Məhkəmə qərarları › İş №2(103)-5313/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5313/2025

17.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5313/2025 17.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Leyla Vəlişovanın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracda satılması və satış pulunun bölünməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına və üçüncü şəxs "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” müstəqil iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-21/2025 nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracda satılması və satış pulunun bölünməsi barədə” ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddiası və üçüncü şəxs "xxxx" ASC-nin cavabdehlər İddiaçı və Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” müstəqil iddiası qismən təmin edilərək aşağıdakılar qət olunub: 1) İddiaçı ilə "xxxx" ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli 202-11/İ nömrəli kredit müqaviləsi ləğv edilmiş hesab edilsin. İddiaçı və Cavabdeh müştərək qaydada 36.272,67 manat əsas, 1.670,96 manat faiz borcu olmaqla, cəmi 37.943,63 manat tutularaq "xxxx" ASC-yə ödənilsin. 2) Tələb ipoteka predmeti olan Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev № 54-də yerləşən 69 №-li mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 463.869 manat müəyyən edilsin, mənzil açıq hərracda satılsın və satışdan əldə edilən vəsaitdən cəmi 37.943,63 manat "xxxx" ASC-yə ödənilsin. Mənzilin açıq hərrac yolu ilə satışından əldə edilmiş pul borcu ödəməyə kifayət etmədikdə, borcun qalan hissəsi İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilsin, əldə edilmiş pul vəsaiti borc məbləğindən artıq olduqda pulun qalan hissəsinin yarısı İddiaçı, yarısı isə Cavabdeh verilsin. Mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılsın. 3) İddiaçı 19.053,27 manat tutularaq Cavabdeh verilsin İddiaçının ilk iddiasının, cavabdehin qarşılıqlı iddiasının və üçüncü şəxsin müstəqil iddisının qalan hissəsi təmin edilməyib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətində qətnamə iki hissədə mübahisələndirilib. Mübahisələndirilən birinci hissə Cavabdeh "xxxx" ASC-nin xeyrinə pul tutulmasına aid hissədir. Mübahisələndirilən ikinci hissə Cavabdeh mütəxəssis rəyi əldə etmək üçün ödədiyi 500 manatın əvəzinin əks tərəfdən onun xeyrinə tutulmasından imtina olunmasına aid hissəsidir. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilsin. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Leyla Vəlişova isə apellyasiya şikayətinin banka aid hissədə əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin mübahisələndirilən birinci hissəsi, yəni Cavabdeh "xxxx" ASC-nin xeyrinə pul tutulmasına aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayəti onunla əsaslandırılıb ki, Cavabdeh və İddiaçı hər ikisi bank qarşısında birgə borcludurlar. Belə olan halda İddiaçı Cavabdeh banka olan borcunun ödənilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Bununla bağlı məhkəmə qeyd edir ki, üçüncü şəxs "xxxx" ASC cavabdehlər İddiaçı və Cavabdeh qarşı kredit müqaviləsi borcun tutulması barədə müstəqil iddia ilə məhkəməyə müraciət edib. Göründüyü kimi, borcun ödənilməsini bank tələb edib. Bankın buna subyektiv hüququ var. Kredit müqaviləsində borcalan kimi İddiaçı göstərilsə də, bankdan alınmış pul vəsaiti İddiaçı və Cavabdeh nikah dövründə ailə ehtiyacları üçün istifadə olunduğundan, onlar hər ikisi borcun qaytarılmasına görə bankın qarşısında məsuliyyət daşıyır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh bankın xeyrinə pul tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Qətnamənin mübahisələndirilən ikinci hissəsi, yəni Cavabdeh mütəxəssis rəyi əldə etmək üçün ödədiyi 500 manatın əvəzinin əks tərəfdən onun xeyrinə tutulmasından imtina olunmasına aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh müraciəti əsasında “X1” MMC tərəfindən xx.xx.2022-ci il tarixli 237 nömrəli mütəxəssis rəyi verilib (cild 1, iş v. 106). Həmin rəydə qeyd olunub ki, tədqiqata təqdim edilmiş 55 ədəd "xxxx" ASC-nin mədaxil xəzinəsi orderində Cavabdeh adından icra edilmiş mübahisəli imzalar Cavabdeh tərəfindən sərbəst halda icra edilmişdir. Həmin MMC-nin verdiyi qəbzə görə, Cavabdeh bu rəyin verilməsi üçün MMC-nin hesabına 500 manat ödəyib (cild 1, iş v. 125). Göstərilən xərcin əvəzi tutula bilməz. Birinci, həmin sənəd “mütəxəssis rəyi” adlandırılsa da, onu verən şəxs məhkəmə tərəfindən hazırkı işdə mütəxəssis kimi tanınmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 61-ci maddəsinə görə, mütəxəssis prosesin iştirakçısı hesab olunur. MPM-in 64.1-ci maddəsinə görə, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Odur ki, hər hansı şəxsin mütəxəssis, onun verdiyi rəyin isə mütəxəssis rəyi sayılması üçün o, məhkəmə qərardadına əsasən məhkəməyə kömək etmək üçün prosesdə iştirak etməyə cəlb olunmalıdır. İkinci, iş üzrə icraat zamanı birinci instansiya məhkəməsinin qərardadı ilə həmin sənədlərə münasibətdə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunub və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixli 4/1644 nömrəli ekspert rəyi verilib (cild 4, iş v. 126). Məhkəmə mübahisəni həll edərkən həmin ekspert rəyinə istinad edib. Göründüyü kimi, məhkəmə Cavabdeh “mütəxəssis rəyi” kimi təqdim etdiyi sənəddən istifadə etməyib. Ona görə də məhkəmə MPM-in 119-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 500 manatın əvəzini əks tərəfdən Cavabdeh xeyrinə tutmaqdan imtina etməklə düzgün nəticəyə gəlib. Qətnamənin qalan hissəsi mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-21/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar