Məhkəmə qərarları › İş №2(103)-5268/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5268/2022

22.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5268/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Yasamal Rayon İcra Şöbəsinə qarşı “qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Günay Abbaszadənin “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ləğv edilsin və icra hərəkətləri davam etdirilsin. Yasamal RM-nin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, hazırkı mübahisəyə iddia icraatı qaydasında baxıla bilməz, icra məmurunun qərarından şikayətlə məhkəməyə müraciət olunmalıdır. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosesdə iddia – pozulmuş və ya mübahisəli hüququn müdafiə vasitəsidir, lakin bütün hüquqlar iddia verilməklə müdafiə olunmur. İddia maddi-hüquqi tələb irəli sürmək üçün verilir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan narazı qalan şəxs maddi-hüquqi tələb irəli sürmür, qərardan məhkəmə şikayət verir, çünki həmin qərar hüquqi təbiətinə görə prosessual xarakterli qərardır. “İcra haqqında” Qanunun 20.5-ci maddəsindən görünür ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan müvafiq məhkəməyə şikayət verilə bilər. Beləliklə, iddia yolverilməzdir. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar