Məhkəmə qərarları › İş №2(103)-534/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-534/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-534/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pulun tutulması) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2254/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2023-cü il tarixdə Cavabdeh (bundan sonra cavabdeh) barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət edərək, cavabdehə Almaniyadan şərikli qazanc əldə etmək üçün 35.000 Avro məbləğində pul vəsaiti verdiyini, lakin cavabdehin həmin pula ev aldığını, pulunun qaytarılmasını ondan tələb etdikdə isə sonuncunun müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayındığını bildirmiş və onun barəsində tədbirlər görülməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal RPİnin 27-ci PB-nin “Təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023cü il tarixli qərarına əsasən toplanmış material aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ünvanlayaraq 10.000 avro məbləğində pulun 3 gün ərzində ödənilməsini təklif etmiş, əks halda həmin pulun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəlsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 18.191 manat məbləğində pulun və 144,57 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 10.000 Avro-Azərbaycan manatı ilə 18.191 manat məbləğində xx.xx.2023-cü il tarixdə yazdığı izahatda etdiyi etirafa əsasən borclu olduğu pulu ödəmir və tərəfindən xx.xx.2024-cü il tarixdə pretenziya göndərilmiş və aldıqdan sonra ona 3 gün müddətinə ödənilməsi təklif olunmuş, əks halda məhkəməyə bu tələblə bağlı iddia qaldırılacağı göstərilmişdir. Bu pul tələbi ilə bağlı Yasamal RPİ 27-ci PB-də araşdırma aparılmış və cavabdeh borclu olduğunu etiraf etmişdir.

4. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəyə ilə məhkəməyə müraciət edərək, iddiaçının ona 2007-ci ildə 10.000 Avro pul verdiyini, 2008-ci il ərzində isə hissəhissə olmaqla cavabdehə 10.000 Avro məbləğində pul vəsaitini tamamilə qaytardığını bildirmiş, eyni zamanda, aralarında yaranmış münasibətin üzərindən 17 il müddət keçdiyini, iddia müddətinin ötürüldüyünü bildirmiş və bu əsasla da iddianın rədd edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 2254/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir (hakim X7).

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında borc münasibətləri deyil, Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından biznes fəaliyyəti ilə bağlı birgə fəaliyyət görülməsini özündə əks etdirən, qanunvericilikdə qadağan olmayan müqavilə münasibətləri olmuşdur. İddiaçı tərəfindən cavabdehə 10.000 avro məbləğində pul vəsaitinin verilməsi işin mübahisəsiz halı olduğundan həmin pul vəsaitinin iddiaçıya qaytarılmasını sübut etmək yükü Cavabdeh üzərinə düşür. Belə ki, cavabdeh həmin pul vəsaitinin cavabdehə 2008-ci ildə tam şəkildə ödənilməsini bildirməsinə baxmayaraq öz etirazının dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən onun polis idarəsində verdiyi izahatın təhrif edildiyi və düzgün yazılmadığı bildirilsə də, cavabdeh tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə birgə biznes fəaliyyəti ilə bağlı müqavilə münasibətlərindən irəli gələn öhdəlik yerinə yetirilməmişdir.

7. Belə ki, tərəflərin birgə vəsaiti hesabına gəlir əldə etmək üçün alınmış avtomobil cavabdh tərəfindən satılaraq mənzil əldə edilmiş, həmin mənzilin dəyərinin cavabdehə ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilmiş, tərəflər arasında birgə biznes fəaliyyəti ilə bağlı müqavilə münasibətlərinə 2007-ci ildə, yəni tərəflər birgə vəsaiti hesabına alınmış avtomobilin həmin mənzil ilə əvəz edilməsindən sonra xitam verilmiş və iddiaçı tərəfindən verilmiş pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır.

8. Məhkəmə cavabdehin izahatına (iddiaçı qazanca şərikdirsə, ziyana da şərik olmalıdır) münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin pul vəsaitinin cavabdehin xeyrinə tutulmasına dair məhkəmə qətnaməsi qəbul edilmişdir. Lakin iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 3 illik müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, Cavabdeh tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək məhkəmədən iddianın rədd edilməsi xahiş edilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddia müddətinin axımı 2007-2008ci iilərdə başlamış, iddia müddətinin axımı müddətində axımın dayandırılması və kəsilməsi üçün əsas olan hallar olmamış, iddiaçı tərəfindən isə məhkəməyə müqavilə münasibətlərindən irəli gələn iddia tələbləri üçün müəyyən edilmiş 3 illik iddia müddəti, həmçinin qanunvericiliklə müəyyən edilmiş 10 illik ümumi iddia müddəti ötürülməklə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. İddiaçının məhkəməyə müraciət edərkən iddia müddətini ötürülməsi və cavabdeh tərəfindən də iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilməsi iddianın rədd olunması üçün əsas təşkil edir.

10. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329-cu, 372-373-cü, 375-ci, 377-ci, 380-cı, 385-386-cı, 390-cı, 427-ci, 442-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci, 124.2-ci, 217-218-ci maddələrinə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. "xxxx" MMC-dən Cavabdeh xeyrinə 27.121 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair məhkəmə qətnaməsi icra olunduqdan sonra cavabdehin mütəmadi olaraq möhlət istəyərək borcunu qaytaracağını bildirməsi müddətin tətbiqini istisna edir. Bu halı məhkəmə nəzərə almamış və iddianı əsassız olaraq rədd etmişdir. O, pul vəsaitinin cavabdehdən tutulması tələbini polis bölməsində cavabdehin xx.xx.2023-cü il tarixdə yazdığı izahatda etiraf etdiyi borcu ödəməməsi ilə əsaslandırmışdır. Bununla bağlı sorğu edilmiş və sorğuya cavab olaraq əldə edilmiş bütün sübutlar məhkəməyə təqdim edilmişdir. İşin mübahisəsiz halı tərəfin borclu olduğunu etiraf etməsidir ki, məhkəmə bunu nəzərə almamışdır. Eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə verən şəxsin iddianın əsaslı olduğunu etiraf etməsi üçün əsas olduğu və iddia müddətinin keçməsini sübut etməsi zəruridir. Özünün etirafına müəyyən don geyindirməsi və bununla bağlı heç bir sübut təqdim etməməsi ifadənin qeyri-səmimiliyidir. Polisin qərarı da bugünə kimi mübahisələndirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir; 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 377.2ci maddələrinin mənasına görə iddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın hər hansı formada (tam və ya qismən) təmin edilməsi üçün hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında gəlir əldə etmək üçün birgə fəaliyyətdən irəli gələn münasibətlər yaranmışdır. Bu halı tərəflər özləri də təsdiq edir. Yaranmış borcun ödənilməsindən imtina edilməsi ilə bağlı iddiaçının cavabdeh barəsində Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 27-ci polis bölməsinə etdiyi müraciət əsasında aparılmış araşdırma çərçivəsində də hər iki tərəf məhz bu mövqedən çıxış etmişdir.

25. İddiaçı həmin münasibətlər çərçivəsində Almaniyadan avtomobil alıb, sonradan sataraq, gəlir əldə etmək məqsədi ilə cavabdehə 10.000 Avro pul verdiyini, cavabdehin də bu məqsədlə “Mercedes C-class” markalı avtomobil aldığını, lakin sonradan ona avtomobilin 2 ay müddətində satılmaması, bu səbəbdən avtomobili mənzillə dəyişdirməsi barədə məlumat verdiyini, mənzil satıldıqdan sonra onun pulunu qaytaracağına vəd verdiyini, lakin daha sonra tərəfindən mənzilin ümumiyyətlə mövcud olmadığının müəyyən edildiyini, həmin vaxtdan hazırki vaxtadək cavabdehin onun pulunu qaytarmadığını iddia edir və bu məbləğin qaytarılmasını tələb edir.

26. Cavabdeh iddianı qəbul etmir, iddiaçı ilə aralarında olan birgə fəaliyyət çərçivəsində sonuncu tərəfindən ona 10.000 Avro məbləğində pulun verildiyini etiraf edir, lakin həmin pulun gəlirini təşkil edən məbləği, daha sonra isə 2008-ci il ərzində hissə-hissə 10.000 Avro pul vəsaitini iddiaçıya qaytardığını, uzun illər keçdikdən sonra iddiaçının əsassız olaraq ondan bu məbləği tələb etdiyini bildirir, eyni zamanda, iş üzrə iddia müddətinin (17 ildən artıq müddətin) keçdiyini vurğulayır və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini tələb edir.

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdehin bu mövqeyi (pulun alınması, lakin sonradan gəlirlərlə birlikdə qaytarılması) hüquqi nəticə etibarı ilə iddiaçını qeyd edilən məbləğin verilməsini sübut etmək vəzifəsindən azad edir və cavabdehin həmin məbləğin gəlirlərlə birlikdə qaytarılmasını sübut etmək vəzifəsini yaratmış olur. Başqa sözlə, qeyd edilən məbləğin qaytarılmasını sübut etmək yükü artıq cavabdehin üzərinə düşür.

28. Lakin cavabdeh öz mövqeyini sübuta yetirə bilmir. Əksinə iddiaçının müraciəti əsasında Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 27-ci Polis bölməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdeh öz izahatında Almaniya Respublikasından avtomobil gətirib, sataraq gəlir əldə etmək məqsədi ilə iddiaçıdan 10.000 Avro məbləğində pulu aldığını, lakin sonradan qaytara bilmədiyini qeyd etmişdir. Onun bu izahatı Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin “Təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarında da öz əksini tapmışdır. Cavabdeh bu qərarı mübahisələndirməmişdir. Bu səbəbdən həmin izahatın təhrif edilməsi barədə onun dəlilləri əsassız hesab edilir.

29. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh iddiaçı ilə birgə fəaliyyətindən irəli gələn münasibətlər üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, sonradan satılıb gəlir əldə etmək məqsədi ilə avtomobilin alınması üçün iddiaçıdan aldığı 10.000 Avro pulu, vəd edilmiş gəlirlərlə birlikdə iddiaçıya verməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Lakin cavabdeh iddia müddətinin ötürüldüyünü bildirir və bu barədə ərizə təqdim etməklə hazırki iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini tələb edir. Bu da öz növbəsində bu ərizəyə hüquqi qiymət verilməsinə, o cümlədən bu ərizənin əsaslı olub-olmamasının araşdırılmasına zərurət yaradır.

30. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında birgə fəaliyyətdən irəli gələn münasibətlər 2006-2007-ci illərdə olmuşdur. İddiaçı Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 27-ci Polis bölməsində verdiyi izahatında 2007-ci ildə satmaq məqsədi ilə cavabdeh tərəfindən avtomobilin alındığını, lakin 2 ay ərzində satılmadığından avtomobili mənzillə dəyişdiyini, avtomobilin evlə dəyişdirilməsi üçün deyil, qazanc əldə etmək məqsədi ilə alınması səbəbindən bu dəyişdirməyə görə ona irad bildirdiyini, cavabdehin isə ev satıldıqdan sonra pulu geri qaytaracağına söz verdiyini, daha sonra isə evin ümumiyyətlə mövcud olmadığını müəyyən etdiyini, həmin vaxtdan hazırki vaxtadək cavabdehin pulu qaytarmadığını qeyd etmişdir. Bununla belə, iddiaçının izahatına əsasən 2007-ci ildə alınmış avtomobil 2 ay ərzində satılmalı idi. Bu da öz növbəsində cavabdehin həmin pulu iddiaçıya 2007-ci ildə (ilin sonuna təsadüf etdiyi halda, ən geci 2008-ci ilin əvəllərində) qaytarmaq öhdəliyini yaratmış olur. Başqa sözlə, cavabdehin hərəkətləri nəticəsində pozulmuş huquqlarının bərpa edilməsi üçün iddiaçının ən geci 2008-ci ildə artıq həmin pulu tələb etmək hüququ yaranmışdır.

31. İddiaçının avtomobili evlə dəyişməsinə görə cavabdehə irad bildirməsi, daha sonra isə evin ümumiyyətlə mövcud olmamasının müəyyən edilməsi barədə izahatı isə iddiaçının bu dəyişdirməyə razılığının olmadığını, verilmiş pulun qaytarılmasına mənzili avtomobillə dəyişdirən cəmiyyət (komfort İnşaat” MMC) tərəfindən pulun cavabdehə qaytarılmasınadək möhlət verilmədiyini təsdiq edir. Başqa sözlə, iddiaçı özü pulun qaytarılmasını evin satılması ilə əlaqələndirmir, cavabdehin bu məlumatının yalan olduğunu bildirir və nəticə etibarı ilə borcun ödənilməsindən yayınması kimi qiymətləndirir. Cavabdehin həmin vaxtdan pulu geri qaytarmaması barədə izahatı isə onun ötən illər ərzində pulunu cavabdehdən tələb etdiyini təsdiq edir (iddiaçı tərəf məhkəmədə verdiyi izahatında da bunu bildirir). Bu səbəbdən pulun qaytarılması ilə bağlı öhdəliyinin icrası müddəti həmin şərtin (mənzilin satılmasından) baş verməsindən asılı edilə bilməz.

32. Belə olan halda, hazırki vəziyyətdə tərəflər arasında yaranmış birgə fəaliyyətdən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 2008-ci ildən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və iddianı 2024-cü ildə qaldırmaqla hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür (hətta 10 illik ümumi iddia müddəti belə ötmüşdür). Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsaslı hesab edir və belə qənaətə gəlir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməli və bu əsasla iddia tələbi rədd edilməlidir.

33. Məhkəmə kollegiyası onu da vurğulayır ki, 2008-ci ildən başlamış iddia müddətinin axımı artıq 2011-ci ildə bitmişdir. İddia müddəti bitdikdən sonra borcunun olmasının etiraf edilməsi, hətta hər hansı məbləğdə ödənişin edilməsi bitmiş müddətin axımını kəsə bilməz və bu müddət yenidən hesablana bilməz. Bu səbəbdən mövcud vəziyyətdə cavabdehin Bakı şəhəri Yasamal rayon Polis idarəsinin 27-ci Polis bölməsində borcunu etiraf etməsi ondan bu pulun tutulması üçün əsas yatarmış olmur.

34. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. İddiaçının iddiası iddia müddəti keçirilməklə (ötürülməklə) irəli sürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyindən, iddiaya iddia müddəti tətbiq edilməli və iddia bu əsasla rədd edilməlidir. Nəticə etibarı ilə iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2254/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar