Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5320/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Dövlət Neft Şirkətinin nümayəndəsi X9, Cavabdeh “Azneft” İB-nin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs “X20” ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Dövlət Neft Şirkəti (SOCAR) və “Azneft” İB-yə qarşı, “X20” ASC-nin üçüncü şəxs qismində cəlb edildiyi “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh “Azneft” İB tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, sağ gözünün müalicəsi və gözündə aparılacaq əməliyyatla əlaqədar onunla Moskva şəhərində yerləşən X14 “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış dörd müqavilə üzrə həmin tibb mərkəzinin hesabına keçirdiyi 4750 manat (181.600 rubl) və həmin vaxt Moskva şəhərinə gedib-gəlməsi ilə bağlı əlavə olaraq çəkdiyi 1200 manat olmaqla, cəmi 5950 manat; 2010-cu ildə sağ gözünün əməliyyat olunması və daha sonra konsultasiyalara görə Tehran şəhərinə gedibgəlməsi ilə bağlı çəkdiyi 8499 manat və 2013-cü ildə sağ gözünün yenidən əməliyyat olunması və əməliyyatdan sonra həkimlərin təyin etdiyi konsultasiyalarla bağlı Təbriz şəhərinə gedib-qayıtması ilə bağlı çəkdiyi 6135 manat maddi, o cümlədən 50.000 manatın mənəvi zərərin, habelə məhkəmə xərcləri kimi 180 manat pulun cavabdehlərdən və 3-cü şəxsdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, cavabdeh “Azneft” İB-dən İddiaçı göz əməliyyatına xərclənmiş 3120 manat, təyyarə biletinə xərclənən 310 manat, mehmanxanada qalmağa görə ödənilən 368 manat, mənəvi zərərə görə 3000 manat, sənədlərin tərcüməsi və notarial təsdiqi üçün ödənilmiş 190 manat və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh tərəf iddiaçıya dəymiş maddi ziyanın ödənilməsinə heç bir etirazları olmadığını və ödəməli olduqlarını məhkəmədə bildirdikləri halda, qətnamədə həmin fakt təhrif edilərək, guya onların iddianın təmin olunmamasını xahiş etdiyi yazılmışdır. Bundan başqa, məhkəmə işə baxıb qətnamə çıxararkən iddiaçı tərəfin dediklərini, iddia ərizəsində və ona edilmiş dəqiqləşdirmədə qeyd olunanların doğruluğunun müəyyən edilməsi üçün təqdim olunmuş sənədlərdəki faktların araşdırılması üçün qanunla tələb olunan heç bir araşdırma aparmamış və marağında olmamışdır.Belə ki, Təbriz şəhərində xəstəxanada əməliyyat olunmağı ilə bağlı tibbi sənədləri, əməliyyata, təyyarə biletlərinə və hoteldə qalmağına dair çəkdiyi xərclərlə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmiş, 2010-cu ildə əməliyyat olunduğu Tehran şəhərindəki xəstəxana isə özəl xəstəxana olduğuna və həmin xəstəxana rəhbərliyinin və onu müayinə, müalicə və əməliyyat etmiş həkimlərin dediklərinə görə xəstələrə aid tibbi sənədlər yalnız 3 ay saxlanılıb sonra məhv edildiyinə görə 2010-cu ildə Tehran şəhərindəki özəl xəstəxanada əməliyyat olunmağı, oraya gedib-gəlməyi, mehmanxanada qalmağı, yeməyi ilə bağlı çəkdiyi xərclərlə ilə bağlı sənədləri təqdim edə bilməsə də, bu faktlar Dövlət Sərhəd Xidmətinin məktubu ilə tam təsdiq olunmuşdur. Belə ki, DSX-nın Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli, məktubundan görünür ki, o, 2010-2011-ci illər ərzində 11 dəfə İran İslam Respublikasına Bakı şəhərindən təyyarə ilə gedib-qayıtmışdır. Həmin vaxt Bakıdan İrana təyyarə bileti 150 manat, gedib-qayıtma pulu isə 300 manat təşkil edirdi. 2019-cu ildə isə İrana gedib-qayıtmaqla bağlı təyyarə bileti 10 manat bahalaşaraq 310 manat təşkil etmişdir. Bunu məhkəməyə təqdim etdiyi sənəddən də görmək mümkündür. Nəticə etibarilə, iddiaçı təyyarə biletlərinə 3300 manat pul vermişdir ( 11 dəfə x 300 manat=3300 manat).Yemək xərcləri də daxil olmaqla mehmanxanada qalmanın 3 günü 190 manata başa gəlmiş və onun 11 dəfə İranın Tehran şəhərinə gedib orada mehmanxanada qalmaqla bağlı 2469manat xərci çıxmış, gözündəki əməliyyata görə Tehran şəhərindəki xəstəxanada 3500 ABŞ dolları məbləğində pul ödəmişdir (Həmin vaxt 1 ABŞ dolları 0,78 manat; 3500 ABŞ dolları isə 2730 manat təşkil edirdi). Beləliklə, 2010-2012-ci illərdə iddiaçının Tehran şəhərinə gedib orada gözündən əməliyyat olunmağı, daha sonra həkimlərin təyin etdiyi vaxtlarda konsultasiyalara görə 10 dəfə Tehran şəhərinə gedib-qayıtması, təyyarə biletləri, yemək xərcləri də daxil olmaqla mehmanxanada qalmağa görə çəkdiyi xərclər birlikdə 8499 manat təşkil edir. DSX-nın Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli məktubundan, həmçinin görünür ki, gözündəki problemlərlə bağlı 2-ci dəfə Təbriz şəhərindəki xəstəxanada əməliyyat olunmaq və daha sonra həkimlərin təyin etdiyi konsultasiyalara görə 2013-2014-cü il tarixlərdə 5 dəfə təyyarə ilə İrana gedib-qayıtmışdır. Həmin vaxtlar da təyyarə bileti İrana gedib-qayıtmağa görə 300 manat olmuşdur. Belə olan halda, beş dəfə İrana gedib-qayıtmağa görə iddiaçı təkcə təyyarə biletinə 1500 manat xərcləmişdir (150 manat x 10dəfə=1500 manat). Bundan başqa, hər dəfə Təbriz şəhərinə müayinə və konsultasiyalara gedəndə bir neçə gün buna görə mehmanxanada qalmağa məcbur olmuşdur. Məhkəməyə tədim etdiyi sənədlərdən də görünür ki, onun xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi 3 gün mehmanxanada qalmağa görə 5.515.633 rial (184 manat) xərcim çıxmışdır. İddiaçı xx.xx.2013-cü ildən başlaraq xx.xx.2014-cü ilə kimi 5 dəfə İrana getmiş və hər dəfə gedəndə 3 gün, yalnız bir dəfə, yəni xx.xx.2014-cü ildə gedəndə xx.xx.2014-cü ilə kimi 7 gün mehmanxanada qalmışdır. Beş dəfə İrana gedib orada mehmanxanada qalma xərcləri 981 manat, xx.xx.2013-cü ildən xx.xx.2013-cü ildə mehmanxanada qalmağa görə ödədiyim 184 manat olmaqla, cəmi xərci 1165 manat təşkil edir. Mehmanxanada qalma xərcinə, həm də orada verilən yemək xərcləri də daxil olmuşdur. X19 Universiteti Nikukari Göz Xəstəxanasından ona verilmiş arayışdan görünür ki, xx.xx.2013-cü ildə gözünün əməliyyat olunmasına görə mən həmin xəstəxanın hesabına 4000 ABŞ dolları pul ödəmişdir (2013cü ildə 1 ABŞ dolları 0,78 manat; 4000 ABŞ dolları isə 3120 manat təşkil etmişdir). İddiaçı 2010 və 2013-cü illərdə Tehran və Təbriz şəhərlərində aparılmış əməliyyatlarla bağlı sənədləri əldə edib məhkəməyə təqdim etmək üçün xx.xx.2019-cu ildə təyyarə ilə İrana getmiş və xx.xx.2019-cu ildə təyyarə ilə Bakıya qayıtmış, biletlərə cəmi 310 manat, 2019-cu ilin iyul ayında isə həmin sənədləri notariat qaydasında tərcümə etdirmək üçün 40 manat ödəmişdir. Beləliklə, iddiaçının ikinci dəfə üçün 2013-cü ildə Təbriz şəhərinə gedib əməliyyat olunmağı və ondan sonra xx.xx.2014-ci ilə kimi həkimlərin təyin etdikləri konsultasiyalara görə 5 dəfə Təbriz şəhərinə gedib-qayıtmağı, Tehran və Təbriz şəhərlərindəki əməliyyat olunduğu xəstəxanalardan müvafiq sənədləri almaq üçün xx.xx.2019-cu ildə İrana gedib-qayıtmağı ilə əlaqədar 6135 manat xərci çıxmışdır. Təbriz şəhərindəki əməliyyatdan sonra sağ gözündə dəyişiklər əmələ gəlmiş, görmə qabiliyyətində problemlər yaranmış və yenidən əməliyyat olunmağa ehtiyac yaranmışdır. Buna görə beşinci dəfə əməliyyat olunmaq üçün həkimlərin məsləhəti ilə xx.xx.2018-ci ildə Moskva şəhərinə getməyə məcbur olmuş, xx.xx.2018-ci ildə Moskva şəhərinə yerləşən X14 “X7” MMC ilə xx.xx.2018-ci ildə dörd müqavilə bağlanmış, birinci müqavilə 2600 rubl, ikinci müqavilə 55.000 rubl, üçüncü müqavilə 15.000 rubl, dördüncü müqavilə isə 9000 rubl dəyərində olmuşdur. Ümumilikdə bu dörd müqavilə üzrə MMC-nin hesabına 181600 rubl köçürmüşdür (həmin vaxt 1 ABŞ dolları 65 rubl; 1816xx xxxx 2800 ABŞ dolları, 2800ABŞ dolları isə 4750 manat). Bu barədə kassa çekləri də verilmişdir. Bundan başqa, Moskva şəhərinə gedib-gəlməklə bağlı yol xərcinə, yemək və qalmağa görə 1200 manatdan çox xərci çıxmışdır. Eyni zamanda, baş vermiş bədbəxt hadisə onun şüurunda dərin mənfi reaksiyaya səbəb olmuş, sağlamlığının pozulması nəticəsində uzun illər, o cümlədən, indiyə kimi fiziki və mənəvi əzab və əziyyətlərə, mənəvi sarsıntılara məruz qalmış, iş yerini itirmiş, fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Hadisədən sonra bir neçə il o hətta intihara cəhd etmişdir. Cavabdeh “Azneft” İB də, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iş materiallarında iddia tələbini sübut edən kifayət qədər sübutlar mövcud deyil. Qətnamədə maddi və mənəvi ziyanın ədalətli məbləği öz əksini tapmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, öz apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etdi. Cavabdeh “Azneft” İB-nin nümayəndəsi isə, özlərinin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını, iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etdi. Cavabdeh Dövlət Neft Şirkətinin nümayəndəsi də, “Azneft” İB-nin apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını, iddiaçının şikayətinin isə rədd olunmasını xahiş etdi. Üçüncü şəxs “X20” ASC-nin nümayəndəsi isə, mübahisənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, “Leninneft” Neft və Qazçıxarma İdarəsinin quyuların əsaslı təmir sexində xx.xx.1973-cü il tarixdə istehsalatda qəza haqqında tərtib edilmiş 7 №-li akta əsasən, çilingər vəzifəsində işləyən İddiaçı xx.xx.1973-cü il tarixdə baş verən qəza nəticəsində zərərçəkmişdir. Hadisədən sonra o, İdarənin 5 saylı tibb sanitar hissəsinə aparılmış, baxış keçirildikdən sonra şəhər göz xəstəxanasına göndərilmişdir. Azərbaycan SSR Sosial Təminat Nazirliyi tərəfindən verilmiş 029391 saylı, BTЭ-3 seriyalı arayışa əsasən, İddiaçı xx.xx.1974-cü il tarixdə müayinə edilmiş və müddətsiz olaraq 3-cü qrup əlil hesab edilmişdir. Onun əlilliyinə istehsalatda əmək qabiliyyətini itirməsi səbəb olmuşdur. X19 Universiteti Nikukari göz xəstəxanasının arayışına əsasən İddiaçı xx.xx.2013cü ildə katarakt əməliyyatından irəli gələn sağ gözün kornea vərəmi səbəbi ilə DSEK cərrahi əməliyyat olunmuş və əməliyyata görə 4000 ABŞ dolları hesablanmışdır. İddiaçı tərəfindən X10 xx.xx.2013-cü il tarixli, № 61052 saylı fakturasına əsasən, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 5,515,633 Rial, xx.xx.2013-cü il tarixli, № 61052 saylı fakturasına əsasən isə xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 5,515,633 Rial xidmət haqqı ödənilmişdir. “X7” MMC ilə İddiaçı arasında bağlanmış 184490/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, icraçı İİİ kateqoriya mürəkkəblikdə əməliyyatdan əvvəl hazırlıq tibb xidmətini yerinə yetirir, pasiyent isə qəbul edir və 2600 Rubl ödəyir; 184490/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən icraçı astiqmatizm kerreksiyası femtolazer müşaiyəti tibb xidmətini yerinə yetirir, pasiyent isə qəbul edir və 55.000 Rubl ödəyir; 184490/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən icraçı optik-rekonstruktiv cərrahi əməliyyatı yerinə yetirir, pasiyent isə qəbul edir və 115.000 Rubl ödəyir; 184490/18 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən isə icraçı görmə orqanının kompleks diaqnostikası prof.Perşin K.B konsultasiya xidməti yerinə yetirir, pasiyent isə qəbul edir və 9000 Rubl ödəyir. İddiaçı Bakı-Moskva xx.xx.2018-ci il tarixli gediş reysi üçün 258,90 manat, Moskva-Bakı xx.xx.2018-ci il tarixli qayıdış reysi üçün 200,50 manat, Bakı-Moskva xx.xx.2019-cu il tarixli gediş reysi üçün 288,27 manat Moskva-Bakı xx.xx.2019-cu il tarixli qayıdış reysi üçün 255,60 manat məbləğində ödəniş etmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrubi və Tədris Birliyinin 742 saylı, xx.xx.2019-cu il tarixli rəyinə əsasən “X19 Universiteti Nikukari Göz Xəstəxanası”nda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2013-cü il tarixdə katarakta (pseudophkic Dsek) əməliyyatından irəli gələn sağ gözün Kornea vərəmi səbəbi ilə onun üzərində “DSAEK (Keratoplastika və yeni hemograft)” cərrahiyyə əməliyyatı icra edilmişdir. Daha sonra, xx.xx.2018-ci il tarixdə Moskva şəhəri X11 İddiaçı üzərində “Optik-rekonstruktiv cərrahiyyə, intraokulyar linzanın tikilməsi, qüzehli qişanın plastikası+Femto RLİ-OD” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda onda “OD-Artifakiya, keratoplastika əməliyyatından sonrakı vəziyyət, qeyri-düzgün astiqmatizm, görmə sinirinin atrofıyasının olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.1973-cü il tarixdə almış olduğu travma ilə əlaqədar keçirilmiş cərrahiyyə əməliyyatı haqqında hər hansı bir tibbi sənəd tərtib edilmədiyinə baxmayaraq, mütəxəssis oftamoloq tərəfindən xx.xx.2019-cu il tarixli göndərişdə onun gözündə olan fəsadların almış olduğu zədə ilə əlaqədar olduğu göstərilmişdir. Odur ki, İddiaçı gözündə aparılmış müayinə və müalicə tədbirləri onun xx.xx.1973-cü il tarixdə iş vaxtı zamanı baş vermiş bədbəxt hadisənin nəticəsində yaranmış fəsadların aradan qaldırılması ilə əlaqəli olduqları istisna olunmur. Hazırda iddiaçı, xx.xx.1973-cü il tarixdə iş vaxtı zamanı baş vermiş bədbəxt hadisənin nəticəsində sağ gözünün zədələndiyini və bununla əlaqədar 2010-cu ildə Tehran şəhərində, 2013-cü ildə Təbriz şəhərində, 2018-ci il ildə isə Moskva şəhərində cərrahiyyə əməliyyatı olduğunu bildirərək, əməliyyat xərci, əməliyyat və həkim müayinələri ilə əlaqədar yol, otel xərclərinin və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci, Əmək Məcəlləsinin 191-ci və 239-cu maddələrinə əsasən, cavabdehdən iddiaçıya dəymiş zərərin əvəzi kimi qətnamədə göstərilən məbləğdə pulun tutulması qanuni və əsaslı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 239-cu maddənin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin maddənin 2-ci hissəsinə görə, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. ƏM-in 191-ci maddəsinin 2-ci hissəsinə əsasən, aşağıdakışərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Digər tərəfdən, mülki qanunvericiliyin ayrı-ayrı müddəalarında zərərin ödənilməsi tələbini özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Hazırkı mübahisə üzrə iddiaçının tələbi (tələbin hüquqi əsası) mülki hüquq pozuntusuna (deliktə) söykənir. Mülki hüquq pozuntusunun anlayışını, ünsürlərini və ümumi qaydalarını müəyyən edən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında xx xxxxxx 2003-cü il, 3 №-li qərarının 1.1-ci bəndinə əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin qərarın 1.3-cü bəndinə görə, aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən X1 (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində işəgötürənin işçi qarşısında tam maddi məsuliyyət daşıması üçün sonuncunun təqsirli şəkildə, yəni qəsdən və ya ehtiyatsızlıqla hər hansı əməl törətməsi, işçiyə ziyanın həqiqətən vurulması, işəgötürənin əməlinin, yəni hərəkət və ya hərəkətsizliyinin qanuna zidd olması və bu əməllə onun nəticəsi arasında səbəbli əlaqənin müəyyən olunması zəruridir. Həmin ünsürlərdən biri olmadığı halda işəgötürənin öhdəliyinin yaranması istisna edilir. Bu səbəbdən, Əmək Məcəlləsinin 191 və 239-cu maddələrinin, habelə Nazirlər Kabinetinin İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında xx xxxxxx 2003-cü il, 3 №-li qərarının müddəaları ilə Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin tələblərinin bir-biri ilə sistemli şəkildə əlaqəli olduğunu diqqətə alaraq, Kollegiya hesab edir ki, hazırkı iş üzrə araşdırma predmetini “Azneft” İB-nin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Kollegiya vurğulayır ki, istehsalat qəzası nəticəsində işçinin sağlamlığının pozulmasına görə işəgötürənin məsuliyyət daşıması üçün ilk növbədə işəgötürənin təqsirli əməli, yəni hərəkəti və ya hərəkətsizliyi olmalı və bu əməl qeyri-hüquqi (qanunvericiliyə zidd) olmalıdır. Əməlin qeyri-hüquqi olması dedikdə, onu törədən şəxs tərəfindən hansısa hüquq normasının pozulması başa düşülür. Konstitusiya Məhkəməsi də xx xxxx 2011-ci il tarixli qərarında vurğulanmışdır ki, əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (və ya lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər. Baxılan işdən görünür ki, xx.xx.1973-cü il tarixli istehsalatda qəza haqqında 07 nömrəli aktda qeyd olunmuşdur ki, çilingər İddiaçı gözünə kiçik qığılcım dəymiş və o, dərhal “Leninneft” Neft və Qazçıxarma İdarəsinin 5 saylı tibbi sanitar hissəsinə aparılmış, ilki tibbi yardım göstərildikdən şəhər xəstəxanasına göndərilmişdir. Qəzanın baş vermə səbəbləri sırasında işlərin görülməsi üçün hazırlanmamış iş yeri və iş yerində texniki nəzarətin olmaması göstərilmişdir. Azərbaycan SSR Sosial Təminat Nazirliyinin 029391 saylı, BTЭ-3 seriyalı arayışına əsasən, İddiaçı xx.xx.1974-cü il tarixdə müayinə edilmiş və müddətsiz olaraq 3-cü qrup əlil hesab edilmişdir. Onun əlilliyinə istehsalatda əmək qabiliyyətini itirməsi səbəb olmuşdur. Göründüyü kimi, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülkihüquqi məsuliyyət daşıması üçün qanunvericiliyin yuxarıda sadalanan normalarında qeyd olunan zəruri olan bütün şərtlər mövcuddur. Cavabdeh “Azneft” İB, iddiaçının keçirdiyi əməliyyatlarla işəgötürənin hərəkətləri arasında səbəbli əlaqə olmadığını bildirir. Kollegiya, cavabdehin bu dəlilini əsaslı saymır, ona görə ki, iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizası üzrə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrubi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, müəyyən olunmuşdur ki, İddiaçı gözündə aparılmış müayinə və müalicə tədbirləri onun xx.xx.1973-cü il tarixdə iş vaxtı zamanı baş vermiş bədbəxt hadisənin nəticəsində yaranmış fəsadların aradan qaldırılması ilə əlaqəli olduqları istisna olunmur. Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. İddiaçı isə, apellyasiya şikayətində istehsalat qəzası nəticəsində sağ gözündə yarnmış problemlə bağlı 2010-cu ildə Tehran şəhərində, 2018-ci ildə isə Moskva şəhərində əməliyyat olunması ilə bağlı çəkdiyi xərclərin də ödənilməli olduğunu əsaslandırır. Kollegiya, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, iddiaçı 2010-cu ildə Tehran şəhərində sağ gözündən əməliyyat olduğunu, bir necə dəfə müayinə üçün həmin şəhərə gedib-gəldiyini bildirərək, tələbində qeyd etdiyi məbləğlərdə əməliyyat, yol, otel xərclərinin cavabdehdən tutulmasını tələb etsə də, məhkəməyə həmin xərclərin mövcudluğunu təsdiq edən mötəbər və kifayət edici sübutlar təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X2rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İddiaçının istinad etdiyi Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli məktubu isə, qeyd olunan faktların təsdiqlənməsi üçün mötəbər hesab edilə bilməz. Çünki, sözügedən məktub, iddiaçının yalnız sərhədkeçmə məlumatlarını təsdiq etməklə, onun hansı məqsədlə getməsini müəyyənləşdirməyə xidmət etmir. Kollegiya, iddiaçının İran İslam Respublikasında keçirdiyi əməliyyatların hər hansı effekt verməməsi səbəbindən Moskva şəhərində yerləşən X13 müraciət edərək gözünün əməliyyatı və yol xərclərinə görə çəkdiyi cəmi 5950 manat maddi ziyan tələbi ilə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq bildirir ki, hazırda cavabdeh “Azneft” İB iddiaçının Moskva şəhərindəki keçirdiyi əlavə əməliyyata görə öhdəlik daşıya bilməz. Belə olan təqdirdə iddiaçının gözündə müvafiq əməliyyatı nöqsanlı icra etmiş (əgər bunun üçün əsaslar mövcuddursa) və bu əməliyyata görə məsuliyyət daşıyan müvafiq fiziki və hüquqi şəxslər cavabdehlik daşımalıdır. Bu səbəbdən, iddia tələbi bu hissədə əsassızdır. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə məhkəmə kollegiyası bildirir ki,Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və X17 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Kollegiya qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Kollegiya, hazırkı iş üzrə mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə də bu baxımdan yanaşaraq hesab edir ki, işəgötürənin təqsriri üzündən iddiaçının sağ gözünün zədələnməsi, bununla əlaqədar bir neçə dəfə əməliyyat olunması və nəticədə ona maddi ziyan dəyməsi özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Kollegiya, mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan Kollegiya, iddiaçıya maddi zərərin dəyməsini, onun yaşını, keçirdiyi mənəvi iztirab və sarsıntıları, zərərin əvəzinin könüllü deyil, məhkəməyə müraciət edilməklə ödənilməsini, bunun üçün sərf olunan müddəti nəzərə alaraq, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 3000 manat məbləğində pulun tutulmasını əsaslı hesab edir. Odur ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və cavabdeh “Azneft” İB-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin2(005)-112/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5320/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5320/2020
09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver