Məhkəmə qərarları › İş №2(103)-5267/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5267/2024

17.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5267/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və 7 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: şəhadətnamənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X15 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 (eyni zamanda üçüncü şəxs Qanuni nümayəndə) vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və 7 Saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə qarşı (Qanuni nümayəndə və "xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1044/2024 saylı 10 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Zəkiyeva Validə 18 oktyabr 2004-cü il tarixində süd vəzinin xərçəngi xəstəliyindən vəfat etmişdir.

2. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriya nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X5 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır.

3. X10 24 fevral 2023-cü il tarixində dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı səbəbindən Qusar rayonunda vəfat etmişdir.

4. 7 saylı Bakı Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş 20 sentyabr 2023-cü il tarixli ər–arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, AR Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2023-cü ildə vəfat etmiş X1 qalmış əri (arvadı) olan Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır.

5. 7 saylı Bakı Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilən 22 sentyabr 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı Cavabdeh1, qızı-Qanuni nümayəndə və onların hər biri miras əmlakdan 1/5 irs almalıdır.

6. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 Cavabdeh1 adına 6/10 hissə, Qanuni nümayəndə adına 1/10 hissə, X5 adına 3/10 hissə ilə mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh1 və 7 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 saylı Bakı şəhəri “Asan xidmət" mərkəzinin notariat ofisinin xüsusi natariusu X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-326 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Eyni zamanda Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2323-ci ildə vəfat etmiş atası X5 vərəsəsidir. Atasının vəfatından sonra miras aktivlərindən biri olan ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə atasının adına verilmiş **********96-05301-093148 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 130.18 kvm, yaşayış sahəsi 88.8 kv/m, yardımçı sahəsi 41.38 kv.m 3 otaqlı olan mənzildən ibarətdir. X12 vəfatından sonra atası Cavabdeh1 Əlikişi qızı ilə xx.xx.2006-ci ildə rəsmi nikaha daxil olmuşdur. O və cavabdeh mərhum X5 miras əmlakının bölünməsi ilə bağlı 7 saylı Bakı Cavabdeh2ndə notariat ofisinə müraciət etmişlər. Cavabdeh eyni zamanda ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin alınması üçün yuxarıda adı qeyd edilən notariusa müraciət etmişdir. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə atasının adına verilmiş **********96-05301-093148 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 130,18 kv/m, yaşayış sahəsi 88.8 kv.m yardımçı sahəsi 41.38 kv m 3 otaqlı olan mənzilin birgə nikahda əldə edilməsi əsası ilə bölünmaəsini xahiş etmişdir. 20 sentyabr 2023-cü il tarixdə verilmiş 2 V-326 nömrəli mülkiyyət hüququ haqqında şəadətnamə əsasında yuxarıda qeyd edilən ünvandakı mənzilə Cavabdeh1 Əlikişi kişi qızı adına ½ hissəsi mülkiyyət hüququ kimi tanınmışdır. ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 130.18 kv m, yaşayış sahəsi 88.8 kv.m, yardımçı sahəsi 38 kv.m 3 otaqlı olan mənzilə ƏMDK-nın yanında DƏDRX-nin tərəfindən xx.xx.2012-ci il tarixdə dövlət reyestrindən çıxarış verilsə də, faktiki olaraq adı çəkilən mənzilin mərhum atası tərəfindən 2003-cü ildə müqavilə əsasında tam ödəniş edilərək maliyyə ödənişi alınmışdır. Sonra həmin evin təmir işləri aparılmışdır. X18 həmin evə köçmədən vəfat etmişdir. Sonradan atasının işlərinin çoxluğu və digər səbəblərdən əmlakla bağlı çıxarış vaxtında alınmamışdır.

10. Brinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 bildirmişdir ki, mərhum Zəkiyev Vadim onun qonşusunun qohumu və eyni zamanda həkimi olmuşdur. O döşəmə və parket ustasıdır və qeyd edilən mənzildə 2004 və 2005-ci illərdə usta kimi işləmişdir. O mənzilin hansı nömrəli mənzil olduğunu xatırlamır, lakin 8-ci mərtəbədə yerləşdiyindən əmindir. Həmin mənzildə təxminən 2004-cü ilin aprel aylarında işləmişdir. Həmin mənzildə işlədiyinə görə xidmət haqqı Zəkiyev Vadim tərəfindən tam şəkildə ödənilmişdir.

11. Brinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, mərhum Zəkiyev Vadim onun qohumudur. Zəkiyev Vadim həkim olmuş və onu əməliyyat etmişdir. Bundan sonra onlar daha yaxın olmuşdurlar. Zəkiyev Vadim 2004-cü ilin əvvəllərində ev axtarırdı və qeyd edilən ünvanın səkkizinci mərtbəsində ev almışdır. Onun həyat yoldaşı o zaman xəstə idi. Bu səbəbdən də bir müddət təmir işlərini dayandırmış və həyat yoldaşı vəfat etdikdən sonra təmir işlərinə davam etdmişdirlər. Mənzilin təmiri 2005- 2006-cı illərdə bitmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1044/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı miras əmlakın atası Zəkiyev Vadim ilə X12 nikahda olduqları dövrdə əldə edildiyini, lakin atası tərəfindən daha sonra çıxarış alındığını, həmin əmlakın mərhum atası ilə Cavabdeh1 birgə vəsaiti hesabına əldə edilmədiyini bildirmişdir. İddiaçı qeyd etdiyi halları şahid ifadələri, mənzilə dair maliyyə arayışında göstərilən məbləğin (13.888 manat) aşağı olması və kommunal xidmətlərə dair müqavilələrin daha əvvəlki tarixə bağlanması ilə əsaslandırmışdır. Lakin iş materiallarında olan xx.xx.2012-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 185 ünvanında "xxxx" MTK-nın inşa etdiyi binadan 160 saylı mənzilin dəyəri Zəkiyev Vadim tərəfindən tam şəkildə ödənilmişdir. Bu isə onu deməyə əsas verir ki, Zəkiyeva Validə 2004-cü il tarixində vəfat etdiyindən, 12 dekabr 2006-cı ildə isə Zəkiyev Vadim cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olduğundan, qeyd edilən əmlak Zəkiyev Vadim ilə Zəkiyeva Validənin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməmişdir.

14. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, nə iddiaçı, nə də onun mərhum anası tərəfindən mərhum V.Zəkiyevin yaşadığı dövrdə həmin mənzilin onun anası ilə birgə nikah dövründə əldə edilməsi, mənzilə çıxarışın hansı səbəbə görə sonradan alınması hallarını mübahisələndirməmişdir. Mənzilə dair çıxarış hazırda da qüvvədədir, ləğv edilməmiş, çıxarışın əldə edilməsinə əsas olan müqavilə mübahisələndirilməmiş, etibarsız hesab edilməmişdir. Halbuki iddiaçı kifayət qədər uzun müddət ərzində həmin mənzilin mərhum atasının xüsusi mülkiyyətində, iddiaçı ilə cavabdehin istifadəsində olduğunu bilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 34.1 və 35-ci maddələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1, 225.2, 1133.1, 1133.2, 1145, 1151, 1159.1.1, 1162 və 1243.2-ci maddələri; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55 və 59-cu maddələri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2 və 8.0.6-cı maddələri; “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 116, 117 və 118-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1044/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Hakim işə obyektiv, qərəzsiz və hərətərəfli baxmamışdır. Sübutları araşdırmamışdır. Məhkəmə iddia tərəfinin əsas təqdim olmuş köhnə tarixli kommunal müqavilələrə qiymət verməmişdir. Tərəf evə köçmə tarixini belə gizlətməyə çalışdığı halda məhkəmə 2012-ci ildə DƏDRX çıxarış verməsini və mənzilin bu tarixdən alınmasını əsas götürmüşdür. Çıxarış şəxslərdə əmlak hüququnu yaratmır, sadəcə reyestrdə qeydiyyata alındığını bildirir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Zəkiyev Vadimin birinci nikahdan olan qızıdır. Zəkiyev Vadim və onun həyat yoldaşı xərçəng xəstəliyindən vəfat etmişdir. Zəkiyev Vadim ikinci nikahı Sevda xanımla qurmuşdur. Zəkiyev Vadim faktiki olaraq 2003-cü ilin axırlarında Binəqədi rayonu ərazisində yerləşən mənzili alır, daha sonra həmin mənzildə təmir işlərinə başlayır, sadəcə olaraq 2004-cü ilin axırılarında birinci həyat yoldaşı vəfat etdiyinə görə soyuqluq yarandı və ev qaldı. 2 il sonra 2006-cı ildə X9 Sevda ailə həyatı qurur, 2004-cü ilin axırından 2005-ci ilədək Zəkiyev Vadim həmin evin təmirini edir, daha sonra 2006-cı ildə ailə həyatı qurur və ikinci arvadını həmin evə gətirir. Daha sonra vərəsəliklə bağlı işlər açılır, vərəsəlik bölünən zaman Cavabdeh1 notariusa müraciət edərək birgə nikahda olan əmlak kimi həmin evin bölgüsünü tələb edir. Məhkəməyə şahidlər dəvət edildi, birinci şahid evdə parket vuran şəxsdir, həmin şəxs o evlə bağlı bütün nə varsa hər bir şey barədə məlumatlıdır, ikinci şahid isə həm qarşı tərəflə münasibəti olan şəxsdir, həm də Zəkiyev Vadimin qohumudur, Zəkiyev Vadim həmin evin təmiri üzərində nəzarəti həmin qohumuna tapşırmışdı. Həmin iki şəxs nə vaxt, haradan evin materiallarının alınması ilə bağlı bütün məlumatları məhkəməyə verdilər. 2012-ci ildə çıxarış verilmişdir, çıxarış MTK-nın 2011-ci il tarixli qərarı ilə verilmişdir. İddiaçının hazırda 38 yaşı vardır, 2004-cü ildə isə cavan qız idi, atası ilə münasibətləri yaxşı idi, atası sağ idi, belə olan halda nəyə görə həmin iddia qaldırılmalı idi? Üçüncü şəxs "xxxx" MTK barəsində araşdırma etmiş, lakin onları tapa bilməmişdir. Tərəfindən verilmiş sorğularda qeyd edilmişdir ki, ilk dəfə çəkilən qaz, işıq və su kimin adına çəkilmişdir. 2012-ci ildə alınmış evə necə olur ki, 2003-cü ildə Zəkiyev Vadimin evinə qaz, işıq və su çəkilə bilər? Əmlak birgə nikah dövründə əldə olunmamışdır, daha əvvəl əldə olunmuşdur. Qaz, işıq və su ilə bağlı, şahid ifadələri, hətta qiymətləndirmə - həmin vaxt, həmin yerdə qiymətlər təxminən 10-15.000 manat olmuşdur, onların sübutlarıdır. Lakin 2012-ci ildə həmin evin qiyməti 90-100.000 manat olmuşdur. Bina tikən nə səbəbə 90-100.000-lik evi 10.000 manata versin. Tərəflər arasında barışıq əldə olunmamışdır 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 (eyni zamanda üçüncü şəxs Qanuni nümayəndə) vəkili və nümayəndəsi Vəkil2 apellyaiya şikayətinə etiraz edərək bidirmişdir ki, qarşı tərəfin bildirdikləri tamamilə mülahizədir. Qaz, işıq və suyun kiminsə adında olması həmin şəxsin həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd deyildir. Hesab edir ki, hazırkı iddianın mahiyyəti düzgün deyildir. Mənzil Zəkiyev Vadimin sağlığında əldə olunmuş və həmin dövrdə də mülkiyyət hüququ əldə olunmuşdur. Əgər iddiaçının iddia etdiyi kimi həmin mənzil 2004-2005-ci ildə əldə edilmiş olsa idi və Zəkiyev Vadimdə birinci nikahda idisə bu zaman hazırkı iddiaçının hüququ yaranırdı ki, anasına aid hissədə pay tələb etsin, lakin bunu etmirlər. Şahid ifadələrinə gəldikdə isə bildirmişdir ki, Cavabdeh1 yaxın qohumları deyildir, tam əksinə iddiaçının yaxın qohumları və maraqlı şəxslərdir. Şahidlərə sual verilən zaman hər şey aydınlaşdırılmışdır. Şahid Cavabdeh1 tanımadığını bildimişdir. İkinci şahid isə Cavabdeh1 tanıyır, çünki Cavabdeh1 yaxın qohumu olduğu üçün tanıyırdılar. Şahidlərin evin təmirində iştirak etməsini təsdiq edən sənədlər yoxdur. Qurbanova Həlimə öz payından imtina etməmişdir. Qarşı tərəfin dedikləri mülahizələrdən ibarətdir. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır. 21.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 23.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 25.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq 26.Azərbaycan Respublikasının Konstitusiyasının 60 maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 27.İnsan Hüquqlarının və X7 X3 6-cı maddəsinin, 1-ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

28.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 29.324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. 337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 31.1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 32.1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 33.1134-cü maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 34.1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 35.1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 36.1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 37.1257-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 38.1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 39.1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 40.1265-ci maddəsinə əsasən, mirasdan nəvənin xeyrinə imtina etməyə o halda yol verilir ki, mirasın açıldığı gün onun miras qoyanın vərəsəsi olmalı valideyni sağ olmasın və ya nəvə vəsiyyət üzrə vərəsə olsun. 41.1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

42. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 45.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

47.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. 48.İşin mübahisələndirilməyən hallarından göründüyü kimi X10 24 fevral 2023-cü il tarixində dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı səbəbindən Qusar rayonunda vəfat etmişdir. Tərəflər onun birinci növbəli vərəsələridir: İddiaçı mərhumun birinci nikahdan olan qızı, Cavabdeh1 isə onun ikinci arvadıdır. 49.İddiaçı mübahisəli miras əmlakın atası Zəkiyev Vadim ilə 18 oktyabr 2004-cü il tarixində vəfat etmiş X12 nikahda olduqları dövrdə əldə edildiyini, lakin atasının mənzil üzərində olan birgə mülkiyyət hüququnu daha sonra çıxarış almaqla rəsmiləşdirdiyini, həmin əmlakın mərhum atası ilə Cavabdeh1 birgə vəsaiti hesabına əldə edilmədiyini iddia edir. İddiaçı qeyd etdiyi halları şahid ifadələri, mənzilə dair maliyyə arayışında göstərilən məbləğin (13.888 manat) daşınmaz əmlak bazarında 2012-ci ildə mövcud olmuş qiymətlərə nisbətdə aşağı olması və kommunal xidmətlərə dair müqavilələrin daha əvvəlki tarixə bağlanmış olması ilə əsaslandırır. 50.Cavabdeh tərəf isə daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş sənədlərə istinadən iddianın əsassız olduğuna, mübahisəli əmlakın onunla mərhumun birgə nikah dövründə əldə edildiyinə, çıxarışın verilməsinə əsas olan sənədlərin tərtib edildiyi tarixin onların birgə nikah dövrünə təsadüf etdiyinə istinad edir. 51.Birinci instansiya məhkəməsi işdə olan sübutları qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, mübahisəli miras əmlak Zəkiyev Vadim ilə Zəkiyeva Validənin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, nə iddiaçı, nə də onun mərhum anası tərəfindən mərhum Vadim Zəkiyevin yaşadığı dövrdə həmin mənzilin onun anası ilə birgə nikah dövründə əldə edilməsi, mənzilə çıxarışın hansı səbəbə görə sonradan alınması halları mübahisələndirilməmişdir. Halbuki iddiaçı kifayət qədər uzun müddət ərzində həmin mənzilin mərhum atasının xüsusi mülkiyyətində, iddiaçı ilə cavabdehin istifadəsində olduğunu bilmişdir. 52.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən mənzilin əldə edilməsinin hansı dövrə təsadüf etdiyini, Zəkiyev Vadimin birinci ailəsi ilə həmin mənzildə nə vaxtdan yaşadığını, həmin mənzilə mülkiyyyət hüququnun nə vaxt yarandığını araşdırarkən işdə olan bütün sübutlara, o cümlədən şahid ifadələrinə hüquqi qiymət verməmiş, işi hərtərəfli, tam və obyektiv şəkildə araşdımarmışdır.

53. Məhkəmə kollegiyası X5 ünvan 1 ünvanında yerləşən mənzilə olan mülkiyyət hüququnun ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixində qeydiyyata alındığını nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə bu mənzilin mərhum ilə cavabdehin birgə nikah dövründə əldə olunması prezumpsiyasını aradan qaldıran halların mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

54. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək məqsədilə kommunal xidmətlərə dair arayışları, şahid ifadələri təqdim etmişdir. Qeyd edilənlərə əsasən miras əmlak olan mənzilin X13 Validə ilə birgə nikahda olduğu dövrdə sahibliyinə keçdiyi, həmin əmlaka o vaxtdan yiyələndiyi, təmir edib oradan yaşayış sahəsi olaraq istifadə etdiyi müəyyən edilir. Mənzilin maliyyə arayışında göstərilən qiyməti də bu əmlakın iddiaçının istinad etdiyi dövrdə əldə edildiyinə inandırır. Belə ki, daşınmaz əmlak bazarında qiymət səviyyəsi baxımından ünvan 1 ünvanında yerləşən mənzilin satış qiymətinin 2012ci ildə 13.888 manat məbləğində olması ağlabatan görünmür.

55. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, MTK-ların fəaliyyəti sahəsində təşəkkül tapan və geniş tətbiq edilən daşınmaz əmlaka dair çıxarışların alınması üçün müvafiq sənədlərin hazırlanması praktikasından görünür ki, MTK üzvlərinin ümumi yığıncağının qərarı, habelə pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışının cari tarixə tərtib edilməsi (mövcud sahibliyini təsdiq etmək üçün) istisna olunmur.

56. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalananlara əsasən mübahisəli əmlakın dəyərinin Zəkiyev Vadim ilə Zəkiyeva Validənin birgə nikah dövründə onların ümumi əmlakı hesabına ödənildiyi, lakin bu əmlakın Zəkiyeva Validənin ölməsi səbəbindən nikah münasibətlərinə xitam verildikdən sonra dövlət reyestrində Zəkiyev Vadimin adına qeydə alındığı, bununla da ünvan 1 ünvanında yerləşən mənzilin onların ümumi əmlakı hesab edildiyi qənaətinə gəlmək mümkündür.

57. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının ya da mərhum anasının Vadim Zəkiyevin yaşadığı dövrdə mübahisəli mənzilə çıxarışın hansı səbəbə görə sonradan alınması hallarını mübahisələndirmədiyi ilə əlaqədar isə qeyd edir ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Bu halın mövcudluğu əmlakın birgə nikah dövründə ərin (arvadın) hansının sahibliyində olmasından və ya adına qeydə alınmasından asılı deyildir.

58. Belə olan halda X5 ünvan 1 ünvanında yerləşən mənzilə dair müqaviləni bağlaması, bu mənzilə olan mülkiyyət hüququnun xx.xx.2012-ci il tarixində qeydiyyata alınması iddiaçının hər hansı hüququnu pozmadığı üçün məhkəmənin bu hala istinad etməsi anlaşılan deyildir. İddiaçının 18 oktyabr 2004-cü il tarixində vəfat etmiş anasının mərhum Vadim Zəkiyevin adına mübahisəli mənzilə dair çıxarışın sonradan tərtib edilməsi hallarını mübahisələndirmədiyinə məhkəmənin istinadı ümumiyyətlə məntiqi deyildir.

59. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, xx.xx.2023-cü il tarixli 2V-326 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsızlığı təsbit edildiyindən, tərəflərin miras əmlakdakı payları da müəyyən edilməlidir. Belə ki, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır.

60. Nəzərə alınmalıdır ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.

61. Hüquqi müəyyənlik prinsipi baxımından da, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

62. Beləliklə, tərəflərin miras əmlakdakı payı müəyyən edilməli, paylar müəyyən edilərkən ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının valideyinləri - mərhum Zəkiyeva Validə ilə Zəkiyev Vadimin birgə nikahda olduğu dövrdə əldə olunduğu, mirasqoyanın oğlu Zakiyev Rustamın və anası Qanuni nümayəndə Suliddin qızının İddiaçı xeyrinə imtina etdikləri nəzərə alınmalı, X5 adına mülkiyyət hüququ ilə xx.xx.2012-ci il tarixində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən mənzilin 11/15 hissəsinə İddiaçı, 2/15 hissəsinə Cavabdeh1, 2/15 hissəsinə üçüncü şəxs Qanuni nümayəndə miras payı müəyyən edilməlidir.

63. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1044/2024 nömrəli, 9 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 7 saylı Bakı şəhəri “Asan xidmət" mərkəzinin notariat ofisinin xüsusi notariusu X8 tərəfindən Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2V-326 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən mənzilin 11/15 hissəsinə - İddiaçı, 2/15 hissəsinə - Cavabdeh1, 2/15 hissəsinə - üçüncü şəxs Qanuni nümayəndə miras payı müəyyən edilsin. İş üzrə dövlət rüsumu olaraq ödənilmiş 150 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar