Məhkəmə qərarları › İş №2(103)-5282/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5282/2021

01.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5282/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkilləri Vəkil2 və X1 iştirakları ilə, İddiaçı oğlunun Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)-575/2021 saylı qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Cavabdeh qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 34.000 ABŞ dolları və 26.276 ABŞ dolları olmaqla, ümumilikdə 60.276 ABŞ dollarının qaytarıldığı günə məzənnəyə uyğun olaraq hesablanmaqla tutularaq iddiaçıya verilməsi, qərarın çıxarıldığı gün bank uçot dərəcəsinə uyğun olaraq hesablanmaqla faizlərin ödənilməsi və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 15.10.2015-ci il tarixdə keçmiş qaynatası X6 ona borc pul lazım olduğunu bildirərək, həyat yoldaşı Cavabdeh bank hesabına 34.000 ABŞ dolları məbləğində pul köçürməyini və tezliklə qaytaracağını bildirmişdir. Təxminən 1 ay sonra 10.11.2015-ci il tarixdə yenidən ondan 26.276 ABŞ dolları borc istəmiş və yenə də həyat yoldaşı Cavabdeh bank hesabına köçürməyi xahiş etmişdir. İddiaçı hər iki köçürməni “xxxx” ASC vasitəsilə həyata keçirmişdir. Lakin ikinci ödəniş zamanı hansısa səbəbdən iddiaçının soyadı və ata adı səhvən X2 qeyd edilmişdir. 2016-cı il tarixdə keçmiş qayınatası qızının mənzil şəraitini yaxşılaşdırmaq üçün 100.000 ABŞ dolları məbləğində köməklik etmiş, həmin məbləğə ev alınmışdır. Lakin sonradan həmin pulun borc verilməsini və ondan pulun qaytarılmasını tələb etmişdir. İddiaçı mülkiyyətində olan Mersedes Bens 550 markalı avtomobili 55.000 manata və Spyder markalı motosıklı 12.000 manata sataraq, əlavə olaraq da anasının evinin satışından əldə olunmuş puldan 3000 manat götürürək 70.000 manat yəni 41.000 ABŞ dolları məbləğini qaytarmışdır. Bununla da borcundan 2015-ci il tarixdə aldığı 34.000 ABŞ dollar və 26.276 ABŞ dolları və qaytardığı 41.000 ABŞ dolları ilə verilmiş 100.000 ABŞ dolları ilə əvəzləşdirmişlər. Sonradan keçmiş qaynatası ilə münasibətləri pisləşmiş, ona qarşı heç bir əsası olmadan guya qızına qarşı silah çəkərək qorxutmaq və işgəncə vermə maddələri ilə şikayətlər etməyə başlamışlar. Edilmiş şikayətlər nəticəsində iddiaçıya CMnin 133-cü maddəsimə əsasən 10 ay müddətinə azadlıqdan məhrumetmə cəza verilmişdir. Ailəsi ilə barışmaq üçün qaynatasıgilə gedərkən, cavabdeh tərəf planlı şəkildə gizlincə onun səsin yazaraq 100.000 ABŞ dollarından 41.000 ABŞ dollarını qaytardığını əsas götürərək, ondan 59.000 ABŞ dolları məbləğində pulun tutulması barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldırmışlar. Məhkəmə iddia tələbini təmin etmişdir. Həmin qətnamədən verilmiş şikayətlər nəticəsində yekun olaraq iddiaçıdan 29.500 ABŞ dolları pulun tutulmasına dair qətnamə qəbul edilmişdir. İddiaçı məcbur olaraq, pozulmuş hüquqların məhkəmə tərəfindən bərpa olunmasına dair yenidən məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır və əlavə olaraq göstərmişdir ki, o, hüququnun pozulduğunu 09.10.2018-ci ildən bilmiş, həmin vaxtlar hüquqlarının müdafiəsi üçün məhkəmələrdə işləri olmuş, iddia müddətini ötürməmişdir. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı iclasında cavabdeh tərəf qətnamənin dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə kollegiyasının iclasında iştirak etmir. Kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə iş üzrə əsaslandırılmış yeni qətnamə qəbul edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq düzgün əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələblərinin əsaslı olub-olmamasına qiymət vermədən və münasibət bildirmədən, mülki mübahisə üzrə iddia müddətini tətbiq edərək və iddia müddətinin başlanğıcını səhv olaraq 2015-ci ildən hesablayaraq və düzgün müəyyən etmədən iddianı rədd etmişdir. Kollegiya iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin ərizəsi ilə bağlı qeyd edir ki, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi mülki icraatda xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyriəmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 05.08.2020-ci il tarixli, 2(103)-1924/2020 nömrəli qətnaməsindən (həmin qətnamə Ali Məhkəmənin 29.03.2021-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır) görünür ki, iddiaçı X3 (hazırki iş üzrə cavabdehin atası) X7 qarşı borc məbləği 59000 ABŞ dolları vəsaitinin tutulması tələbi üzrə mülki iş üzrə üzun sürən məhkəmə prosesləri nəticəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(004)-8102/2018 saylı qətnaməsi cavabdeh İddiaçı tutulan pul vəsaitinin məbləğinə aid hissədə dəyişdirilərək cavabdeh X4 tutulmalı olan pul məbləği 29500 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi X9 hüquqlarının pozulduğunu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 05.08.2020-ci il tarixli qətnaməsindən sonra bilmiş, həmin qətnamədə onun tərəfindən 2015-ci ildə Cavabdeh hesabına ödənilmiş pul məbləğləri ilə bağlı Cavabdeh qarşı mülki məhkəmə icraatı qaydasında tələb irəli sürmək hüquqları ona izah edilmişdir. X9 bir müddət sonra, yəni iddia müddətini keçirmədən hazırki iş üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Kollegiya iddia tələblərinin əsaslılığına münasibətdə qeyd edir ki, İddiaçı ilə onun keçmiş qaynatası (hazırki iş üzrə üçüncü şəxs) X6 arasında borc-pul münasibətləri olmuşdur. Belə ki, mübahisəsiz hallardan (bank sənədlərindən) görünür ki, İddiaçı 15.10.2015-ci il tarixli Cavabdeh hesabına kreditin ödənişi kimi 34000 ABŞ dolları, 10.11.2015-ci il tarixdə isə Cavabdeh hesabına tam kreditin ödənişi kimi 26276 ABŞ dolları məbləğində pul ödənilmişdir. Bu köçürmələrin olması artıq tərəflər arasında mübahisə doğurmur. Bundan sonra, 2016-ci il tarixdə Cavabdeh atası X6 yeznəsi İddiaçı borc pul vermiş, X6 və İddiaçı aralarında olan borc haqq-hesablarının əvəzləşdirilməsi barədə əvvəlcə öz aralarında müəyyən razılığa gəlsələr də, sonradan X6 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onunla İddiaçı arasındakı pul münasibətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 05.08.2020-ci il tarixli qətnaməsi ilə həll olunmuş, lakin İddiaçı tərəfindən Cavabdeh bank hesabına köçürülmüş pul vəsaitlərinin məsələsi həll olunmamış qalmış, nəticədə hazırki mülki iş üzrə İddiaçı iddiası təmin olunmayacağı halda Cavabdeh əsassız varlanmış hesab olunacaq. Belə olan halda Kollegiya hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında mövcüd olmuş pul münasibətləri də məhkəmə qaydasında həll olunmalı və İddiaçı tərəfindən Cavabdeh hesabına köçürülmüş 34000 və 26276 ABŞ dolları məbləğində pul vəsaitləri, ümumlikdə 60276 ABŞ dolları pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Həmin hissədə İddiaçı iddia tələbləri əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Kollegiya iddiaçının bank uçot dərəcəsinə uyğun olaraq faizlərin tutulmasına münasibətdə iddia tələblərini əsassız hesab edir, həmin hissədə iddianın təmin olunması üçün hüquqi əsaslar müəyyən etmir və hesab edir ki, tərəflər arasında hər hansı faiz münasibətləri mövcüd olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Sübutların təmin edilməsi qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Sübutların qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını kifayət qədər araşdırmamış, nəticədə hüququn tətbiqində səhv buraxmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində qeyd edilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Kollegiya iddia tələblərinin qismən təmin olunması nəticəsinə gələrkən həmçinin MPM-nin 117 və 119-cu maddələrinə əsasən qeyd edir ki, İddiaçı oğlu tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(001)- 575/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı oğlunun iddiası qismən təmin edilsin. Cavabdeh 34000 (otuz dörd min) ABŞ dolları və 26276 (iyirmi altı min iki yüz yetmiş altı) ABŞ dolları, ümumilikdə 60276 (altmış min iki yüz yetmiş altı) ABŞ dolları pul (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə) və dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddiaçı iddiası qalan hissələrdə rədd edilsin. Hazırki qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar