Məhkəmə qərarları › İş №2(103)-5327/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5327/2023

22.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5327/2023 22.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2023-cü il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh RİH-yə qarşı “öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-841/2020 saylı qərarı ilə, (hazırki iş üzrə iddiaçı) İddiaçı mülkiyyətində olmuş və Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədov küçəsində yerləşən ümumi sahəsi 358,3 kv.metr olan qeyriyaşayış sahəsinin 2008-ci ilin mart ayında (hazırki iş üzrə cavabdeh) Binəqədi RİH tərəfindən sökülməsi müəyyən edilmiş və bununla əlaqədar Binəqədi RİH tərəfindən 860.000 manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi qərara alınmışdır. Ödəniş yalnız 2023-cü ilin mart ayında həyata keçirilmişdir. Öhdəliyin vaxtında icra edilməməsinə görə faizlər RİH tərəfindən İddiaçı ödənilməlidir. Göründüyü kimi, İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin sökülməsində məhz inzibati orqan olan RİH-nin təqsiri Ali Məhkəmənin həmin qərarı ilə müəyyən edilmişdir. Həmin qərara əsasən ödənilməli məbləğ yalnız 2023-cü ilin yanvar ayında ödənilmişdir. 2008-ci ilin mart ayından 2023-cü ilin yanvar ayınadək olan müddət ərzində, yəni 14 il 9 ay müddətində İddiaçı mülkiyyətindən məhrum olmuş, bunun müqabilində ona ödənilməli olan ədalətli kompensasiya məbləğini almaq hüququ cavabdeh RİH tərəfindən təmin edilməmişdir. RİH-nin qeyd olunan hərəkətsizliyi ilə İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndində təsbit olunmuş mülkiyyət hüququ pozulmuşdur. Konstitusiyanın həmin maddəsinin tələbi nəzərə alındıqda müəyyən edilir ki, əmlakın dəyəri əvvəlcədən ödəmə öhdəliyi əmlakın söküldüyü andan yarandığı üçün, həmin öhdəliyin icra edilməməsinə görə faizlərin hesablanması həmin tarixdən kompensasiyanın ödənildiyi tarixədək, yəni 14 il 9 ay müddət üçün hesablanmalıdır. Buna görə də, iddiaçıya dəymiş zərərin illik 5 faizini təşkil edən 634.250 manat məbləğində pul Binəqədi RİH-dən tutularaq İddiaçı ödənilməlidir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Rayon Məhkəməsi iş üzrə gəldiyi bu nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərilən tələb, inzibati məhkəmə icraatı qaydasında baxılmış iş üzrə qəbul edilmiş qərarın cavabdeh inzibati orqan – Binəqədi RİH tərəfindən vaxtında icra edilməməsi ilə bağlıdır. Belə olan halda iddia ərizəsinin məhz mülki icraat qaydasında baxılmalı olmasının əsasları iddia ərizəsinin məzmunundan aydın deyil. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının bu kimi iddiasının Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli, 1(112)-6760/2023 saylı qərardadla mümkün sayılmaması, Binəqədi Rayon Məhkəməsinin üzərinə hazırkı iddianı icraata qəbul edilməsi öhdəliyi qoymur. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayəti, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı (İş № 2-1(102) 841/2020) 2023-cü ilin yanvar ayında icra edilmişdir və iddiaçı ötən müddət üçün, yəni mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsindən (2008-ci ilin mart ayından) qeyd olunan qərarın icra edildiyi tarixə qədər (2023-cü ilin yanvar ayına qədər) gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunanlara münasibətdə bildirir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət tabeçilik prinsipi əsasında qurulmasıdır. Göründüyü kimi qeyd olunan tələbdə hər hansı inzibati akt eyni zamanda özəlləşdirilmə qərarı mübahisələndirilməmişdir. Belə ki, iddiaçı hazırki iddiasında ona gecikdirilmiş vaxt üçün faizlərin ödənilməsini tələb etmişdir. Bundan başqa Rayon Məhkəməsi - “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı qərarına istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, həmin qərarda - inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıması, maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması göstərilmişdir. Hazırki vəziyyətdə isə inzibati orqanın hərəktləri nəticəsində vurulmuş ziyana görə müvafiq kompenasiyanın verilməsi inzibati icraat çərçivəsində baxılmış və bununla belə yekun məhkəmə aktı qəbul edilmişdir və iddiaçının həmin qərarın icra edildiyi vaxta qədər faizlərin ödənilməsini tələb etməsi inzibati icraat qaydasında baxılmasını istisna edir, çünki məhkəmə qərarının vaxtında icra edilməməsi (başqa şəxsə zərər vurma və əsassız varlanma) mülki hüquq və vəzifələr yaradır. Göstərilənlər nəzərə alındıqda müəyyən edilir ki, Rayon Məhkəməsi göstərilən əsasla iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmamışdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, iddia ərizənin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2023-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “öhdəliyinin icrasının gecikdirilməsinə görə faizlərin ödənilməsi tələbi barədə” iddiasının mümkünlüyü və icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar