Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5313/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2943/2024 saylı, 18 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(101)-799/2023 saylı hökmünə əsasən İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə bəraət almış, həmin hökümdən verilmiş apelyasiya və kassasiya protestlərinin müvafiq məhkəmələrin aktları ilə təmin edilməməsi qərara alınmışdır.
2. İşdə olan materiallar ilə həmçinin İddiaçı təqsirləndirildiyi maddə üzrə ibtidai istintaq və məhkəmə araşdırması zamanı (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək) həbsdə saxlanıldığı müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 2022-ci il tarixdən 17 may 2023-cü il tarixədək qanunsuz olaraq 7 ay 29 gün müddətində həbsdə saxlanılmasına görə ona vurulmuş maddi, fiziki və mənəvi zərərin əvəzi olaraq 80.000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, o, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi tərəfindən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə, saxlama, daşıma”-da şübhələnilərək 18 sentyabr 2022-ci ildə saxlanılmışdır. Həmin gün o, AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, daha sonra Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin icraatına verilmiş və müstəntiq tərəfindən müvəkkilinin əməli AR CM-nin 234.1-1-ci maddəsinə tövsif edilərək xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmişdir. Eləcədə də, müstəntiqin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sabunçu Rayon Prokurorluğu tərəfindən Sabunçu Rayon Məhkməsinə təqdimat verilmişdir. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçmişdir. Həbs qətimkan tədbirinin seçilməsindən tərəfindən şikayət verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 4(103)-625/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət rədd edilmişdir. Daha sonra iki dəfə ev dustaqlığına buraxılması barədə tərəfindən vəsatət verilmiş və Sabunçu Rayon Məhkəməsinin 4(008)-835/2022 saylı, xx.xx.2022-ci il tarixli, 4(008)-896/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə vəsatətləri rədd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-799/2023 saylı, xx.xx.2023-cü il tarixli bəraət hökmü ilə ona bəraət verilmiş, həmin tarixdən məhkəmə iclas zalından azad edilmişdir. İş üzrə ittiham tərəfi apellyasiya protesti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1420/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü qüvvəsində qalmışdır. Ali Məhkəmənin 1(102)-443/2024 saylı, 29 mart 2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvəsində saxlanılmışdır. Cinayət təqibi üzrə icraat aparan orqanların səhvi nəticəsində 7 ay 29 gün həbsdə qalmış, bütün gəlir-qazancından məhrum olmuş, maddi məhrumiyyətə məruz qalmış, mənəvi sarsıntı keçirmiş və fiziki sağlamlığını itirmişdir. İstintaq orqanlarının etdiyi səhv nəticəsində şəxsə vurulmuş maddi və mənəvi zərər aşağıdakılardan ibarətdir: 1)qanunsuz olaraq 7 ay 30 gün həbsdə saxlanılmaqla ailə üzvlərindən uzaq qalmış və daimi mənəvi iztirab çəkmiş və sarsıntı keçirmişdir. 2)həbsdə olarkən ailəsi mənəvi sarsıntıyla üzləşmiş, narkoman ailəsi damğası ilə yaşamaq məcburiyyətində qalmışlar. 3)qanunsuz həbs və ardınca da narkoman damğası şəxsiyyətinə və qüruruna elə zərbə vurmuşdur ki, indiyə kimi dostları və qohumları onunla məsafə saxlamağa çalışırlar. 4)qanunsuz həbs nəticəsində bütün gəlirlərindən məhrum olmuş, ailəsinin yeganə qazanc gətirəni olduğundan ailəsi də dolanışıq çətinliyi ilə üzləşmişdir. 5)hökmdən də aydın olduğu kimi o, öz təqsirsizliyini diqqətə çatdırmaq xatirinə dəfələrlə özünə qəsd etmişdir. Həbsdə saxlanılan zaman xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından “həzm traktının metal yad cismi" diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborotor, instrumental müayinələrdən keçirilmişdir. Qarın boşluğu orqanlarının rentgenoloji müayinəsi zamanı həzm traktında bir ədəd yad cisim - qaşıq izlənmişdir. Xəstə üzərində yad cismin xaric edilməsi cərrahi əməliyyatı icra edilmişdir. Nəticədə o, sağlamlığını itirmişdir. Qanunsuz həbslə bağlı onun mənəvi sarsıntı keçirməsi, maddi məhrumiyyətlərə uğraması, ailəsinin dolanışıq çətinliyinin olması, həmçinin şəxsin sağlamlığını itirməsi mübahisəsizdir və o, həbs olunduqdan sonra baş verən proseslər zamanı stressləri, əzab və əziyyətləri, məhrumiyyətləri ilə bağlı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda maddi və mənəvi ziyanın pul məbləğində ifacə olunmasını mümkün sayır. Bu baxımdan iddiaçının 80 000 manat həcmində təzminat və ya kompensasiya tələb etməsi düzgündür. Nəzərə alınmalıdır ki, bəraət hökmündə də qeyd edildiyi kimi xəstə üzərində yad cismin xaric edilməsi cərrahi əməliyyatı icra edilmişdir. Bu əməliyyatın onun həyatına çox ciddi yan təsirləri olmuşdur. Çünki o, həbs olunan tarixədək dəmir və əlvan metalları yığıb satmaqla məşğul olmuş və ailəsini onunla təmin etmişdir. Sözügedən cərrahi əməliyyatlardan sonra o fərdi əmək qabiliyyətini itirmişdir. Faktiki olaraq sağlamlığı bərpa edilməz dərəcədə zədələnmişdir. Ağırlıq qaldırmaq artıq onun üçün əks göstərişlidir. O, xx.xx.2022-ci il tarixdə saxlanılan zaman ona fiziki təzyiqlər edilmiş, döyülmüş və etmədiyi cinayəti boynuna almaq üçün sair təzyiqlər edilmişdir. Qətimkan tədbirinin seçilməsi zamanı fiziki təzyiqlərin edilməsi ilə bağlı tərəfindən məhkəmə qarşısında vəsatət verilmiş və məhkəmənin qərarı ilə prokurorluq qarşısında məsələ qaldırılmışdır. Bir neçə dəfə də bilavasitə tərəfindən prokuroluğa müraciət edilmişdir. Sabunçu Rayon Prokurorluğu müraciətlərinə səthi yanaşsa da Bakı Ağır Cinayətlər Məhkəməsi ədalət mühakiməsini həyata keçirərək barəsində bəraətverici hökm çıxarmışdır.
3. Daha sonra iddiaçı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 2022-ci il tarixdən 17 may 2023-cü il tarixədək qanunsuz olaraq 7 ay 29 gün müddətində həbsdə saxlanılmasına görə ona dəymiş (məhrum olduğu qazanc) maddi ziyana görə 12.000 manat, sağlamlığına dəymiş ziyana (fiziki ziyan) görə 8.000 manat və mənəvi zərərin əvəzi olaraq 60.000 manat, cəmi – 80.000 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, həbsdə saxlanılan zaman o, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından “həzm traktının metal yad cismi” diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborotor, instrumental müayinələrdən keçirilmişdir. Qarın boşluğu orqanlarının rentgenoloji müayinəsi zamanı həzm traktında bir ədəd yad cisim - qaşıq izlənmişdir. Xəstə üzərində yad cismin xaric edilməsi cərrahi əməliyyatı icra edilmişdir. O, ailə başçısıdır və əsassız cinayət təqibinə məruz qalana və həbs olunanadək ailəsini fərdi əməklə dolandırmış və ailə başçısı kimi aya 1500 manat qazanmışdır ki, 8 ay ərzində 12000 manat qazancından məhrum olmuşdur. Sağlamlığına zərər dəymişdir ki, həmin zərəri 8000 manat məbləğində dəyərləndirir. Qanuna əsasən əmək qabiliyyətli olmuş özü üçün 287 manat, öhdəsində olan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adında iki azyaşlı uşaq üçün 235 manat hesablandıqda belə müəyyən edilmiş 757 manat məbləğ kifayət qədər yüksək dolanışığı təmin etmir və minimal dolanışıq üçün nəzərdə tutulmuşdur.
5. Cavabdeh tərəf iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etməmişdir. Yəni iddiaçı xərcləri əsaslandırmadan maddi zərərə görə yüksək məbləğdə kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın(məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s) konkret növləri göstərilmişdir. İddiaçı həmçinin mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb edir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2943/2024 saylı 18 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 8.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023 il tarixədək - 07 ay 29 gün (Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(008)-797/2022 nömrəli qərarı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-799/2023 nömrəli hökmü) müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.
9. Məhkəmə öz mövqeyini «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2943/2024 saylı 18 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 8000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 190-cımaddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikrimizcə Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 8000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
18.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
19.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 20.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 21.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 22.1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin
23.57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 24.58.1-ci və 58.3-cü maddələrinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
25.1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 26.5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 27.6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 28.7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
29.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
30.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 33.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 34.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 37.İşin mübahisələndirilməyən hallarından görünür ki, qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2023-cü il tarixli, 1(101)-799/2023 saylı hökmünə əsasən İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə bəraət almış, həmin hökümdən verilmiş apelyasiya və kassasiya protestlərinin müvafiq məhkəmələrin aktları ilə təmin edilməməsi qərara alınmışdır. İşdə olan materiallar ilə həmçinin İddiaçı təqsirləndirildiyi maddə üzrə ibtidai istintaq və məhkəmə araşdırması zamanı (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək) həbsdə saxlanıldığı müəyyən olunmuşdur. 38.Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 və 1101.1-ci maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunazidd hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri. Bundan başqa qeyd edilməlidir ki, qanunvericilikdə zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da nəzərdə tutulmuşdur. 39.Belə ki, 1101.1-ci maddəsinin məzmunundan göründüyü kimi qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq yaranır. 40.Beləliklə, mülki hüquq pozuntusundan (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün zərər vuran şəxsin təqsirli olub-olmaması istisna olmaqla, yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Halbuki iş materiallarından da görünür ki, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının vəzifəli şəxslərinin törətdiyi əməllərə görə qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət yaranması üçün zəruri olan bütün şərtlərin mövcud olduğu qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Belə ki, hökmlə müəyyən edilmiş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmə araşdırmanın predmeti ola bilməz. 41.Məhkəmə kollegiyası həmçinin Mülki Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən qeyd etməyi zəruri sayır ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 42.Belə ki, barəsində məhkəmənin bəraət hökmü çıxarılmış, yəni təqsirliliyi müəyyən edilməmiş şəxsin Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində cinayət təqibinə məruz qalması nəticəsində uğradığı zərərin ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 43.Аzərbаycаn Respublikаsı Prezidentinin 9 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən də, Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. 44.Beləliklə də iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır. 45.Оnа görə də hazırki iş üzrə ödənilməli olan pul məbləği məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən tutulub iddiaçıya verilməlidir. 46.Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması, barəsində həbs növündə qətimkan tədbirinin tətbiq edilməsi, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmışdır. Bu da özü-özlüyündə İddiaçı psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı yoxdur. 47.Kollegiya həmçinin birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar gəldiyi qənaətlə razılaşır, mənəvi zərərin 8.000 manatdan az məbləğdə təmin olunmasını ədalətli və ağlabatan hesab etmir. 48.Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 49.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2943/2024 saylı 18 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova