiyyətindən verilən rəsmi məlumata əsasən onun ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində ½ pay hissəsinə digər mülkiyyətçi X1 payının ½ hissəsi ilə birlikdə tutma yönəldilmiş və bununla da 5 il müddətinə bağlanmış xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası üzərində ½ pay hissəsi üzərində məhdudiyyətin qoyulub-qoyulmaması barədə vəkil sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ½ hissəsinin üzərində məhdudiyyət qeydə alınmayıb, lakin digər payçı X2 məxsus ½ hissəsinin üzərində Dövlət Təhlükəsizlik Xidmətinin 7/380 saylı xx.xx.2021-ci il tarixli məktubuna əsasən qoyulmuş qadağa aşkar edilmişdir. Bakı şəhəri Səbail rayonu İcra şöbəsindən aldığı məlumata əsasən Bakı şəhər Səbail Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə X3 məxsus əmlakların, o cümlədən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulmuşdur Ərizəyə əlavə edilən çıxarışdan açıq göründüyü kimi, qeyriyaşayış binasının üzərində ½ pay hissədə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində **********20- 06301 nömrə ilə xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri Səbail rayonu İcra şöbəsinin Əmlak Məsələləri Dövlət Xidməti "X4” X7 ünvanladığı 12 dekabr 2023-cü il tarixli 150909/23-16-25 nömrəli sifariş məktubu əsasında "X4” X8 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını 29 iyul 2024-cü il tarixində saat 11:00-da hərraca çıxarmışdır. Bakı şəhəri Səbail rayonu İcra şöbəsi Bakı şəhər Səbail Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə tam payda həbs qoyulduğunu və qeyri-yaşayış binasını hərraca çıxardığını bildirmişdir. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının üzərinə səhvən həbs qoyulmuş və İddiaçı əmlakın ona aid ½ pay hissəsinin həbsdən azad edilməsi və qeyri-yaşayış binasının ona aid hissəsinin açıq hərraca çıxarılmasının ləğv edilməsi barədə müraciət etmək hüququna malikdirlər. O, Bakı şəhəri Səbail rayonu İcra şöbəsindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının özünə aid hissədə payının həbsdən azad edilməsini və Əmlak Məsələləri Dövlət Xidməti "X4” X8ndə keçirilən hərracın ləğv edilməsini xahiş etsə də, mümkün olmamışdır və bu səbəbdən mübahisənin həllinin mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və ərizədə Bakı Kommersiya Məhkəməsində iddia ərizəsi qaldırılanadək ünvan 1 ünvanında yerləşən reyestr nömrəsi **********20-06301 olan qeyriyaşayış binasının ona aid ½ pay hissəsi üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi, ipoteka qoyulması, açıq hərracdan satışa çıxarılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasının cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, tələbi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun pozulması ilə bağlıdır və tərəflər arasında kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələb və ya hüquqi şəxsin fəaliyyətindən irəli gələn mübahisə mövcud deyildir.

6. Məhkəmənin 24 iyul 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır.

7. Məhkəmə qənaətini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə müsadirə edildiyindən və hökm qanuni qüvvəyə minməklə icraya yönəldildiyindən, iddianın “əmlakın həbsdən azad edilməsi” hissəsinə mülki məhkəmə icraatı qaydasında deyil, Konstitusiya Məhkəməsi Plenumunun 03 aprel 2023cü il tarixli Qərarında nəzərdə tutulmuş qaydada-cinayət işinə 3-cü şəxs qismində cəlb edilməklə baxılıb qiymət verilə bilər; iş materiallarından görünür ki, iddiaçı həmin hökmü qeyd edilən hissədə mübahisələndirmişdir.

8. Məhkəmə həmçinin vurğulamışdır ki, hərracın keçirilməsinin ləğvinə dair tələb əmlakın həbsdən azad edilməsi tələbindən törəmə tələbdir və hökmə cinayət mühakimə icraatı qaydasında yuxarı instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə baxılıb qiymət verilmədikcə, mülki məhkəmə icraatı qaydasında həmin hissədə də tələbə baxıla bilməz.

9. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Mülki Prosessual Məcəllənin 151.1ci, 153.2.1-ci, 153.3-cü, 153.4-cü, 153.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 24 fevral 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli Qərarlarına istinad etmişdir.

10. Həmin qərardaddan İddiaçı nümayəndəsinin (vəkilinin) verdiyi şikayət də məhkəmənin 07 avqust 2024-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, məhkəmənin prosessual qanunvericiliyi düzgün tətbiq etmədiyi, İddiaçı məhkəmə müdafiəsi hüququnun pozulduğu irəli sürülmüşdür.

Apellyasiya baxışı

12. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

14. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

15. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

16. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

17. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

18. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 03 aprel 2023-cü il tarixli Qərarı

19. ...Beləliklə, cinayət mühakimə icraatında iştirak etməyən, lakin məhkəmənin hökmünün, məsələn hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilərlər.

Apellyasiya baxışının həddi

20. Hazırkı şikayətdə qərardad tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

21. Mülki Prosessual Məcəllə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünsüzlüyünü nəzərdə tutur.

22. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinadla haqlı olaraq vurğulamışdır ki, cinayət mühakimə icraatında iştirak etməyən, lakin hökm əsasında xüsusi müsadirə edilməli olan əmlakın təqsirləndirilən şəxsə deyil, ona məxsus olduğu və cinayət yolu ilə əldə edilmədiyi əsası ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edən şəxslər, o cümlədən ümumi mülkiyyət hüququ subyektləri olaraq ər-arvad və ya digərləri mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər ki, iddiaçı hazırda məhkəmə hökmündən apellyasiya şikayəti vermişdir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1618/2024 saylı iş üzrə 24 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar