Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5270/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 27 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasın rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: (TƏSVİRİ HİSSƏ) a) İddia barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh 27ci Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, 7E09/3072 saylı ərizənin qəbul edilməsindən ibarət hərəkətin qanunsuz hesab edilməsi, həmin ərizənin etibarsız hesab edilməsi, onun (iddiaçının) Bakı şəhəri, Binəqədi şosesi, bina № 28-də yerləşən 40 №-li mənzilə vərəsəlik payının tanınması və Cavabdeh1 adına həmin mənzilə dair cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 doğma qardaşdırlar. Mübahisəli mənzilin mülkiyyətçisi onların atası X5 olmuşdur. Ataları xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra notarius tərəfindən vərəsələrin dairəsi düzgün müəyyən edilməmişdir. Belə ki, iddiaçı da mərhumun övladı olaraq vərəsəsi hesab edilsə də, o, vərəsələr sırasına daxil edilməmiş, Cavabdeh1 iddiaçının mövcudluğu barədə notariusa məlumat verməmişdir.
3. İddiaçı, atası vəfat edən zaman Rusiya Federasiyasında yaşamış və yalnız 2013-cü ildə Azərbaycan Respublikasına qayıtmışdır. İddiaçı vətənə qayıtdıqdan sonra anası X6 və bacısı İddiaçı2 ilə birlikdə atasından miras qalmış mübahisəli mənzildə yaşamış və hazırda da həmin mənzildə yaşayır. Cavabdeh1 isə həmin mənzildə pasport qeydiyyatında olsa və əvvəl bir müddət mənzildə yaşasa da, sonradan ailəsi ilə birlikdə Abşeron rayonunda yerləşən özünə məxsus evə köçmüş və hazırda da həmin evdə yaşayır. 2014-cü ildə iddiaçı xəbər tutmuşdur ki, mübahisəli mənzil vərəsəliklə Səfərin mülkiyyətinə keçmişdir. İddiaçı bunu bildikdən sonra notariat orqanına müraciət etmiş, lakin adının tərkib hissəsi olan ata adı başqa, yəni “Tahir oğlu” deyil “Tağı oğlu” kimi qeyd edildiyindən müraciətinin nəticəsi olmamışdır. Adla bağlı məsələni yalnız 2021-ci ildə məhkəmə qaydasında “faktının müəyyən edilməsi” yolu ilə həll etdiyindən vərəsəliklə bağlı məsələlərin yalnız hazırda mübahisələndirmək imkanı əldə etmiş və hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın “mübahisəli mənzil üzərində iddiaçının vərəsəlik payının tanınması və Cavabdeh1 adına həmin mənzilə dair verilmiş “Reyestrdən çıxarışın” etibarsız hesab edilməsi barədə” hissəsinin təmin edilməməsini qət etmişdir.
5. Eyni tarixdə qəbul etdiyi qərardadla Rayon Məhkəməsi iddianın qalan hissəsi üzrə icraata xitam vermişdir. c) Apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin olunmasını xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı miras payından imtina etməmiş, hazırda da həmin mənzildə yaşamaqla mirası qəbul etdiyini nümayiş etdirmişdir. Buna baxmayaraq Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı mirası qəbul etməmiş və iddia müddətini də ötürmüşdür. d) Apellyasiya baxışı iclasında tərəflərin iştirakı
8. İddiaçının özü, cavabdeh 27-ci Notariat Ofisinin nümayəndəsi və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
9. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
10. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) İşin faktiki halları və işdə olan sənədlər
11. İddiaçı1 şəxsiyyətini təsdiq edən sənəddə onun ata adı – Tağı oğlu kimi, Cavabdeh1 şəxsiyyətini təsdiq edən sənəddə isə onun ata adı – Tahir oğlu kimi qeyd edilsə də, işin hallarından müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, onlar doğma qardaşdırlar. Onların valideynləri (ataları) X7 və (anaları) X2r.
12. Bundan başqa Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3358/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə (hazırki iş üzrə iddiaçı) İddiaçı1 və (hazırki iş üzrə tərəf olmayan) İddiaçı2 X1 övladları olması faktı müəyyən edilməsi qət edilmişdir.
13. İşdə olan sənədlərdən müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddia ərizəsində qeyd edilən mübahisəli mənzilin mülkiyyətçisi X5 olmuş və o, xx.xx.2010-cu il tarixdə vəfat etmişdir.
14. Onun ölümündən sonra miras qalmış həmin mənzilin vərəsəlik qaydasında qəbul edilməsi üçün Cavabdeh1 ərizə ilə 27-ci Notariat Ofisinə müraciət etmişdir. Həmin vaxt mənzildə qeydiyyatda olan və yaşayan mərhum T.Əliyevin digər vərəsələri (arvadı) Yetər Əliyeva və (övladı) İddiaçı2 da qeyd edilən Notariat Ofisinə ərizə ilə müraciət edərək, miras əmlakı qəbul etmədiklərini və gələcəkdə bu əmlakın qəbulu ilə əlaqədar heç vaxt iddia qaldırmayacaqlarını bildirmişlər. Bundan sonra Cavabdeh1 “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmiş, həmin şəhadətnaməyə əsasən DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına “Reyestrdən çıxarış” verilmişdir. Mənzil hazırda da Cavabdeh1 mülkiyyətindədir.
15. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5281/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə (mərhum Tahir Əliyevin vərəsələri; hazırki iş üzrə tərəf olmayan) X6, X3, İddiaçı2, X4 cavabdeh (hazırki iş üzrə də cavabdeh olan) Cavabdeh1 qarşı “(hazırki iş üzrə də mübahisə predmeti olan) mənzil üzrə mülkiyyətə dair çıxarışın etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, qeydə əsas olmuş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində pozulmuş miras və mülkiyyət hüquqlarının tanınaraq ona dair çıxarışın verilməsi, pozulmuş istifadə hüququnun bərpa edilməsi və cavabdehin ləyaqətsiz vərəsə sayılaraq mülkiyyət hüququnun tanınması tələbi barədə” iddiaları təmin edilməmişdir.
16. Həmin qətnamə (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı (İş № 2(102)2549/2020) ilə qüvvədə saxlanılmış) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(103)-13160/2019) ilə dəyişdirilmədən saxlanılmışdır. (ƏSASLANDİRİCİ HİSSƏ) f) Məhkəmənin mövqeyi
17. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməni (Rayon Məhkəməsinin “iş üzrə qismən xitam verilməsi barədə” qərardadından şikayət verilmədiyindən qərardadın əsaslılığı hazırki apellyasiya icraatında müzakirə edilmir) onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı mirası qəbul etmək üçün hər hansı bir hərəkət etməmiş, bununla da mirası qəbul etməmişdir. Bundan başqa, iddiaçı, hazırki iddianı irəli sürmək üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
19. Məhkəmə, mövcud mülki mübahisənin həlli ilə bağlı bildirir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində bildirir ki, 2013-cü ildən etibarən mübahisəli mənzildə yaşayır, Cavabdeh1 onu və digər ailə üzvlərini aldadaraq, onun (iddiaçının) ata adı ilə bağlı qeydiyyatın düzgün aparılmamasından istifadə edərək yeganə vərəsə kimi mirasa sahib olmuş və öz mülkiyyətinə keçirmişdir. Onun ata adı ilə bağlı qeydiyyatın düzgün aparılmaması ilə bağlı məsələni 2021-ci ildə məhkəmə qaydasında mübahisələndirərək, mərhumun onun atası olması faktı müəyyən edildikdən sonra vərəsəlik və onunla bağlı məsələlərini mübahisələndirmək imkanı əldə etmişdir.
20. Göstərilənləri və iş üzrə tərəflərin bildirdiklərini nəzərə almış Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 1133, 1145, 1146, 1159.1.1, 1159.2, 1164, və 1243.2, 1248.1, 1262, 1263, 1273-1-ci maddələrini tətbiq etməklə belə bir nəticəyə gəlmişdir ki, iddiaçı mirasın açıldığı vaxt Azərbaycan Respublikasında olmamış və ölkəyə yalnız 2013-cü ildə qayıtmışdır. Lakin iddiaçı mübahisəli əmlakın atasının mülkiyyətində olmasından, atasının vəfat etməsindən və Cavabdeh1 vərəsəlik qaydasında mübahisəli mənzili 2014-cü ildə mülkiyyətinə əldə etməsindən məlumatlı olmuşdur. Çünki o, Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş və yuxarıda qeyd edilən 2(001)-5281/2019 saylı mülki işə baxılan zaman həmin iş üzrə iddiaçıların nümayəndəsi olmuşdur.
21. Eyni zamanda hazırki mülki işə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının ata adının düzgün qeyd edilməməsi hazırki iddianı qaldırmağa mane olmamışdır. Çünki, iddiaçının bacısı İddiaçı2 da ata adı “Tağı qızı” kimi qeydə alınmasına baxmayaraq İddiaçı2 2(001)-5281/2019 saylı mülki iş üzrə iddiaçılardan biri olmuşdur.
22. Məhkəmə Rayon Məhkəməsinin göstərilən əsaslanması ilə bağlı bildirir ki, qeyd olunan əsaslanma düzgündür.
23. Bundan başqa, Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Bu səbəbdən iddiaçının iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi də əsaslıdır və iddia müddətinin tətbiq edilməsi hazırki iddianın rədd edilməsi üçün daha bir hüquqi əsas yaradır.
24. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi bu hissədə səhv nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır (maddə 1145.). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1246.).
25. İddiaçının atası Tahir Əliyev yuxarıda qeyd edildiyi kimi xx.xx.2010-cu il tarixdə vəfat etmiş, lakin iddiaçı 3 aylıq müddət ərzində xx.xx.2011-ci il tarixədək mirasın qəbuluna dair ərizə ilə notariat kontoruna müraciət etməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, həmin ərəfədə o, Rusiya Federasiyasında olmuş, 2013-cü ildə Azərbaycan Respublikasına qayıdaraq mübahisəli mənzildə yaşamağa başlamışdır.
26. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçı mirasın qəbulu üçün nəzərdə tutulmuş kəsici müddəti ötürdüyü üçün atasına məxsus əmlakdan pay almaq hüququnu itirmiş, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin işə baxan Rayon Məhkəməsi bu müddətə səhv olaraq iddia müddəti kimi qiymət vermişdir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur və kəsici müddətlər, onların ötürülməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir.
27. Bununla belə, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsinin ilk olaraq nümayiş etdirdiyi əsaslandırma əsaslıdır və yekunda iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən düzgün olduğu üçün Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edildiyi üçün əsaslar yoxdur.
28. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
29. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 30 Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. (NƏTİCƏVİ HİSSƏ)
32. Beləliklə də, göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 yanvar 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.