Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5289/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi İddiaçı nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 İnqilab oğlu və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İnqilab oğluna və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-475/2021 saylı işi üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 İnqilab oğlu tərəfindən verilmiş apellyasiya şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən ona vurulmuş maddi zərərin əvəzi kimi 8145 manat, mənəvi zərərin əvəzi kimi 50000 manat olmaqla ümumilikdə 58145 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyən edilir ki: inzibati xəta haqqında 25 may 2020-ci il tarixli, İXP ******* nömrəli protokola və həmin protokol əsasında qəbul edilmiş 25 may 2020-ci il tarixli, TP ******* nömrəli qərara əsasən, Cavabdeh1 25 may 2020-ci il tarixdə idarə etdiyi “İnfinity FX-35” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə qarşısında onunla eyni istiqamətdə hərəkət edən avtomobillə düzgün ara məsafəsi saxlamaması nəticəsində onunla toqquşmaqla yolnəqliyyat hadisəsi törətmiş, buna görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir (səh.6-7); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, "İnfiniti FX-35” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 fevral 2020-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir, 25 iyun 2020-ci il tarixdə avtomobil “**-RR-***” dövlət qeydiyyat nişanlı ilə qeydiyyata alınmışdır (səh.8-9); AD seriyalı, 670143 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən, “Toyota Prius” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir (səh.17); “MY AUTO SERVİS” tərəfindən verilmiş 03 iyun 2020-ci il tarixli qüsur aktına əsasən, “Toyota Prius” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi usta xərci ilə birlikdə 7945 manat təşkil edir (səh.14); avtomobilə dəymiş zərərin dəqiq müəyyən olunması məqsədi ilə məhkəmənin 16 sentyabr 2020-ci il tarixli, 2(001)- 4340/2020 saylı qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2021-ci il tarixli, 9/4512 saylı müvafiq rəyində göstərilmişdir ki, “Toyota Prius” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7118 manat və eksperiza xərci 100 manat müəyyən edilir (səh.79); cavabdehlər tərəfindən məhkəməyə "N&N Avto” MMC tərəfindən tərtib edilmiş 18 fevral 2021-ci il tarixli, 9 nömrəli qüsur aktı təqdim edilmişdir ki, həmin aktda iddiaçıya məxsus avtomobilə usta xərci ilə birlikdə 3510 manat zərərin dəydiyi göstərilmişdir (səh.104). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-475/2021 saylı işi üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 7118 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissələrdə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 10 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 90 manat hissəsi müştərək qaydada Cavabdeh1 və Cavabdeh2, 10 manat hissəsi isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 İnqilab oğlu apellyasiya şikayəti verərək, Binəqədi rayon məhkəməsinin iş № 2 (001)-475/2021 saylı, 23.02.2021-ci il tarixli qətnaməsini ləğv etməklə,iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88, 217, 385, 388-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə dəymiş xərc kimi bazar qiyməti 10 000 manat olan avtomobilə,7118 manat zərər dəydiyini ədalətli hesab etmişdir?Yəni avtomobilin ümüumi dəyərinin 80%-i həcmində; Halbuki həmin avtomobilin ancaq arxa asqı qoruyucusu zədələnmişdir. Bu halı da onun tərəfindən təqdim edilmiş 18.02.2021-ci il tarixli qüsur aktında maksimum 3510 manat zərər kimi qeyd olunmuşdur. Bundan əlavə təkrar ekspertiza keçirilməmişdir. Eyni zamanda məhkəmə iddiaçıdan mənim icbari sığortam üzrə dəymiş zərərin tam alınmasına hüquqi qiymət verməmişdir. Belə ki,iddiaçı dəymişziyana görə sığorta ödənişini tam almışıdr. Məhkəmə kollegiyasının 07.06.2021-ci tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək, sığorta şirkəti tərəfindən iddiaçıya 3900 manat məbləğində sığorta ödənişi edildiyi bildirilmiş və nəzərə alınmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı 2(103)-5289/2021 saylı mülki işi üzrə 07.06.2021-ci il tarixli qərardadı ilə, əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, 21.09.2021-ci il tarixli ekspert rəyi ilə, “My Auto” servis tərəfindən təqdim edilmiş 03.06.2020-ci il tarixli və "xxxx" MMC tərəfindən təqdim edilmiş 18.02.2021-ci il tarixli qüsür aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcinin, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7118,0 manat, 2011-ci il buraxılışlı “Toyota Prius” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə normal vəziyyətdə orta bazar qiymətinin təxminən 16000,0 manat, hadisədən sonra qalıq qiymətinin təxminən 8000,0 manat müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 İnqilab oğlu apellyasiya şikayətini müdafiə edərək, ekspert rəyi ilə razı olmadığını, real qiymətlərə uyğun hesablanmadığını, yalnız 1000 manat ödəməyə maddi imkanının olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, ekspert rəyi ilə razı olduqlarını, 3900 manat sığorta ödənişini ümumi xərc hissəsindən çıxmağa hazır olduqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 qətnamənin ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məclləsinin 21, 922-936, 1096-1097, 1108 maddələrinə istinadən, apellyasiya şikayəti ilə əlaqəli şəkildə tam və hərtərəfli araşdırma aparıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının qismən pozulmasına yol verilərək iddia ərizəsi üzrə tam düzgün olmayan nəticə hasil olunmuşdur. Birinci instansiya məhkəməsi icbari sığorta üzrə araşdırma aparmadan qəbul etdiyi qətnamə üzrə qismən səhv nəticəyə gəlmişdir. Hazırda iddiaçının 3900 manat məbləğində pul vəsaitinin sığorta şirkətindən almasının etiraf etməsi bunu mübahisələndirməyən cavabdehi sübut etmək və bu hissədə məhkəməni araşdırma vəzifəsindən azad edir. Apellyasiya şikayəti üzrə digər dəlillər, yəni dəymiş zərərin fərqli olması, keçirilmiş əlavə ekspertiza ilə sübuta yetirilmədiyindən dəymiş ziyan üzrə müəyyən edilən 7118 manat məbləğindən söğorta ödənişi üzrə ödənilən 3900 manat məbləğində pul vəsaiti çıxılmalı və 3218 manat məbləği müəyyən edilməklə qətnamə tutulan məbləğin miqdarı hissəsində dəyişdirilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş və ekspertiza xəci üçün ödənilməli olan məhkəmə xərcləri Cavabdeh1 İnqilab oğluna aid edilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinin 384, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 İnqilab oğlunun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-475/2021 saylı işi üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi tutulan məbləğ hissəsində dəyişidirilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 3218 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh1 İnqilab oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5289/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5289/2021
01.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver