Məhkəmə qərarları › İş №2(103)-5295/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5295/2024

18.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5295/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı “hərrac yekunlarının, protokollarının, müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (hərracın nəticələrinin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(004)-2386/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1994-cü il tarixdə şəhid olmuşdur. 2."xxxx" ASC, borcalan Əsədova Kamilə Xanlar qızı və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İPİ-1359114 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka ila yüklü edilmiş əmlak 170.000 manat məbləğində qiymətləndirilmişdir. 3.Sumqayıt Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(105)-73/20 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-479/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsinin faiz, cərimə borcu və ipoteka predmetinin qiymətinə dair hissədə dəyişdirilməsi, apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdehlər Əsədova Kamilə Xanlar qızından, X2 və X3 14.521,86 (on dörd min beş yüz iyirmi bir dollar, səksən altı sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 78.372,34 (yetmiş səkkiz min üç yüz yetmiş iki dollar otuz dörd sent) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq iddiaçıya ödənilməsi, ipoteka predmeti - Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı və cavabdehlərdən müştərək qaydada ekspertiza xərci olan 50 (əlli) manatın dövlət büdcəsinə, 350 (üç yüz əlli) manatın S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzini hesabına köçürülməsi qət edilmişdir. 4.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-4493/2020 saylı qərarına əsasən iddiaçı LPO Cavabdeh2 ASC-nin və cavabdeh Əsədova Kamilə Xanlar qızının kassasiya şikayətləri təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-73/2020 saylı iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. 5.Həmin qərarda olan Abşeron Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(012)- 479/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Əsədova Kamilə Xanlar qızından, X2 və X3 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 63350,48 ABŞ dolları, əsas borca hesablanmış faiz borcu 39993,07 ABŞ dolları, cərimə borcu üzrə 10.000 ABŞ dollarıolmaqla, cəmi 113343,55 ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, habelə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin iddiaçı LPO Cavabdeh2 ASC-yə verilməsi, tələbin İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 66500 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6.xx.xx.2021-ci il tarixli 574/21 №-li, xx.xx.2021-ci il tarixli 574/21 №-li bildirişlərin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00-də ilkin satış qiyməti 70000 manat və xx.xx.2021-ci il tarixdə, saat 11:00-də ilkin satış qiyməti 59500 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə bildirişlər Əsədova Kamilə Xanlar qızı, X6, X7, İddiaçı və Cavabdeh2 ASC-yə göndərilmiş, İddiaçı iddiada qeyd etdiyi ünvan üzrə (Abşeron rayonu Məhəmmədi kəndi) Əsədova Kamilə Xanlar qızı və X6 tərəfindən qəbul edilmişdir.

7. “Market” reklam və elanlar qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli və xx.xx.2021xx.xx.2021-ci tarixli qəzetlərin surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur. 8."xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 05 yanvar 2022-ci il tarixli, 574/2021 nömrəli protokolunun surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(105)-73/20 nömrəli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyriyaşayış binası keçirilən 2 hərrac baş tutmadığına görə ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh2 ASC əmlakı 44625 manata aldı. a)Birinci instansiya məhkəməsində icraat

9.İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı “hərrac yekunlarının, protokollarının, müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin Abşeron rayonu Məmmədli kəndi Ə.Bayramov küçəsində yerləşən 0,007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ü/s 62,83 kv.m olan qeyri-yaşayış binasının açıq hərracda satılması barədə 05 yanvar 2022-ci il tarixli, 574/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolunun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-73/2020 saylı qətnaməsinə əsasən, Əsədova Kamilə Xanlar qızı, İddiaçı, X6 və X4 78.372,34 (yetmiş səkkiz min üç yüz yetmiş iki dollar 34 sent) ABŞ dolları pul vəsaitinin LPO Cavabdeh2 ASC-nin xeyrinə tutulması tutmanın İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0,007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi qərara alınmışdır. Həmin qətnamə üzrə icra vərəqəsi Abşeron Rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Abşeron Rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə “Bakı Hərrac mərkəzində” 05 yanvar 2022-ci il tarixində hərrac keçirilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-73/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi Ə.Bayramov küçəsində yerləşən 0,007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ü/s 62,83 kv.m olan qeyri-yaşayış binası satışa çıxarılmış, əmlakın ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilmiş, əmlakın satılmış son qiyməti 44625 (qırx dörd min altı yüz iyirmi beş) manat müəyyən olunmuşdur. Hərrac barədə onun məlumatı olmamış, ona bu haqda yalnız tələbkarın 06 mart 2024-cü il tarixli məktubundan sonra məlum olmuşdur. Məktubda qeyd edilirdi: “Şöbənin icraatında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(105)-73/2020 saylı qətnaməsi üzrə Əsədova Kamilə Xanlar qızı, İddiaçı, X6 və X3 78.372,34 (yetmiş səkkiz min üç yüz yetmiş iki dollar 34 sent) ABŞ dolları pul vəsaitinin LPO Cavabdeh2 ASC-nin xeyrinə tutulması tutmanın İddiaçı mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv. metr ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi qərara alınmışdır. Qeyd olunan əmlak 44625 (qırx dörd min altı yüz iyirmi beş) manata qalib alıcı (ipoteka saxlayan ) LPO Cavabdeh2 ASC tərəfindən hərracdan alınmışdır. Qeyd olunanları nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-73/2020 saylı icra sənədi üzrə qalıq borcun Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi və LPO Cavabdeh2 ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyriyaşayış binası boşaldılaraq tələbkara təhvil verilməsi üçün zəruri tədbirlər görülməsini xahiş edir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-73/2020 saylı qətnaməsi üzrə icra vərəqəsinin icraya yönəldilməsi, icra məmuru tərəfindən aparılmış hər hansı bir hərəkət və hərracın keçirilməsi barədə heç bir məlumat göndərilməmişdir. "xxxx" MMC tərəfindən keçirilmiş hərrac barədə heç bir məlumat verilməmiş və bununla da hərrac formal qaydada keçirərək ona məxsus olan daşınmaz əmlak dəyərindən qat-qat aşağı məbləğə satılmışdır. Əvvəla hərracı keçirən "xxxx" fəaliyyətə başladığı tarix 5 il müddəti əhatə etmir və qanunvericilikdə nəzərdə tutulmuş 5 il müddətindən az fəaliyyət göstərildiyi müəyyən olunur. Həmçinin hərrac sifarişini həyata keçirən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən hərracın könüllü qaydada, yəni 5 gün müddətində borclu və tələbkar arasında razılıq əsasında qanunvericiliklə müəyyən olunmuş 5 ildən az olmayan daima fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata əmlakın hərracda satılmasından ötrü borclu və tələbkar arasında qarşılıqlı razılıq müəyyən etmədən əmlakı “Bakı hərrac mərkəzinə” hərracın keçirilməsi üçün sifariş göndərmişdir. Bu onu göstərir ki, icra məmuru “ipoteka haqqında qanunun”da nəzərdə tutulmuş maddələri kobud və qanunsuz olaraq, birbaşa tələbkarın marağı əsasında həyata keçirmişdir. Həmçinin hərracın keçirilməsi ilə əlaqədar ümumiyyətlə borcluya heç bir bildiriş, icraata başlamaq haqqında qərar, rəsmi və qeyri-rəsmi qaydada təqdim edilməmişdir. Onlar bu barədə yalnız tələbkarın 2024-cü il tarixli məktubundan sonra məlumatı olmuşdur. Protokolda sifarişçinin imzası yoxdur. Belə ki, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru qrafasında imza və möhür yoxdur. Beləliklə bu protokolun etibarsızlığı açıq-aydındır və hesab edir ki, mübahisələndirilən protokol məhkəmə qaydasında etibarsız sayılmalıdır. 11.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 04 iyul 2024-cü il tarixli, 2(004)-2386/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Gülnar Babazadə) iddianın təmin edilməməsi qət edilmişdir. 12.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli 2(012)-479/2018 saylı qətnaməsi ilə cavabdehlər Əsədova Kamilə Xanlar qızından, X2 və X3 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 63350,48 ABŞ dolları, əsas borca hesablanmış faiz borcu 39993,07 ABŞ dolları, cərimə borcu üzrə 10.000 ABŞ dolları olmaqla, cəmi 113343,55 ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq, habelə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsinin iddiaçı LPO Cavabdeh2 ASC-yə verilməsi, tələbin İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 66500 manat müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(105)-73/20 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)- 479/2018 saylı, 20 iyun 2018-ci il tarixli qətnaməsinin faiz, cərimə borcu və ipoteka predmetinin qiymətinə dair hissədə dəyişdirilməsi, apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdehlər Əsədova Kamilə Xanlar qızından, X2 və X3 14.521,86 (on dörd minbeş yüz iyirmi bir dollar, səksən altı sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 78.372,34 (yetmiş səkkiz min üç yüz yetmiş iki dollar otuz dörd sent) ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq iddiaçıya ödənilməsi, ipoteka predmeti - Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçı və cavabdehlərdən müştərək qaydada ekspertiza xərci olan 50 (əlli) manatın dövlət büdcəsinə, 350 (üç yüz əlli) manatın S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzini hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-4493/2020 saylı qərarına əsasən iddiaçı LPO Cavabdeh2 ASC-nin və cavabdeh Əsədova Kamilə Xanlar qızının kassasiya şikayətləri təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 73/2020 saylı iş üzrə 25 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanması qərara alınmışdır. Daha sonra Abşeron rayon icra şöbəsinin sifarişi əsasında hərrac keçirilmiş, iki dəfə keçirilmiş hərrac zamanı alıcı olmadığından hərrac baş tutmamış, "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 05 yanvar 2022-ci il tarixli 574/2021 nömrəli protokolunun surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(105)-73/20 nömrəli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyriyaşayış binası keçirilən 2 hərrac baş tutmadığına görə ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh2 ASC əmlakı 44625 manata almışdır. 13.Məhkəmə iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, hərracların keçirilməsi ilə bağlı bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. Buna baxmayaraq iddiaçı hərrac barədə məlumatsız olduğuna, hərracın qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmaqla keçirildiyinə istinad edərək, bu əsaslarla da hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. 14.Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. 15.İddiaçının iddia ərizəsində istinad etdiyi digər hallar (5 il daimi fəaliyyət göstərməyən hərrac təşkilatının seçilməsi, həmin təşkilata sifariş verilməsi və s.) cavabdeh qismində cəlb etdiyi hüquqi şəxsin səlahiyyət dairəsinə deyil, müvafiq icra qurumunun səlahiyyətlərinə aid olan məsələlərdir. Nəzərə alınmalıdır ki, müvafiq hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərininyaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. 16.Göründüyü kimi, qanunverici ipoteka saxlayanın bildirişin çatdırılması vəzifəsini deyil, sifarişli poçt göndərişi (məktubu) ilə göndərməsini və göndərildikdən 5 gün sonra çatdırılmış hesab edildiyini nəzərdə tutur. 17.Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmişdir, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 337.1, 415.1, 415.2, 415.3, 415.4, 415.5, 416.1, 416.2-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2 41.3, 42.1, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 44-cü;“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3-cü; F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, qeyd olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-73/2020 saylı qətnaməsi üzrə icra vərəqəsinin icraya yönəldilməsi, icra məmuru tərəfindən aparılmış hər hansı bir hərəkət və hərracın keçirilməsi barədə onlara heç bir məlumat göndərilməmişdir. "xxxx" MMC tərəfindən keçirilmiş hərrac barədə heç bir məlumat verilməmiş və bununla da hərrac formal qaydada keçirilmişdir. Onlar bu barədə yalnız tələbkarın 2024-cü il tarixli məktubundən sonra məlumatılı olmuşdur. Protokolda sifarişçinin imzası yoxdur. Belə ki, Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru qrafasında imza və möhür yoxdur. Beləliklə bu protokolun etibarsızlığı açıqaydındır və hesab edir ki, mübahisələndirilən protokol məhkəmə qaydasında etibarsız sayılmalıdır. İddiaçıya məxsus olan daşınmaz əmlak dəyərindən qat-qat məbləğə satılmışdır. Əvvəla hərracı keçirən "xxxx" fəaliyyətə başladığı tarix 5 il müddəti əhatə etmir və qanunvericilikdə nəzərdə tutulmuş 5 il müddətindən az fəaliyyət göstərildiyi müəyyən olunur. Həmçinin hərrac sifarişini həyata keçirən Abşeron rayon İcra və Probasiya Şöbəsininicra məmuru tərəfindən hərracın könüllü qaydada, yəni 5 gün müddətində borclu və tələbkar arasında razılıq əsasında qanunvericiliklə müəyyən olunmuş 5 ildən az olmayan daima fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata əmlaakın hərracda satılmasından ötrü borclu və tələbkar arasında qarşılıqlırazılıq müəyyən etmədən əmlakı “Bakı hərrac mərkəzinə” hərracın keçirilməsi üçün sifariş göndərmişdir. Bu onu göstərir ki, icra məmuru “İpoteka haqqında qanunun”da nəzərdə tutulmuş maddələri kobud və qanunsuz olaraq, bir başa tələbkarın marağı əsasında həyata keçirmişdir. Həmçinin hərracın keçirilməsi ilə əlaqədar ümumiyyətlə borcluya heç bir bildiriş, icraata başlamaq haqqında qarar, rəsmi və qeyri rəsmi qaydada təqdim edilməmişdir. İşə baxan məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara birtərəfli və səthi yanaşmaqla prosessual hüquq normalarının pozulmasına səbəb olan qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22.Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 23.İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş, onun nümayəndəsi və vəkili Vəkil qrip olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 24.İş üzrə cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, "xxxx" MMC-nin direktoru Nəcəfov Kamil məktubla müraciət edərək məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 25.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 26.Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 27.Maddə 416.1-ci və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu: 28.Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 29.Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 30.Maddə 42.3.İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 31.Maddə 43.1.Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. 32.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 33.Maddə 43.5.Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 34.Maddə 43.7.Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 35.Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 36.Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 37.Maddə 44.Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 40.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 41.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 43.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44.Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 45.“F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 46.Qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. 47.Kollegiya qeyd edir ki, Abşeron rayon icra şöbəsinin sifarişi əsasında hərrac keçirilmiş, iki dəfə keçirilmiş hərrac zamanı alıcı olmadığından hərrac baş tutmamış, "xxxx" MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 05 yanvar 2022-ci il tarixli 574/2021 nömrəli protokoluna əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(105)- 73/20 nömrəli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası keçirilən 2 hərrac baş tutmadığına görə ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh2 ASC əmlakı 44625 manata almışdır. 48.İddiaçının hərracın keçirilməsinə dair bildirişlərin ona göndərilməməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 574/21 №-li, xx.xx.2021-ci il tarixli 574/21 №-li bildirişlərin surətindən göründüyü kimi "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00-də ilkin satış qiyməti 70000 manat və xx.xx.2021-ci il tarixdə, saat 11:00-də ilkin satış qiyməti 59500 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə bildirişlər Əsədova Kamilə Xanlar qızı, X6, X7, İddiaçı və Cavabdeh2 ASC-yə göndərilmiş, İddiaçı iddiada qeyd etdiyi ünvan üzrə (Abşeron rayonu Məhəmmədi kəndi) Əsədova Kamilə Xanlar qızı və X6 tərəfindən qəbul edilmişdir. 49.Bununla yanaşı hərracın keçirilməsi ilə bağlı “Market” reklam və elanlar qəzetinin xx.xx.2021xx.xx.2021-ci il tarixli və xx.xx.2021-xx.xx.2021-ci tarixli buraxılışlarında elanlar dərc olunmuşdur. 50.İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndi, Ə.Bayramov küçəsində yerləşən, 0.007364 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 62.83 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış binası keçirilən 2 hərrac baş tutmadığına görə ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh2 ASC əmlakı 44625 manata almışdır. 51.Göründüyü kimi, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi, hərracın keçirilməsindən məlumatsız olması ilə bağlı dəlilləri əsassız olmaqla, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş, o cümlədən hərracla bağlı qəzetlərdə elanlar verilmişdir. 52.Kollegiya qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsi təfsir edilərkən belə nəticəyə gəlmək olar ki, icra məmuru tərəfindən sifariş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış hərrac təşkilatına o halda verilir ki, hərrac təşkilatı ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığı əsasında seçilsin. Digər tərəfdən həmin maddənin son cümləsinə görə, bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 53.Göründüyü kimi, hərrac təşkilatının hərrac keçirilməsi üçün beş ildən az olmayaraq daimi fəaliyyət göstərməsi tələbi, həmin təşkilatın ipoteka saxlayanla ipoteka qoyanın qarşılıqlı razılığı əsasında seçilməsi halında tətbiq olunur. Bu razılıq olmadıqda isə icra məmuru sifarişi “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 54.Hazırki mübahisə üzrə də hərrac təşkilatının seçilməsinə dair ipoteka saxlayanla ipoteka qoyanın qarşılıqlı razılığı olmadığından, hərrac təşkilatının hansı tələblərə uyğun seçilməsi “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən olunmalıdır. 55.Bu barədə həmin Qanunda qeyd olunmuşdur ki, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir (maddə 61.1). 56.Həmin Qanunun 53.2-ci maddəsində isə qeyd olunmuşdur ki, vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 57.Odur ki, icra haqqında qanunvericilikdə hərrac keçirən təşkilatın fəaliyyət müddəti barədə hər hansı tələb öz əksini tapmamışdır və həmin təşkilatın seçilməsinə dair ipoteka saxlayanla ipoteka qoyanın qarşılıqlı razılığı olmadığından ipoteka haqqında qanunvericilikdə qeyd olunmuş “beş ildən az olmayaraq daimi fəaliyyət göstərmək” tələbi hazırki hərracın təşkilatçısına şamil oluna bilməz. Buna görə də, kollegiya iddiaçının bununla bağlı dəlilini əsassız hesab edir.

58.Kollegiya qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Buna görə də kollegiya hesab edir ki, hazırkı iddia əsassız olmaqla məhkəmə qətnaməsinin icrasını gecikdirməyə yönəlmişdir. 59.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 60.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 61.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 62.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(004)- 2386/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Emin Mehdiyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar