Məhkəmə qərarları › İş №2(103)-5339/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5339/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5339/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: torpaq sahəsinin qaytarılması və dəymiş maddi və mənəvi zərər əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin qaytarılması və dəymiş maddi və mənəvi zərər əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1224/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, Abşeron rayonu Hövsan Südçülük Savxozu üzrə Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 05 saylı qərarından çıxarışa əsasən Bakı şəhəri keçmiş Əzizbəyov, hazırki Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Q-13 saylı məktubuna əsasən İ qrup Qarabağ müharibəsinin əlili kimi İddiaçı rayon 0,08 hektar fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı hazırki iddiasının əsasını ona ayrılmış 0,08 hektar fərdi ev tikmək üçün torpaq sahəsinın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən başqa şəxslərə verildiyi təşkil edir. İddiaçı tələbinin əsaslı olmasının təsdiqi kimi məhkəməyə sübut qismində Abşeron rayonu Hövsan Südçülük Savxozu üzrə Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 05 saylı qərarından çıxarışın surəti təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin qaytarılması və dəymiş maddi və mənəvi zərər əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Hövsan Südçülük soxvozunda ona məxsus olan 0,08 hektar torpaq sahəsini onun razılığı olmadan satdıqları üçün həmin torpaq sahəsinin özünə qaytarılması, yaxud həmin torpaq sahəsinin hazırki bazar qiyməti ilə uyğunlaşdırılaraq pulunun verilməsi, həmçinin bu dövr ərzində ona vurduqları maddi və mənəvi ziyana görə ona 10.000 (on min) manat təzminat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, mənzil sahəsinə olan tələbatının təmin olunması məqsədi ilə keçmiş Əzizbəyov hazırki Xəzər rayon İcra Başçısına ərizə ilə müraciət etmişdir. Abşeron rayon X6 üzrə Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 05 saylı qərarından çıxarışda rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli Q-13 saylı məktubuna əsasən İ qrup Qarabağ müharibəsinin əlili kimi ona 0,08 hektar fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin dövrlərdə o müharibə veteranı kimi ağır xəstə olduğu üçün orada heç bir tikinti işi apara bilməmiş, günü xəstəxanalarda keçmişdir. Həmin vaxtlar Aqrar İslahat Komissiyasının sədri işləmiş Cavabdeh2 və Aqrar İslahat Komissiyasının üzvü olmuş X5 həmin torpaq sahəsini ona verildikdən sonra mütəmadi olaraq ona bildirmişlər ki, əgər bu torpaq sahəsini satmaq fikri varsa onlara satsın. O, onlara bildirmişdir ki, həmin torpağı satmaq fikri yoxdur. Elə oldu ki, onun vəziyyəti pisləşdiyi üçün o xəstəxanaya düşmüşdü. Qayıdandan sonra ona bəlli olmuşdur ki, bu şəxslər ona məxsus olan torpaq sahəsini başqa şəxslərə satmışlar. Onların əlində pul və hakimiyyət olduğu üçün onlar Abşeron rayon Dövlət arxiv idarəsinə də təsir edərək X6 Aqrar İslahat Komissiyasının sənədlərini ya Arxivə verməmiş, ya da Arxivdə itbata salmışlar.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(003)-1224/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev), iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən Hövsan Südçülük soxvozunda ona məxsus olan 0,08 hektar torpaq sahəsini onun razılığı olmadan satdıqları üçün həmin torpaq sahəsinin özünə qaytarılması, yaxud həmin torpaq sahəsinin hazırki bazar qiyməti ilə uyğunlaşdırılaraq pulunun verilməsi, həmçinin bu dövr ərzində ona vurduqları maddi və mənəvi ziyana görə ona 10.000 (on min) manat təzminat verilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, hazırki iddia ilə bağlı subyektiv hüquqa malik deyildir.

7. Məhkəmə həmçinin qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

8. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Hazırki halda iddiaçı iddianın əsaslığını sübut edən dəllilləri təqdim etmədiyindən iddia təmin edilə bilməz.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 4.1, 14.2, 76, 77.1, 77.3, 78.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

11. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.

12. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, iş üzrə çıxarılan qətnamə əsassızdır. Belə ki, Əzizbəyov hazırki Xəzər rayon İcra Başçısına ərizə ilə müraciət etmişdir. Abşeron rayon X6 üzrə Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 05 saylı qərarından çıxarışa əsasən rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli Q-13 saylı məktubuna əsasən götürülərək İ qrup Qarabağ müharibəsinin əlili kimi ona 0,08 hektar fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin vaxtlar Aqrar İslahat Komissiyasının sədri işləmiş Cavabdeh2 və Aqrar İslahat Komissiyasının üzvü olmuş X5 həmin torpaq sahəsini ona verildikdən sonra mütəmadi olaraq ona bildirmişlər ki, əgər bu torpaq sahəsini satmaq fikri varsa onlara satsın. O, uzun müddət xəstəxanada olmuşdur. Qayıdandan sonra ona bəlli olmuşdur ki, bu şəxslər ona məxsus olan torpaq sahəsini başqa şəxslərə satmışlar. İş üzrə həqiqi hallar müəyyən edilsə də, hakim iddianı təmin etməmişdir. Məhkəmə Mülki Məcəllənin 152 və 157-ci maddəsinin tələblərinə əməl etməmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

14. Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər..

28. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

33. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İddiaçının iddia tələbi ondan ibarətdir ki, Abşeron rayon X7 üzrə Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə ona birinci qrup Qarabağ müharibəsi əlili kimi fərdi yaşayış evi tikilməsi üçün verilmiş 0,08 ha torpaq sahəsini cavabdehlər onun razılığı olmadan başqa şəxslərə satdıqları üçün həmin torpaq sahəsinin ona qaytarılması, yaxud həmin torpaq sahəsinin hazırki bazar qiymətinə uyğunlaşdırılaraq pulunun verilməsi, həmin bu dövr ərzində ona vurduqları maddi və mənəvi ziyana görə təzminat verilməsidir.

38. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, hazırki iddia ilə bağlı subyektiv hüquqa malik deyildir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və apelyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

40. Məhkəmə kollegiyası əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

41. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

42. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır: a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin). b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

44. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır.

45. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

46. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

47. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tələbini təsdiq edən sübut qismində Abşeron rayon X7 üzrə Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 05 saylı qərarına istinad etsə də, həmin qərarla ona verilməsi nəzərdə tutulan torpaq sahəsinin verilməsini təsdiq edən (ayrıc aktı, təhkim aktı, təhvil-təslim aktı, plan-cizgi və s.) hər hansı bir sübut təqdim edə bilməmiş, həmçinin apelyasiya məhkəməsində həmin torpaq sahəsinin harada yerləşdiyini bilmədiyini qeyd etmişdir. Həmçinin iddiaçı ona ayrılması nəzərdə tutulan torpaq sahəsinin cavabdehlər tərəfindən satılmasını təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir.

48. Apelyasiya məhkəməsinin sorğusuna Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin birinci müavininin xx.xx.2022-ci il tarixli, 1789 saylı cavab məktubunda bildirilmişdir ki, X2 yaşamış İddiaçı torpaq sahəsi ayrılması barədə sənədlər Xəzər rayon İcra Hakimiyyətində mövcud olmadığından, torpaq sahəsinin ayrılıb-ayrılmaması, harada yerləşməsi, kimin sahibliyində və istifadəsində olması barədə məlumat təqdim etmək mümkün olmamışdır.

49. Apelyasiya məhkəməsinin sorğusuna Abşeron rayon İcra Hakimiyyətinin hüquq şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1/2208 saylı cavab məktubundan məlum olur ki, sənədlər Abşeron rayon Dövlət Arxivinə verildiyi üçün, aidiyyəti üzrə müraciət etmək tövsiyyə olunur.

50. İş materiallarında olan Abşeron rayon Dövlət Arxivinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli F-427 saylı məktubundan məlum olur ki, Abşeron rayon X7 üzrə Aqrar İslahat Komissiyasının sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

51. Məhkəmə kollegiyasının iclasında iş üzrə Cavabdeh2 izahatında bildirmişdir ki, həqiqətən Əzizbəyov rayon İcra Hakimiyyətinin məktubuna əsasən iddiaçıya sərəncam əsasında yaşayış evi tikilməsi üçün torpaq sahəsi ayrılması barədə Aqrar İslahat Komissiyasının sədri kimi o imzalamış, lakin torpağın ayrıc aktı, plan cizgisi tərtib olunmamışdır. Həmin vaxt Qarabağ müharibəsinin iştirakçısı olduğu üçün iddiaçıya hər cür köməklik göstərəcəyini də bildirmişdir. Lakin, iddiaçı uzun müddət ona verilməsi nəzərdə tutulan torpaq sahəsinə sahiblik etməmiş və həmin torpaq sahəsinin harada, kimin istifadəsində olmasından onun məlumatı yoxdur. Çünki, Aqrar İslahat Komissiyası ləğv edilmiş, o da, vəzifəsindən azad olunmuş və iddiaçıya ayrılmış torpaq sahəsinin harada olmasından məlumatı yoxdur. O, iddiaçıya ayrılan tporpaq sahəsini heç kimə satmamış və iddiaçı tərəfindən ona qarşı iddia qaldırılmasını əsassız hesab edir.

52. Qeyd edilənləri təhlil edib qiymətləndirən məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsinin ona məxsus olması, harada yerləşməsi, kimin sahibliyində və istifadəsində olması, həmçinin iddia etdiyi torpaq sahəsinin hazırki iş üzrə cavabdehlər tərəfindən özgəninkiləşdirilməsini təsdiq edən sübutlar təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

53. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

55. Göründüyü kimi iddiaçı apelyasiya şikayətində istinad etdikləri hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətdə göstərdikləri hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər.

56. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından və birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillərə artıq qiymət verildiyindən, həmin dəlilərə əlavə münasibət bildirməyi zəruri hesab etmir.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, hazırki iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Odur ki, məhkəmə kollegiyası iddiaçının iddia tələbinin maddi və mənəvi zərər hissəsinə münasibət bildirməyi zəruri hesab etmir.

58. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

59. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

60. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1224/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar