Məhkəmə qərarları › İş №2(103)-5266/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5266/2023

15.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5266/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhəri Yasamal bələdiyyəsinə qarşı “avtoyuma fəaliyyətinin qadağan olunması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyul 2023-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Yasamal Rayon 77 nömrəli Uşaq Bağçasının qarşısında, A.M.Şərifzadə küçəsi 298 №-li yaşayış binasının yanında inşa olunmuş 1 mərtəbəli 2 bokslu tikilinin yerləşdiyi, dövlət (bələdiyyə) mülkiyyətində olan torpaq sahəsində (ərazidə) hər hansı şəxs tərəfindən avtoyuma fəaliyyətinin həyata keçirilməsinin qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə mülki mübahisə olmaqla qonşu torpaq sahəsindən mənzilə gələn səs-küyün təsirinin qadağan edilməsi barədədir. Sözügedən torpaq sahəsində əmələ gələn səs-küyün səviyyəsi yol verilən həddi aşır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Monitorinq İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-14/2-C-815-3/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, (yuxarıda qeyd edilən ərazidə) keçirilmiş monitorinqlər zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsini müəyyən etmək məqsədilə PCE-322A səyyar cihaz vasitəsilə ölçmə işləri aparılmış, təyin edilmiş göstəricinin ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müəyyən edilmişdir. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti quruma müraciət olunmuşdur. İddiaçı bildirir ki, səs-küyün yol verilən həddən artıq olması təsdiq edir ki, o, insan sağlamlığına mənfi təsir edir. Dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsində yüksək atmosfer təzyiqi yuyucu aparatdan və digər vasitələrdən istifadə olunur, nəticədə isə akustik (səs) çirklənmə yaranır. Akustik (səs) çirklənmənin insan sağlamlığına (xüsusilə sinir sisteminə) zərər vurması mübahisəsizdir. Bundan başqa, belə obyektlərdə kimyəvi vasitələrdən istifadə edilməklə çirkli avtomobillər təmizlənir, nəticədə isə yüksək atmosfer təzyiqli suyun təsiri altında avtomobildən ayrılan çirk və kimyəvi vasitələr hava-damcı üsulu ilə ətrafa yayılır. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Rayon Məhkəməsi həmin qərardadla iddiaçıya izah etmişdir ki, o, cavabdehlərlə onun arasında yaranmış mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş hər iki hüquqi şəxs inzibati orqandır və tələb inzibati mübahisələrin həlli ilə bağlıdır. Göstərilən tələbə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2-ci maddəsi ilə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmçinin iddia tələbi, iddia ərizəsində qeyd edilən tikilinin yerləşdiyi, dövlət (bələdiyyə) mülkiyyətində olan torpaq sahəsində (ərazidə) hər hansı şəxs tərəfindən avtoyuma fəaliyyətinin həyata keçirilməsinin qadağan olunması xahiş edilsə də, kimin tərəfindən avtoyuma fəaliyyətinin həyata keçirilməsinin qadağan olunmasını tələb etdiyi göstərilməmişdir. Bununla da müəyyən edilir ki, bu kimi iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyil, iddiaya inzibati məhkəmə tərəfindən inzibati mühakimə icraatı qaydasında baxılmalıdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülərək baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər inzibati orqan olsalar da, mübahisə onların publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Həmin orqanlar mübahisədə mülki hüquq münasibətinin subyekti (torpaq mülkiyyətçisi) kimi çıxış edirlər. Bundan başqa nəzərə alınmalıdır ki, iddia ərizəsində qeyd edilən avtoyuma məntəqəsinin yerləşdiyi torpaq sahəsini zəbt etmiş və qanunsuz fəaliyyətlə məşğul olan şəxsin kimliyi iddiaçıya məlum deyil. Həmin məntəqə kiminsə əmlakı kimi dövlət reyestrində qeydiyyatdan keçmədiyindən həmin tikili üzərində heç kəsin əşya hüququ yoxdur, tikili hüquqi müstəvidə daşınmaz əmlak kimi tanınmır, tikilinin yerləşdiyi yerdən gələn səs-küyə görə torpaq sahəsinin mülkiyyətçisi (əşya hüququ olan şəxs) məsuliyyət daşımalıdır. Əgər mülkiyyətçi torpaq sahəsinin zəbt edilməsinin qarşısını almırsa, əksinə, buna şərait yaradırsa, belə halda o, həmin torpaq sahəsindəki qanunsuz hərəkətlərə (normadan artıq səs-küyə) görə öz hərəkəti kimi məsuliyyət daşıyır. Torpaq sahəsini zəbt edən şəxslərin dövlət reyestri aparılmadığından hazırkı vəziyyətdə həmin şəxsin kimliyini müəyyən etmək mümkün deyil. Belə olan halda, həmin şəxsin kimliyi hazırkı iş üzrə icraat çərçivəsində müəyyən edilməklə, əlavə cavabdeh kimi işə cəlb edilə və avtoyuma fəaliyyətinin həyata keçirilməsi ona qadağan edilə bilər. Əgər məhkəmə hesab edirsə ki, bu formada qoyulmuş tələb təmin edilə bilməz, belə olan halda iddia rədd edilə bilər. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Məhkəmə hazırki iş üzrə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Çünki iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddia İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddialara aid deyil. Cavabdehlər inzibati orqan olsalar da, mübahisə onların publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Cavabdeh orqanlar mübahisədə mülki hüquq münasibətinin subyekti (torpaq mülkiyyətçisi) kimi çıxış edirlər. Dövlət (bələdiyyə) mülkiyyətində olan torpaq sahəsi (daşınmaz əmlak) iddiaçının mülkiyyətində olan mənzilin (daşınmaz əmlakın) qonşuluğunda yerləşir. İddia qonşu torpaq sahəsindən mənzilə gələn səs-küylə bağlıdır. Belə olan halda, cavabdehlər bu iddia üzrə mülkiyyətçi kimi cavabdehlik daşıyırlar. İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddia mülki xarakterlidir. Bundan başqa Məhkəmə bildirir ki, Dövlət (bələdiyyə) mülkiyyətindəki torpaq sahəsində yerləşən tikili (avtoyuma məntəqəsi) dövlət reyestrində qeydiyyatdan keçmədiyindən həmin tikili üzərində heç kəsin əşya hüququ yoxdur, tikili hüquqi müstəvidə daşınmaz əmlak kimi tanınmır, tikilinin yerləşdiyi yerdən gələn səs-küyə görə torpaq sahəsinin mülkiyyətçisi (əşya hüququ olan şəxs) məsuliyyət daşımalıdır. Əgər mülkiyyətçi torpaq sahəsinin zəbt edilməsinin qarşısını almırsa, əksinə, buna şərait yaradırsa, belə halda o, həmin torpaq sahəsindəki qanunsuz hərəkətlərə (normadan artıq səs-küyə) görə öz hərəkəti kimi məsuliyyət daşıyır. Torpaq sahəsini zəbt edən şəxslərin dövlət reyestri aparılmadığından hazırkı vəziyyətdə həmin şəxsin kimliyini müəyyən etmək mümkün deyil. Belə olan halda, həmin şəxsin kimliyi hazırkı iş üzrə icraat çərçivəsində müəyyən edilməklə, əlavə cavabdeh kimi işə cəlb edilə və avtoyuma fəaliyyətinin həyata keçirilməsi ona qadağan edilə bilər. Əgər məhkəmə hesab edirsə ki, bu formada qoyulmuş tələb təmin edilə bilməz, belə olan halda iddia rədd edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4-cü maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır (maddə 4.2.). Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsi yuxarıda qeyd edilən əsasla iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsində haqlı olmamışdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, iddiaçının bu tələblə bağlı ümumi məhkəməyə - Yasamal Rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi mülki prosessual qanunvericliyin tələbləri baxımından düzgün olmuşdur. Buna görə də, iddiaçı tərəfindən verilmiş şikayət əsaslı hesab edilərək təmin edilməli, hazırki iş üzrə Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad əsassız hesab edilərək ləğv edilməli və iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddianın icraata götürülüb baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 398, 400, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyul 2023-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdehlər Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhəri Yasamal bələdiyyəsinə qarşı “avtoyuma fəaliyyətinin qadağan olunması tələbi barədə” iddiası icraata qəbul edilib mahiyyəti üzrə baxılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar