Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5267/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-405/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birlikdə onların vurduğu maddi zərərin əvəzində 750 (yeddi yüz əlli) manat, mənəvi zərərə görə isə 5000 (beş min) manat məbləğində kompensasiyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxıldığı vaxt, İddiaçı iddia tələbinin həcmini artıraraq, vəklin göstərdiyi yardıma görə 201 manat pulun da cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə cavabdehlər tərəfindən döyülmə və təhqirlərə məruz qalmışdır. Belə ki, cavabdehlər ona qarşı əvvəlki vaxtlardan qərəzli münasibət bəsləyirlər. Cavabdeh1 onun qonşusudur. Onlar Mərdəkan qəsəbəsində həyət evlərində yaşayırlar. Cavabdeh2 isə onun rəfiqəsidir, o da Mərdəkanda yaşayır, tez–tez İsmətin evinə gəlibgedir. İsmət onların qonşusu olmasına baxmayaraq, həm o, həm də digər qonşular onun hərəkətlərindən narazıdır. İsmətin həyat yoldaşı bir beçə il bundan əvvəl vəfat etmişdir. Bundan qısa müddət sonra isə o, azyaşlı övladı olmasına baxmayaraq, qeyri–əxlaqi həyat tərzinə qurşandı. O, dəfələrlə İsmətə bildirmişdir ki, xahiş edir ki, mindiyi maşın onun darvazasının ağzında saxlamasın, hara gedirsə getsin, bu onun şəxsi məsələsidir, ancaq maşın onun öz həyətinin qapısının ağzında saxlasın. Qeyd edir ki, onunla İsmətin evinin arasında cəmi 70 metrə yaxın məsafə vardır. Habelə, o, ailəli qadındır, qızı, oğlulları, nəvəsi, həyat yoldaşı var. Onun ailəsi bu cür qeyri-əxlaqi vəziyyətin şahidi olmaq istəmir. Ancaq İsmət onun bu qanuni tələbinə qarşı daima söyüşlərlə, təhqir və böhtanla qarşılıq vermiş, mindiyi maşın isə həmişəki kimi ona məxsus evin qapısında saxlamağa davam etmişdir. Həmin faktların hər biri qapısının ağzında şəxsi təhlükəsizlikləri məqsədilə quraşdırılan kameraya düşmüşdür və bu barədə video görüntülər də vardır. Lakin, yuxarıda da qeyd etdiyi kimi onun qanuni tələbinin sonu döyülməyi və təhqir olunmağı ilə nəticələndi. Xəzər RPİ–nin 1- ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar İsayevin xx.xx.2019–cu il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında” Qərarında da göstərilir ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019–cu il tarixdə və xx.xx.2019–cu il tarixdə ona qarşı fıziki zorakılıq törətmişlər. xx.xx.2019-cu il tarixdə Safura onu sinə nahiyəsindən tutub sıxmış, cırmaqlamış, sol ayaq nahiyəsinə təpiklə zərbələr endirmiş, habelə boynunda olan 600 manat dəyərində qızıl boyunbağını dartaraq qırmışdır. Həmin boyunbağının yarısı bu günəcən tapılmayıb. xx.xx.2019-cu il tarixdə isə 09:30 radələrində yaşadığı küçədə İsmət onu döymüşdür. Təyin edilmiş MTE–nin Rəyinə əsasən onun bədənində aşkar edilmiş xəsarətlər: döş qəfəsinin, sağ bazunun, sol əlin 1-ci barmağının, süd vəzisini, sağ və sol saldin, sağ budun, sol baldırın qançırları, sağ saidin sıyrıqlarıdır. Bütün bunlara görə həmin Qərar əsasında cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh2 və Cavabdeh1 hər ikisi barəsində İXM–in 157–ci maddəsinə əsasən barəsində inzibati tədbir görülmüşdür. Bunu MN ******* saylı və MN ******* saylı “İnzibati tənbeh vermə haqqında“ Qərarlar sübut edir. O, təqsirkarların barəsində cinayət işinin açılması və cəzalandırılması üçün Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 6(003)-33/2019 saylı Qərarı ilə Xəzər RPİ-nin 1–ci PŞ–nin baş təhqiqatçısı, polis mayoru Anar İsayevin xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında“ Qərarı dəyişdirilmədən saxlanılmışdır. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Müraciəti ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2019–cu il tarixdə 044-49276/211 13213 saylı cavab məktubunda bildirilmişdir ki,qərarın obyektivliyinin yoxlanması ilə bağlı Xəzər Rayon Prokurorluğuna müraciət edə bilər. Həmin hadisədən o, dərin sarsıntı, stress keçirmişdir. Dəfələrlə nevropotolq müayinəsində olmuşdur. Əvvəllər də şəkər xəstəliyindən əziyyət çəksə də, yaşadığı hadisələr onun səhhətinə mənfi təsir göstərdiyindən şəkərin dərəcəsinin ağırlaşmasına səbəb olmuşdur. Döyülmədən sonra o, 2 dəfə insulin qəbul etməli olmuşdur. Əvvəllər istifadə etdiyi amarel dərmandan insulinə keçmişdir. Döyülmə nəticəsində və keçirtdiyi əsəbə görə təzyiqi artmış, gözlərində görmə problemi yaranmışdır. Bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Kliniki Xəstəxanasının və 26 saylı BŞX-nin Çıxarışları sübut edir. O, sağlamlığı ilə bağlı məhz döyülmə hadisəsindən sonra Respublika Endokrinoloji Mərkəzində müayinədə olmuşdur. Nevropotoloqun müayinəsinə 40 manat pul xərcləmişdir. Habelə şəkər xəstəliyin dərəcəsi dəyişdiyindən biri 25 manat olmaqla 2 insulin dərmanı almalı olmuşdur. Cavabdehlər ona olduqca böyük stress yaşatmışlar, bu qanunsuz hərəkətləri ilə əzab vermişlər. Bu azmış kimi hadisə zamanı küçədə onu təhqir etmiş, böhtan xarakterli sözlər söyləyərək şərəf və ləyaqətini alçaltmışlar. Məhkəmədə bütün bunlarla bağlı şahidlər – X1 və X6 ifadə verə bilərlər. Bütün bunlar onu göstərir ki, cavabdehlər ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Ümumilikdə, qırılıb yarısı itən boyunbağının dəyəri və həkimlərə sərf edilən müayinə–müalicə, dərman xərcləri ilə birlikdə onların vurduğu maddi zərərin məbləği 750 (yeddi yüz əlli) manat, şərəf və ləyaqətinə, təmiz adına dəyən zərər isə 5000 (beş min) manat təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-405/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 300,0 manat mənəvi ziyana görə, məhkəmə xərci kimi ödənilmiş 10 manat dövlət rüsumu və 50 manat hüquqi yardıma görə ödənilmiş pul, cəmi 360 (üç yüz altmış) manat pulun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 da qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmasını və iddia tələbinin ona münasibətdə rədd olunmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya ilk olaraq qeyd edir ki, hər iki tərəf qətnamədən apelyasiya şikayəti vermişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətlərinin dəlillərini və iddiaçının izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Xəzər RPİ–nin 1-ci PŞ-də verdiyi izahatından aydın olur ki, o, İddiaçı sinə nahiyyəsini əli ilə tutub sıxmaqla, cırmaqlamaqla ona xəsarət yetirməmiş, sol ayaq nahiyyəsinə təpiklə zərbə vurmamış, onun bonunda olan qızıl sepini sındırmamışdır. Onların arasında söz mübahisəsi olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və X5təcrübi və Tədris Birliyinin 1084 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı bədənində qançırların törənmə müddəti onun məhkəmə tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə küt əşya (əşyalar) təsirindən törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda dərəcələri təyin edilmir. Xəzər RPİ–nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar İsayev tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 və Cavabdeh2 barəsində İXM-nin 157-ci maddəsi əsasında inzibati təsir tədbirləri görülməsi qərara alınmışdır. İnzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın surətindən aydın olur ki, Cavabdeh2 İXM-nin 157-ci maddəsinə əsasən 300 manat cərimə edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2019-cu il tarixli, MN ******* saylı qərarın surətindən aydın olur ki, Cavabdeh1 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Xəzər rayon İcraçılar şöbəsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 6(003)-33/2019 saylı Qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında“ Qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməmiş, Xəzər RPİ-nin 1–ci PŞ–nin baş təhqiqatçısı, polis mayoru Anar İsayevin xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında“ Qərarı dəyişdirilmədən saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(003)-1287/2019 saylı Qərarı ilə Bakı şəhəri Xəzər RPİ-nin 1–ci PŞ–nin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Cavabdeh2 verdiyi şikayətə əsasən sözügedən qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xəzər RPİ-nin 1– ci Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 26 saylı BŞX-nın ambulator xəstənin tibb kartasından çıxarışdan aydın olur ki, xx.xx.2019-cu il tarixdə İddiaçı səhhətindəki şikayətlərlə bağlı müraciət etmişdir. Arterial hipertenziya İİ., qanda şəkəri 320 (əsəb sarsıntısı keçirib). Diaqnoz: şəkərli diabet tip 2. Eyni zamanda qeyd olunmuşdur ki, xəstə xx.xx.2019-cu il tarixdə Respublika Endokrinoloji Mərkəzində müayinədən keçmişdir. xəstəliyin nəticəsi: şəkər 21,4 mmol/l. Diaqnoz: şəkərli diabet tip 2. insulin tələbli.Fəsad: diabetikpolineyropatiya. İş materiallarına əlavə olunmuş həkim tərəfindən İddiaçı təyin olunmuş reseptlərin surətindən aydın olur ki, ona şəkərli diabet xəstəliyi üçün müxtəlif müalicələr yazılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 26 saylı BŞX-nın xəstəlik tarixindən çıxarışın surətindən aydın olur ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək 26 saylı BŞX-nın terapiya şöbəsində şəkərli diabet tip 2, diaqnozu ilə xəstəxanaya daxil olmuş, orada müalicə olunmuşdur. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 6(003)-36/2019 saylı Qərarı ilə Cavabdeh2 xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında“ Qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(003)-1288/2019 saylı Qərarı ilə Bakı şəhəri Xəzər RPİ-nin 1–ci PŞ–nin sahə rəisi, polis mayoru Güloğlan Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Cavabdeh1 verdiyi şikayətə əsasən sözügedən qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xəzər RPİ-nin 1–ci Polis Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən aydın olur ki, Cavabdeh1 İddiaçı ona qarşı törətmiş olduğu qanunsuz əməlləri ilə bağlı müraciəti əsasında rayon prokurorluğunda toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı ünvan 1 "A" ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və MAPS arayışının surətindən aydın olur ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və MAPS arayışının surətindən aydın olur ki, Cavabdeh2 ünvan 3 mənzil 11 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. AzərbaycanRespublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununun 10--ci maddəsinə əsasən Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının xx xxxxxx 2003-cü il tarixli Qanununun 6.1-ci bəndinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Həmin Qanunun 7.3-cü bəndinə əsasən şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya vasitələri və özünənəzarət vasitələri ilə təminatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. İddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlər tərəfindən döyülmüş, eyni zamanda Cavabdeh2 mübahisə zamanı ona məxsus 600 manat dəyərində qızıl sepini onun boynundan dartaraq qırmış və bununla da, ona maddi ziyan vurduğunu iddia etmiş, lakin iddiasının əsası kimi istinad etdiyi həmin halın, yəni Cavabdeh2 tərəfindən ona məxsus boyunbağının dartırılıb qırılmasına dair hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də də ki apelyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. İş üzrə sübutlarla Cavabdeh2 tərəfindən iddiaçıya məxsus boyunbağının dartırılıb qırılması və onun tərəfindən iddiaçıya maddi ziyan vurulması halı sübut edilməmişdir. İş üzrə sübutlarla həmçinin, həmin cavabdehin iddiaçını döyməsi halı da təsdiq edilməmişdir. Eyni zamanda Cavabdeh2 da iddiaya etirazını onunla əsaslandırmışdır ki,onun tərəfindən hər hansı qanunsuz hərəkət edilməmiş, o, iddiaçını döyməmiş və ona hər hansı zərər yetirməmişdir. İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm- mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddiaçıya maddi və mənəvi zərər vura biləcək hərəkətə yol verməsi halları sübut edilməmişdir. Həmçinin, iddiaçının döyülməsini halı sübuta yetirilmiş olsa belə, qızıl boyunbağının məhz həmin mübahisə zamanı qırılması şahid ifadələri ilə təsdiqini tapmamaqla işin digər halları ilə də sübuta yetirilmir. Belə olan halda iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İş üzrə yanaşı yoxlanılmış sübutlarla isə Cavabdeh1 həmin dəlili iddia ərizəsindəki dəlilləri təsdiq edilmişdir. Belə ki, yanaşı yoxlanılmış cavabdehin Bakı şəhəri Xəzər RPİ-nin 1–ci PŞ–verdiyi izahatından görünür ki, cavabdeh iddiaçını döyməsini etiraf etmişdir. Bununla da, həmin Cavabdeh1 tərəfindən iddiaçının barəsində hüquqazidd hərəkətlər edilməsi təsdiq edilmişdir. Məhkəmə kolegiyası barəsində hüquqa zidd hərəkətlər törədilmiş iddiaçının ona mənəvi zərər vurulmasına dair dəlillərini əsaslı hesab edir, bununla yanaşı, mənəvi zərərin əvəzi olaraq tələb olunan pul vəsaiti üzrə onu qeyd etməyi zəruri sayır ki, məhkəmə mənəvi zərərin əvəzi üzrə tələb olunan 5000 manatı cavabdehin mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətinin təhlükəlilik dərəcəsinə, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına, cavabdehin təqsirinə və əmlak vəziyyətinə, iddiaçının fərdi xüsusiyyətinə uyğun hesab etmir və mənəvi zərərin əvəzi olaraq Cavabdeh1, iddiaçının xeyrinə 300 manat məbləğində pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi halı sübut edildiyindən iddia həmin hissədə qismən təmin edilərək Cavabdeh1 mənəvi zərərin əvəzi olaraq 300 manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası bununla yanaşı hesab edir ki, Cavabdeh1 iddiaçıya maddi zərər vura biləcək hərəkətə yol verməsi halı sübut edilmədiyindən, iddia tələbi həmin hissədə Cavabdeh1 münasibətdə təmin edilə bilməz və rədd edilməlidir. İddiaçı əziyyət çəkdiyi şəkərli diabet xəstəliyinə dair müayinə və müalicəsinin pulsuz almaq hüququnun olmadığı halını sübut edə bilmədiyindən, eyni zamanda Azərbaycan Respublikasında Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuz olduğundan, iddia tələbi müayinə və müalicəyə çəkilmiş xərclərin əvəzinin tutulamsına dair hissədə təmin edilə bilməz.Bununla yanaşı məhkəmə hesab edir ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müalicə və müayinəsinə çəkilən xərclər dövlət büdcəsi hesabına həyata keçirilir. İddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən aydın olur ki, iddiaçı hüquqi yardıma görə 201 manat məbləğində pul ödəmişdir. Məhkəmə eyni zamanda İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 201 manat xərcin onun xeyrinə tutulması ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, 50 manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul Cavabdeh1 alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 151 manat məbləğində ödənilmiş xərc isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, Cavabdeh1 300 manat mənəvi ziyana görə, məhkəmə xərci kimi ödənilmiş 10 manat dövlət rüsumu və 50 manat hüquqi yardıma görə ödənilmiş pul, cəmi 360 (üç yüz altmış) manat pul tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 20 manatı İddiaçı aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-405/2020 nömrəli qətnaməsi İddiaçı və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5267/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5267/2020
23.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver