Məhkəmə qərarları › İş №2(103)-532/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-532/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-532/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı subroqasiya qaydasında sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxxxxxxxxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya qaydasında 10.777,27 manat sığorta ödənişinin, 30 manat mələğində dövlət rüsumunun və 8 manat məbləğində notariat xərcinin, cəmi 10.815,67 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxxxxxxxxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2013-cü il tarixində Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində Cavabdeh2-nin mülkiyyətində olan, “Hyundai Sonata” markalı, Az **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edilən zaman, yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də sığortalanmış “Mitsubishi Pajero” markalı, Az **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Səbail RPİ-nin 31.12.13-ci il tarixli, 9/15-11930 saylı arayışına və xx.xx.2013-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, Cavabdeh1 yol nəqliyyat hadisəsində zərər vuran tərəf qismində tanınmışdır. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı “xxxxxxxxxxxx” ASC tərəfindən “Mitsubishi Pajero” markalı, Az **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq, 10.777,27 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Tərəflərindən cavabdehlərə dəfələrlə telefon zəngləri edilməsinə və geriyə tələb məktubları göndərilərək məbləğin geri ödənilməsi xahiş edilməsinə baxmayaraq, cavabdehlər bu günə qədər həmin məbləğin geri ödənilməsindən qərəzli şəkildə yayınmışdır. Göstərilənlərə əsasən 10.777,27 manat sığorta ödənişinin, 30 manat mələğində dövlət rüsumunun və 8 manat məbləğində notariat xərcinin, cəmi 10.815,67 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada tutularaq iddiaçı "xxxxxxxxxxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ona aid hissədə ləğv edilməsini və zərərin əvəzinin ödənilməsinin Cavabdeh2-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2-nin mülkiyyətində olan maşını ona verilən yol vərəqəsinə əsasən idarə etdiyi zaman qəza baş vermişdir. İddiaçı tərəfindən ona ziyanın ödənilməsinə dair hər hansı bildiriş göndərilməmiş və zənglər olunmamışdır. O qanuni əsasla maşını idarə etmiş, qəzadan sonra hadisə yerindən yayınmamışdır. Hadisə “Mitsubishi Pajero” markalı, Az **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 18-19 yaşlı gənc sürücüsünün sürət həddini aşması nəticəsində baş verməsinə baxmayaraq, hadisənin törədilməsində o təqsirli bilinmişdir. Hadisə zamanı o, xəsarət aldığına görə xəstəxanaya aparılmışdır. Bundan əlavə, qəzaya düşmüş “Mitsubishi Pajero” markalı, Az **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə iddiaçının tələb etdiyi məbləğdə ziyan dəyməmişdir. O vurulan ziyanın hamısının Cavabdeh2-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən «xxxxxxxxxxxx» ASC-nin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 izahatında göstərmişdir ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmasa da, ona tətbiq olunmuş inzibati cəriməni ödəmişdir. İddiaçı tərəfindən tələb olunan ziyanın məbləği xeyli şişirdilmişdir və həmin məbləği ödəməyə onun maddi imkanı yoxdur. Əgər sığorta şirkəti hadisədən 6 il keçəndən sonra yox, vaxtında iddia qaldırsaydı, həmin dövrdə fəaliyyət göstərmiş və hal-hazırda fəaliyyətini dayandırmış işlədiyi şirkət ziyanı ödəyərdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-4054/2019 saylı qətnaməsi qismən ləğv edilməli, iddia Cavabdeh1 qarşı hissədə rədd edilməlidir. Mülki iş materiallarında olan sübutlardan görünür ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Badamdar qəsəbəsində "Cavabdeh2" X1 mülkiyyətində olan “Hyundai Sonata” markalı, Az **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxxxxxxxxxx” ASC-də xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək tam sığorta üzrə sığortalanmış "Mitsubishi Pajero" markalı, Az **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2013-cü il tarixli 9/15-11930 saylı arayışına əsasən, “Hyundai Sonata” markalı, Az **-PK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı «xxxxxxxxxxxx» ASC tərəfindən "Mitsubishi Pajero" markalı, Az **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən dəymiş zərərdən 350 manat azad olma məbləği çıxılmaqla 10.777,27 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2013-cü il tarixində baş vermiş yol nəqliyyat hadisəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış materialdan əlavə material ayrılaraq Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan 05 nömrəli minik avtomobili üçün yol vərəqəsinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 1 aylıq müddətə “Hyundai Sonata” markalı, Az **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün yol vərəqəsi verilmişdir. İş materiallarında olan Cavabdeh1 məxsus əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.2013-cü il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, "Mitsubishi Pajero" markalı, Az **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İmran Əhmədova sığorta ödənişi qismində 10.777,27 manat pul ödənilmişdir. Apelyasiya icraatı zamanı təyin olunub keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən, avtohissələrin qiymətləri nəzərə alınaraq 2012-ci il buraxılışlı "Mitsubishi Pajero" markalı, Az **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan təxminən 8830 manat təşkil edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1099.2-ci maddəsinə görə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birinci instansiya məhkəməsi avtomobilə dəymiş maddi ziyanın əvəzinin subroqasiya qaydasında Cavabdeh2-dən və hadisə törədilən zaman maşını yol vərəqəsi əsasında idarə etmiş və yol nəqliyyat hadisəsi törətmiş Cavabdeh1 müştərək qaydada alınmalı olduğu nəticəsinə gələrkən Mülki Məcəllənin 1108-ci maddəsinə istinad etsə də, tələbin qanuni əsası kimi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Cavabdeh1 əmək kitabçasında onun xx.xx.2013-cü il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də sürücü vəzifəsinə işə qəbul edilməsi və xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi qeyd olunsa da, Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli X2 Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, "Cavabdeh2" X4 xx.xx.2012-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İdarədə olan reyestrdə cəmiyyətin ləğv edilməsi barədə məlumat, habelə “xxxxxxxxxxxxxxxxxxxxxxpany” X4 adlı hüquqi şəxs aşkar edilməmişdir. Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, Cavabdeh2 “xxxxxxxxxxxxxxxxxxxxxxpany” MMC-nin nəzdində fəaliyyət göstərmişdir. Cavabdeh1 qeyd olunan avtomobili yol vərəqəsi əsasında idarə etməklə Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımından digər cavabdeh olan MMC-nin işçisidir. Burada Cavabdeh1 əmək müqaviləsi, yaxud mülki hüquqi müqavilə əsasında hansısa şəxsin işçisi olmasının da iddianın əsaslılığına hər hansı bir təsiri yoxdur, yetər ki, o müvafiq hüquqi, yaxud fiziki şəxsin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərmiş olsun. Ona görə də Cavabdeh1 məhz Mülki Məcəllənin 1099.1-ci maddəsinin məcburi tələblərinə əsasən hazırki iddiaya cavab verməli olan şəxs deyil və bu iddia üzrə törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşımır və yol vərəqəsi əsasında maşını idarə etdiyi üçün onun vurduğu zərərin əvəzini işçisi olduğu, yol vərəqəsini vermiş müvafiq hüquqi və ya fiziki şəxs ödəməlidir. Əlbəttə ki, yol vərəqəsini vermiş müvafiq hüquqi və ya fiziki şəxs də Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən Cavabdeh1 vurduğu zərəri ödəmiş şəxs kimi sonuncuya qarşı əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Mülki Məcəllənin qeyd olunan normalarının, yəni maddi hüquq normalarının tələblərini pozmuşdur. Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirildiyinə və qətnamənin yalnız ona qarşı hissədə ləğv edilməsi xahiş olunduğuna görə məhkəmə kollegiyası qətnaməni yalnız Cavabdeh1 apelyasiya şikayəti çərçivəsində və Cavabdeh1 münasibətdə yoxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınıb Cavabdeh1 verilməli, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 120 manat pul Cavabdeh2-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2-dən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 4054/2019 saylı qətnaməsi qismən, yəni Cavabdeh1 aid hissədə ləğv edilsin, iddia tələbi Cavabdeh1 qarşı hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınıb Cavabdeh1 verilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2-dən tutularaq iddiaçıya ödənilsin. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 120 manat pul Cavabdeh2-dəntutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar