Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5269/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-611/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 34500 manat, mənəvi zərərə görə 5500 manat, cəmi 40000 manat məbləğində pulun cavabdeh X1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin oktyabr ayında Cavabdeh onun etibarından istifadə edərək “Caspian” Ticarət Mərkəzində işlədiyi qızıl mağazasından 134066,20 manat məbləğində dəyəri olan brilyant qaşlı qızıl-zinət əşyalarını ələ keçirmişdir. Cavabdeh nə qızılları qaytarmış, nə də qızılların pullarını gətirmişdir. O, Cavabdeh tərəfindən aldadıldığını başa düşdükdə dərhal hüquq mühafizə orqanlarına məlumat ermişdir. Belə olan halda Cavabdeh qızılları lombarda qoyaraq pul əldə etdiyini, bəzilərini isə lom qiymətinə satdığını bildirmişdi. O, məcburiyyət qarşısında qalaraq lombarda qoyulan malların bəzilərinin dəyərini ödəyib bəzi malları lombarddan çıxartmışdır. Beləliklə Cavabdeh ona ümumilikdə 134066.20 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2019cu il tarixli, 1(101 )-790/2019 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkəmə iclas zalından həbs edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkum Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair 20 sentyabr 1019-cu il tarixli, 1(101)-790/2019 saylı hökmü dəyişdirilmişdir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş, çəkilməsinin başlanğıcı 20 sentyabr 2019-cu il tarixdən hesablanmış 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 5 il 10 ay 1 gün hissəsinin çəkilməsinin icrası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə onun himayəsində olan azyaşlı uşaqları- 23 avqust 2013-cü il təvəllüdlü X3 və 10 fevral 2015-ci il təvəllüdlü X4 14 yaşına çatanadək təxirə salınmmışdır. Qeyd edilən hökmlə Cavabdeh barəsində seçilmiş həbs qətimkan ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Cavabdeh həbsdən azad edilməsində o da mühüm rol oynamışdır. Belə ki, Bakı Apelyasiya məhkəməsində qərar qəbul edilərkən Cavabdeh ona vurduğu 134066 manat məbləğində ziyandan ödənilməmiş 49000 manat hissəsi qalmışdı. O, həmin ziyanın ödənilməsi üçün, eyni zamanda Cavabdeh ailə vəziyyətini nəzərə alaraq Cavabdeh azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Cavabdeh da həm məhkəmə zalında, həm məhkəmə iclasından sonra qalan ziyanı, yəni 49000 manatı davamlı olaraq ödəmək şərtilə 3-6 ay ərzində ödəyib qurtaracağını bildirmişdir. Cavabdeh 2019-cu ilin noyabr ayında həbsdən azad edilmişdir. Həmin tarixdən ödənişlər etməyə başlamışdır. Lakin 2020-ci ilin mart ayının 1-dən etibarən Cavabdeh ödənişi dayandırmışdır. Cavabdeh həbsdən azad edildikdən sonra cəmi 14500 manat ödəniş etmişdir. 2020-ci ilin mart ayında hər dəfə ödəniş edəcəyini bildirsə də, yenə də əvvəlki illərdə olduğu kimi yalan vədlər verir, qalan ziyanı ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Bakı Apelyasiya Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qərarından sonra Cavabdeh 3-4 ay ərzində 14500 manat məbləğində ödəniş etmiş, bir mart 2020-ci il tarixdən isə yuxarıda qeyd etdiyi kimi hər hansı bir ödəniş etməmiş və vurduğu ziyanı ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Hələ bu azmış kimi o, Nərminədən ziyanı ödəməsini tələb etdikdə, qadına yaraşmayan nalayiq sözlərlə onu təhqir etməkdən belə çəkinməmişdir. Bu səbəbdən o, Cavabdeh azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair ərizə verməyinə və məhkəmədən bu barədə xahiş etməyinə çox peşmandır. Cavabdeh yenə də 2017-2018-ci ildəki hərəkətələrini təkrar edir, ona verilən cəzanın 9 il müddətinə təxirə salınmasına arxayın olaraq ona ödəməli olduğu ziyanı ödəmək istəmir və müxtəlif bəhanələrlə ziyanı ödəməkdən yayınır. O, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdir. Çünki Cavabdeh az-az da olsa ödənişlər edir və bu barədə hər ikisi qeydlər aparırdılar. Lakin 01 mart 2020-ci ildən etibarən Cavabdeh hər hansı bir ödəniş etməmiş, hazırda Cavabdeh ona vurduğu 134066 manat məbləğində ziyandan ödənilməmiş 34500 manat məbləğində hissəsi qalmışdır. Eyni zamanda Cavabdeh 2017-ci ildən bu günə qədər ona qarşı etdiyi hərəkətləri ilə ona mənəvi zərər vurub. O, Cavabdeh hərəkətləri nəticəsində əsəb, stres keçirmişdir. Cavabdeh ona maddi ziyan vurması, ona qarşı cinayət törətməsi azmış kimi, onu nalayiq sözlərlə təhqir etməsi ona çox pis təsir edir. Bu 3 il ərzində o, mənəvi sarsıntı və iztirab keçirmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-611/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 34500 (otuz dörd min beş yüz) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Orxan Məmmədli).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-611/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi kifayət qədər obyektiv araşdırma aparmamış, vurulmuş maddi ziynın həqiqətən də 34.500 manat məbləğində olmasını dəqiqləşdirməmişdir. İş materiallarından görünür ki, maddi ziyanla bağlı yaranmış borc məbləği tərəflər arasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı olmuşdur. Nə cinayət işi üzrə ibtidai araşdırma dövründə, nə də məhkəmə araşdırması zamanı alqı-satqı predmeti olan qızıl-zinət əşyalarının faktiki dəyərinin müəyyən olunması üçün əmtəəşünaslıq ekspertizası keçirilməmiş və heç bir araşdırma aparılmamışdır. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
7. İşə baxılasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.09.2019-cu il tarixli, 1(101)-790/2019 saylı hökmündən görünür ki, Cavabdeh AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum edilmişdir.
11. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 19.11.2019-ci il tarixli, 1(103)- 1449/2017 saylı Qərarından görünür ki, Cavabdeh həbsdən azad edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Hüquqi dəyərləndirmə:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2).
13. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Kollegiya işin hallarına əsasən qeyd edir ki, Cavabdeh İddiaçı 134066,20 manat məbləğində pul vəsaiti alaraq ona küllü miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhər Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.09.2019-cu il tarixli, 1(101)-790/2019 saylı hökmündən görünür ki, Cavabdeh AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 19.11.2019-ci il tarixli, 1(103)-1449/2017 saylı Qərarından görünür ki, Cavabdeh həbsdən azad edilmişdir. Həmin qərar qəbul edilərkən iddiaçı Cavabdeh ona vurduğu 134066 manat məbləğində ziyandan ödənilməmiş 49000 manat hissəsinin qaldığını bildirmişdir. Qərar qanuni qüvvəsini almışdır.
15. Bundan bir müddət sonra müxtəlif vaxtlarda Cavabdeh 14500 manat məbləğində ödəniş etmiş, bununla da cavabdeh borcun bir qismini qaytarsa da qalan 34500 məbləği ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçıya 34500 manat borcunun qaldığını etiraf etmişdir (i.v. 68).
16. Cavabdeh birinci instansiya məhkəməsində 34.500 manat borcunun olduğunu etiraf etdiyinə görə, qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizası keçirilməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır.
17. Sadalanan qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində qanuni və əsaslı olduğundan, həmçinin iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qəbul edildiyindən, Cavabdeh 34500 manat pulun tutularaq İddiaçı ödənilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
18. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri hesab edir.
19. Həmin Qərara görə, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir.
20. İddiaçı iddia tələbində mənəvi zərərə görə 5500 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsinin rədd edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur.
21. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-611/2021 saylı, 10.02.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev