Məhkəmə qərarları › İş №2(103)-53/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-53/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-53/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 yanvar 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun mülkiyyətində olan və Bakı şəhəri, Nizami rayonu, Əzim Əzimzadə küçəsi, 16 saylı binanın 1-ci mərtəbəsində yerləşən 1 saylı mənzilə həmin binanın 2-ci mərtəbəsində yerləşən və cavabdehə məxsus 3 saylı mənzildən suyun axıdılması nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 4.500 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehin mənzilindən onun mənzilinə su axıdılması halının qarşısının alınması üçün su-təchizat sisteminin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mənzili (iddia ərizəsində göstərilən ünvanda yerləşən) binanın 1-ci mərtəbəsində, cavabdehin mənzili isə binanın 2ci mərtəbəsində, iddiaçıya məxsus mənzilinin üstündə yerləşir. Cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılmış, bunun nəticəsində iddiaçının mənzilinin mətbəxinin, hamam otağının və dəhlizinin təmiri yararsız hala düşmüş, həmin sahələrin divarlarında, döşəməsində və tavanında qüsurlar əmələ gəlmiş, mətbəx və dəhlizin divarlarında olan divar kağızları qopmuşdur. Bu hal ilk dəfə baş verməmiş, əvvəllər də olmuşdur. Suyun axıdılması hələ də davam edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, su və kanalizasiya sistemində olan nasazlıq cavabdeh tərəfindən aradan qaldırılmır. İddiaçı bu problemlə bağlı dövlət qurumlarına dəfələrlə müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehin qanunazidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi üçün cavabdehdən onun xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. İddiaçının mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün 4.500 manat vəsait tələb olunur. Cavabdeh ziyanı könüllü olaraq aradan qaldırmır. Buna görə də iddiaçı hesab edir ki, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi üçün cavabdehdən onun xeyrinə 4.500 manat məbləğində pul tutulmalıdır. Cavabdeh iddiaçıya vurduğu zərəri ödəmədiyindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır ki, bu xərcin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. b) cavabdehin iddia tələbinə münasibəti barədə məlumat

3. İş üzrə cavabdeh Rayon Məhkəməsinin iclaslarında iştirak etməmiş və iddiaya dair yazılı münasibətini Rayon Məhkəməsinə təqdim etməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehə məxsus mənzilindən iddiaçıya məxsus mənzilə su axıdılması halının qarşısının alınması üçün su-təchizat sisteminin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3.557 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə rədd edilməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərcinin ödənilməsi məqsədi ilə 50 manat məbləğində pulun cavabdehdən tutularaq dövlət nəfinə ödənilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə su axıdılmış, bunun nəticəsindən iddiaçının mənzilinin mətbəxinin, hamam otağının, yaşayış otağının və dəhlizinin təmiri yararsız hala düşmüşdür. Su sızma nəticəsində iddiaçının mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3.557 manat təşkil edir. Buna görə də, iddianın “maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsi qismən təmin edilməli, maddi zərərin əvəzi olaraq 3.557 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, bu tələbin qalan hissəsi isə təmin edilməməlidir. Rayon Məhkəməsi mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində isə iddianı əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı ona mənəvi ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və nəticədə qanunsuz, əsassız və ədalətsiz qətnamə çıxarmışdır. Belə ki, iddiaçının məhkəmə iclasından məlumatı olmamış, qətnamə icraya yönəldildikdən sonra icra məmuru vasitəsilə bundan xəbər tutmuşdur. İddia tələbi əsassızdır. Belə ki, iddia ərizəsində faktlar saxtalaşdırılmışdır. İddiaçı hələ 2021-ci ilin fevral ayında Bakı Şəhəri Nizami Rayon 25-ci Polis Şöbəsinə su axması ilə bağlı müraciət etmiş, cavabdeh, həmin Şöbəyə dəvət edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin mənzilinin mətbəxində olan kanalizasiya xəttinin tutulması nəticəsində iddiaçının mənzilində cüzi miqdarda nəmlənmə baş vermişdir. Cavabdeh, kanalizasiya xəttini yeniləmiş və sahə müvəkkili cavabdehin mənzilinə yenidən baxış keçirmiş və hər şeyin qaydasında olduğunu təsdiqləmişdir. Hazırda cavabdeh həmin ünvanda yaşamır. Mənzilini xx.xx.2021-ci il tarixində X2 adlı şəxsə satmışdır. İddiaçıya ziyan dəyən vaxt mənzil artıq cavabdehə məxsus olmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, cüzi su axıdılması nəticəsində iddiaçının mənzilində istər iddia ərizəsində, istərsə də ekspert tərəfindən verilmiş rəydə qeyd edilən məbləğdə qüsurların yaranması qeyri-mümkündür. Eyni zamanda nəzərə alınmalıdır ki, iddia ərizəsində qeyd edilir ki, iddiaçının mənzilinin mətbəxində, hamam otağında və dəhlizdə qüsurlar yaranmışdır, amma ekspert tərəfindən verilmiş rəydə qeyd edilir ki, iddiaçının mənzilinin həmin sahələrindən başqa mənzilin yaşayış otağında qüsurlar yaranmışdır. Göründüyü kimi, iddiaçı, mənzilinin yaşayış otağına ziyanın dəyməsini və bununla bağlı ona zərər dəyməsini bildirmədiyi halda, ekspert tələbdən kənara çıxmış, işə baxmış Rayon Məhkəməsi isə buna əhəmiyyət verməmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat vermişdir.

9. Sonrakı apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmiş cavabdeh apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

10. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinə uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus mənzilin yaşayış otağında yaranmış qüsurların aradan qaldırılması üçün təqribən 300 manat tələb olunur. f) apellyasiya baxışının hədləri barədə məlumat

11. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia qismən təmin edilsə də, iddiaçı, Rayon Məhkəməsinin iddianın bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o da iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.

12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

13. Məhkəmə, apellyasiya baxışının həddini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qəbul edilməklə həmin hissədə iddia qismən təmin edilməlidir.

14. Belə ki, işin müəyyən edilmiş və tərəflər arasında mübahisə doğurmayan halları ondan ibarətdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən binanın birinci mərtəbəsindəki 1 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Həmin binada və iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yerləşən 3 saylı mənzil əvvəllər cavabdehin xüsusi mülkiyyətində olmuşdur. 3 saylı mənzildən 1 saylı mənzilinə susızma halı olmuş, bunun nəticəsində 1 saylı mənzilin müəyyən sahələrində qüsurlar yaranmışdır.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli, 10/5695 saylı rəydən görünür ki, 1 saylı mənzilə həmin 3 saylı mənzilindən su axmışdır. Bunun nəticəsində 1 saylı mənzilin mətbəxində, hamam otağında, dəhlizdə və yaşayış otağında qüsurlar yaranmışdır. Yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3.557 manat təşkil edir.

16. Rayon Məhkəməsi həmin rəyə istinad edərək hesab etmişdir ki, cavabdehin mənzilindən suyun axıdılması nəticəsində iddiaçının mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün cavabdehdən iddiaçının xeyrinə 3.557 manat məbləğində pul tutulmalıdır.

17. Lakin apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, ekspertiza tədqiqatı ekspertiza qarşısında qoyulmuş suallara uyğun aparılmamışdır.

18. Belə ki, iddia ərizəsində qeyd edilir ki, iddiaçıya məxsus mənzilin mətbəxində, hamam otağında və dəhlizdə qüsurlar yaranmışdır, amma ekspert tərəfindən verilmiş rəydə qeyd edilir ki, iddiaçının mənzilinin həmin sahələrindən başqa mənzilin yaşayış otağında qüsurlar yaranmışdır. Rəydən və iş materiallarından görünür ki, iddiaçı, mənzilinin yaşayış otağına ziyanın dəyməsini və bununla bağlı ona zərər dəyməsini bildirmədiyi halda, ekspert iddiaçıya məxsus mənzilin yaşayış otağına görə də ziyanı hesablamışdır.

19. Buna görə də, apellyasiya icraatı zamanı Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertiza qarşısında “iddiaçıya məxsus mənzilinin mətbəx, hamam otağı və dəhlizində yaranmış qüsurların aradan qaldırılması üçün nə qədər pul vəsaiti tələb olunur” sualını qoymuşdur.

20. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 10/4390 saylı rəyində qeyd edilmışdır ki, su sızma nəticəsində iddiaçının mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan işlərin orta bazar qiyməti 3.557 manat təşkil edir.

21. Məhkəmə qeyd edir ki, bu rəydə, ekspert, iddiaçıya məxsus mənzilin hansı hissələrinə zərərin dəyməsini bildirməsə də, Məhkəmə Ekspertiza Mərkəzinin işə baxmış Rayon Məhkəməsinə verdiyi xx.xx.2021-ci il tarixli, 10/5695 saylı rəyindən görünür ki, həmin rəyi vermiş ekspert, su sızma nəticəsində iddiaçının mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan işlərin orta bazar qiymətinin 3.557 manat təşkil etdiyi bildirməklə yanaşı rəydə göstərmişdir ki, həmin zərərin məbləği iddiaçıya məxsus mənzilin mətbəxində, hamam otağında, dəhlizində və yaşayış otağında yaranmış qüsurların aradan qaldırması üçün nəzərdə tutulan məbləğdir.

22. Ekspertiza tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydə ekspertin iddiaçıya məxsus mənzilin hansı sahələrinə yaranmış qüsurların nəzərə almasını, mənzilin yaşayış otağının nəzərə alıb-almadığını qeyd etmədiyindən, yuxarıda göstərilən hər iki rəydə qeyd edilən məbləğin eyni məbləğ olmasını nəzərə almış Məhkəmə hesab etmişdir ki, ekspert, iddiaçıya dəymiş zərərin məbləğini müəyyən edərək mənzilin yaşayış otağında da yaranmış qüsurları tədqiq edərək ümumi ziyanın məbləğinə daxil etmişdir.

23. Bu səbəbdən Məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla yenidən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və cavablandırılması məqsədilə ekspertiza qarşısında yuxarıda qeyd edilən sualı qoymuş və qərardadda xüsusi ilə qeyd etmişdir ki, ekspertiza keçirilən zaman iddiaçıya məxsus mənzilin yaşayış otağında olan qüsurlar nəzərə alınmasın.

24. Lakin ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmadığından ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.

25. Apellyasiya baxışı zamanı mənzilin yaşayış otağına nə qədər ziyan dəyməsi ilə bağlı iddiaçının vəkilinin (nümayəndənin) fikri öyrənilmiş və o, bildirmişdir ki, iddiaçıya məxsus mənzilin yaşayış otağında yaranmış qüsurların aradan qaldırılması üçün təqribən 300 manat tələb olunur.

26. Məhkəmə iş materiallarında olan sübutları, ekspert rəylərinin məlumatlarını, habelə mənzilin yaşayış otağının ayrılmaqla mənzilin digər hissələrinə dəymiş ziyanın məbləğinin ekspert rəyi ilə müəyyən edilməsinin mümkün olmadığını nəzərə alaraq hesab edir ki, yaşayış otağına vurulmuş ziyanın həcminin 500 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. Həmin məbləğ mənzilə vurulmuş ziyanın ekspert rəyi ilə müəyyən olunan ümumi məbləğindən çıxılmaqla iddia tələbi həddində mənzilə vurulmuş ziyanın məbləği (3.557-500=) 3.057 manat müəyyən olunmalıdır.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır (maddə 1096.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.).

28. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

29. Bununla da müəyyən edilir ki, cavabdehin müzakirə edilən bu dəlili qismən əsaslıdır.

30. Məhkəmə apellyasiya şikayətinin digər dəlili olan mənzilə susızması zamanı mənzilin cavabdehin mülkiyyətində olmaması barədə dəlili ilə bağlı bildirir ki, hadisə baş verən zaman mənzilin mülkiyyətçisi cavabdeh olmuşdur. Belə ki, hər iki mənzilin yerləşdiyi binaya xidmət göstərən 83 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə suyun axıdılması faktı xx.xx.2021-ci il tarixdə baş vermişdir. Cavabdeh təqdim etdiyi AN seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsindən” isə görünür ki, cavabdeh özünə məxsus mənzili xx.xx.2021-ci il tarixdə satmışdır.

31. Göründüyü kimi, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.

32. Cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilə suyun axıdılması müəyyən edildiyindən Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından çıxış edərək hesab edir ki, Rayon Məhkəməsi cavabdehə məxsus mənzilindən iddiaçıya məxsus mənzilə su axıdılması halının qarşısının alınması üçün sutəchizat sisteminin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qət etməkdə haqlı olmuşdur.

33. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi

34. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia tələbi apellyasiya baxışının predmeti olan hissədə qismən əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi vurulmuş maddi ziyanın məbləğini düzgün müəyyən etməmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və formal mülahizə xarakteri daşımır.

35. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

36. Məhkəmə həmçinin bildirir ki, tərəflər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər. Belə ki, apellyasiya baxışının predmetini təşkil edən hissədə iddianın qiyməti beş min manatdan azdır. Bu isə MPM-in 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya verilməsini istisna edir.

37. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 yanvar 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh iddiaçının xeyrinə tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə Cavabdeh 3.057 (üç min əlli yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi tərəfindən qəbul edilmiş 26 yanvar 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni Bakı şəhəri, Nizami rayonu, Əzim Əzimzadə küçəsi, 16 saylı evin 3 saylı mənzilindən İddiaçı məxsus mənzilə su axıdılması halının qarşısının alınması üçün su-təchizat sisteminin düzəldilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh İddiaçı xeyrinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutulması, ekspertiza təhqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Nəzərə alınsın ki, hazırki iş üzrə Bakı Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 26 yanvar 2022-ci il tarixli qətnamənin iddianın bir qisminin təmin edilməməsi hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar