Məhkəmə qərarları › İş №2(103)-5340/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5340/2024

09.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5340/2024 09.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhərim Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(006)-3908/2024 saylı qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işıq xətlərinin və dirəklərinin yerinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2(006)-3908/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işıq xətlərinin və dirəklərinin yerinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı izah edilmişdir ki, o, müvafiq tələblə əlaqədar aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(006)-3908/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət həmin məhkəmənin 07 avqust 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. Həmçinin qeyd olunan qərarda qeyd edilib ki, bu cür iddia ərizəsinin icraata qəbul edilərək araşdırılması üçün tərəflərdən heç olmasa birinin inzibati orqan olması tələb olunur. Göstərilən hala görə hesab edirəm ki, iddiaçı olaraq iddia ərizəmizin baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə verməkdə düz edilmişdir. Mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalıdır. Lakin hazırki iddia ərizəsi üzrə tərəflərdən heç biri inzibati orqan sayılmadığı üçün iddiaçı olaraq aidiyyət qaydaların pozduğumuzu hesab etmir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(006)-3908/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, ərizədən də görünür ki, iddiaçının tələbi işıq xətlərinin və dirəklərinin yerinin dəyişdirilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması ilə bağlıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarda qeyd olunmuşdur ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıd qeyd olunan qərarında göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia tələbindən görünür ki, müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulması tələbi mülki-hüquqi deyil, publik hüquq münasibətlərindən irəli gələn inzibati xarakterlidir (hava elektrik verilişi xəttinin dirəklərinin yerinin dəyişdirilməsi cavabdehin publik hüquq münasibətlərindən irəli gələn funskiyasıdır). İddiaçı qeyd edilən inzibati orqana qarşı ümumi məhkəmədə inzibati xarakterli tələb irəli sürməklə məhkəmə aidiyyətini pozmuşdur. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin mahiyyəti inzibati xarakterli olduğundan, iddiaçının tələbi onun cavabdehlə aralarında olan və ya olması güman edilən müqavilə münasibətlərindən irəli gəlmədiyindən hazırki iddia tələbinə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı deyil, həmin tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı ümumi yurisdiksiyalı məhkəməyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan məsələ ilə bağlı ərizə ilə mürəciət etdiyindən məhkəmə ərizənin qəbulundan imtina etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2(006)- 3908/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar