Məhkəmə qərarları › İş №2(103)-5334/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5334/2024

19.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5334/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, zərərin məbləğinin qiymətləndirilməsi, sığorta ödənişi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. 2015-ci il buraxılışlı, “Dong Feng S 30” minik markalı ** TR *** qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində idarə etdiyi “BMW” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı mülkiyyətindəki avtomobili arxadan vurmuş, zərbənin təsirindən “Dong Feng S 30” minik markalı avtomobil qarşısında dayanmış “Nissan” markalı ** AF *** dövlət nömrə nişanlı avtomobilə çırpılmış, nəticədə avtomobillərə ziyan dəymişdir.

3. Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə barədə” qərarı ilə Cavabdeh2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş, o, 40 manat cərimə olunmuşdur.

4. Müstəqil ekspert X1 xx.xx.2023-cü il tarixdə tərtib etdiyi qüsur aktında göstərilmişdir ki, “Dong Feng S 30” minik markalı ** TR *** qeydiyyat nişanlı avtomobilin cəmi təmir xərcləri 8380 manat təşkil edir.

5. “BMW” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalanmış, “Dong Feng S 30” minik markalı avtomobilə dəymiş ziyana görə həmin sığorta şirkəti tərəfindən İddiaçı 3439,45 manat, “Nissan” markalı ** AF *** dövlət nömrə nişanlı avtomobilin sahibinə isə 1560,55 manat ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı Zeynal oğlu (iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən avtomobilinə dəyən zərərin əvəzi qismində 8380 (səkkiz min üç yüz səksən) manatın, həmçinin hadisə nəticəsində sonradan yol, evakuvator və s. üçün xərclədiyi 200 (iki yüz) manatın, avtomobilə dəymiş ziyanla bağlı ekspert rəyinin alınması üçün 100 (yuz) manatın, mənəvi ziyanın əvəzi qismində 1000 (min) manatın və ödədiyi 117 (yüz on yeddi) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində saat 13:00 radələrində özünə məxsus olan “Donq Fenq” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Beton yol (Zığ Yolu) adlanan ərazidən şəhər istiqamətində hərəkətdə olarkən qarşıda piyada keçidində piyadaya yol vermək üçün ondan qarşıda “Nissan” markalı ** AF *** dövlət nömrə nişanlı avtomobilin dayanmasına görə o da məcbur qalıb ara məsafəsi saxlayaraq dayanmış, bu zaman onlardan arxada olan “BMW” markalı ** XX *** dövlət nömrə nişanlı avtomobil onun avtomobilini arxadan vurmuş, zərbədən onun avtomobili qarşıda duran “Nissan” avtomobilinə dəymişdir. Qəza zamanı xəsərət alan olmamışdır. Beləliklə, Cavabdeh1 mülkiyyətində olan “BMW” markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 ara məsafəsini düzgün seçməyərək avtomobilini arxadan vurmuşdur. Hadisə zamanı avtomobilinə 8380 manat maddi ziyan dəymişdir. DYP əməkdaşları hadisə yerinə gəlmiş, hadisə ilə bağlı avtomobilllərə baxılmış və nəticədə Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqda İPX ******* saylı protokol və TP ******* saylı qərar tərtib olunmuşdur. Hadisə nəticəsində sonradan işin araşdırılması üçün sənədləşmə, yol xərci, evakuvator xərci üçün ümumilikdə 200 manat, avtomobilə dəymiş ziyanla bağlı qüsur aktının alınması üçün 100 manat pul xərcləmişdir. Ekspert qəzaya uğramış ona məxsus olan "Donq Fenq" markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanı müəyyən edərək təyin etmişdir ki, onun avtomaşınının ilkin təmir işləri 8380 manata başa gələcək. Cavabdeh2 bu cür məsuliyyətsiz hərəkətləri nəticəsində ona mənəvi ziyan da vurulmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə dəfələrlə tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Cavabdeh2 bu cür hərəkətləri nəticəsində ağır sarsıntı iztirab keçirir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, maddi vəziyyəti pisdir, iddiaçıya dəymiş zərəri ödəmək fikri yoxdur.

9. Digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir.

10. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti 4 aprel 2024-cü il tarixli rəyində göstərmişdir ki, “...iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsür aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı "Donq Fenq” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6826,00 (altı min səkkiz yüz iyirmi altı) manat müəyyən edilmişdir”.

11. Birinci instansiya məhkəməsinin 21 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 3387 (üç min üç yüz səksən yeddi) manatın və 53,87 (əlli üç manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub İddiaçı ödənilməsi, ekspertizanın xərci olan 50 (əlli) manatın Cavabdeh2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 4 aprel 2024-cü il tarixli rəyində "Donq Fenq” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6826,00 (altı min səkkiz yüz iyirmi altı) manat olaraq qeyd edilmişdir. İddiaçının təqdim etdiyi qəbzdən görünür ki, sığorta şirkəti tərəfindən ona 3439,45 manat siğorta ödənişi həyata keçirilmişdir. Həmçinin, iddiaçı evakuvator xərci və avtomobilə dəymiş ziyanla bağlı ekspert rəyinin alınması üçün maddi ziyana məruz qaldığını iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir.

13. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 1096-cı, 1097.1-ci, 1108.1-ci, 1115-ci maddələrinə istinad etmişdir.

14. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, sübutlara düzgün qiymət vermədiyi, əsaslı olmayan ekspert rəyinə istinad edib qanunsuz qərar çıxardığı, iddiaçıya dəymiş ziyanın məbləğinin şişirdildiyi, iddiaçıya dəyən ziyanın sığorta şirkəti tərəfindən tam ödənildiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı, izahatlar

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçı şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

20. Maddə 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.

21. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.

22. Maddə 905. Sığortalanan əmlak barəsində sığortaçıya sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsinin sübut edildiyi hallar istisna olmaqla, tərəflər əmlakın sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirə bilməzlər.

23. Maddə 922. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

24. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

25. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

26. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

27. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

28. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

29. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): 927.2.1. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

33. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

“İcbari sığortalar haqqında” Qanun

34. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925- 1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

35. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

36. Maddə 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir.

37. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

38. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.

39. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

44. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

50. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə iddiaçının iddiası qismən təmin olunsa da, o, qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində qətnamənin ləğv olunmasını istəsə də, əslində onun şikayəti qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

51. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğini müəyyənləşdirərkən səhvə yol vermişdir.

52. Belə ki, qanunvericilikdə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat (§ 39) sığorta ödənişi nəzərdə tutulmuş, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsinin müstəqil ekspert tərəfindən aparılacağını (§ 26, 34), zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişinin həyata keçiriləcəyini təsbit etmişdir (§ 29).

53. İşin hallarından görünür ki, “BMW” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini sığortalamış sığorta şirkəti “Dong Feng S 30” minik markalı avtomobilə dəymiş ziyanı 5510 manat, “Nissan” markalı avtomobilə dəymiş ziyanı 2500 manat məbləğində qiymətləndirmiş, müvafiq ziyan məbləğlərinin qanunla nəzərdə tutulmuş 5000 manat sığorta məbləğinə nisbətlərini nəzərə alıb sığorta ödənişlərini həyata keçirmişdir.

54. Halbuki iddiaçı, əgər avtomobilinə dəymiş ziyan məbləği 5510 manatdan artıq idi isə, müvafiq sığorta aktı ilə razılaşmamalı, sığorta şirkətindən, avtomobilinə dəydiyini irəli sürdüyü ziyan məbləğinin (iddiasına görə 8380 manatın) 5000 manata olan nisbətini (digər avtomobilə dəymiş ziyanla mütənasib qaydada) tələb etməli idi.

55. İddiaçı isə sığorta şirkətinin müəyyənləşdirdiyi zərər məbləği ilə razılaşmış, avtomobilinə dəymiş ziyanın 5510 manat olması ilə bağlı tərtib olunmuş aktı imzalayaraq məhz həmin məbləğin 5000 manata olan nisbətini qəbul etmişdir.

56. Buna görə də kollegiya hesab edir ki, Cavabdeh2 iddiaçının xeyrinə tutulan ziyan məbləği 2070,55 manat (5510 – 3439,45 = 2070,55) müəyyənləşdirilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-999/2024 saylı iş üzrə 21 may 2024-cü il tarixli qətnaməsi “Cavabdeh2 3387 (üç min üç yüz səksən yeddi) manatın tutulub İddiaçı ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh2 maddi ziyanın əvəzi qismində 2070,55 (iki min yetmiş manat 55 qəpik) manat tutulub İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar