Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5295/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri 30 saylı Notariat Ofisinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “icra qeydinin ləğv edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Maraqlı şəxs ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 30 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(007)-1214/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən Maraqlı şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Maraqlı şəxs ASC ilə X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK- 487545/23 saylı kredit müqaviləsinə əsasən X7 illik 19% olmaqla 18 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir.
2. Maraqlı şəxs ASC ilə X13, X18 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər X13, X18 və İddiaçı həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu X12 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər.
3. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X3 xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ- 15678 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
4. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli qərarla icra məmuru icraata başlamış və Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilməsi borcludan xahiş olunmuşdur.
5. İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu X8 məxsus “Toyota Prius (hibrid)” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.
6. Bakı Şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu X15 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin surətindən görünür ki, Maraqlı şəxs ASC-nin xeyirinə 11636 manat 22 qəpik, 2231,33 manat peniya və 25 manat dövlət rüsumu tutulması qərara alınmışdır.
7. Maraqlı şəxs ASC-nin İddiaçı, X7, X8 və X14 ünvanladığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixə yaranmış 24046.09 manat əsas, 1746.22 manat faiz, 2231.33 manat cərimə məbləğində borcunun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Əks təqdirdə borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdeh Bakı Şəhəri 30 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən "Notariat haqqında “Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən "xxxx" ASC-nin xeyrinə İddiaçı 13867,55 manat pul tutulması barədə 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi verilmişdir. Lakin bu icra qeydinin verilməsi zamanı “Notariat haqqında “Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Maraqlı şəxs ASC ilə X12 arasında xx.xx.2023-cü il tarixli, MK-1875 saylı, illik 19% olmaqla, 30000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli, MK-487545/23 saylı müqaviləyə əsasən Maraqlı şəxs ASC ilə X12 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq X13, X18 və İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlərə baxmayaraq, icra qeydinə əsasən kredit üzrə 11636,22 manat əsas borc, 2231,33 manat isə penya tələb olunur. Hal hazırda isə ayrı-ayrılıqda bütün borclulardan, o cümlədən, ondan sözügedən icra qeydinə əsasən 11636,22 manat əsas borc, 2231,33 manat isə penya olmaqla 13867,55 manatın ödənilməsi tələb olunur. Bunun sübutu olaraq İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2025 saylı qərardadına əsasən məlum olur ki, İsmayıllı Rayon Notariat Kontorunun 8İ-7487 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X4 13867,55 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar Maraqlı şəxs ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icra olunması üçün İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinə verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2025 saylı qərardadı ilə borclu X8 məxsus “Toyota Prius (hibrid)” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bununla sübut olunur ki, bank məhkəməyə müraciət etmədən hər bir borcludan borc vəsaitini tutmaq istəyir. Qeyd olunanlar kifayət qədər mübahisəli olduğu üçün, Maraqlı şəxs ASC tərəfindən məhkəməyə müraciət etmədən, Bakı şəhəri 30 saylı notariat ofisində icra qeydi yazdırılaraq, Nizami Rayon İcra Şöbəsində icraya yönəldilmişdir. Qeyd edilməsi zəruridir ki, icra qeydinin alınması üçün ilk öncə ona kreditor tərəfindən bildiriş göndərilməli olduğu halda belə bir bildiriş göndərilməmişdir. Halbuki, icra qeydinin alınması üçün tələb olunan iki sənəddən biri məhz borcluya göndərilmiş bildirişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(007)-1214/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X9)
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İlk öncə məhkəmə qeyd edir ki, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin İddiaçı göndərilməsi barədə Maraqlı şəxs ASC tərəfindən məhkəməyə bildirişin göndərilməsi barədə qaimə təqdim olunsa da qaimədə bildirişin kim tərəfindən, nə vaxt qəbul edilib-edilməməsi, barədə heç bir məlumat oxunmur. Bildirişin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmir. Həmçinin məhkəmə qeyd edir ki, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydində Maraqlı şəxs ASC-yə olan borcun yalnız İddiaçı tutulması qeyd olunmuşdur. Maraqlı şəxs ASC ilə X13, X18 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər X13, X18 və İddiaçı həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu X12 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Göründüyü kimi kredit müqaviləsi üzrə əsas borclu ilə yanaşı birgə məsuliyyət daşımağı yalnız İddiaçı deyil, X13 və X18 da öhdəlik götürmüşlər. Bu səbəbdən məhkəmə tutulmalı olan borcun yalnız İddiaçı tutulmasını ədalətli hesab etməmişdir. Həmçinin icra qeydi ilə əsas borclu X12 da kənarda qalaraq ondan borc tutulmamışdır. Bundan başqa iş materiallarına əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə zamin X8 məxsus “Toyota Prius (hibrid)” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Gələcəkdə qeyd olunan avtomobil hərracdan satılıb tələbkarın borcu ödənilsə hazırki icra qeydi ilə də borclu İddiaçı tutulmalı olan borc tutulsa tələbkar əsassız olaraq varlanmış olacaq və məhkəmədə yeni iddia tələblərinin qaldırılmasına səbəb olacaq.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu, 331.1-ci, 334.1-ci, 385.1-ci, 390.1-ci, 448.1-ci, 739.1-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 36-cı, 42-ci, 43-cü, 44-cü maddələrinə, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı, 79-cu maddələrinə, "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci, 169-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Maraqlı şəxs ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Maddənin tələbindəndə göründüyü kimi borclular barəsində icra qeydi borclunun olduğu yer üzrə notariat ofisi tərəfindən aparılır. Məhkəmə isə bu halı nəzərə almamaqla maddi hüquq normasının tələbini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında Maraqlı şəxs ASC-nin nümayəndəsi X10 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. İş üzrə cavabdeh ünvan 1 ünvanlayaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş və mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
21. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın: 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iş materiallarına istinadən ilk növbədə qeyd edir ki, Maraqlı şəxs ASC ilə X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK-487545/23 saylı kredit müqaviləsinə əsasən X7 illik 19% olmaqla 18 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Maraqlı şəxs ASC ilə X13, X18 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər X13, X18 və İddiaçı həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu X12 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Maraqlı şəxs ASC-nin müraciəti əsasında Bakı Şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu X22 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi vermişdir. İcra qeydinə əsasən Maraqlı şəxs ASC-nin xeyirinə 11636 manat 22 qəpik, 2231,33 manat penya və 25 manat dövlət rüsumu tutulması qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X11 Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamışdır. Həmçinin İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə zamin X8 məxsus “Toyota Prius (hibrid)” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda iddiaçı Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsini xahiş edir.
28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin İddiaçı göndərilməsi barədə Maraqlı şəxs ASC tərəfindən məhkəməyə bildirişin göndərilməsi barədə qaimə təqdim olunsa da, qaimədə bildirişin kim tərəfindən, nə vaxt qəbul edilib-edilməməsi, barədə heç bir məlumat oxunmur. Bildirişin İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmir. Həmçinin məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri 30 saylı notariat ofisinin 8İ-15678 saylı, xx.xx.2024-cü il tarixli icra qeydində Maraqlı şəxs ASC-yə olan borcun yalnız İddiaçı tutulması qeyd olunmuşdur. Maraqlı şəxs ASC ilə X13, X18 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zaminlər X13, X18 və İddiaçı həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu X12 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər.
29. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır.
30. Belə ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. X12 tərəfindən kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilməmişdir. Nəticə olaraq, Bakı şəhəri 30 saylı notariat ofisində icra qeydi xx.xx.2024-cü il tarixində aparılmışdır. İcra qeydi üzrə verilmiş icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur.
31. Hər bir halda, məhkəmə kollegiyası icra qeydinin aparılacağı ilə bağlı bildirişlərin kim tərəfindən və nə vaxt qəbul edildiyinin görünməməsi ilə bağlı vurğulayır ki, qanunverici həmin bildirişin tərəflərə (müəyyən olan ünvan) göndərilməsini, özündə ehtiva edir. Hazırki qeyd edilən halda bildirşlərin müəyyən edilmiş ünvanlara göndərilməsi və həmin biliidirlşlərin göndəriləsini təsdiq edən qaimələrin olması mütləqdir. Həmin bilidirşlərin alınması və ya kimin tərəfindən alınması barədə ödhdəlik müəyyən edilməmişdir. İş materiallarında olan sənədlərə əsasən də Maraqlı şəxs ASC bu məsələ ilə bağlı qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələrini yerinə yetirmişdir. Həmin ünvanda bildirişin kim tərəfindən və nə vaxt əldə edilməsinin görünməməsi səbəbindən bildirişi bilavasitə borcluya çatdırılmaması bildirişin göndərilməməsi kimi qiymətləndirilə bilməz.
32. Bundan əlavə apellyasiya şikayətində borclulardan yalnız apellyatora münasibətdə icra verildiyi qeyd edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericiliyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Göründüyü kimi, borclular barəsində icra qeydi borcluların olduğu yer üzrə notariat ofisi tərəfindən aparılır. Bu isə verilmiş icra qeydinin yalnız İddiaçı tutulması deyil, kredit müqaviləsi üzrə digər borclulara da şamil edildiyi anlamına gəlir. Digər borclularla bağlı da borcluların olduğu yer üzrə notariat ofisi tərəfindən icra qeydləri verilməsi barədə müraciət edilmiş və verilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin 8(037)-4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə zamin X8 məxsus “Toyota Prius (hibrid)” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhz avtomobil üzərinə həbs qoyulması icra qeydi üzrə borc məbləğinin tutulmasının təmin edilməsi ilə bağlı qəbul edilmişdir.
33. Göründüyü kimi notariusun icra qeydi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış və onun ləğv edilməsi üçün əsasları düzgün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz qənaətində haqlı olmamışdır.
34. Bu səbəbdən maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(007)-1214/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Maraqlı şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(007)-1214/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.