Məhkəmə qərarları › İş №2(103)-5269/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5269/2025

07.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5269/2025 07.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin təhvil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-311/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 400 kv.m torpaq sahəsi ilə bağlıdır. 2.Həmin ərazidə torpaq sahəsinin ayrılması barədə eyni bələdiyyənin iki qərarı var. Birinci qərarla, yəni M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 158 nömrəli qərarı ilə qərara alınıb ki, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 400 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə iddiaçının əri Ağayar Hüseynovun mülkiyyətinə verilsin (iş v. 8). İkinci qərarla, yəni M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04/19 nömrəli qərarı ilə qərara alınıb ki, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 4.300 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə Cavabdeh1 MMC-nin mülkiyyətinə verilsin (iş v. 17). 3.İddiaçının əri xx.xx.2016-cı ildə ölüb. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, cavabdehlər Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 400 kv.m torpaq sahəsindən çıxarılsın və torpaq sahəsi iddiaçıya təhvil verilsin. 5.İddia onunla əsaslandırılıb ki, iddiaçı Cavabdeh1 MMC-yə ayrılmış torpaq sahəsinin iddiaçının mərhum ərinə ayrılmış torpaq sahəsini əhatə edib-etmədiyini müəyyən edə bilmir. Ehtimal ki, Cavabdeh1 MMC özünə ayrılmış torpaq sahəsinə iddiaçının ərinə ayrılmış torpaq sahəsini də qatıb. Hazırda isə həmin ərazidə güman kimi eyni sahibkara məxsus olan hüquqi şəxsin - digər Cavabdeh2 MMC-nin obyekti yerləşir. 6.Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 8.İşdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi 9.M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktbuna görə, əraziyə baxış keçirilərkən müəyyən edilib ki, Cavabdeh1 MMC özünə ayrılmış ərazini abadlaşdıraraq ətrafını hasara almış və uzun müddətdir ki, orada fəaliyyət göstərir. İddiaçının mərhum əri Ağayar Hüseynova ayrılmış torpağın ərazi planına əsasən, ərazinin yerləşdiyi sahəni müəyyən etmək mümkün olmadı. Torpaq sahəsinin ərazi planında istinad yerinin olmaması Ağayar Hüseynova ayrılmış ərazi ilə Cavabdeh1 MMC-yə ayrılmış ərazinin üst-üstə düşüb-düşməmədiyinin müəyyənləşdirilməsini mümkünsüz edir (iş v. 42). 10.Bundan başqa, mübahisəli torpaq sahəsinə münasibətdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə görə, vahid elektron kadastr baza məlumatlarına əsasən, sahə bütövlükdə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Sahə dövlət mülkiyyətində olan torpaqdır. Sahənin hər hansı bir dövlət təsisatının balansında olması barədə məlumat yoxdur. Bundan əlavə, təqdim olunmuş cizgidə istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd olunmamışdır (iş v. 80). 11.Göründüyü kimi, bələdiyyə qərarı ilə iddiaçının mərhum əri Ağayar Hüseynova ayrılmış 400 kv.m torpaq sahəsinin cavabdehlərin sahibliyində olduğu müəyyən edilmir. Bundan başqa, iddiaçının iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. İddiaçının ərinə torpaq sahəsi ayrılması barədə qərar isə bələdiyyə tərəfndən verilib. Bələdiyyə dövlət mülkiyyətində olan torpaq səhasinə münasibətdə qərar qəbul edə bilməz. 12.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164 və 165-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-311/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar