Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-527/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-527/2024 (Açar sözlər: əmlakın naturada bölgüsünün aparılması və istifadəyə verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X4, iddiaçının vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi Cavabdeh1 və nümayəndə-vəkili Vəkil4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3 (X5 hüquqi varisi) və Cavabdeh2 qarşı “əmlakın naturada bölgüsünün aparılması və istifadəyə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-27/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən ümumi sahəsi 600 kv.m. olan qeyri-yaşayış sahəsinin mülkiyyətçilər arasında naturada bölgüsünün aparılması, 12 iyun 2003-cü il tarixli, QYM 001652 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan 300 kv.m. hissəsinin naturada müəyyən edilib ayrılaraq, həmin sahənin istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin ümumi sahəsi 600 kv.m. təşkil edir. Həmin çoxmərtəbəli yaşayış binası "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış 08 yanvar 1999-cu il tarixli müqaviləyə əsasən tikilmişdir. Müqavilənin şərtlərinə görə, binanın ümumi sahəsi 600 kv.m. olan qeyri-yaşayış sahələri bərabər şəkildə hər tərəf üçün 300 kv.m. olmaqla bölünmüşdür. 03 may 2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi X6 binanın qeyri- yaşayış sahələrinin bu şirkətin payına düşən sahəsi 300 kv.m. olan hissəsini iddiaçıya bağışlamışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin ümumi sahəsi 300 kv.m. hissəsinə iddiaçının xüsusi mülkiyyət hüquqları tanınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. 29 iyul 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" şirkəti binanın qeyri-yaşayış sahələrinin həmin şirkətin payına düşən 300 kv.m. sahəsinin 72 kv.m. hissəsini Cavabdeh1 satmış və sonuncunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçının faktiki istifadəsində 195,5 kv.m. qeyri-yaşayış sahəsi vardır ki, bu da xüsusi mülkiyyət hüququ əsasında məxsus olan sahədən 104.5 kv.m. azdır. Cavabdehlər iddiaçıya məxsus olan sahələrdən istifadə edirlər və mübahisənin yeganə həlli ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrinin qeyri-yaşayış sahələrinin (ümumi sahəsi 600 kv.m.) mülkiyyətçiləri arasında naturada bölgüsü aparılmasıdır.
3. İddiaçı ərizəsinə əsasən cavabdeh "xxxx" Şirkəti əsl Cavabdeh2 ilə əvəz olunmuşdur.
4. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin naturada ayrılmaqla, həmin sahənin iddiaçının istifadəsinə verilməsi, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(004)- 27/2022 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin naturada ayrılmaqla, həmin sahənin İddiaçı istifadəsinə verilməsi, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.6, 213.2, 215.1, 215.2, 220.2 və 220.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətlərinin dəlilləri
7. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(004)-27/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçının iddia etdiyinin əksinə olaraq, qeyd olunan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 heç bir hüququ qeydə alınmamışdır. Həmin sahə iş üzrə cavabdeh kimi cəlb edilməyən Cavabdeh3 mülkiyyətindədir. Məhkəmə həmin şəxsinmülkiyyət hüququna dair məsələni onun iştirakı olmadan həll etməyə çalışmışdır. Bundan əlavə, işə baxan məhkəmə qeydə alınmış mülkiyyət hüquqlarının mübahisələndirilmədən məhdudlaşdırılmasına dair qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə iddiaçının çatışmayan105 kv.m sahəsinin Cavabdeh1 və ya digər şəxs tərəfindən necə zəbt edildiyini araşdırmamışdır. Ekspert rəyinə əsasən Cavabdeh1 sahəsi 10 kv.m artıqdır (72 k.m+10 kv.m). Məhkəmə müəyyən etməmişdir ki, 10 kv.m artıq sahəsi olan Cavabdeh1 105 kv.m sahəni necə zəbt etmişdir. Əgər Cavabdeh1 faktiki sahəsi sənədlə olan sahədən 10 kv.m artıqdırsa, o, iddiaçının 105 kv.m sahəsini necə zəbt edə bilər? İşə baxan məhkəmə mübahisəli sahənin iddiaçıya məxsus olmasını, iddiaçının çıxarışda göstərilən sahəsinin 300 kv.m deyil, 195,5 kv.m olmasını nəzərə almamış, "xxxx" MMC ilə "xxxx" Şirkəti arasında bağlanılan xx.xx.1999-cu il tarixli müqaviləyə əsasənhəmin sahənin 300 kv.m hissəsinin "xxxx" Şirkətinə verilməli olduğunu, Cavabdeh1 onu notarial qaydada bağlanılan alqı-satqı ilə aldığını, sonra Cavabdeh3 satıldığını düzgün qiymətləndirməmiş, işin bu zəruri detallarını araşdırmamışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(103)-5281/2022 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-27/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi iddiaçının özünün çatışmadığını iddia etdiyi 105 kv.m. sahənin Cavabdeh1 tərəfindən zəbt olunmasının və həmin sahənin Cavabdeh1 olduğunun sübut edə bilmədiyi, məhkəmənin işin faktiki hallarını nəzərə almamaması, iş materiallarında iddiaçıya məxsus sahənin cavabdeh tərəfindən zəbt olunmasına dair sübut və dəlillərin olmaması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
d) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(103)-5281/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-577/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2022-ci il tarixli, 2(103)-5281/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
14. Kassasiya instansiyası məhkəməsi öz qərarını belə əsaslandırmışdır: “iddianı təmin edən birinci instansiyası məhkəməsi və cavabdehin apellyasiya şikayətini rədd edən apellyasiya məhkəməsi qətnamələrin əsaslandırılması zamanı Mülki Məcəllənin 213.2, 215.1, 215.2, 220.2 və 220.3-cü maddələrinə istinad etmişlər. Lakin nəzərə alınmalıdır ki, məhkəmələrin istinad etdikləri həmin maddi hüquq normaları paylı mülkiyyəçilərinin ümumi əmlakdan öz paylarını ayrılmasını tənzimləyir. Hazırki işdən isə mübahisəli qeyri-yaşayış sahəsinin tərəflərin ümumi paylı mülkiyyətlərində olması müəyyən olunmur. Əksinə iş materiallarına əsasən həm iddiaçının, həm də, cavabdehlərin hər birinin mülkiyyətlərində konkret ölçüdə qeyriyaşayış sahələri mövcuddur və həmin sahələr onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, hazırki iddia tələbinin qanuni əsasını paylı mülkiyyətçilərin paylarının naturada ayrılması deyil, mülkiyyətçinin öz mülkiyyətini başqasının qanunsuz sahibliyindən tələb edilməsi nəzərdən keçirilə bilər (Mülki Məcəllənin 157.2-ci maddəsi). Həmin maddənin dispozisiyasına görə tələb olunan əmlakın iddiaçının mülkiyyətində, lakin faktiki olaraq cavabdehin sahibliyində olması və həmin sahibliyin qanunsuz olması müəyyən olunmalıdır. Hazırki işdə iddiaçı çoxmərtəbəli yaşayış binasının konkret hissəsinin - əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasını və cavabdehin qanunsuz olaraq həmin ərazini zəbt etməsini iddia etməklə, sonuncunun həmin ərazidən çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının faktiki sahibliyində 198,5 kv.m., yəni mülkiyyəti kimi qeydə alınmış sahədən 101,5 kv.m. az, cavabdehin faktiki sahibliyində isə 82,1 kv.m, yəni mülkiyyəti kimi qeydə alınmış sahədən 10,1 kv.m. çox qeyri-yaşayış sahəsi mövcuddur. Lakin iddiaçı cavabdeh tərəfindən istifadə olunan ərazinin məhz iddiaçıya məxsus olmasını təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Belə ki, iş materialları ilə İddiaçı 300 kv.m. qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun 03 may 2005-ci il tarixli müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən olunsa da, iddiaçının hüquqları qeydə alınarkən həmin ərazinin texniki göstəricilərini əks etdirən müvafiq sənədin (texniki pasportun) tərtib edilməsi araşdırılmamışdır. Əksinə, iş materiallarından görünür ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair 09 aprel 2019-cu il tarixdə texniki pasport tərtib olunmuşdur. Düzdür, texniki pasportla cavabdehin faktiki sahibliyində olan sahə 82,1 kv.m. göstərilmişdir ki, bu, mülkiyyətində olan sahədən artıqdır. Bununla belə, iddiaçının tələb etdiyi və məhkəmələrin cavabdehin çıxarılmasını qət etdikləri ərazinin sonuncunun texniki pasportu ilə əhatə olunan ərazi olması və ya həmin ərazidən kənarda olması araşdırılmamış və qətnamələrdə bu məsələ ilə bağlı əsaslandırma aparılmamışdır. Halbuki qeyd olunan texniki pasportdan görünür ki, cavabdehin qeyri-yaşayış sahəsinə giriş kimi göstərilən qapıdan (qətnamədə qeyd olunan əsas girişinə münasibətdə pilləkən qəfəsinin həmin qapı olması qəbul edildiyi halda) sağdakı otağın (5 nömrəli otağın) sahəsi 26,2 kv.m. təşkil edir ki, Cavabdeh1 həmin ərazidən çıxarılması ilə zəbt etdiyi faktiki 10,1 kv.m. sahədən artıq, yəni qanuni mülkiyyətində olan sahədən də məhrum olunacaqdır. Digər tərəfdən qətnamələrdən görünür ki, Cavabdeh1 çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmidən və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrindən çıxarılması qət olunmuşdur. Lakin həm texniki pasportla, həm də iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən olunur ki, cavabdehin istifadəsində yalnız binanın yarımzirzəmisində 82,1 kv.m. sahəsi mövcuddur. Cavabdehin binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsini zəbt etməsi müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan nöqsanların aradan qaldırılması üçün ilk olaraq iddia tələbi dəqiqləşdirilməli və cavabdehin binadakı qeyri-yaşayış sahələrinin hansı hissəsinin qanunsuz olaraq zəbt olunması araşdırılmalı idi ki, nə birinci instansiya, nə də ki, apellyasiya məhkəmələri tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmiş və nəticə olaraq qətnamə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Bundan başqa, iş materiallardan müəyyən olunur ki, İddiaçı əvvəllər də Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvandakı çoxmərtəbəli yaşayış binasının zirzəmisində, binaya girişdəki (blokdan) pilləkəndən düşdükdə sağ tərəfdə yerləşən ümumi sahəsi 72 kv.m. olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 alınaraq, İddiaçı qaytarılması və iddiaçıya məxsus mülkiyyətə qanunsuz sahiblənməsi nəticəsində vurulmuş 60000 manat maddi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, qeyd olunan qeyri-yaşayış sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan iddianı rədd edən apellyasiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli sahənin alqı-satqısına dair müqavilə, həmin sahəyə dair cavabdehə mülkiyyət hüququ verən sənəd mübahisələndirilmədən mübahisənin həll edilməsi mümkün deyil və iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi, iddiaçı əvvəllər də, hazırki cavabdehlərdən biri olan Cavabdeh1 qarşı qeyri-yaşayış sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin olunmamışdır. Bu məsələ ilə bağlı ilk olaraq qeyd olunmalıdır ki, hazırki iddiada cavabdeh qismində Cavabdeh2 da qeyd olunsa da, ona qarşı faktiki olaraq tələb irəli sürülməmişdir. Hazırki tələb yalnız Cavabdeh1 qarşı yönəlmiş və sonuncuya münasibətdə də təmin olunmuşdur. Belə olan halda, məhkəmə əvvəlki və hazırki iddiaların müxtəlif qaydada ifadə olunsa da, faktiki eyni tələbi nəzərdə tutulmasını, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2015-ci il tarixli qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş halların aradan qalxıb-qalxmamasını araşdırmamış və hazırki iddiaya baxılmasının Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin dispozisiya şərtlərinə əsasən mümkünlüyünə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh hazırki kassasiya şikayətində mübahisəli qeyri-yaşayış sahəsinin başqa şəxsin mülkiyyətində olmasını qeyd etmişdir. Məhkəmə həmin dəlili özü-özlüyündə qətnamənin ləğvi üçün əsas kimi qiymətləndirmir. Belə ki, apellyasiya icraatında təqdim olunmuş və iş materiallarına əlavə olunmuş (cild 2, i.v. 24) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 3 ünvanında yerləşən 72 kv.m. qeyri-yaşayış sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ 06 avqust 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yəni müəyyən olunur ki, mübahisəli əmlakın mülkiyyətçisinin dəyişməsi cavabdehə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildiyi tarixdən xeyli əvvəl məlum olmuş, lakin o, bununla bağlı müvafiq sübutları işin faktiki hallarını araşdıran həmin məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan əsaslara görə ləğv edilməli olduğundan, Mülki Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə əsasən mübahisəli qeyriyaşayış sahəsinin hazırki mülkiyyətçinin işə cavabdehin hüquq varisi kimi cəlb edilməsi məsələsi də müzakirə olunmalıdır.
e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) 2(103)-2555/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsində payın naturada ayrılmaqla bölgünün aparılması və naturada ayrılmış sahənin boşaldılaraq iddiaçının istifadəsinə verilməsi barədə” iddiasının rədd edilməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyri-yaşayış sahələri ümumi mülkiyyət deyil. Belə ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Lakin reyestr qeydlərindən görünür ki, hər 3 şəxsin – iddiaçının və iki cavabdehin qeyri-yaşayış sahələri ayrıca mülkiyyət kimi qeydə alınıb və onların hər birinə məxsus sahənin ölçüsü qeyd olunub. Buna baxmayaraq iddiaçı “payının” naturada ayrılmasını tələb edib, birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin ümumi mülkiyyətə aid normalarını (213, 215 və 220-ci maddələri) tətbiq edərək iddianı təmin edib. Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını tələb edə bilər. Göründüyü kimi, payın naturada ayrılmasını tələb etmək hüququ paylı mülkiyyətin mülkiyyətçisinə mənsubdur. Qeyri-yaşayış sahələri paylı mülkiyyətdə olmadığına görə, iddia əsassızıdır.
17. Əgər iddiaçı hesab edirsə ki, onun mülkiyyəti kimi qeydə alnmış 300 kv.m sahənin hər hansı hissəsi cavabdehlərin qanunsuz sahibliyindədir, belə halda o, qanunsuz sahiblikdən öz əmlakının tələb edilməsi barədə iddia verə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd olunub ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə halda həmin iddiada hansı cavabdehin hansı ölçüdə sahəyə qanunsuz sahiblik etdiyi qeyd edilməli və həmin sahənin iddiaçının mülkiyyətinə (300 kv.metrə) aid olduğunu təsdiq edən sənəd (texniki pasport və s.) məhkəməyə təqdim edilməlidir. Hazırda iddiaçının yalnız qeydiyyat vəsiqəsi var, həmin vəsiqədə isə qeyd olunub ki, 300 kv.m sahə iddiaçının mülkiyyətidir. Texniki pasport olmadığına görə, 300 kv.m sahənin binada yerləşdiyi yer (binanın zirzəmisi, binanın 1-ci mərtəbəsi və s.) və hüdudları bəlli deyil.
f) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3290/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və Əhməd Nurməmmədov) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2555/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
20. Kassasiya instansiyası məhkəməsi öz qərarını belə əsaslandırmışdır: “işə əvvəl kassasiya qaydasında baxan məhkəmə tərkibinin göstərişlərindən biri ondan ibarət olmuşdur ki, ilk olaraq iddia tələbi dəqiqləşdirilməli və cavabdehin binadakı qeyri-yaşayış sahələrinin hansı hissəsinin qanunsuz olaraq zəbt olunması araşdırılmalı idi ki, nə birinci instansiya, nə də ki, apellyasiya məhkəmələri tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmiş və nəticə olaraq qətnamə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi həmin göstərişin icrası ilə əlaqədar tədbirlər görməmişdir. İşə əvvəl kassasiya qaydasında baxan məhkəmə tərkibinin göstərişlərindən biri də ondan ibarət olmuşdur ki, Mülki Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin hazırki mülkiyyətçinin işə cavabdehin hüquq varisi kimi cəlb edilməsi məsələsi də müzakirə olunmalıdır. Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi həmin göstərişin icrası üçün də tədbirlər görməmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işə əvvəllər kassasiya qaydasında baxmış məhkəmə tərkibinin iş materialları ilə İddiaçı 300 kv.m. qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun 03 may 2005-ci il tarixli müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən olunsa da, iddiaçının hüquqları qeydə alınarkən həmin ərazinin texniki göstəricilərini əks etdirən müvafiq sənədin (texniki pasportun) tərtib edilməsi araşdırılmadığı ilə əlaqədar olan göstərişinin də icrası ilə əlaqədar tədbirlər görməmişdir. İş materiallarına əsasən həm iddiaçının, həm də, cavabdehlərin hər birinin mülkiyyətlərində konkret ölçüdə qeyri-yaşayış sahələri mövcuddur və həmin sahələr onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, hazırki iddia tələbinin qanuni əsası kimi mülkiyyətçinin öz mülkiyyətini başqasının qanunsuz sahibliyindən tələb edilməsi nəzərdən keçirilə bilər (Mülki Məcəllənin 157.2-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin mahiyyəti onu tələb edir ki, qonşu mülkiyyətçilər arasındakı sərhədlər müəyyənləşdirilsin. Bu isə xüsusi bilik tələb edən məsələdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halın araşdırılması üçün lazımi tədbirlər görməmişdir. Eləcə də apellyasiya instansiyası məhkəməsi müvafiq sahələrin iddiaçı və cavabdehlərin mülkiyyətinə verilərkən hansı ilkin sənədlərin mövcud olduğunu araşdırmamışdır. Nəzərə alınmalıdır ki, həm iddiaçının, həm də, cavabdehlərin hər birinin mülkiyyətlərində konkret ölçüdə qeyri-yaşayış sahələri mövcuddur və həmin sahələr onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan təqdirdə hansı sahələrin kimin adına qeydə alındığına dair ilkin sənədlərin mövcudluğu istisna deyil.
g) Proses iştirakçılarının izahatı
21. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 hüquqi varisi, Cavabdeh3 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
22. Apellyasiya baxışında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, xahiş etdi.
23. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi.
24. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
26. Maddə 152.7. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
29. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
30. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
31. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütünlüklə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
41. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
42. Birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı qismən düzgün nəticəyə gəlsə də, əmlakın naturada ayrıla bilməsinin mümkünlüyü ilə bağlı qanunvericiliyin normalarını işə münasibətdə düzgün tətbiq etməmişdir.
43. Belə ki, hazırki iş üzrə kassasiya instansiyası məhkəməsinin də göstərişlərini nəzərə alaraq kollegiya ilk növbədə qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin hazırki mülkiyyətçisinin Cavabdeh1 deyil, onun oğlu Cavabdeh3 olması müəyyən edildiyindən və bu hal öz təsbitini iş materiallarında olan hüquqmüəyyənedici sənədlərlə tapdığından Mülki Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə əsasən sonuncunun cavabdeh olaraq Cavabdeh1 hüquq varisi kimi işə cəlb edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
44. Daha sonra kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçının tələb etdiyi və məhkəmələrin cavabdehin çıxarılmasını qət etdikləri ərazinin sonuncunun texniki pasportu ilə əhatə olunan ərazi olması və ya həmin ərazidən kənarda olması araşdırılmamış və qətnamələrdə bu məsələ ilə bağlı əsaslandırma aparılmamışdır. Həmçinin qeyd edilmişdir ki, iddiaçının tələbinin mahiyyəti onu tələb edir ki, qonşu mülkiyyətçilər arasındakı sərhədlər müəyyənləşdirilsin. Bu isə xüsusi bilik tələb edən məsələdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halın araşdırılması üçün lazımi tədbirlər görməmişdir.
45. Qeyd edilənlərə münasibətdə kollegiya edir ki, hazırki apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9955 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, ünvan 4 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının baxış zamanı təqdim olunmuş zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 591.3 m2 təşkil edir. İddiaçı faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 195,5 m2, Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 204,0 m2, Cavabdeh3 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin isə 82,1 m2 təşkil etdiyi müəyyən edilmişdir.
46. İş materiallarına diqqət yetirdikdə görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********80- 05301-083001 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli Çıxarış sənədinə əsasən ünvan 4 ünvanda yarımzirzəmi və 1-ci mərtəbədə yerləşən və Cavabdeh2 məxsus olan qeyriyaşayış sahəsinin ölçüsü 204,0 m2 təşkil edir. Yuxarıda adı çəkilən ekspert rəyindən də Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin ölçüsünün də məhz 204,0 m2 olduğu görünür. Bu da o deməkdir ki, Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki istifadə olunan hissəsi ona verilmiş 02 iyun 2010-cu il tarixli Çıxarış sənədinə əsasən uyğundur və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi olan 198,5 kv.m. ilə Qeydiyyat vəsiqəsində göstərilən 300 kv.m. sahə arasında yaranan 101,5 kv.m. fərq Cavabdeh2 mülkiyyətində olan sahədən aparılmış hansısa kənarlaşma nəticəsində yaranmamışdır.
47. Lakin iş üzrə keçirilmiş ekspertiza tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 82,1 kv.m. olmaqla 10 aprel 2019-cu il tarixli Çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çoxdur.
48. Göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin çıxarışla və faktiki olaraq müəyyən edilən ölçüləri arasında fərq daha böyük olsa da, hər bir halda Cavabdeh3 faktiki istifadə etdiyi sahənin çıxarışa əsasən mülkiyyət hüququ təsbit olunmuş sahədən 10,1 kv.m. çox olması və digər Cavabdeh2 istifadəsində olan sahə ilə çıxarışa əsasən mülkiyyət hüququ qeydə alınan sahə ölçülərinin tam olaraq üst-üstə düşməsi onu deməyə əsas verir ki, Cavabdeh3 tərəfindən üzərində mülkiyyət hüququ tanınmadığı sahədən (ona məxsus qeyri-yaşayış sahəsinin həmin hissəsindən) faktiki istifadə etməsi nəticəsində iddiaçının qanunla qorunan mənafelərinə zərər dəymişdir və onun öz mülkiyyətini başqasının qanunsuz sahibliyindən tələb etmək hüququ yaranmışdır.
49. Həmçinin cavabdehin qeyd edilən 82,1 kv.metr sahəyə dair texniki pasportunun olması və həmin ölçünün qeyd edilən sənədlə rəsmiləşdirilməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin göstərişləri də nəzərə alınaraq hazırki apellyasiya baxışı gedişində müvafiq sahələrin iddiaçı və cavabdehlərin mülkiyyətinə verilərkən hansı ilkin sənədlərin mövcud olması barədə DƏDKR-İN 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ilə müraciət edilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubunda İddiaçı adına texniki pasportun tərtib edilməsinə dair məlumatın aşkar olunmadığı, cavabdehlərə məxsus sahələrə dair isə texiki pasportların mövcud olması qeyd edilmişdir.
50. Kollegiya göstərilənlərə münasibətdə qeyd edir ki, texniki pasport adından da göründüyü kimi əmlakın sırf texniki göstəricilərinin – ölçü, sahə və s. əks olunduğu sənəddir və həmin sənəd şəxsin əmlaka mülkiyyət hüquqlarını birbaşa təsbit edən sənəd olmamaqla bərabər bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məhz bu barədə çıxarışın verilməsi ilə nəticələnir. Hazırki işin hallarından da göründüyü kimi Cavabdeh3 məxsus (öncədən Cavabdeh1) qeyri-yaşayış sahəsinin texniki pasportda göstərilən ümumi sahəsi 82,1 kv.m. olsa da, 10 aprel 2019-cu il tarixli çıxarışda bu sahə 72,0 kv.m. olaraq göstərilmişdir və sonradan torpaq sahəsinin yeni göstəricilərinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində yeni bir çıxarışla rəsmiləşdirilməmişdir.
51. Bundan əlavə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daxil olmuş məktubda da sözügedən sahənin ölçüləri kimi 72,0 kv.m kimi deyil, 82,1 kv.m göstərilməsinin texniki yanlışlıq nəticəsində baş verməsi qeyd olunmuşdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehin barəsində mülkiyyət hüquqlarının rəsmiləşdirildiyi ölçüdə qeyri-yaşayış sahəsindən həmin ölçüdən daha çox həcmdə istifadə edə bilməsi üçün hər hansı qanuni əsası mövcud olmamışdır.
52. Qeyd olunmalıdır ki, ünvan 1 ünvandakı çoxmərtəbəli yaşayış binasının qeyriyaşayış sahələrinin ümumi sahəsi 600 kv.m. hesab edilməklə "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən tərəflər arasında bərabər olmaqla, paritet qaydada pilləkən qəfəsindən sağda və solda olmaqla simmetrik həm faktiki, həm də hüquqi olaraq bölünmüş, iddiaçıya məxsus olan sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağda, cavabdehlərə məxsus sahələr isə pilləkən qəfəsindən solda müəyyənləşdirilmişdir. Yuxarıda qeyd edildiyi kimi istər birinci instansiya məhkəməsi və hazırki apellyasiya icraatı zamanı keçirilən ekspertiza tədqiqatları, istərsə də mübahisəli sahəyə keçirilən yerli baxışlar nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 82,1 kv.m. olmaqla həmin qeyri-yaşayış sahəsinin **********80-05301- 083003 reyestr nömrəli, 10 aprel 2019-cu il tarixli Çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çox olmaqla, pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində yerləşir (pilləkən qəfəsinə aid dəhlizi divara almaqla otaq kimi istifadə etməsi də daxil olmaqla).
53. Beləliklə, kollegiya bütün qeyd edilən sübutları və işin faktiki hallarını məcmu halında qiymətləndirərək hesab edir ki, Cavabdeh3 08 yanvar 1999-cu il tarixli müqavilə ilə müəyyən edilmiş şərti bölgü sərhədini keçməklə iddiaçının istifadəsinə düşmüş qeyriyaşayış sahəsinə müdaxilə etmiş və onun qanunla qorunan mənafelərini pozmuşdur.
54. Lakin iddia tələbi yuxarıda qeyd edilən hissədə əsaslı olsa da, kollegiya hesab edir ki, qeyri-yaşayış sahəsinin naturada ayrılaraq iddiaçının istifadəsinə verilməsi hissəsində əsassız hesab olunmalıdır. Belə ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1, 220.2 və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
55. Yuxarıda qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi əmlak müəyyən şəxslər dairəsinə məhz paylı mülkiyyət hüququ ilə mənsub olduqda həmin şəxslər ümumi əşyadan öz payının ayrılmasını tələb etmək hüququna malik olurlar. Lakin hazırki işin hallarından görünür ki, istər iddiaçıya, istərsə də, cavabdehlərə məxsus sahələr onlara ümumi mülkiyyət hüququ əsasında mənsub olmamış, hər üçünün özlərinə aid sahələri daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyata alınmaqla və ölçüləri göstərilməklə onların adlarına rəsmiləşdirilmişdir. Buna görə də hazırda iddiaçının özünə məxsus olan, ayrılıqda dövlət qeydiyyata alınmış əmlakın naturada bölünməsini tələb etmək hüququ qanunvericiliklə təsbit olunmamış, buna zərurət də qalmamışdır.
56. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh3 məxsus sahədə aparılan tikinti işləri nəticəsində zirzəmi mərtəbədə pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində (pilləkən qəfəsinə aid dəhlizi divara almaqla otaq kimi istifadə etməsi də daxil olmaqla) sahəni zəbt etməsi ilə iddiaçının qanunla qorunan mənafeləri pozulduğundan iddia Cavabdeh3 binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin cavabdehin hesabına boşaldılmaqla əvvəlki vəziyyətinə bərpa edilməsi barədə hissəsi əsaslı olmaqla apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız, qeyri-yaşayış sahəsinin naturada ayrılaraq iddiaçının istifadəsinə verilməsi hissəsində isə həmin sahənin tərəflərin paylı mülkiyyətində olmaması səbəbindən isə əsaslı hesab edilməlidir. Nəticədə cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
61. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Kollegiya hesab edir ki, iddia ərizəsi və apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid edilməlidir.
63. O cümlədən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat pulun 100 manatı İddiaçı, 100 manatı isə Cavabdeh3 tutulmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-27/2022 saylı. xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyriyaşayış sahəsi İddiaçı istifadəsinə verilsin. Cavabdeh3 ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyriyaşayış sahəsindən çıxarılsın və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsi cavabdehin hesabına həyata keçirilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat pulun 100 (bir yüz) manatı İddiaçı, 100 (bir yüz) manatı isə Cavabdeh3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova