Məhkəmə qərarları › İş №2(103)-5316/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5316/2025

16.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5316/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Səbail Rayon Məhkəməsinin 2(009)-68/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X14 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı cavabdehlər “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi”nə və Cavabdeh1 QSC-yə qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36235,55 manat məbləğində maddi zərərin, 10.000 manat məbləğində mənəvi zərərin, 520 manat vəkil xərcinin və 230 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-68/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 31,058 manat məbləğində maddi zərərin əvəzi və hüquqi yardım göstərilməsi üçün ödənilmiş pul vəsaitinin 250 manat hissəsinin “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”ndən tutulub iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun 120 manat hissəsinin “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”ndən tutulub İddiaçı ödənilməsi, Azərbaycan Respublikası "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən köçürülmüş 300 manat vəsaitin 150 manat hissəsinin “İçərişəhər Dövlət Tarixi- Memarlıq Qoruğu İdarəsi”ndən tutulub İddiaçı ödənilməsi, xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”ndən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEMVÖEN ********** X5 VÖEN ********** Kod: 210005 Müxbirhesabı 41nABZ********************, hesab AZ34CTRE********************,S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edimişdir.

3. Cavabdeh2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X14 həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Rayon məhkəməsinin 2(009)-68/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.

5. Daha sonra cavabdeh yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

6. Rayon məhkəməsinin eyni saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.

7. Cavabdeh xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Şikayət belə əsaslandırılmışdır ki, cavabdehin EMİS-dəki elektron kabinetindən çıxarışdan və 3 iyul 2025-ci il tarixli apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi cavabdeh həmin apellyasiya şikayətini 18 aprel 2025-ci il tarixli qətnamədən deyil, 13 iyun 2025-ci il tarixli qərardaddan vermişdir. Lakin məhkəmə cəfəng və qanunsuz olaraq 3 iyul 2025-ci il tarixli apellyasiya şikayətinin 18 aprel 2025-ci il tarixli qətnamədən verildiyini və müddətin ötürüldüyünü əsas gətirərək şikayəti geri qaytarmışdır. Qeyd edilənlərdən də aydın olduğu kimi Rayon Məhkəməsi (hakim İlkin Rüstəmli) MPM-in 267-ci, 269-cu və 363.3-cü maddələrinin prosessual normalarını kobud şəkildə pozmaqla cavabdehin şikayətini təkrarən geri qaytarmış, 18 aprel 2025-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsinin qarşısını almaqla cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdırmışdır.

9. Rayon Məhkəməsinin 2(009)-68/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

12. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməlidir.

13. Belə ki, rayon məhkəməsi həmin qərardadında qeyd etmişdir ki, cavabdeh “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi” Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-68/2025 saylı qətnaməsini 20 aprel 2025-ci il tarixdə, saat 14:45-də elektron kabinet vasitəsi ilə rəsmi şəkildə almışdır. Hazırki apellyasiya şikayətini isə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Hazırki şikayətə həmçinin prosessual müddətin bərpası barədə ərizə də əlavə edilməmiş, ötən müddət ərzində apellyasiya şikayəti verilməməsinin üzrlü səbəblərinin nədən ibarət olması göstərilməmişdir.

14. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin həmin mövqeyi əsaslı sayıla bilməz və bununla bağlı aşağıdakıları qeyd edir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

16. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, 19 may 2025-ci il tarixində apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminə yüklənmişdir. Daha sonra həmin apellyasiya şikayətinin qəbul edilmə statusunu öyrənmək üçün hakim köməkçisi ilə əlaqə saxladığı zaman bildirilmişdir ki, informasiya sistemində texniki problem olduğu üçün şikayət görünmür. Apellyasiya şikayəti qərardadda qeyd olunanın əksinə elektron sənəd kimi birbaşa informasiya sisteminə yüklənmişdir və hazırda da informasiya sistemində olan istifadəçi kabinetinə daxil olarkən şikayətin elektron sənəd formasında yükləndiyi görünür (informasiya sistemindən çıxarış əlavə olunur). Həmçinin qeyd etmişdir ki, 18 aprel 2025-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin sonuncu günü 23 may 2025-ci il olmuş və cavabdeh tərəfindən şikayət 19 may 2025-ci il tarixində apellyasiya şikayəti təqdim edilmişdir. Belə ki, məhkəmə şikayət vermənin sonuncu günü olan 23 may 2025-ci il tarixindən sonrakı gündən hesablanmaqla 7 gün ərzində (1 iyun 2025-ci il tarixinədək) ya şikayəti apellyasiya məhkəməsinə göndərməli, ya da geri qaytarmalı olduğu halda geri qaytarılma haqqında qərardadı 13 iyun 2025-ci il tarixində çıxarmaqla prosessual müddətin pozuntusuna yol vermişdir.

17. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin ilkin olaraq kağız daşıyıcıda təqdim edilməsi ilə cavabdeh şikayət vermək barədə öz iradəsini aydın şəkildə ifadə etmişdir. Bu hal onun apellyasiya şikayəti vermək niyyətini və müvafiq prosessual hüququ həyata keçirmək iradəsini təsdiq edir. Belə olan halda texniki səbəblərdən şikayətin elektron sistemdə yerləşdirilməsində yol verilmiş çatışmazlıqlar cavabdehin apellyasiya şikayəti vermək niyyətini və müddətə riayət etmək iradəsini şübhə altına ala bilməz.

18. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan da görünür ki, o, xx.xx.2025-ci il tarixində, yəni müddəti ötürmədən apellyasiya şikayətini yükləmişdir.

19. Belə olan halda, Məhkəmə kollegiyası hazırkı mülki işin yuxarıda qeyd edilən hallarını və şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vaxtında verilmiş hesab olunmalıdır, rayon məhkəməsi ilkin mərhələdə şikayəti qaytararkən, sonradan isə müddətin ötürülməsi qənaətinə gəlməkdə haqlı olmamışdır.

20. Nəzərdən qaçırmaq olmaz ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini nəzərdə tutur.

21. Təsadüfi deyildir ki, məhkəmələrin bu öhdəlikləri MPM-in məhkəmə baxışının prinsiplərini müəyyən edən normasında (14-cü maddəsində) təsbit olunmuşdur.

22. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.

24. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X7rşı işlər).

25. “X2rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.

26. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.

27. Avropa Məhkəməsi bir çox qərarlarında, o cümlədən də Centro Europa 7 S.R.L. və X10rşı 2012-ci il işində göstərmişdir ki, “... qanun həm də müəyyən keyfiyyət standartlarına cavab verməlidir”, “... norma vətəndaşlara öz davranışlarını tənzimləmək imkanı vermək üçün kifayət qədər dəqiqliklə ifadə olunmadığı halda qanun hesab edilə bilməz...”, “... müvafiq olaraq, bir çox qanun labüd olaraq, daha çox və ya az dərəcədə qeyri-müəyyən ifadələrlə formulə edilmişdir və onların təfsiri və tətbiqi təcrübənin işidir... ”

28. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə olan hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X4rşı iş).

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün presedent hüququnun inkişafı baxımından qərarlarında dəfələrlə göstərmişdir ki, durmadan inkişaf edən ictimai münasibətlər zəminində hüquq münasibətləri də inkişaf edir və dəyişir. Bu baxımdan da hüququn inkişafı və müvafiq olaraq əvvəlki mövqelərdən fərqli mövqelərin ortaya çıxması qaçılmazdır.

30. Bundan başqa, Ali Məhkəmənin apellyasiya şikayətlərinin qeyri-mümkünlüyü ilə bağlı qərardadlardan verilmiş şikayətlərə əsasən qəbul etdiyi qərarların təhlilindən də müəyyən olunur ki, kassasiya instansiyası məhkəməsi məhkəməyə çatım hüququnun “praktiki və effektiv” olması ilə bağlı Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə əsasən apellyasıya instansiyası məhkəmələrinin eyni- formal əsaslarla apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsinə dair qərardadlarını əsassız hesab edərək, onları ləğv etmişdir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

32. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

33. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X14 tərəfindən verilmiş şikayət təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-68/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunsun. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi X14 tərəfindən verilmiş şikayət vaxtında verilmiş hesab edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olduğundan, onun şikayəti mümkün hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar