Məhkəmə qərarları › İş №2(103)-5272/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5272/2021

15.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5272/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh – ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Bakı şəhəri Yasamal Rayon icra və probasiya şöbəsinə, ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Yasamal Rayon icra və probasiya şöbəsinə, ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 500, Mikayıl Müşfiq küçəsindəki evin 39 saylı mənzilinin satışı ilə bağlı keçirilən hərracların etibarsız hesab olunması və həmin hərracların nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi ilə ləğv prosesindəki Cavabdeh2 ASC-nin (bank) ləğvedici olan Əmanətlərin Sığortalanması Fondunun ona qarşı iddia tələbi qismən təmin olunmuş, ondan bankın xeyrinə 49404,75 ABŞ dolları əsas, 18300,41 ABŞ dolları faiz, 562,10 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 68 267,26 ABŞ dolları məbləğində kredit borcunun, habelə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 45,80 manatın tutulması, ünvan 1 ünvanında yerləşən 39 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın hərracdan satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin ona qaytarılması; mənzilin ilkin satış qiymətinin 133 000 manat müəyyən edilməsi, mənzil hərracda satıldıqdan sonra onun oradan çıxarılması və mənzilin boşaldılması, iddia tələblərinin qalan hissədə təmin olunmaması qət edilmiş, bu qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul olunmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin icrası dayandırılmamış və ipoteka premeti olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 500, Mikayıl Müşfiq küçəsindəki 39 saylı mənzilin hərracdan satılması həyata keçirilmiş, verilən məlumata əsasən ikinci hərracı bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu udmuşdur. Keçirilən hərraclar barədə ona heç bir məlumat təqdim edilməmiş, bu barədə ona hər hansı bildiriş göndərilməmiş və hərracda iştirak etmək ona təklif olunmamış, nəticədə hüquqları pozulmuş, həmçinin qanunvericiliyinin kassasiya şikayətinin kassasiya instasiya məhkəməsinin icraatına daxil olarkən icra sənədinin dayandırılmasının məcburiliyi barədə müddəaları da pozulmuşdur. Hərracın Cavabdeh1 Hərrac Mərkəzi tərəfindən keçirilməsi barədə məlumat ona 28 fevral 2020-ci il tarixdə məlum olmuş, hərracın keçirilməsinə dair bildirişlərin surətləri ona məhz həmin tarixdə icra məmuru tərəfindən təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, işin faktiki hallarını araşdırmadığı və sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi), habelə cavabdeh Yasamal Rayon icra və probasiya şöbəsinin və Cavabdeh1-nin nümayəndələri məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən ləğv prosesindəki Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və şikayətə toplanmış materiallar əsasında baxılmasının mümkünlüyü də nəzərə alınmaqla işə, gəlməyən tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı, hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbini irəli sürmüş, iddiasının faktiki əsası kimi əsasən, hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir. İşin müəyyən olunmuş hallarına görə, Bakı Apellyasiya Məhkəməsinin 02.05.2019cu il tarixli qətnaməsi ilə ləğv prosesindəki Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələblərinə dair iddiası qismən təmin olunmuş, İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 49 404,75 ABŞ dolları əsas, 18 300,41 ABŞ dolları faiz, 562,10 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 68 267,26 ABŞ dolları məbləğində kredit borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), habelə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manatın tutulması, ünvan 2 ünvanında yerləşən 39 nömrəli mənzilə tutma yönəldilməsi, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına 68 267,26 ABŞ dolları məbləğində kredit borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), habelə ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manatın Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin İddiaçı qaytarılması, mənzilin ilkin satış qiymətinin 133 000 (yüz otuz üç min) manat məbləğində müəyyən edilməsi, mənzil hərracda satıldıqdan sonra İddiaçı oradan çıxarılması və mənzilin boşaldılması, iddia tələblərinin qalan hissələrdə təmin olunmaması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manatın İddiaçı alınaraq “xxxx” MMC-nin hesabına köçürülməsi, dövlət rüsumunun əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manatın ondan alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarından aydın olur ki, həmin qətnamə 01 avqust 2019-cu il tarixdə icraya yönəldilmiş, 25.10.2019-cu il tarixdə İddiaçı “Tələbin könüllü icrası haqqında” bildiriş təqdim olunmuş, 01.11.2019-cu il tarixdə Yasamal rayon icra şöbəsi əmlakın hərracdan satılması üçün Cavabdeh1-nə sifariş məktubu göndərmiş, Cavabdeh1 tərəfindən ünvan 2 ünvanında yerləşən 39 nömrəli mənzil 133 000 manat ilkin satış qiyməti ilə 09.12.2019-cu il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, “İpoteka haqqında” Qanunun 43.5-cü maddəsinə əsasən ilkin satış qiyməti 15% endirilərək 113 050 manat olmaqla 25.12.2019-cu il tarixdə təkrar hərrac keçirilmiş, təkrar hərrac da baş tutmadığından, mənzil 27.12.2019-cu il tarixdə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə 84 787,5 manata tələbkar banka təklif olunmuşdur. Kollegiya ilk növbədə qeyd edir ki, hərrac təşkilatı icra məmurunun sifariş əsasında hərracı keçirdiyi üçün yalnız sifarişçinin ona ünvanladığı tələbləri yerinə yetirməkdə məsuldur və nə tələbkarın, nə də borclunun tələbi, yaxud xahişi ilə hərracın keçirilməsinin dayandırılması qanunla müəyyən edilməmişdir. Buna görə də kollegiya iddiaçının, apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti verdiyi üçün hərracın dayandırılmalı olması barədə arqumentini əsaslı hesab etmir – çünkü sifarişçi tərəfindən hərracın keçirilməsinin dayandırılması ilə bağlı hərrac təşkilatına hər hansı məktub göndərilməmişdir. Keçirilmiş hərracın və bunun nəticəsində mənzilinin banka satılmasının qanunsuzluğu ilə əlaqədar iddiaçının irəli sürdüyü digər arqumentlərlə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1, Yasamal rayon icra və probasiya şöbəsinin sifarişi əsasında Bakı Apellyasiya Məhkəməsinin 01.08.2019-cu il tarixli icra vərəqəsinin icrası istiqamətində hərrac proseduruna başlamış və ilkin satış qiyməti 133 000 manat müəyyənləşdirilmiş mənzil 84 787,5 manata tələbkara (Cavabdeh2 ASC-nə) təklif olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh1 tərəfindən əmlakın ilkin satış qiyməti və hərracın keçirilmə vaxtı və yeri göstərilməklə İddiaçı qeydiyyatda olduğu ünvanına göndərilmiş bildirişlər həmin ünvanın sökülmüş olduğu barədə qeyd yazılmaqla geri qaytarılmış, “Birja Yenilikləri” qəzetinin müxtəlif tarixli buraxılışlarında mənzilin ilkin satış qiyməti 133 000 manat olmaqla 09.12.2019-cu il tarixdə hərraca çıxarılacağı barədə hərracın keçiriləcəyi yer göstərilməklə məlumat dərc edilmiş, həmin tarixə təyin edilmiş ilkin hərrac baş tutmadığından, 25.12.2019-cu il tarixdə satış qiyməti 113 050 manat olmaqla təkrar hərraca çıxarılacağı barədə elan yerləşdirilmiş, daha sonra təkrar hərracın baş tutmadığı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-159/2021 saylı iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar