Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-53/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1, onların nümayəndəsi (vəkili) X2, Cavabdeh və onun vəkili X3 iştirakları ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(001)-2250/21 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 Ayaz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh məxsus evin tikilməsi və təmiri ilə məşğul olmuşlar. İddiaçı2 iş icraçısı (təşkilatçı), İddiaçı1 Ayaz oğlu is fəhlə olmuşdur. Görüləcək işlərin ümumi dəyəri ilə bağlı aralarında yazılı razılaşma olmamış, işlər görüldükcə dəyərinin ödənilməsi barədə şifahi razılığa gəlmişlər. Ev tikilib cavabdehə təhvil verilmişdir. İddiaçılar işlərin qalıq dəyərinin tam ödənilmədiyini bildirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı2 xeyrinə 6.500 manatın və İddiaçı1 xeyrinə 5.500 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yerində yeni ev tikilməsi üçün onlara müraciət etmişdir. Razılığa əsasən onlar tikinti işlərini hissə-hissə icra etməli, görülən işlərin dəyəri də bu şəkildə ödənilməli idi. Evin tikintisi ilə bağlı bütün tikinti materiallarının alınmasına və tikinti işlərinin yerinə yetirilməsi üçün digər xərclərin pulu Cavabdeh tərəfindən verilməli idi. Qeyd edilən ünvanda ümumilikdə 32.000 manatlıq iş görmüşlər. Həmin məbləğin 17.700 manatı cavabdeh tərəfindən ödənilmiş, qalan məbləğin verilməsindən isə imtina edilmişdir. Dəfələrlə cavabdehdən pulun ödənilməsini tələb etsələr də, ödənişdən boyun qaçırmışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş № 2(001)-2250/21) iddia rədd edilmişdir.
5. Məhkəmənin qənaətinə görə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişlər.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 753.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsinə dair iddiaçıların vəsatətini əsassız olaraq rədd etmiş, işin faktiki hallarına doğru qiymət verməmişdir. Cavabdeh özü də iddiaçıların onun evində işləməsini və iddia edilən işlərin siyahısını etiraf etmiş, məhkəmə bunu nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçılar və onların nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. Cavabdeh və vəkili isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
13. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçılar tərəfindən mübahisələndirildiyindən və iddia bütünlüklə rədd olunduğundan qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin həqiqi hallarına uyğun gəlmir. Məhkəmə düzgün olaraq tərəflər arasında podrat münasibətlərinin olduğu qənaətinə gəlsə də, həmin münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını mübahisəyə düzgün tətbiq etməmişdir.
18. İşdən göründüyü kimi, hazırkı iş üzrə tərəflər arasında mübahisə cavabdehin evinin yenidən qurulması və əsaslı təmiri ilə əlaqədar yaranmışdır. İddiaçılar cavabdehin evində təmir və tikinti işləri apardıqlarını, lakin görülmüş işlərin dəyərinin cavabdeh tərəfindən tam ödənilmədiyini iddia etmişlər. Cavabdeh isə iddiaçılar tərəfindən işlərin görüldüyünü, lakin qüsurlu icra olunduğunu, buna baxmayaraq iddiaçılara ödəniş etdiyini və borcunun olmadığını bildirmişdir.
19. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında işlərin görülməsi ilə bağlı şifahi podrat müqaviləsi bağlanmış, tikintinin ümumi qiyməti ilə bağlı razılaşma olmamış, işlər icra olunduqca dəyəri hissə-hissə ödənilmişdir. Tikinti-təmir işləri 2016-2017-ci illərdə aparılmışdır.
20. Mülki Məcəllənin 752.1-ci maddəsinin tələbinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
22. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh 07 aprel 2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında görülən işlərə görə pulu İddiaçı2 verdiyini, pul qurtardığı üçün Rusiyaya getdiyini, qayıdanda Mehdinin 8000 manat borc qaldığını dediyini, bu səbəbdən Mehdiyə əvvəlcə 7000 manat, 2 gün sonra isə əlavə 1000 manat olmaqla, cəmi 8000 manat verdiyini bildirmişdir (i.v.66).
23. Cavabdeh apellyasiya baxışı zamanı da eyni məzmunda izahat verərək Rusiyadan qayıtdıqdan sonra təmir-tikinti işlərinə görə qalıq borc məbləğini təşkil edən 8000 manatı İddiaçı2 ödədiyini bildirdi.
24. İddiaçı tərəf birinci instansiya məhkəməsində izahat verərkən Rusiyadan qayıtdıqdan sonra cavabdeh tərəfindən onlara hər hansı məbləğdə pul verilmədiyini göstərmişdir (i.v.65).
25. Apellyasiya baxışı zamanı İddiaçı2 izahat verərək göstərdi ki, tikinti işləri qurtardıqdan sonra müvafiq güzəştlər edilməklə 11800 manat qalıq borcun ödənilməsi üçün dəfələrlə cavabdehə müraciət etmiş, cavabdeh 8000 manat ödəyə biləcəyini bildirmiş, lakin həmin məbləği də ödəməmişdir. Cavabdeh Rusiyaya gedib avtomobilini satsa da, qayıtdıqdan sonra vədinə əməl etməmiş, onlara olan borcunu ödəməmişdir.
26. Digər İddiaçı1 da izahatında görülən işlərin dəyərinə görə cavabdehin ona 5500 manat borcu qaldığını, lakin həmin borcun bu günədək ödənilmədiyini göstərmişdir.
27. O, həmçinin tikinti işləri qurtardıqdan sonra cavabdeh tərəfindən İddiaçı2 8000 manat pul verilmədiyini bildirmişdir.
28. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçıların öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədiklərinə istinad etmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi pulun ödənilibödənilməməsi ilə bağlı sübutetmə yükünü iddiaçı tərəfin üzərinə qoymaqda səhvə yol vermişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, görülmüş işlərin dəyəri olaraq 8000 manat borcun qaldığı cavabdeh tərəfindən etiraf olunduğundan iddiaçı həmin halı sübut etmək yükündən azad olur.
31. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclas protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
32. Belə olan halda həmin məbləğin iddiaçı tərəfə ödənilməsini sübut etmək mülki prosessual qanunvericiliyin tələbinə görə artıq cavabdehin vəzifəsidir. Cavabdeh 8000 manat məbləğində pulu Rusiyadan qayıtdıqdan sonra iddiaçı tərəfə ödədiyini göstərsə də, işə baxan məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir.
33. Cavabdehin vəsatəti əsasında onun anası X4 apellyasiya baxışı zamanı şahid kimi dindirildi. O, ifadəsində göstərdi ki, evin damı vurularkən, yəni tikinti işləri yekunlaşarkən o, oğlunun tapşırığına əsasən İddiaçı2 7000 manat pul vermişdir.
34. Məhkəmə kollegiyası İddiaçı2 və Cavabdeh izahatlarına əsasən müəyyən etdi ki, həmin 7000 manatın cavabdehin etiraf etdiyi və iddiaçıların ödənilmədiyini bildirdiyi 8000 manata aidiyyəti yoxdur. Belə ki, 7000 manat tikinti işlərinin gedişində görülmüş işlərin dəyəri kimi ödənilmişdir. 8000 manat isə həm tikinti, həm də təmir işləri qurtardıqdan və ev cavabdeh tərəfindən istismara qəbul olunduqdan sonra görülən işlərin qalıq dəyərinin (borcun) cavabdeh tərəfindən ödəməyə razılaşdığı məbləğdir. Cavabdeh bu məbləği Rusiyadan qayıtdıqdan sonra ödədiyini, iddiaçı tərəf isə cavabdehin yalan danışdığını, bu məbləğin ödənilmədiyini bildirir.
35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
36. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
37. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.
38. Mülki Məcəllənin 769-cu maddəsinin tələbinə görə əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
39. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqavilətə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
40. İşdən müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçıların gördüyü iş sifarişçi tərəfindən qəbul olunmuşdur. Sifarişçi işin qüsurlu olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
41. Mülki Məcəllənin 773-cü maddəsinin tələbinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
42. Apellyasiya baxışı zamanı fərdi yaşayış evində hansı təmir-tikinti bərpa işləri aparıldığı, aparılmış təmir-tikinti bərpa işlərinin dəyərinin müəyyən olunması üçün iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin cavabdeh ekspertizanın keçirilməsinə şərait yaratmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır.
43. MPM-ə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (maddə 97.5).
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh 8000 manatın iddiaçı tərəfə ödənilməsini təsdiq edən sübutlar təqdim edə bilmədiyindən və bu baxımdan baxılan iş üzrə iddia tələbi qismən - 8000 manat pul tələbi hissəsində sübuta yetirilmiş sayıldığından həmin hissədə təmin olunmalı, Cavabdeh 3500 manat tutularaq İddiaçı1 Ayaz oğluna, 4500 manat isə İddiaçı2 verilməli, iddia tələbi qalan hissədə sübut olunmadığından rədd edilməlidir.
45. Məhkəmə kollegiyası İddiaçı2 xeyrinə 4500 manat və İddiaçı1 xeyrinə 3500 manat pul tutulması qənaətinə gələrkən cəmi tələb olunan məbləğin 12000 (6500 + 5500) manat olduğunu və cavabdehin bu məbləğdən yalnız 8000 manat ödəməyə razı olduğunu, iddiaçıların isə buna etiraz etmədiklərini nəzərə alır. 12000 manat borcun 8000 manata, yəni 4000 manat az məbləğə razılaşdırılması hər iddiaçıya münasibətdə tələbin 2000 manat azaldılması deməkdir ki, bu da 6500 manata münasibətdə tələbin 4500 manat hissəsində, 5500 manata tələbə münasibətdə isə tələbin 3500 manat hissəsində təmin olunmasına gətirib çıxarır.
46. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına tam uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
49. Məhkəmə kollegiyası izah edir ki, iddia tələbinin hər iddiaçıya münasibətdə rədd olunan hissəsi 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq iddiaçılar qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdehin ödəməli olduğu cəmi məbləğ 5000 manatdan çox olduğundan onun tərəfindən kassasiya şikayəti verilə bilər.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Cavabdeh 4500 (dörd min beş yüz) manat pul tutularaq İddiaçı2 və 3500 (üç min beş yüz) manat pul tutulub İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.