Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5292/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Sarıyev Xəyal Əjdər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1838/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən təhsil haqqı kimi ödənimiş 2500 (iki min beş yüz) manat pulun və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545 (iki min beş yüz qırx beş) manat pulun alınıb iddiaçılara ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbi belə əsaslandırmışlar ki, İddiaçı1 xx.xx.2002-ci il tarixdə doğulmuş, özü xəstə olmaqla 18 yaşına kimi sağlamlıq imkanları məhdud olmuşdur. 2019-cu il tarixdə Azərbaycan Universitetinin regionşünaslıq fakültəsinə daxil olmuşdur. Onunla universitet arasında 17 sentyabr 2019-cu il tarixdə təhsil xidmətlərinin göstərilməsinə dair 476 saylı müqavilə bağlanmışdır. Müqaviləyə təhsil aldığı ixtisas üzrə hər ilə 2500 manat ödəməyi öhdəsinə götürmüşdür. Oxuduğu müddət ərzində xx.xx.2019-cu ildə təhsil aldığı universitetə onun tərəfindən 1250 manat, xx.xx.2020-ci il tarixdə isə onun təhsil haqqı üçün atası İddiaçı2 tərəfindən 1250 manat ödəniş edilmişdir. Həmin universitetə ümumilikdə 2500 manat ödəniş etmişlər. 2020-ci ilin yanvar ayında köçürmə yolu ilə Azərbaycan Kooperasiya Universitetinə keçmişdir. Həmin təhsil müəssisəsində bir semestr alsa da, təhsil haqqının tam şəkildə ödənilməsi ondan tələb olunmuşdur. Lakin iddiaçının 18 yaşına kimi sağlamlıq imkanı məhdud olduğundan təhsil haqqı ödəməkdən azad edilməli idi. Göründüyü kimi o təhsil haqqından azad olmalı olduğu halda cavabdeh təşkilata 2500 manat təhsil haqqı üçün pul ödəmişdir. Bu səbəbdən də həmin pul cavabdeh təşkilatdan alınaraq ona ödənilməlidir.
3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1838/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilmişdir.
4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə İddiaçı1 sağlamlıq imkanları məhdud olan şəxs olaraq güzəşt tətbiq olunmalı tələbə kateqoriyasına aid olmuş, 2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, İ və İİ qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azad olunmalı oluduğu halda, təhsil haqqı ödəmiş, hazırda həmin pulun geri qaytarılması barədə tələbi əsaslıdır və təmin olunmalıdır.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091-1092-ci maddələrinə, “Mülki Məcəllənin 440.4-cü, “Əlilliyi olan şəxslərin hüquqları” haqqında 31 may 2018-ci il tarixli Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə, “İ və İİ dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli 1155 nömrəli Sərəncamına istinadla əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi göstərmişdir ki, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənməli olduğu halda bu normanın tələbinə əməl edilməmiş, həmçinin tərəflər arasında bağlanmış müqavilənin şərtləri düzgün təhlil edilməmişdir. Bununla yanaşı iddiaçı ilə müqavilə bağlanan zaman o sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı müvafiq sənədləri təqdim etməli və təhsil haqqından azad olunma barədə müraciət etməli olsa da, heç bir məlumat verilməmiş və cavabdehin bundan məlumatı olmamışdır. İddiaçı tərəf özü də güzəşt barədə müraciətin gec edilməsini bildirsə də, məhkəmə iddianı təmin etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək bildirdi ki, rayon məhkəməsi iş üzrə yanlış qənaətə gələrək bildirib ki, əlilliyi olan tələbə təhsil haqqından azaddır. Halbuki tələbə təhsil haqqından azad deyil, sadəcə dövlət hesabına ödənilməlidir. İddiaçı tərəf güzəşt barədə vaxtında məlumat verməmişdir, bu səbəbdən iddia tələbi əsassızdır və təmin edilə bilməz.
8. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdilər ki, rayon məhkəməsi onların ödədiyi təhsil haqqının cavabdehdən tutulması barədə düzgün qənaətə gəlmişdir, eyni zamanda bildirdilər müqavilə bağlanan vaxt onlar cavabdeh universitetdə sənədləşmə və maliyyə işlərinə rəhbərlik edən şəxs Həlimə xanıma yaxınlaşmış, tələbənin əlil olması, bununla bağlı təqaüd almasını bildirmiş, onun təhsil haqqından azad olub-olmamasını soruşmuş, lakin həmin şəxs onlara tələbinin əlilliklə bağlı təhsil haqqından azad olmadığını bildirmişdir. Bu səbəbdən, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Sübutların tədqiqi:
9. Cavabdeh MMC ilə tələbə İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SM 476 saylı təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, İddiaçı1 həmin universitetin regionşünaslıq fakültəsinə qəbul olunmuş, təhsil haqqı bir tədris ilinə görə 2500 manat təşkil edir. Müqavilə tələbə təhsil aldığı ali təhsil pilləsi üzrə təhsil proqramını tam olaraq başa çatdırana qədər qüvvədədir.
10. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Kooperasiya Universiteti tərəfindən verilmiş B 191093 nömrəli tələbə biletinin surətindən görünür ki, İddiaçı1 həmin universitetin tələbəsidir.
11. xx.xx.2019-cu il tarixli ödəniş qəbzinin surətinə əsasən İddiaçı1 tərəfindən Cavabdeh MMC-nin hesabına 1250 manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətinə əsasən İddiaçı2 tərəfindən Cavabdeh MMC-nin hesabına 1250 manat ödəniş edilmişdir.
12. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 116 nömrəli İddiaçı1 ünvanlanmış məktubunun məzmununda “Azərbaycan Respublikası Təhsil Nazirliyində və tabe qurumlarında vətəndaşların qəbulu və ona nəzarət üzrə onlayn sistemə (qəbul.edu.az) xx.xx.2021-ci ildə daxil edilmiş müraciətinizə cavab olaraq bildiririk ki, siz 2019/2020-ci tədris ilində Azərbaycan Universitetinə “Regionşünaslıq (Avropa ölkələri üzrə) ixtisası üzrə qəbul olarkən və Universitetdə qeydiyyat prosesində “Sağlamlıq imkanları məhdud 18 yaşına qədər uşaqlar“ qrupuna aid olduğunuz haqqında heç bir sənəd təqdim etməmisiniz. Sizinlə Azərbaycan Universiteti arasında təhsil xidmətlərinin göstərilməsinə dair Müqavilə bağlanarkən də siz bu haqda sənəd təqdim etməmisiniz. Bu səbəbdən siz Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli Sərəncamına uyğun güzəştli tələbələr sırasına daxil edilməmisiniz” göstərilmişdir.
13. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış məlumata əsasən İddiaçı1 sosial ödəniş olaraq 150.00 manat məbləğində pul alır.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi SER TSE- 01 049441 saylı arayışdan məlum olur ki, İddiaçı1 xx.xx.2013-cü ildə müayinədən keçmişdir.
15. İddiaçı1 tərəfindən xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən məhkəmədə iddia qaldırmaq üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə:
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
19. Maddə 20.7. Əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin “İ və İİ dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 may 2019-cu il tarixli Sərəncamı
20. 1-ci bənd. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan İ və İİ dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadı
21. Bənd 26: ...hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 402.1. mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
27. Hazırkı halda cavabdeh tərəfindən apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, düzgün tətbiq olunmuşdur.
30. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kollegiya qeyd edir ki, İddiaçı1 əlil olması və bununla bağlı təhsil haqqı ilə bağlı qətnamənin 19 və 20-ci bəndlərində göstərilən müvafiq olaraq qanun və sərəncamın təsiri altına düşməsi işin mübahisələndirilməyən halıdır.
32. Cavabdehin apellyasiya şikayətinin iddiaçı tərəfin güzəşt barədə gec müraciət etməsi barədə dəlilinə münasibətdə Kollegiya qətnamənin 19, 20, eləcə də 21-ci bəndinə əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin “təhsil haqqı” barədə 4-cü bəndi bağlandığı andan əhəmiyyətsiz olmaqla etibarsız olmuşdur.
33. Rayon məhkəməsi iş üzrə iddiaçılar tərəfindən ödənilmiş 2500 manat məbləğində təhsil haqqının tərəflər arasında müqavilə bağlanan vaxt İddiaçı1 əlillik barədə sənəd təqdim edib-etməməsindən asılı olmayaraq geri qaytarılması barədə mahiyyət etibarı ilə düzgün qənaətə gəlmişdir.
34. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh hazırkı qətnamə ilə iddiaçıların xeyrinə ondan tutulacaq məbləği ödədikdən sonra, həmin məbləğin qətnamənin 18 və 19-cu bəndlərində nəzərdə tutulmuş maddi hüquq normalarına əsasən müvafiq icra hakimiyyəti tərəfindən ona ödənilməsini tələb edə bilər. Nəticə:
35. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1838/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Xəyal Sarıyev Anar Tanrıverdiyev