Məhkəmə qərarları › İş №2(103)-5320/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5320/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5320/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və mənəvi zərər tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli 2(009)-563/2020 saylı qərardadından cavabdehin şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş X3 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 350 manat alimentin, uşaqların son 36 ay saxlanılması üçün xərclədiyi 25.200 manat pulun və 5.000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(009)-563/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 23.01.2006-cı il təvəllüdlü X3 və 14.01.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 16.01.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin 12.08.2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmış, daha sonra iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə və apelyasiya şikayəti vermiş, məhkəmənin 01.09.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, iddiaçı tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin 14.12.2020-ci il tarixli 2(103)-8973/2020 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apelyasiya baxışından çıxarılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-563/2020 saylı 29.12.2020-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01.09.2020-ci il tarixli 2(009)-563/2020 saylı qərardadından verilmiş şikayət təmin edilməmişdir. Hazırda cavabdeh məhkəmənin 29.12.2020-ci il tarixli qərardadından şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, iddiaçının 2020-ci ilin mart ayında başlayan COVİD-19 pandemiyası səbəbindən ölkədə tətbiq edilmiş karantin müddətində apelyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən buraxması barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Məhkəmənin 23.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X2 və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, eləcə də vətəndaşların və proses iştirakçılarının müraciətlərini, “Sanitariyaepidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələrinin tələblərini nəzərə alaraq, iddiaçının apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətinin buraxılması səbəbi üzrlü hesab və bərpa edilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Şikayətin dəlilləri əsassızdır. Kollegiya qeyd edir ki, məlum olduğu kimi Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi elan edilmiş və ölkə ərazisində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq müvafiq məhdudiyyətlər tətbiq edilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, iddiaçının hərəkəti prosessual hüquqlardan sui-istifadəyə yox, barəsində çıxarılmış məhkəmə aktına yenidən baxılmasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 dekabr 2020-ci il tarixli 2(009)- 563/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar