Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5315/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Filialına qarşı “kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmanın etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmanın etibarsız hesab edilməsi və s” ) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1291/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı (X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Abşeron Filialına qarşı “kredit xəttinin yenilənməsinə dair əlavə razılaşmanın etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı 2022-ci ilin may ayının 31-də Kapital Bank ASC-nin Abşeron Rayon Filialına müraciət edərək 4169-7387-6069- 7023 hesab nömrəli Bir Kart əldə etmişdir. Əvvəlcə bu kartdan debet kart kimi pul daxil edib sonra isə onunla mağazalardan alış-veriş edirdi. Bu alış-verişə görə iddiaçıya ikiqat ƏDV verirdilər. Bu qaydada bank kartını istifadə etdikdən sonra kartdan kredit kart kimi də istifadə edilməsinə şərait yaratdılar. Bu kart vasitəsi ilə uzun müddət həm debet kart kimi qoyub alış-veriş edirdi, həm də ehtiyacı olduğu zaman 100-200 manat kredit çəkib istifadə edirdi. Bu ilin iyul ayının 1-də kartından 1050 manat pulun başqa bir karta köçürüldüyünü gördü. Təcili banka gedib bununla maraqlandı. Banka onun tərəfindən həmin pul vəsaitinin istifadə edilmədiyini bildirdi. X5 Filialının rəhbərliyinə ona təhlükəsizlik kodunun gəlmədiyini, həmin kodun tərəfindən istifadə edilmədiyini bildirdi. Bu halda o, Kapital Bank tərəfindən ayrılmış kredit üçün məsuliyyət də daşımır. Bank özü kredit ayırıb iddiaçının adına, özü də həmin pulu ona verilmiş kart vasitəsi ilə başqasına ötürüb. Hesab edilir ki, bu halda 1050 manat pulun iddiaçıdan tələb edilməsi qanunsuzdur. Həqiqətən, Bankın günahı üzündən olmamasını bank özü sübut etməlidir. Belə ki, iddiaçının texniki imkanları Bank vasitəsi ilə pulun oğurlanmasını sübut edə bilmir. Belə ki, real vaxt rejimində kart sahibinin şəxsiyyətinin yoxlanılması-ödənişlər zamanı yalnız Banka və müştəriyə məlum olan təhlükəsizlik kodu ilə əməliyyatın təsdiqini nəzərdə tutur. Belə bir kodun təsdiq edilməsi iddiaçı tərəfindən və ya ona göndərilən kod vasitəsi ilə olmayıb. Hesab edilir ki, cavabdehlər tərəfindən bir istehlakçı olaraq iddiaçının hüquqları pozulub. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh ASC və onun Abşeron Filialı tərəfindən əmək haqqından akseptsiz qaydada tutulmanın dayandırılması və tutulmuş pulun İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh ASC və onun Abşeron Filialı tərəfindən əmək haqqından akseptsiz qaydada tutulmanın dayandırılması, tutulmuş 1279 manat pulun ona geri qaytarılması və xx.xx.2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Nəsimi Rayon Məhkəməsinin 2(006)1291/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin qismən təmin edilərək, xx.xx.2024cü il tarixli “Birbank cashback debet kart” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmanın etibarsız hesab edilməsi, həmin razılaşma üzrə İddiaçı Bankın xeyrinə tutulan 1279 (bir min iki yüz yetmiş doqquz) manat məbləğində pulun Cavabdeh ASCdən alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. İddiaçının mübahisələndirilən əməliyyatların aparılmasından xəbəri və iradə ifadəsi olmuşdur. Belə ki, “Birbank” mobil tətbiqi vasitəsi ilə limit artımı ilə bağlı edilmiş müraciətlərə dair məlumatları əks etdirən sistemdən çıxarışdan müəyyən edilir ki, limit artımı ilə bağlı uğurlu müraciət xx.xx.2024-cü il tarixdə edilmiş, yəni proses başladılmış, yekunlaşmış və buna dair sms vasitəsi ilə iddiaçının istifadəsində olan +**********03 mobil nömrəyə məlumat göndərilmişdir. Bununla da kredit xəttinin məbləği 1100 AZN müəyyən edilmiş, daha sonra isə iddiaçının istifadəsində olan +**********03 mobil nömrəyə xx.xx.2024-cü il tarixdə göndərilmiş 3D təhlükəsizlik kodları vasitəsi aparılmış əməliyyatlar nəticəsində pul vəsaitləri köçürülmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2022- ci il tarixli Birkart ƏDV Müqaviləsinin: - 7.2.6-cı yarımbəndinə əsasən kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). - 8.2-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlıMüştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. İşin faktiki hallarından və həmin halları təsdiq edən iş materiallarına əlavə edilmiş sübutlardan müəyyən edilir ki, sözügedən əməliyyatlar məxfi saxlanılmalı olan məlumatlardan istifadə edilməsi, təhlükəsizlik kodlarının göndərilməsi, həmin kodların təsdiq edilməsi yolu ilə, yəni bank hesab sahibinin sərəncamına əsasən aparılmışdır. Qeyd olunanlara əsasən qətnamənin qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir.
10. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
11. Cavabdeh ASC-yə məxsus “Birkart”ın surətindən görünür ki, 416973******7023 nömrəli kart MR.Rashad Amirova məxsusdur.
12. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli Birkart ƏDV müqaviləsinin surətindən görünür ki, Bank müştəriyə birkart ƏDV ödəniş kartı verir, müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin karta bağlı və xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açıq, müştəri isə kartdan və kredit xəttindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir.
13. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanan Birbank cashback kredit xətti////Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli Əlavə razılaşmaya əsasən müqavilə üzrə kredit xəttinin yeni məbləği 1100 manat müəyyən olunmuşdur.
14. Bank hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 1050 manat məbləğində pul başqa karta ötürülmüşdür.
15. Cavabdeh ASC tərəfindən verilən hesabdan çıxarışdan görünür ki, xx.xx.2024cü il tarixdə İddiaçı məxsus 416973******7023 nömrəli kart hesabından 1050 manat məbləğində pul vəsaiti X1 məxsus ******************** KR hesabına köçürülmüşdür.
16. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, sonuncu ilə Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Bank tərəfindən borcalana 60 ay müddətinə, 1100 manat məbləğində birkart müqaviləsi üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə əsas borc məbləği 1025,09 manat, faiz borc məbləği 173,94 manat olmaqla, 1199,03 manat məbləğində ümumi borcu, gecikmə günü 89 gün olmaqla 250,29 manat məbləğində gecikmə yaranmışdır. Qrafikə uyğun ödəniş aparılmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir.
17. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilən 07 may 2025-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı BEDV5298232A123 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1199 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1224.03 manat məbləğində pul tutulmalıdır.
18. Cavabdeh ASC tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli yazılı izahatdan görünür ki, iddiaçı ilə bank arasında xx.xx.2022-ci il tarixdə Birkart ƏDV müqaviləsi bağlanmış, müştərinin müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə biləcəyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə xx.xx.2022-ci il tarixli BEDV5298232A123 saylı birbank cashback kredit xətti///birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşma bağlanmış, kredit xəttinin məbləği 1100 manat müəyyən olunmuşdur. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Birbank qeydiyyatında cihaz dəyişikliyi olmuşdur. Qeyd edilməlidir ki, “Birbank” mobil tətbiqinin qeydiyyatının digər cihaza dəyişdirilməsi üçün “Birbank” mobil tətbiqinin qeydiyyatda olduğu mobil nömrəyə göndərilən təsdiq kodu mütləq şəkildə daxil edilməklə təsdiq edilməlidir. Əks halda dəyişikliyin baş tutması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun İddiaçı istifadəsində olan və “Birbank” mobil tətbiqinin qeydiyyatda olduğu +**********03 nömrəli mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə SMS vasitəsi ilə göndərildiyi məlum olmuşdur. Nəzərə alınmalıdır ki, həmçinin həmin göndərilən SMS-in mətnində müştəriyə edilən xəbərdarlıq mətni də yer alır: «Ostereqavtes telefonnix moshennikov! Sotrudnik banka ni pri kakix obstovatelstvax ne mozhet zaprosit u vas etot kod! Budte ostoroini!» Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Birkart ƏDV Müqaviləsinin 4.1-ci bəndinə əsasən Tərəflər razılığa gəlmişlər ki, Müştəri, bu Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində. SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə evni hüquqi qüvvəyə malikdir. İddiaçı tərəfindən “Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Birkart ƏDV Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq kredit xəttinin yenilənməsi üçün müraciət edilmiş və xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti //// Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilmiş və kreditin məbləği 1100 AZN məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi tərəflər öz iradə ifadələrini bildirməklə aralarında bağladığı müqavilə ilə ona dəyişiklik edilməsi qaydasını və formasını müəyyən etmişlər. Həmin qaydaya əsasən isə Birbank cashback kredit xətti //// Birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma baqlanılmaqla tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Birkart ƏDV Müqaviləsinin şərtlərinə dəyişiklik edilmişdir. Göründüyü kimi qanunvericlikdə ödəyici onun tərəfindən bu Qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozulması və dələduzluğa yol verildiyi hallarda avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə belə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan əməliyyatlar isə avtorizə edilmiş əməliyyatlardır. Belə ki, həmin əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +**********03 (təhlükəsizlik kodlarının göndərildiyi nömrə) nömrəli mobil nömrəyə xx.xx.2024-cü il tarixdə SMS vasitəsi ilə birdəfəlik yoxlama kodu göndərilmiş və köçürmə əməliyyatları həyata keçirilmişdir ki, buradan da onun hesabına dair özü sərəncam verdiyini və iradə ifadəsinin əksini görürük. Həmçinin, nəzərə alınmalıdır ki, əgər sözügedən əməliyyatların iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatların aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. Göründüyü kimi iddiaçının sərəncamına və razılığına əsasən sözügedən köçürmə əməliyyatları icra edilmiş və həmin köçürmə əməliyyatları kredit xəttindən istifadə edilərək kredit vəsaiti hesabına icra edildiyi üçün Banka ödənilməmiş borcu yaranmışdır. Bu səbəbdən iddiaçının 1100 manat vəsaitin ödəməsi öhdəliyindən azad edilməsi də qanunaziddir.
19. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5315/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mərkəzi Bankından mütəxəssis (ekspert) rəyi alınması qərara alınmış, rəy alınanadək icraat dayandırılmışdır. Mütəxəssis qarşısında 1) İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixdə xx.xx.2022-ci il tarixli, BEDV5298232A123 saylı birbank cashback kredit xətti///birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanarkən Azərbaycan Respublikası Mərkəzi X4 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın tələblərinə bank tərəfindən əməl edilmişdirmi? 2) Edilməmişdirsə, yaxud lazımı qaydada edilməmişdirsə, onda Qaydaların konkret hansı tələbləri (bəndi) pozulmuşdur? 3) İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixdə xx.xx.2022-ci il tarixli, BEDV5298232A123 saylı birbank cashback kredit xətti///birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanarkən Azərbaycan Respublikası Mərkəzi X4 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın tələblərinə bank tərəfindən əməl edilməməsi müqavilənin etibarlılığına hansı formada təsir edib? – sualları qoyulmuşdur.
20. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli "xxxx" ASC sorğusu ilə İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixdə xx.xx.2022ci il tarixli, BEDV5298232A123 saylı birbank cashback kredit xətti///birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanarkən Azərbaycan Respublikası Mərkəzi X4 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın tələblərinə əməl edilməsinə dair müvafiq sənədlərin, kamera görüntülərinin mütəxəssis rəyinin verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur. Sorğu xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-ə çatsa da (xəbərnamə- i\v səh. 159), sorğuya müvafiq cavab daxil olmamış, cavabdeh bank ekspertizanın keçirilməsi üçün zəruri olan sənədləri Məhkəməyə təqdim etməmişdir.
21. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2025-ci il tarixli, 6-1- 06/2-18068/2025 nömrəli məktubla bildirilmişdir ki, X6 Heyətinin xx.xx.2023-cü il tarixli 46/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndinin tələbinə əsasən, istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Mülki Məcəlləyə və X6 Heyətinin xx.xx.2022-ci il tarixli, 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın (bundan sonra - Qayda) 5-ci hissəsinin tələblərinə əməl edilməlidir. Qaydanın həmin dövrdə qüvvədə olan 5-ci hissəsinə əsasən fiziki şəxslərə məsafədən bank hesabının açılması, o cümlədən istehlak krediti müqaviləsinin bağlanmasına dair sənədlərin rəsmiləşdirilməsi bank hesabı mövcud olan rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyası (GMA) və video çəkiliş əsasında həyata keçirilə bilər. Bu zaman bank video çəkiliş üsulunu riskli hesab etdikdə video zəngi tətbiq edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, həmin Qaydanın 5.13-cü bəndinə əsasən fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. Əlavə olaraq bildirilir ki, gücləndirilmiş müştəri autentifikasiyası müqavilənin bağlanması, o cümlədən sənədlərin rəsmiləşdirilməsi üçün təkbaşına çıxış edə bilmədiyindən, bu üsul bank hesabı mövcud olan müştəriyə münasibətdə video çəkiliş ilə müşayiət edilməlidir. Məsafədən bank hesablarının açılması üçün video zəng və video çəkilişə dair tələblər isə Qaydanın 6 nömrəli Əlavəsi ilə tənzimlənir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına dair Mərkəzi Bank tərəfindən müəyyən edilən xüsusi tələblər müqavilənin dəyişdirilməsinə də şamil edilir. Məhkəmə işində yuxarıda qeyd olunan Qaydanın tələblərinə uyğun təsdiqedici sənədlər ((autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, gücləndirilmiş elektron imza, token və s.) və ya ona “məxsus olan” (10 saniyəlik video çəkiliş, üz tanınması, video zəng, səs tanınması, barmaq izi və s.)) Mərkəzi Banka təqdim edilmədiyi üçün mübahisələndirilən kredit müqaviləsinin yenilənməsinin Mərkəzi Bankın müvafiq qaydalarına uyğunluğu barədə mütəxəssis rəyinin bildirilməsi mümkün hesab olunmur. Tətbiq edilən maddi hüquq normaları:
22. Azərbaycan Respublikasının Konstitusiyası:
23. Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
24. Maddə 125.İV. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
25. Maddə 5.3. Öhdəliyə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
29. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digərtərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
30. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
31. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
32. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
33. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
37. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
38. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
39. Maddə 746-2.5. İstehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Azərbaycan Respublikası Mərkəzi X4 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”:
40. Bənd 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur.
41. Bənd 5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir.
42. Bənd 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2. rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə.
43. Bənd 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyrirezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər.
44. Bənd 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur.
45. Bənd 5.8. Məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya 6 nömrəli Əlavə ilə tənzimlənir.
46. Bənd 5.13. Fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir.
47. “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na 6 nömrəli əlavəyə əsasən video eyniləşdirməyə dair tələblər məsafədən bank hesablarının açılması zamanı rezident hüquqi şəxsin qanuni təmsilçisinin, rezident fərdi sahibkarın, rezident və qeyri-rezident fiziki şəxslərin (bundan sonra – fiziki şəxs) video zəng, habelə mövcud müştərilərin həmçinin video çəkiliş vasitəsilə eyniləşdirilməsinə (bundan sonra birlikdə – video eyniləşdirmə) dair tələbləri müəyyən edir.
48. 2. Video eyniləşdirmənin başlanmasından əvvəl görülən tədbirlər Video eyniləşdirmənin başlanmasından əvvəl yalnız şəxsiyyətin müəyyən edilməsi üçün etibarlı olan və mərkəzləşdirilmiş şəkildə yaradılan birdəfəlik qısa mesaj (SMS OTP) göndərilir. Göndərilən SMS OTP fiziki şəxs tərəfindən video eyniləşdirmənin aparıldığı interfeys vasitəsilə onlayn olaraq qeyd edilir. Həmin SMS OTP sistemdə uğurla təsdiqlənərsə, şəxsin mobil telefon nömrəsi təsdiq edilmiş hesab edilir.
49. 3.1. Video zəng zamanı tətbiq edilən metod üzbəüz eyniləşdirmə metoduna (şəxsin fiziki olaraq bankın inzibati binasına yaxınlaşması zamanı tətbiq edilən metoda) bənzər və risklərin minimallaşdırılması əsasında hazırlanır.
50. 3.2. Video zəng bu mövzuda təlimdən keçmiş bank əməkdaşı tərəfindən aparılır.
51. 3.3. Video zəng zamanı bank əməkdaşının şəxsiyyətin eyniləşdirilməsi üçün istifadə edilə bilən sənədlərin xüsusiyyətlərini və bu sənədlər üçün tətbiq edilən etibarlı yoxlama metodlarını öyrənməsi, habelə dələduzluq və ya digər hüquq pozuntusu halları, bu Qaydanın və aidiyyəti digər hüquqi aktların tələbləri barədə məlumatlı olması təmin edilir.
52. 5.6. Video zəngin sonunda fiziki şəxsin ona göstəriləcək bank xidmətləri barədə məlumatlı olduğunu və bank müştərisi olmağa razı olduğunu şifahi təsdiq etməsi ilə proses başa çatır.
53. 6.1. Video çəkiliş bankda hesabı mövcud olan müştərilər tərəfindən məsafədən bank hesabının açılması məqsədilə aparılır.
54. 6.3. Video çəkilişin müddəti ən azı 10 (on) saniyə olmalıdır.
55. 6.4. Təqdim olunan şəkillərin və video çəkilişin müraciət edən şəxsə mənsub olduğunu avtomatik rejimdə təsdiq etmək mümkün olmadıqda, bank video zəngin edilməsi ilə bağlı müştəriyə əlavə sorğu göndərə bilər.
56. 6.5. Təqdim edilən şəxsiyyəti təsdiq edən sənədin həqiqiliyinin və həmin sənəd üzrə məlumatların yoxlanılması üçün dövlət informasiya sisteminə sorğu göndərilir və eyniliyi yoxlanılır.
57. 6.6. Müştərinin həqiqiliyi ona aid video çəkilişdə və şəxsiyyəti təsdiq edən sənəddə əks olunan simalar (üz cizgiləri) bir-birinə uyğun olduğu təqdirdə təsdiq olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı
58. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
59. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi).
60. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.
61. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Tətbiq edilən prosessual hüquq normaları:
62. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
64. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
65. Məhkəmə kollegiyası tərəflərin fikirlərini dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
66. Mülki işin mübahisəsiz halıdır ki, iddiaçının adına bağlanan kredit xəttinin yenilənməsinə dair müqaviləyə əsasən Bank tərəfindən iddiaçıya 1100 manat məbləğində kredit limiti ayrılmış, buna uyğun olaraq iddiaçının kartına 1050 manat olmaqla pul köçürülmüşdür. Həmin pul vəsaiti isə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının kartından üçüncü şəxs kimi X1 məxsus bank hesabına köçürülmüşdür. Həmçinin, müəyyən edilmişdir ki, sözügedən müqavilə bağlandıqdan sonra iddiaçıya məxsus əmək haqqı kartından müxtəlif tarixlərdə kredit müqaviləsinə əlavə razılaşmadan irəli gələn əsaslardan silinmələr olmuşdur.
67. Cavabdeh apellyasiya şikayətində əsas dəlili kimi mübahisələndirilən əməliyyatların aparılmasında iradə ifadəsi olduğunu qeyd etmişdir.
68. X6 Heyətinin xx.xx.2023-cü il tarixli 46/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndinin tələbinə əsasən, istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Mülki Məcəlləyə və X6 Heyətinin xx.xx.2022-ci il tarixli, 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın (bundan sonra - Qayda) 5-ci hissəsinin tələblərinə əməl edilməlidir.
69. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına əsasən əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
70. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə xx.xx.2022-ci il tarixli BEDV5298232A123 saylı birbank cashback kredit xətti///birbank cashback debet kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair əlavə razılaşma bağlanarkən Azərbaycan Respublikası Mərkəzi X4 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması” Qaydasının tələblərinə əməl olunmamışdır.
71. Belə ki, xx.xx.2024-cü il tarixdə iddiaçının adına kredit limitinin artırılmasına dair müqavilə rəsmiləşdirilən zaman Bank tərəfindən sözügedən Qaydaların tələblərinə tam qaydada riayət edilməmiş, bank tərəfindən yalnız OTP kodun iddiaçıya məxsus nömrəyə göndərilməsi həyata keçirilmiş, digər üz tanınması, səs tanınması, video çəkiliş, video zəng kimi elementlərdən istifadə təmin edilməmişdir.
72. Bu baxımdan mübahisələndirilən müqavilənin bağlanması zamanı iddiaçının iradə ifadəsinin olması barədə cavabdehin dəlilinin əsassız olduğu görünür. İddia ərizəsindən də görünür ki, iddiaçı həmin müqavilənin onun iradəsinə uyğun olmaması ilə bağlı, ona qarşı törədilməsi ehtimal edilən cinayətlə əlaqədar hadisədən dərhal sonra Cavabdeh ASC-nin Abşeron filialına müraciət etsə də, nəticə əldə etməmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əlavə razılaşmanın onun iradəsini ifadə etmədiyini aşkar şəkildə bildirməkdədir.
73. Cavabdeh apellyasiya şikayətində həmçinin müqavilənin 8.2-ci yarımbəndinə istinad etmişdir. Həmin bəndə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır.
74. Hazırkı işin hallarından məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı iddiaçının təqsiri müəyyən olunmur. Buna görə də hazırkı halda iddiaçıya dəymiş zərərə görə iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən müqaviləni rəsmiləşdirən Bank məsuliyyət daşıyır.
75. Məhkəmə xüsusi olaraq qeyd edir ki, məhz cavabdeh bankın apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün müvafiq mütəxəssis rəyinin alınmasından ötrü ekspertiza təyin edilmiş və rəyin verilməsi Mərkəzi Bankın mütəxəsssislərinə həvalə edilmişdir. Buna baxmayaraq cavabdeh bank rəy verilməsi üçün zəruri olan sənəd və məlumatları ekspertlərə təqdim etməmiş, bundan yayınmışdır.
76. Belə olan halda Məhkəmə hesab edir ki, MPM-in 97.5-ci və 106.2-ci maddələrinin tələblərinin tətbiqinin əsasları mövcuddur və hazırkı halda cavabdehə münasibətdə həmin normaların tələbləri tətbiq edilməlidir.
77. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
79. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
80. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
81. Beləliklə də müəyyən olunur ki, rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilə bilməz.
82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
83. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
85. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
86. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş şəxsin özünə aid edilməlidir.
87. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1291/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.