Məhkəmə qərarları › İş №2(103)-534/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-534/2023

30.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-534/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kompensasiya və kirayə haqqı ödənilməklə cavabdehin mənzildən çıxarılması, mülkiyyət hüququnun müvəqqəti məhdudlaşdırılması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X5, nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “kompensasiya və kirayə haqqı ödənilməklə cavabdehin mənzildən çıxarılması və mülkiyyət hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair iş üzrə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(007)-3769/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən, 70,80 kv.m yaşayış, 83,20 kv.m yardımçı, 154,0 kv.m ümumi sahədən ibarət 1 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payda Cavabdeh adına 26 dekabr 2013-cü il tarixdə, ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır.

2. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “K.Balakişiyev küçəsi, 26 saylı evin, 1 saylı mənzilinin yaşayış sahəsində dəyişikliklər edilməsi haqqında” 08 noyabr 2005-ci il tarixli, 729 saylı sərəncamına əsasən Cavabdeh şəxsi mülkiyyətində olan evində mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə təmir işləri apararkən gördüyü yenidənqurma və genişləndirmə işləri və RİHBA-nın mənzil məsələləri üzrə ictimai komissiyasının rəyi nəzərə alınaraq, “Yerli İcra Hakimiyyətləri haqında” əsasnamə rəhbər tutularaq, həmin mənzildə təmir işləri apararkən faktiki 4 otaqlı 69,8 kv.m. yaşayış sahəsindən, 37,5 kv.m. köməkçi sahədən, 28,6 kv.m. eyvandan və 57 kv.m. zirzəmidən ibarət olan mənzilin kirayəçisi hesab edilmiş və onunla kirayə müqaviləsi bağlanmışdır.

3. Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin 18 noyabr 2005-ci il tarixdə işlənmiş Texniki pasportuna əsasən mənzilin texniki göstəriciləri 40 kv.m həyətyanı sahəsi istisna olmaqla, yaşayış sahəsi 70,8 kv.m, köməkçi sahəsi 110,5 kv.m, ümumi sahəsi 181,3 kv.m. təşkil edir.

4. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014cü il tarixli, 154 nömrəli Sərəncamına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli, 01 saylı müraciəti nəzərə alınaraq, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 1400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin kəsişməsindəki yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi müəyyən edilmişdir.

5. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10/İ-1063 nömrəli iş üzrə istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 14/102 nömrəli, 2014-cü il tarixli ayrıc aktına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 10 aprel 2014-cü il tarixli, 154 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yerləşən 1,9276 ha torpaq sahəsi yaşayış binalarının tikintisi üçün "xxxx" Mənzil Tikinti Kooperativinin istifadəsinə verilmişdir;

6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamının addan-ada keçməsi haqqında” xx.xx.2018-ci il tarixli, 104 nömrəli Sərəncamına əsasən İddiaçı MTKnın xx.xx.2018-ci il tarixli, 01 saylı müraciətini və "xxxx" MTK-nın xx.xx.2018-ci il tarixli, 173 saylı razılıq məktubunu nəzərə alıaraq, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı MTKnın adına rəsmiləşdirilmişdir.

7. Tİ-53/21 saylı, xx.xx.2021-ci il tarixli Obyektin tikintisinə icazəyə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən İddiaçı MTK-ya Kamil Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişməsi, 2400=cü məhəllədə yerləşən 1.9276 ha sahə üzərində çoxmərtəbəli yaşayış binasının (Baş plan üzrə 3 saylı) tikintisinə icazə verilmişdir.

8. Əmlak Ekspert Mərkəzi” MMC-nin 22 noyabr 2021-ci il tarixli, “Buta” Qiymətləndirmə Mərkəzinin 24 yanvar 2023-cü il tarixli və "xxxx" MMC-nin 24 yanvar 2023-cü il tarixli rəylərinə əsasən mübahisəli əmlakın bazar dəyəri müvafiq olaraq 760.000 manat, 235.000 manat (likvid dəyəri 190.000 manat) və 240.000 manat (likvid dəyəri 190.000 manat)məbləğində qiymətləndirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə (i.v 34, 45) Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1, 1 saylı mənzilin (154 kv metr sahəli) boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzilin sökülərək əvəzində iddiaçı tərəfindən həmin ərazidə inşa ediləcək yeni yaşayış binasında cavabdehin mülkiyyətində olan (26 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən) mənzilin sahəsi ilə eyni sahəli və əlavə 20 faiz artıq sahəsi olmaqla yeni təmirli mənzilin iddiaçı tərəfindən cavabdehə verilməsi, ünvan 1, 1 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verildiyi gündən əvəzinə yeni mənzil təqdim edilənədək, ona hər ay üçün 500 manat pulun kirayə haqqı kimi iddiaçı tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyəti başçısının 08 noyabr 2005-ci il tarixli 729 saylı sərəncamı əsasında mənzilin sahəsinin artırılmasını aparmışdır, mənzilə dair çıxarışda həmin sahə nəzərə alınmışdır. Mənzilə dair cavabdehin adına olan 26 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən mənzilin sahəsi 154,0 kv metr göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli qərarına əsasən: “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respüblikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarına uyğun olaraq, yerli icra hakimiyyətinin sərəncamı əsasında qəzalı vəziyyətdə olan binanın sökülərək yerində yeni bina tikintisi ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 26 saylı evin sökülməsi qərara alınmışdır. Binanın sokülməsi və yerində yeni binanın tikintisi İddiaçı MTK-ya həvalə olunmuş və MTK tərəfindən həyata keçirilir.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3769/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı evin 1 saylı mənzilinin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı evin 1 saylı mənzilinin sökülməsi, həmin mənzilin əvəzinə Cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinin qeyd olunan yaşayış binasının yerində inşa edəcəyi yaşayış binasında əvvəlki mənzilin sahəsindən 20% artıq sahəli təmirli mənzilin verilməsi, yeni mənzilin tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə Cavabdeh hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə, onun əşyaları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 26 saylı evin, 1 saylı mənzilindən çıxarılması, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X8)

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının nümayəndəsinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, iddiaçı cavabdehə onun 154,0 kv metr təşkil edən 1 saylı mənzilinin sökülərək ünvan 2 ünvanında yerləşən yaşayış binasının yerində inşa edəcəyi yeni yaşayış binasında, 20 faiz əlavə sahəsi olan təmirli mənzil verməklə, yeni mənzil tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 500 manat kirayə haqqı ödənilməklə, cavabdehin 1 saylı mənzilindən çıxarılmasını tələb etməklə cavabdehi mülkiyyətdən məhrum etmir, bu reallıqda cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. İddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi ünvan 2 saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan, tam təmirli mənzil vermək niyyətindədir. Cavabdehin ünvan 2 saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh ünvan 2 saylı evin, 1 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi ünvan 2 saylı yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci, 13-cü maddəsinin 1-ci, 16-cı maddəsinin 1-ci, 29-cu maddəsinin 1-ci və 4-cü, 5-ci, 6-cı, 43-cü maddəsinin 2-ci bəndləri, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2 və 4.2.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, apellyasiya məhkəməsində aparılacaq araşdırmanın nəticələrinə uyğun iddiaçı tərəfindən ona ədalətli kompensasiyanın ödənilməsinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mənzillərin təmirinə, şəraitinə, çəkilən xərcə heç bir fərq qoymadan, göstərdiyi faktorların heç birini nəzərə almadan bütün sakinlərin mənzillərinə hər bir kv. metr üçün ***-**** manat təklif edir. Bu isə tam qanunsuzluq və ədalətsizlikdir. Mənzilinin ümumi sahəsi çıxarışda 154 kv metr göstərilsə də, faktiki olaraq 240 kv. metrdir. Təmiri də yüksək səviyyəli təmirdir. Mənzilinin hər bir kv metrinə görə 3.000-3.500 manat arası olmaqla cəmi 750.000 manat məbləğində kompensasiya istəyir. MTK-nın vəzifəli şəxsləri etdikləri qanunsuz hərəkətləri ilə onu mülkiyyət hüququndan məhrum etməyə çalışır. Məhkəmə mənzilin texniki pasportunda “mənzilin texniki göstəriciləri” bölməsində və Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 729 saylı Sərəncamda mənzillə, onun texniki göstəriciləri ilə bağlı yazılanların heç birini əsassız olaraq nəzərə almamışdır. Bundan başqa məhkəmə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etməmiş və mənzilin qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici dəvət etməmişdir. Mənzilinin texniki göstəriciləri, yəni faktiki sahəsi həyətyanı torpaq sahəsi ilə birgə, mənzilinin təmiri və bu işlərin görülməsinə çəkdiyi xərclər müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməli, buna müvafiq olaraq iddiaçı tərəfindən ona ödəniləcək kompensasiyanın məbləği müəyyən edilməlidir. Məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəzərə almamış, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)-1406/2022 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və A.N.İmanov)

Kassasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2022ci il tarixli, 2(102)-3480/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)-1406/2022 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdeh tərəfin təqdim etdiyi sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, cavabdehə məxsus əmlakın təyinatını, əmlakdan məhrum olmasının onun maddi vəziyyətinə nə dərəcədə təsir edə biləcəyini nəzərə almamış, habelə cavabdehin faktiki istifadəsində olan sahənin də müəyyən edilib əvəzləşdirilməli olmasını diqqətdən qaçırmış, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 154 kv metr sahədən əlavə cavabdehin faktiki istifadəsində əlavə köməkçi sahə də olmuş, həmçinin o, 40 kv.m. torpaq sahəsindən həyətyanı kimi istifadə etmişdir. Həmin sahələrə sahiblik və istifadə özbaşına olmamış, Nizami rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən həyata keçirilmişdir. Lakin işə baxan məhkəmələr cavabdehə mülkiyyətinə olan mənzilin sökülməsinə görə ona veriləcək əvəzi müəyyən edərkən həmin halları əsassız olaraq nəzərə almamışdır. Məhkəmələr tərəfindən Cavabdeh kompensasiya kimi "xxxx" MTK tərəfindən yeni tikiləcək binadan mənzilin verilməsi qət edərkən də, həmin mənzillərin hansı binadan, neçənci mərtəbədən verilməli olması, mənzilin nömrəsi kimi əhəmiyyətli halları göstərilməmiş, bu məsələnin həllindədə qeyrimüəyyənliyə yol verilmişdir. Həmçinin kollegiya qeyd etmişdir ki, cavabdeh mülkiyyətində olan mənzilin sökülməsi ilə razıdır, lakin bunun müqabilində iddiaçıdan yeni tikiləcək binadan yaşayış sahəsinin verilməsini deyil, mülkiyyətində olan mənzilin real bazar dəyərinə uyğun kompensasiya ödənilməsini tələb edir. Cavabdehin təşəbbüsü ilə "xxxx" MMC-dən alınmış və apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş hesabatda həmin kompensasiya 760.000 manat (mənzili bazar dəyəri) qiymətləndirilmişdir. İşə baxan məhkəmələr göstərilən halları diqqətdən qaçırmış, həmin məsələni müzakirə etməmiş, iddiaçı MTK-nın kompensasiya kimi nağd pul ödənilməsinə razı olub-olmadığını aydınlaşdırmamış, əgər razıdırsa, hansı məbləğdə olmasını müəyyən etməmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Təkrar məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6, nümayəndəsi və vəkili Vəkil3 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətin təmin olunmasını xahiş etmişdilər. Eyni zamanda, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 izahatına əlavə olaraq bildirmişdir ki, qarşı tərəfin təkilifi ilə razılaşmayaraq 760.000 manat kompensasiya və ya əvəzində 100 kv.metr qeyri-yaşayış sahəsi və 113 kv.metr təmirli mənzil istəyirlər. Bundan başqa İddiaçı Mənzil Tikinti Kooperativi onlardan başqa 5 nəfərlə də razılığa gələ bilməmişdir. Çünki onlardan 2-si xaricdə yaşayır, 3 nəfərlə isə məhkəmə mübahisələri davam etməkdədir.

22. Məhkəmə iclasında iştirak edən İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, hazırda binada işlər yekunlaşmaq üzrədir, bəzi mənzillərdə təmir işləri gedir, bəzilərində isə artıq yekunlaşıb. Cavabdehin mənzilinin yerləşdiyi ərazi binanın daxili kommunal sistemini yerləşdirmək üçün nəzərdə tutulub. Cavabdehin yaşadığı binada bütün mənzil sahibləri ilə razılaşdırmalar var və onlarla müvafiq müqavilələr bağlanmışdır. Hazırda iddiaçı cavabdehə onun mülkiyyətində olan mənzilin əvəzinə kompensasiya olaraq, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, B.Abbasov və Nəsimi küçələrinin kəsişməsində 2400-cü məhəllədə inşa edilmiş yüksək mərtəbəli binadan iki tam təmirli mənzil, yəni bina 1, 3-cü mərtəbədə yerləşən 67,53 kv.m və bina 1, 14-cü mərtəbədə yerləşən 177 kv.m-dən ibarət mənzillərin təhvil verilməsini və pul kompensasiyası olaraq 30.000 manatın ödənilməsini təklif edir. Göstərilənlərin nəzərə alınmasını və təkliflərinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin kompensasiya məbləğinin ödənilməsi hissəsində dəyişdirilməsini, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin 1-ci bəndinə əsasən azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16.1-ci maddəsinin 1-ci bəndinə əsasən azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir; 4.2 və 4.2.1-ci maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.

26. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir; 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

28. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər. Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

32. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2022-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları, habelə apellyasiya şikayətində qətnamənin ləğv olunmasını və iddiaçının mülkiyyətində və istifadəsində olan tam sahə nəzərə alınmaqla ədalətli kompensasiyanın ödənilməsinin təmin olunması hissəsində yeni qətnamənin çıxarılmasının xahiş olunduğunu, kompensasiya ilə bağlı hissənin isə digər tələblərə də təsir etməsini nəzərə alıb, qətnaməni tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, tərəflərin izahatını dinləyib, hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mülkiyyətində və istifadəsində olan sahənin ölçüləri, habelə kompensasiyanın ödənilməsi hissəsində dəyişdirilməlidir.

34. Məhkəmə kollegiyası iş materiallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 26 saylı evin, 1 saylı mənzili Cavabdeh mülkiyyətində olmaqla 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və ilk olaraq 2 otaqlı olmuş və 21,41 kv.m. ölçüdə yaşayış sahəsindən, 16 kv.m. ölçüdə köməkçi sahədən, 3,5 kv.m ölçüdə eyvandan (locia) ibarət olmuşdur. Bundan sonra mənzildə cavabdeh tərəfindən yenidənqurma işləri görülmüş, o cümlədən əlavə artırmalar aparılmışdır. Həmin işlər (yenidənqurma və artırma) Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 08 noyabr 2005-ci il tarixli, 729 saylı sərəncamı ilə qanuni hesab edilmiş və cavabdeh faktiki 4 otaqlı 69,8 kv.m. yaşayış sahəsindən, 37,5 kv.m. köməkçi sahədən, 28,6 kv.m. eyvandan və 57 kv.m. zirzəmidən ibarət olan bu mənzilin kirayəçisi hesab edilmiş və onunla kirayə müqaviləsi bağlanmışdır. Bu sərəncama əsasən mənzilə dair 18 noyabr 2005-ci il tarixdə işlənmiş Texniki pasportda 40 kv.m. həyətyanı sahə istisna olmaqla, mənzilin ümumi sahəsinin 181,30 kv.m, o cümlədən yaşayış sahəsinin 70,80 kv.m, köməkçi sahənin 110,50 kv.m. olması öz əksini tapmışdır. 26 dekabr 2013-cü il tarixdə verilmiş ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən həmin mənzil Cavabdeh mülkiyyətindədir və 70,80 kv.m yaşayış, 83,20 kv m yardımçı, ümumilikdə 154 kv.m ümumi sahədən ibarətdir. Bununla belə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 154 kv.m. sahəsi olan mənzildən başqa, hazırda 39,40 kv.m köməkçi sahə, habelə 40 kv.m. həyətyanı torpaq sahəsi cavabdehin istifadəsindədir. Belə ki, qeyd edilən sərəncamda göstərilən sahələrin cəmi (69,80 +37,50 + 28,60 + 57,50 = 193,40) ilə hazırda cavabdehin mülkiyyətində olan sahənin (154) cəminin fərqi məhz (193,40 – 154 = 39,40) 39,40 kv.m. təşkil edir.

35. Cavabdehin mülkiyyətində olan mənzil və istifadəsində olan sahələr Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yerləşən və yaşayış binalarının tikintisi üçün iddiaçının istifadəsinə verilmiş 1,9276 ha torpaq sahəsi hüdudları daxilində yerləşir. İddiaçı orada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və yerində yeni yaşayış binasının inşa edilməsi ilə bağlı onların mülkiyyətçilərinin əksər hissəsi ilə razılıq əldə etmişdir. Lakin iddiaçı bu məsələdə cavabdehlə razılığa gələ bilmir. Belə ki, cavabdeh mülkiyyətində olan mənzilin sahəsindən 20% artıq sahədə təmirli mənzilin kompensasiya olaraq ona verilməsi barədə iddiaçının ilkin təklifini ədalətli hesab etməmiş və kompensasiya qismində ona 750.000 manat pulun verilməsini tələb edir.

36. Apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı məhkəmə iddiaçıya təklif olunan kompensasiyanı dəyişmiş və dəqiqləşdirmiş və hazırda cavabdehin mülkiyyətində olan mənzilin əvəzinə iki ədəd tam təmirli mənzil, yəni bina 1, 3-cü mərtəbədə yerləşən 67,53 kv.m və bina 1, 14-cü mərtəbədə yerləşən 177 kv.m-dən ibarət mənzil və 30.000 manat məbləğində kompensasiya təklif edir. Cavabdeh isə mənzilin əvəzinə 760.000 manat kompensasiya və ya 100 kv.m. qeyri-yaşayış sahəsi və 113 kv.m təmirli mənzil tələb edir.

37. Bununla belə, iddiaçı cavabdehi mənzilə olan mülkiyyət hüququndan məhrum etmək, habelə mənzili əvəzsiz şəkildə özgəninkiləşdirmək məqsədini daşımır. İddiaçı həmin mənzilin yerləşdiyi yaşayış binasını söküb boşaldılmış sahəni yeni yüksək mərtəbəli çoxmənzilli yaşayış binasının inşası ilə bağlı istifadə etmək və cavabdehə yeni binadan sökülmüş mənzilin sahəsindən də artıq sahəsi olan, tam təmirli mənzil vermək niyyətindədir. Hüquqi nəticə etibarı ilə cavabdehin mənzilə olan mülkiyyət hüququ onun yeni inşa edilmiş binadan verilən mənzilə (mənzillərə) də mülkiyyət hüququnun yaranması üçün əsas olacaqdır. Bu baxımdan həmin müddət ərzində baş verənlər (mənzildən çıxması, mənzilin sökülməsi, yeni mənzilin təhvil verilməsi) onun mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

38. Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüququ və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlıq müəyyən edilməlidir.

39. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə mülkiyyət hüququnun təminatı mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

40. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.

41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93).

42. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

43. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb vurğulayır ki, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Həmin kompensasiya da cavabdehin məhrum olunduğu hüququna mütənasib olmalıdır. Başqa sözlə kompensasiya təklif olunarkən mülkiyyətçinin mülkiyyətində və istifadəsində olan sahələrin ölçüləri, yararlıq və təmir vəziyyəti, sahələrin təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmaqla, gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır.

44. Məhkəmə kollegiyası cavabdehin ədalətli kompensasiya tələb etməsini nəzərə alıb, bu məsələdə tərəflər arasında razılığın əldə edilməsi üçün müzakirələr aparmış, həmçinin barışıq üçün bir neçə dəfə onlara vaxt vermişdir. Nəticədə iddiaçı təklif olunan kompensasiya məbləğini artıraraq, həm ümumi ölçüsü (67,53 + 177 = 244,53) 244,53 kv.m. olan 2 ədəd mənzilin verilməsini, həm də 30.000 manat pul vəsaitinin ödənilməsini təklif edir, cavabdeh isə kompensasiya qismində 760.000 manat məbləğində pul və ya 100 kv.m. qeyri-yaşayış sahəsi və yeni binadan 113 kv.m təmirli mənzil tələb edir. Başqa sözlə, aparılmış müzakirələr və barışıq üçün verilmiş müddət ərzində kompensasiya məbləği ilə bağlı tərəflər arasında razılıq olmamışdır.

45. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

46. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən kompensasiya məbləğinin artırılmasını mümkün hesab edərək qəbul edir və mübahisəyə məhz hazırki təklif əsas götürməklə hüquqi qiymət verərək, qeyd edir ki, ümumilikdə cavabdehin istifadəsində 193,40 kv.m. və 40 kv.m. həyətyanı sahə var. 193,40 kv.m. sahənin 154 kv.m. hissəsi cavabdehin mülkiyyətindədir, qalan 39,40 kv.m. sahə Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə onun qanuni istifadəsindədir. Cavabdehin mənzili yaşayış binasının 1-ci mərtəbəsində yerləşir və mənzilə onun yerləşdiyi binanın girişindən daxil olmaq mümkündür. Eyni zamanda, cavabdeh tərəfindən aparılmış yenidənqurma və artırma nəticəsində əlavə otaqlar yaradılmış və mənzildən yardımçı sahələrin, o cümlədən zirzəminin və sanitar qovşağın yerləşdiyi hissəyə ikinci qapı açılmışdır. Bunun nəticəsində cavabdehin şəxsi həyəti yaranmış və həmin tərəfdən həyətə daxil olmaq üçün dəmir darvaza quraşdırılmışdır. Nəticədə qeyd edilən 40 kv.m. həyətyanı sahə də cavabdehin ikinci çıxışı ilə dəmir darvaza arasında qalmış və bu sahədən cavabdeh şəxsi həyət kimi istifadə edir. Bu hal mübahisəli mənzildə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir. Həmin həyətyanı sahənin cavabdehin istifadəsinə verilməsi ilə bağlı hər hansı sənəd mövcud deyil, bu sahə cavabdeh tərəfindən aparılmış yenidənqurma işləri nəticəsində əldə edilmişdir.

47. Bununla belə, cavabdehin rəsmi olaraq mülkiyyətində və istifadəsində olan ümumi sahə 193,40 kv.m. təşkil edir. Bu sahədən 20% artıq sahə də (193,40 x 20% / 100% = 38,68), yəni (193,40 + 38,68 = 232,08) 232,08 kv.m. iddiaçı tərəfindən təklif edilən 244,53 kv.m. sahədən azdır. Həmçinin, nəticə etibarı ilə cavabdeh biri birindən təcrid olunmuş iki yaşayış sahəsi əldə etmiş olur. Cavabdehə məxsus əmlak təmirli olmasına baxmayaraq, təklif olunan mənzillərin təmiri hər bir cəhətdən hazırki təmirdən üstün olacaqdır. Bununla yanaşı iddiaçı tərəfinən 30.000 manat məbləğində pul kompensasiyası da təklif edilir. Kompensasiyanın ümumi məbləği də cavabdehin mülkiyyətində və istifadəsində olan əmlakın dəyərindən çoxdur ki, az deyil. Belə ki, cavabdehə verilmiş mənzilin 1 kv.m. sahəsinin dəyəri təmirli vəziyyətdə 1.800 manatdan hesablansa (1.800 x 244,53 = 440.154) ümumi məbləğ 440.154 manat təşkil edir. Təklif olunan pul kompensasiyası ilə birlikdə məbləğ etibarı ilə iddiaçı tərəfindən cavabdehə ümumilikdə təxminən 470.000 manat pul təklif edilir. Halbuki, iddiaçının mülkiyyətində və istifadəsində olan əmlakın bu məbləğdə dəyəri yoxdur. Onun tərəfindən əmlakın 760.000 manat dəyərində olmasını təsdiq edən rəy isə iddiaçı tərəfindən təqdim edilmiş rəylərlə (235.000 və 195.000) məbləğ baxımından konkret ziddiyyət təşkil edir və əmlakın qiymətini müəyyən edən mötəbər sübut kimi qəbul edilə bilməz.

48. Məhkəmə kollegiyası iddiaçının hazırda təklif etdiyi kompensiyanın növünü və ümumi dəyərini, habelə kirayə haqqı olaraq hər ay üçün təklif edilən 500 manat pul məbləğini məqbul, cavabdehin tələb etdiyi kompensasiyanın məbləğini isə həddindən artıq yüksək hesab edir və belə qənaətə gəlir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ağlabatandır və iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar üzləşəcəyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymuş olmur.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericiliyin tələblərini, cavabdehin əmlakının yerləşdiyi sahəyə dair iddiaçının hüquqlarını, iddiaçı ilə razılıq əldə edən digər əmlakların mülkiyyətçilərinin hüquqlarını, habelə kompensasiya məbləği ilə bağlı qənaətini nəzərə alıb, birinci instansiya məhkəməsinin qətnaməsini digər hissələrdə əsaslı və qanuni hesab edir və həmin hissələrin dəyişdirilməsi və ləğv edilməsi üçün hər hansı əsas görmür.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(007)-3769/2021 saylı qətnaməsi “cavabdehin istifadəsində olan sahə və kompensasiya məbləği ilə bağlı” hissədə dəyişdirilməli, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən, ümumi sahəsi 154 kv.m. olan 26 saylı evin 1 saylı mənzilinin, habelə mənzildə edilmiş 39,40 kv.m. ölçüdə yenidənqurma və əlavələrin əvəzinə Cavabdeh İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, B.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli binanın (bina 1) 3-cü mərtəbəsində yerləşən 1 otaqlı 67,53 kv.m. sahədə və (bina 1) 14-cü mərtəbəsində yerləşən 177 kv.m. sahədə 4 otaqlı, tam təmirli mənzillər və 30.000 manat məbləğində pul verilməli, yeni mənzillər tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayağacı mənzilə görə Cavabdeh hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən, ümumi sahəsi 154 kv.m. olan 26 saylı evin 1 saylı mənzilindən, habelə 39,40 kv.m. yardımçı sahədən çıxarılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(007)- 3769/2021 saylı qətnaməsi “cavabdehin istifadəsində olan sahə və kompensasiya məbləği ilə bağlı” hissədə dəyişdirilsin. Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən, ümumi sahəsi 154 kv.m. olan 26 saylı evin 1 saylı mənzilinin, habelə mənzildə edilmiş 39,40 kv.m. ölçüdə yenidənqurma və əlavələrin əvəzinə Cavabdeh İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev, B.Abbasov və Nəsimi küçələrinin kəsişməsində, 2400-cü məhəllədə inşa edilmiş hündürmərtəbəli, çoxmənzilli binanın (bina 1) 3-cü mərtəbəsində yerləşən 1 otaqlı 67,53 kv.m. sahədə və (bina 1) 14-cü mərtəbəsində yerləşən 177 kv.m. sahədə 4 otaqlı, tam təmirli mənzillər və 30.000 (otuz min) manat məbləğində pul verilsin. Yeni mənzillər tikilib təmirli vəziyyətdə təhvil verilənədək müvəqqəti yaşayağacı mənzilə görə Cavabdeh hər ay 500 (beş yüz) manat kirayə haqqı ödənilməklə, o, əşyları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən, ümumi sahəsi 154 kv.m. olan 26 saylı evin 1 saylı mənzilindən, habelə 39,40 kv.m. yardımçı sahədən çıxarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar