Məhkəmə qərarları › İş №2(103)-5285/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5285/2021

24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5285/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” ASC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “torpağın sahibliyinə qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(001)- 2770/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” ASC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın onun sahibliyinə qaytarılması, vurulan 11200 manat maddi ziyan və 30000 manat mənəvi ziyan olmaqla, cəmi 41200 manatın cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli, 1436 saylı sərəncamı ilə bələdiyyənin ərazi hüdudlarında yerləşən 600 kv.m. ona məxsus olan torpaq sahəsində cavabdehlər “xxxx” ASC-yə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə hər hansı bir tikintinin aparılmasının qadağan edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(001)-2770/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2, 158.1.3). İddianın təmin edilməsi barədə ərizədə ilk növbədə görüləcək tədbirlərin məhz gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin edə biləcəyi əsaslandırılmalıdır. Eyni zamanda belə ərizə nəticəsində tətbiq edilən tədbirlər qanuna uyğun olmalı, qüvvədə olan normativ hüquqi aktlarla və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ziddiyyət təşkil etməməli, habelə onları icrası qeyri-mümkün olan aktlara çevirməməlidir. Birinci instansiya məhkəməsi ərizəyə baxaraq belə qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsində hər hansı tikilinin inşa edilməsinin gələcəkdə qətnamənin icrasını hansı formada çətinləşdirə və ya qeyri-mümkün edə bilməsi ərizənin məzmunundan aydın deyil, ona görə də ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Hazırki halda iddianı təmin etmə tədbirinin tətbiq edilməsini zəruri edən hər hansı əsas yoxdur. İdidaçı buna zərurətin olmasını ərizəsində olduğu kimi şikayətində də əsaslandırmamışdır. Kollegiya qeyd edir ki, şikayətin dəlili formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(001)-2770/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar