Məhkəmə qərarları › İş №2(103)-5341/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5341/2020

09.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5341/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Maraqlı şəxslər xxxxxxxxxx” Şirkətinin (azadlıg.org saytının) nümayəndəsi X3, “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə və “Meydan” TV-nin nümayəndəsi və vəkili X5 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maraqlı şəxslər “xxxxxxxxxxxx”, “azadlıg.org”, “azerbaycansaati.com” domenlərinin, “meydan.tv”, “Turan” telekanalı (Turan TV) və “Maraqlı şəxs6” teleproqramlarının yerləşdirildiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən maraqlı şəxslər “xxxxxxxxxx” Şirkəti (azadlıg.org saytının) “xxxxxxxxxxxx” MMC və “Meydan” TV tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Maraqlı şəxs2, dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığından “xxxxxxxxxxxx”, “Maraqlı şəxs3”, “azərbaycansaati.com” domenlərinə, “Meydan.tv”, “Turan” telekanalı (TuranTV) və “Maraqlı şəxs6” teleproqramlarının yerləşdiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması; həmçinin müraciət müəyyənləşdirilmiş digər informasiya ehtiyatları vasitəsi ilə mümkün olarsa, məhdudlaşdırılma barədə qərarın bu resurslara da şamil olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılması zamanı tərəflərin razılığı ilə ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Maraqlı şəxs2, əsl ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əvəz edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə, “xxxxxxxxxxxx”, “Maraqlı şəxs3”, “azərbaycansaati.com” domenlərinə, “meydan.tv”, “Turan” telekanalı (TuranTV) və “Maraqlı şəxs6” teleproqramlarının yerləşdiyi internet informasiya ehtiyatlarına müraciətlərin edilməsi məhdudlaşdırılmış, ərizə qalan hissədə, yəni “müraciətin müəyyənləşdirilmiş digər informasiya ehtiyatları vasitəsilə mümkün olarsa, məhdudlaşdırılma barədə məhkəmə qərarının bu resurslara da şamil edilməsi” hissəsində rədd edilmişdir. Maraqlı şəxs “xxxxxxxxxxxx” MMC, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixə məhkəmə iclası təyin edilib, lakin tərəflər iştirak etmədiyindən iclas xx.xx.2017-ci il tarixə təxirə salınıb. Saytlar isə məhkəmə iclası barədə xx.xx.2017-ci il tarixində xəbərdar ediliblər. Ərizənin baxılmamış saxlanılması, Baş Prokurorluğun işə cəlb edilməsi, məhkəmə-linqvistik ekspertizanın təyin edilməsi, tələbin dəqiqləşdirilməsi və ərizəçinin istinad etdiyi yazılardan birinin müəllifinin şahid kimi dindirilməsi barədə vəsatətləri təmin olunmayıb. Ərizə məhkəməyə xx.xx.2017-ci il tarixdə təqdim edilib və təqdim edildiyi tarixdən sonra 5 gün ərzində baxılmalıdır. Lakin hazırkı iş üzrə müddət pozulduğundan maraqlışəxslərə münasibətdə ərizə rədd edilməlidir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.2-ci maddəsində göstərilən ifadələr aydın deyil (qeyri-müəyyəndir). Eləcə də, ərizəçi həmin maddənin baxılan işə tətbiqini əsaslandırmayıb. Maraqlışəxslərin dərc etdiyi yazılar siyasi bəyanatlardan, beynəlxalq mətbuatda getmiş yazıların tərcüməsindən, araşdırmadan, statistika ilə bağlı xəbərlərdən, analitik təhlillərdən, müsahibə və köşə yazılarından ibarətdir. Yazılarda hər hansı formada zorakılığa, konstitusion quruluşu devirməyə, yaxud hakimiyyəti zorla ələ keçirməyə, kütləvi iğtişaşlara dair çağırış və ümumiyyətlə çağırış mövcud deyil, yazıların bir qismi siyasi debatların hissəsidir. Ərizəçi isə yazıların məhdudlaşdırılmasmı zəruri edən hər hansı əsas təqdim edə bilməmişdir. Həmin yazıların qadağan edilmiş informasiya silahısına aid informasiya hesab edilməsi və məhdudlaşdırılması üçün təxirəsalınmaz sosial tələbat mövcud deyil və zəruri əsaslar yoxdur. Həmçinin yazılara görə bütövlükdə internet saytlarının bloklanması açıq-aşkar qeyri-mütənasib tədbirdir. Beləki, hətta hansısa “qanunsuz” informasiya yayılmış olsa belə, bu halda konkret həmin informasiyanın yayıldığı səhifə məhdudlaşdırıla bilərdi. Hazırda isə bütövlükdə internet resursu məhdudlaşdırılıb. İnternet saytların bloklanması ciddi prosessual təminatlara cavab verməlidir. Hazırkı iş üzrə nə Nazirlikdə, nə də birinci instansiya məhkəməsində prosessual təminatlara riayət edilməyib. Maraqlı şəxs “xxxxxxxxxx” Şirkəti də, apellyasiya şirkəti verərək, qətnamənin “azadliq.org” saytına münasibətdə ləğv edilməsi, ərizənin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, sözügedən yazılarda prokurorluğun məktubunda iddia edildiyi kimi, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsi, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn aşıq çağırışlar edilməsi, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsi və digər qanunazidd hərəkətlərə yol vermələri barədə hər hansı məzmun yoxdur, məqalələrdə əksərən siyasi hakimiyyət tənqid edilir, müxtəlif şəxslərin ictimai-siyasi problemlərlə bağlı təhlil və fikirləri yer alır. Bu isə o deməkdir ki, “azadliq.org” internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud olmayıb və saytda yayılması qadağan edilən informasiya yerləşdirilməyib. Digər tərəfdən, prokurorluğun məktubunda iddia edildiyi kimi, yazıların hamsı 2017-ci ilin mart-aprel aylarında sayta yerləşdirilməyib, bəziləri 2017-ci il fevral ayını, bir yazı isə 2016-cı ilin noyabr ayını əhatə edir. Nazirliyin şikayət etdiyi digər informasiya resurslarındakı bəzi yazılar hətta Baş Prokurorluğun xx.xx.2017-ci il tarixli məktubundan sonra saytlara yerləşdirilib. Belə ki, “xxxxxxxxxxxx” saytında xx.xx.2017-ci il tarixdə dərc edilmiş “Xalq, mən də varam desə” yazısının Baş Prokurorluq tərəfindən bir gün əvvəl – xx.xx.2017-ci il tarixdə Nazirliyə gönədirilən sənədlərə əlavə edilməsi faktiki olaraq mümkün deyil və həmin materialın sonradan əlavə edilməsi şübhə doğurmur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna internet informasiya ehtiyatları adlı İİİ-İ fəsil xx.xx.2017-ci ildə əlavə edilib. MPM-ə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraatı nəzərdə tutan 40-6-cı fəsil xx.xx.2017-ci il tarixdə əlavə edilib. Müraciətdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna xx.xx.2017-ci ildə edilən dəyişikliklərin qüvvəyə minməsindən əvvəl 2016-cı ilin noyabr və 2017-ci ilin fevral ayında yerləşdirilən yazılara istinad edilməsi qanunsuz və əsassızdır. Qanunun 13-3.1-cü maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə hər hansı xəbərdarlıq edilməyib. Belə olan halda, ərizəçinin məhkəməyə müraciət etməsi qanunsuzdur. Habelə, ərizəçinin nümayəndəsi Qanunun 13-3.3-cü maddəsində konkret olaraq göstərilən təxirəsalınmaz halların hər hansı birinin “azadliq.org” saytında yayımlanmış hansı materialda aşkar etdiklərini göstərə bilməyib. Ərizəçi məhkəməyə müvafiq ərizə ilə xx.xx.2017-ci ildə müraciət edib və məhkəmə bu işlə bağlı qərarı yalnız 1 ay 12 gündən sonra çıxarıb. Bununla da, mübahisələndirilən qətnamə MPM-in 355-22.1-ci maddəsinə zidd olaraq çıxarılıb.Şikayətin digər dəlilləri isə, “xxxxxxxxxxxx” MMC-nin apellyasiya şikayətinin dəlillərinə uyğundur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə, apellyasiya şikayətləri təmin edilməmiş,Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ərizənin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxslər “xxxxxxxxxx” Şirkəti (azadlıg.org saytının) və “xxxxxxxxxxxx” MMC, həmin qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə, kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi maraqlı şəxslər “xxxxxxxxxxxx” MMC və “xxxxxxxxxx” Şirkətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, xx.xx.2019-cu il tarixdə maraqlı şəxs “Meydan” TV, Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ərizənin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki,“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.2-ci maddəsində göstərilən ifadələr aydın deyil (qeyri-müəyyəndir). Eləcə də, ərizəçi həmin maddənin baxılan işə tətbiqini əsaslandırmayıb. Maraqlı şəxslərin dərc etdiyi yazılar siyasi bəyanatlardan, beynəlxalq mətbuatda getmiş yazıların tərcüməsindən, araşdırmadan, statistika ilə bağlı xəbərlərdən, analitik təhlillərdən, müsahibə və köşə yazılarından ibarətdir. Yazılarda hər hansı formada zorakılığı, konstitusion quruluşu devirməyə, yaxud hakimiyyəti zorla ələ keçirməyə, kütləvi iğtişaşlara dair çağırış və ümumiyyətlə çağırış mövcud deyil, yazıların bir qismi siyasi debatların hissəsidir. Ərizəçi yazıların məhdudlaşdırılmasını zəruri edən hər hansı əsas təqdim edə bilmədi. Həmin yazıların qadağan edilmiş informasiya siyahısına aid informasiya hesab edilməsi və məhdudlaşdırılması üçün təxirəsalınmaz sosial tələbat mövcud deyil və zəruri əsaslar yoxdur. Həmçinin yazılara görə bütövlükdə internet saytlarının bloklanması açıq-aşkar qeyri-mütənasib tədbirdir. Belə ki, hətta hansısa “qanunsuz” informasiya yayılmış olsa belə, bu halda konkret həmin informasiyanın yayıldığı səhifə məhdudlaşdırıla bilərdi. Hazırda isə bütövlükdə internet resursu məhdudlaşdırılıb. İnternet saytların bloklanması ciddi prosessual təminatlara cavab verməlidir. Şikayətin qalan dəlilləri isə, digər maraqlı şəxslərin apellyasiya şikayətlərinin dəlillərinə uyğundur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş,Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsimaraqlı şəxs “Meydan” TV-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs “Meydan” TV, həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Daha sonra, ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əlavə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarı ilə, əlavə kassasiya şikayəti təmin edilərək, Ali Məhkəmənin xx xxxx 2018-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi, həmçinin Ali Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qərarları və onlarla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən, maraqlı şəxslər xxxxxxxxxx” Şirkətinin (azadlıg.org saytının), “xxxxxxxxxxxx” MMC-nin və “Meydan” TV-nin nümayəndələri ayrı-ayrılıqda özlərinin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətlərinin təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası, qətnaməni apellyatorların mübahisələndirdikləri hissədə, yəni ərizənin təmin olunmuş hissəsində, onlara münasibətdə yoxlanmışdır. Çünki, ərizəçi iş üzrə çıxarılmış qətnaməni mübahisələndirməmişdir. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətlərin hədləri və dəlilləri ilə bağlıdır. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarına əsasən, Azərbaycan Respublikasının Baş prokuroru Nəqliyyat, Rabitə və X2nə ünvanladığı xx.xx.2017-ci il tarixli 13-1/18 saylı məktubda bildirmişdir ki, aparılmış araşdırmalarla “xxxxxxxxxxxx” və “Azadlıq” qəzetinin “xxxxxxxxxxxx” domenləri, “Meydan.tv” İnternet saytı, “Turan” telekanalı (Turan TV) və ayrı-ayrı sosial şəbəkələrdə yayımlanan “Maraqlı şəxs6” teleproqramında mütəmadi olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozularaq Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn destruktiv hərəkətlərə yol verilməsi, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsi, radikal dini qurumların qanunuz fəaliyyətlərinin təbliğ edilməsi və digər qanunazidd hərəkətlərə yol vermələri müəyyən edilmişdir. Məktuba “xxxxxxxxxxxx”, “azadliq.org” və “meydan.tv” domenlərinin eləcə də, “Turan” telekanalı (Turan TV) və “Maraqlı şəxs6” teleproqramlarının Azərbaycan Respublikası ərazisində yayımlarının dayandırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. Həmin tarixdə Nəqliyyat, Rabitə və X2, Baş prokurorluğun məktubunda göstərilmiş məlumatları, o cümlədən “xxxxxxxxxxxx”, “azadliq.org”, “azərbaycansaati.com” domenlərinin, “meydan.tv”, “Turan” telekanalı (Turan TV) və “Maraqlı şəxs6” teleproqramlarında mütəmadi olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələblərinin kobud şəkildə pozmasının, dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığını nəzərə alaraq, bu internet informasiya ehtiyatlarına müraciətin təxirəsalınmadan müvəqqəti olaraq məhdudlaşdırılmasmı qərara almışdır. Qərarın icrası, həmçinin Nazirliyin adından aidiyyəti rayon məhkəməsinə müraciət olunması Nazirliyin Maraqlı şəxs2nə həvalə edilmişdir. Məhkəməyə müraciət üçün əsas aşağıda qeyd olunan məqalər olmuşdur: 1) “azadliq.org” internet saytında 2017-ci ilin mart-aprel aylarında dərc olunmuş dörd yazı; 2) “meydan.tv” internet saytında: 2017-ci ilin mart ayında dərc edilmiş “Xalqın qəzəbinin ifadə forması böyük meydanlardan keçməlidir” başlıqlı məqalə; “Dini təhlükə və avtoritarizm bir-birinin donoru kimi” adlı məqalə; 3)“xxxxxxxxxxxx” internet saytında: xx.xx.2017-ci il tarixdə yayımlanmış ”Bakıdakı rejim korrupsionerdir, avtoritardır, iqtisadi böhran içindədir”, “Möhkənlənmiş rejim, yoxsa zəifləmiş dövlət?”, “Birinci xanımdan ötrü yaradılmış post”, “Kürü diplomatiyasının bəhrələri”, “Susqunluq” başlıqlı məqalələr; xx.xx.2017-ci il tarixdə yayımlanmış “Əliyev rejiminin gələcəyi yoxdur, ona yalnız avtoritar qəsbkar kimi baxılacaq” başlıqlı məqalə; “Hakimiyyətin ailə daxilində üçüncü transferi” yarımbaşlıqlı məqalə; “Kral evi”nin qaydaları yarımbaşlıqlı məqalə; “Sədaqəti satın almağa pul qalmayanda” yarımbaşlıqlı məqalə; “Avtoritar qəsbkar və siyasi oksümoron” yarımbaşlıqlı məqalə; xx.xx.2017-ci il tarixdə yayılmış “Milli Şura mitinq müzakirəsinə başladı” başlıqlı məqalə; xx.xx.2017-ci il tarixdə yayılmış “İlham Əliyevin yarımçıq narazılıq və suallar doğurub” başlıqlı məqalə; xx.xx.2017-ci il tarixdə yayılmış “Xalq “mən varam” deyə bilsə...” başlıqlı məqalə. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 24-cü maddəsinə əsaəsn, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. 50-ci maddəsinə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 47-ci maddəsində göstərilən söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün; iğtişaşların qarşısının alınması üçün; ictimai təhlükəsizliyin qorunması üçün; digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün məhdudlaşdırıla bilər. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2-ci maddəsinə əsasən: 13-2.1. İnternet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır... 13-2.3. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: ...zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; ... intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; ... Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya. 13-2.4. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir. 13-2.5. Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. Həmin Qanunun 13-3-cü maddəsinə əsasən: 13-3.1.Müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. 13-3.2. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir. 13-3.3. Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. 13-3.4. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 13-3.3-cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etdikdə, eyni zamanda, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır. 13-3.5.Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikasi Prezidentinin xx xxxx 2017-ci il tarixli 1295№-li Fərmanının 3.2-ci bəndinə əsasən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-1.3-cü, 13-3.1-ci, 13-3.2-ci, 13-3.3-cü maddələrində, 13-3.4-ci maddəsinin birinci cümləsində, 13-3.6-cı maddəsinin birinci cümləsində hər iki halda və ikinci cümləsində, 13-3.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilmişdir. Hazırda ərizəçi, maraqlı şəxslər kimi cəlb edilmiş kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikası Konstisiyasnın 47-ci və 50-ci maddələrində müəyyən edilmiş hüquqlarının həyata keçirməsinə məhdudiyyət qoyulmasını xahiş edir. Nəzərə alınmaldır ki, fikir və söz azadlığı, məlumat əldə etmək və yaymaq azadlığı konstitusion hüquqlar olmaqla demokratik cəmiyyətdə çox mühüm yer tutur və bu hüquqlara onların mahiyyətinə xələl gətirən əsassız müdaxilələrin edilməsi yolverilməzdir. Bununla yanaşı, qeyd olunan hüquqlar mütləq hüquqlar deyil və qanuni əsaslarla məhdudlaşdırıla bilər. Bu hüquqlara qanuni məhdudiyyətlərin qoyulması əsasları ümumi şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3.6-cı maddəsində təsbit edilmişdir. Konstitusiya Qanunu sözügedən hüquqların yalnız qanunla məhdudlaşdırılması, qanuni məqsədə yönəlməsi və həmin məqsədə mütənasib olması prinsiplərini əks etdirir və nəzərdə tutur ki, söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün; iğtişaşların qarşısının alınması üçün; ictimai təhlükəsizliyin qorunması üçün; digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün məhdudlaşdırıla bilər. “Kütləvi İnformasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsi kütləvi İnformasiya vasitələrində istifadəsinə yol verilməyən məlumatların dairəsini müəyyən edir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.1-ci maddəsi informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etmək öhdəliyini və buna görə məsuliyyəti internet informasiya ehtiyatı sahibinin üzərinə qoyur. Qanunun 13-2.3-cü maddəsi internet informasiya ehtiyatının və onun domen adının sahibinə digər məlumatlarla yanaşı aşağıdakı informasiyaları yerləşdirməyi qadağan edir: zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar. Beləliklə, qanunvericilikdə internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edilən məlumatlar aydın əksini tapmışdır. Həmin məlumatların əks olunduğu normativ hüquqi akt qanun şəklində qəbul olunmuş, rəsmi dərc edilmişdir. Bütün şəxslərin həmin qanuna çıxış imkanı mövcuddur. Eyni zamanda, məhdudiyyətləri müəyyən edən hüquq normaları qanunun keyfiyyətliliyi tələblərinə də cavab verir. Belə ki, Qanunun 13-2.3-cü maddəsində yerləşdirilməsi qadağan edilən məlumatların kateqoriyaları aydın şəkildə sadalanıb. Qanunda məlumatların dairəsinin daha artıq konkretləşdirilməsi mümkün deyil. Müvafiq məlumatın qanunun təsir dairəsinə düşüb-düşmədiyi barədə məsələ hüquq tətbiq edicilərinin, o cümlədən, məhkəmələrin səlahiyyətindədir. Kollegiya onu da qeyd edir ki, adı çəkilən Qanunun 13-2.3-cü maddəsində müəyyən edilən məhdudiyyət Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində təsbit olunmuş digər şəxslərin hüquq və azadlıqlarının qorunması, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.6-cı maddəsində təsbit olunmuş dövlət təhlükəsizliyi mənafeləri, digər şəxslərin hüquq və azadlıqlarının qorunması; iğtişaşların qarşısının alınması; ictimai təhlükəsizliyin qorunması kimi demokratik cəmiyyətdə zəruri olan qanuni məqsədlərə xidmət edir. Yayılan məlumatların məzmununun Qanunun 13-2.3-cü maddəsində sadalanan və yayılması qadağan edilən məlumatlara aid olub-olmaması məsələsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə bildirir ki, zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar heç də bütün hallarda həmin məlumat və çağırışların açıq mətnlə ifadə olunmasını tələb etmir. Bu cür məlumat və çağırışlar eyni niyyət və məqsədlə yayılan informasiyalarda sətiraltı ifadə edilsə də, cəmiyyətin ayrı-ayrı üzvləri tərəfindən belə qəbul edilə bilərsə, qanunda sadalanan məhdudiyyətlərin təsir dairəsinə düşür. Digər tərəfdən, Azərbaycan Respublikası dünyəvi dövlətdir və ölkədə dini tolerantlıq yüksək səviyyədədir. Lakin əhalinin əksəriyyətini müxtəlif təriqətlərə mənsub olan müsəlmanlar (o cümlədən böyük hissəsi şiə müsəlmanlar) təşkil etidiyindən dini ekstremizmlə bağlı çağırışlar digər cəmiyyətlərlə müqayisədə Azərbaycanda daha tez və kəskin qıcıqlar yarada bilər. Azərbaycanla yaxın və uzaq qonşu ölkələrin bununla bağlı mənfi təcrübəsi qeyd olunan problemə bariz nümunədir. Bu baxımdan, Azərbaycan cəmiyyəti dini ekstremizmi alovlandırmağa çalışan xarici və daxili qüvvələrin daimi hədəfindədir. Bu hal isə, kütləvi informasiya vasitələrinin üzərinə dini mövzulara dair məlumatlarla daha ehtiyatlı davranmaq vəzifəsi qoyur və dövlətin bu sahədə mülahizə hüququnu genişləndirir. Sadalanan hallar baxımından, Kollegiya hesab edir ki, ərizəçinin isitinad etdiyi apellyatorlara aid məqalə və yazılar Qanunun 13-2.3-cü maddəsində sadalanan və yayılması qadağan edilən məlumatlara aiddir. Konkret olaraq, “azadliq.org” internet saytından 2017-ci ilin mart-aprel aylarında dərc edilmiş məqlələrdə C.Həsənliyə iqtibasla qeyd edilir ki, “Bütün bunlar kütləvi aksiyaları zəruri edir”. Digər məqalədə Azərbaycan Respublikasının bütövlükdə konstitusiyalı quruluşu şübhə altına alınaraq göstərilir ki, “Bizdə sadəcə tarixi-ictimai şərait elə gətirib ki, biz yalandan dövlət olmuşuq, yalandan demokratiya qurmuşuq, yalandan konstitusiya yazmışıq... Belədirsə belə də olmalı imiş, amma bu o demək deyil ki, bundan sonra da belə də qalmalıdır. Təbiətdə «sabitlik pozulmasın» adlı bir şey yoxdur, hər şey dəyişir. Ən uzun, ən çətin qış da qurtarır, yerinə bahar gəlir... elə o baharların birində bizim də bağların vişnə ağacları çiçəkləyəcək. Mən inanıram. Burda hər cür imkan var, ideyalarınızı, xəyallarınızı reallaşdıra bilirsiniz”. “meydan.tv” internet saytında 2017-ci ilin mart ayında dərc edilmiş məqalədə yenə də C.Həsənliyə iqtibasla qeyd olunur ki, “Bizim müşahidələrimizə görə bu qəzəb hazırda son dərəcə böyükdür, onun ifadə forması da böyük meydanlardan keçməlidir. Yalnız bu halda hökumət xalqın iradəsi ilə hesablaşmalı olar”. Həmin saytda “Dini təhlükə və avtoritarizm bir-birinin donoru kimi” adlı məqalədə iranda dini rejimin hakimiyyətə gəlmə tarixi Azərbaycandakı mövcud vəziyyətlə müqayisəli təhlil edilir və sonda müəllif belə nəticəyə gəlir ki, “dini təhlükə” mövcud rejimin yaşam ağacıdır. Əgər o yoxdursa, yaradılmalıdır, əgər var, göydən düşməlidir.... Xaosun hakim olduğu indiki geopolitik şərtlərdə şəriətçilik onlara qarşı alternativ kimi yetişərsə, bir tərəfdən ölkə əhalisinin fəal hissəsində “inanclı olanlar” və “onlardan qorxanlar” şəklində iki kəskin qütbləşmə rəsmiləşdiyində məhz özlərinin sekulyarizmin “gücə sahib olan” mərkəzinə çevriləcəklərini, digər tərəfdən isə, artıq fakta (əgər olarsa) çevrilən “dini təhlükəyə qarşı” adı altında bütün ölkə boyu ağır repressiya apara və yaxın, uzaq xaricin “insan haqları” mövzulu başlıqları əvəzinə, hətta həqiqi siyasi dəstək ala biləcəklərini düşünürlər”. “xxxxxxxxxxxx” internet saytında xx.xx.2017-ci il tarixdə dərc olunmuş “Xalq “mən varam” deyə bilsə...” başlıqlı məqalədə qeyd olunur ki, “Yaşadığımız ölkədə də avtoritar idarəetmə mövcuddur və uzun illərdi ki, bu idarəçilik ölkəni məhvə aparır. Zəngin bir ölkədə böhran məskən salıb. İnsanlar intihar həddinə çatıb... Xilas olmaq üçün tonqalı söndürmək lazımdır, bunu isə yalnız xalqın iradəsiylə söndürmək mümkündür. Biganəlikdən, susqunluqdan imtina edir, “biz varıq” deməyi bacarmalıyıq. Şübhəsiz ki, xalq səsi eşidiləndə, şirin səsi batacaq. Xalq «mən varam» deyəndə, rejim “mən yox oldum” demək məcburiyyətində qalacaq. Vətənimizin, özümüzün, yaxınlarımızın bu günü və sabahı uğrunda çarpışmalıyıq. Hamılıqla ailəmizi daşın altına qoymalı, bu daşı yolumuzun üstündən götürməyi bacarmalıyıq. Nə qədər ki, daşı götürmək istəyənlərə kənardan tamaşa edəcəyik, yolumuz açılmayacaq. Müxtəsər, xalqın varlığı meydanlarda ifadə olunur və bu Konstitusiyanın verdiyi hüquqdur. Qiymət artımına, korrupsiyaya, monopoliyaya, ədalətsizliyə, repressiyaya “yox” deməyi bacarmalıyıq. Susduqca, sevdiklərimizi də hədəfə gətirmiş oluruq, eybəcərliklərdən hər kəs nəsibini alır. Bu ölkədə yaşayacağıqsa, bu ölkədə yaşlanacağıqsa, doğmalarımız bu ölkədə ömür sürəcəklərsə, bu ölkənin vətəndaşıyıqsa, ölkəmizə sahib çıxmalıyıq. Alnımıza şər qələmiylə yazılmış yazını “alın yazısı” hesab etməyək. Başımızı dik tutaq, almımızdan bu yazını silək və əmin olaq ki, bizim alınımıza ədalətli ölkədə yaşamaq yazılıb. Xalq “mən varam” dediyi gün, bütün pisliklər yox olacaq”. Yuxarıda qeyd olunan mövqeləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin məhdudiyyət qoyulmasını tələb etdiyi həmin internet resurslarında dərc edilmiş məqalə və yazılar Qanunun 13-2.3-cü maddəsində sadalanan və yayılması qadağan edilən məlumatlara aiddir.Bu baxımdan, mübahisələndirilən saytlar üzərində məhdudiyyətin qoyulması qanunda nəzərdə tutulmuşdur və demokratik cəmiyyətdə zəruri olan qanuni məqsədlərə xidmət edir. Apellyasiya şikayətlərinin digər dəlillərinə münasibətdə isə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Prosessual qanunvericilikdə internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması haqqında ərizələrə 5 gün ərzində baxılmalı olmasına münasibətdə nəzərə alınmalıdır ki, həmin müddətlərə riayət olunması məhkəmələrin vəzifəsidir. Lakin yalnız həmin müddətə riayət olunması məqsədilə məhkəmə baxışının mülki prosesin prinsiplərinin (çəkişmə, tərəflərin bərabərliyi, işin tam, obyektiv və hərtərəfli araşdırılması) pozulması ilə həyata keçirilməsi yolverilməzdir. Baxılan iş üzrə ərizəyə qanunla nəzərdə tutulmuş 5 gün müddətində deyil, 39 gün müddətinə baxılması sadalanan prinsiplərə riayət olunması, o cümlədən, maraqlı şəxslərin həmin hüquqlarına riayət olunması məqsədlərinə xidmət etmişdir. İşə göstərilən müddətdə baxılması maraqlı şəxslərin hər hansı hüquqlarını və qanuni mənafelərini pozmamış, məhkəmə baxışı ağlabatan müddətdə yekunlaşmışdır. Bu baxımdan qeyd olunan dəlil kobud prosessual pozuntu kimi qiymətləndirilə və qətnamənin ləğvi üçün əsas ola bilməz. Maraqlı şəxslərin dərc etdiyi yazılar siyasi bəyanatlardan, beynəlxalq mətbuatda getmiş yazıların tərcüməsindən, araşdırmadan, statistika ilə bağlı xəbərlərdən, analitik təhlillərdən, müsahibə və köşə yazılarından ibarət olduğu barədə dəlil də əsassızdır. Çünki “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.1-ci maddəsi informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etmək öhdəliyini və buna görə məsuliyyəti internet informasiya ehtiyatı sahibinin üzərinə qoyur. Qanunun 13-2.3-cü maddəsi internet informasiya ehtiyatının və onun domen adının sahibinə formasından asılı olmayaraq müvafiq məlumatları yerləşdirməyi qadağan edir. Əks yanaşma Qanunun 13-2-ci maddəsini əhəmiyyətsiz bir normaya çevirmiş olardı. Həmçinin, eyni məlumatın başqa resurslarda da yerləşdirilməsi iş üzrə konkret resurslara çıxışın məhdudlaşdırılmasma mane olan hal kimi qiymətləndirilə bilməz. Yazıların tarixinə münasibətdə isə, Kollegiya bildirir ki, hazırkı ərizə ilə məhkəmə müraciət etmək hüququ məhz ərizəçiyə məxsus olduğundan, ərizəçi Baş Prokurorluğun təşəbbüsündə sadalanan əsaslarla bağlı deyil. Bu baxımdan, ərizəçi müraciətini əsaslandırmaq üçün Baş Prokurorluq üçün ona ünvanlanmış məktubdan əvvəl və ya sonra dərc edilmiş, həmin məktubda əks olunan və ya olunmayan məlumatlara istinad etməkdə əsaslıdır. “xxxxxxxxxx” Şirkətinin (azadliq.org” internet saytının) apellyasiya şikayətində, həmçinin qeyd olunur ki, ərizəçinin müraciətində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna xx xxxx 2017-ci ildə edilən dəyişikliklərin qüvvəyə minməsindən əvvəl 2016-cı ilin noyabr və 2017-ci ilin fevral ayında yerləşdirilən yazılara istinad edilməsi qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası, həmin dəlillə də razılaşmır. Belə ki, bir qayda olaraq, internet saytda məlumat yerləşdirildikdən sonra məlumat həmin resursdan silinmir və sonrakı günlər (hətta aylar və illər) ərzində də istifadəçilər üçün açıq olur. Bu baxımdan internet saytda məlumatın yerləşdirilməsi öz-özülüyündə davam edən münasibətdir. Qanunun internet resursda daha əvvəl yerləşdirilmiş və əldə oluna bilən informasiyalara şamil edilməsi həm məntiqli, həm də qanunidir. Eyni zamanda, hazırkı ərizə məhkəməyə daxil olarkən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun “İnternet informasiya ehtiyatları” adlı İİİ-İ fəsli artıq qüvvədə olmuşdur. Həmçinin işə baxıldığı və qətnamənin qəbul edildiyi dövrdə (xx xxxxx 2017-ci il tarixdə) MPM-ə də bununla bağlı dəyişiklik edilmş və internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraatı nəzərdə tutan 40-6-cı fəsil əlavə edilmişdir. Bu baxımdan qeyd olunan əsasla məhkəmə qətnaməsinin qanuniliyini şübhə altına almaq üçün əsas yoxdur. Məhkəmə kollegiyası nəzərə alır ki, həqiqətən də, Qanunun 13-3-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının üzərinə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək, xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində informasiya götürülmədikdə məhkəməyə müraciət etmək qaydasını nəzərdə tutur. Baxılan işdə isə, ərizəçi tərəfindən göstərilən xəbərdarlığın edildiyi iş materialları ilə təsdiq olunmur. Qanunda nəzərdə tutulan xəbərdarlıq tədbirinin məqsədi qeyd olunan məsələlərin məhkəmədən kənar həllinə nail olmaqdan ibarətdir. Məhkəmə ərizəçi tərəfindən həmin qaydaya riayət olunmamasını o zaman ərizənin baxılmamış saxlanılması (qeyrimümkünlüyü) üçün əsas hesab edə bilərdi ki, işə baxıldığı dövrdə maraqlı şəxslər məsələnin məhkəmədən kənar həlli imkanlarının mövcud olduğuna istinad edə, yaxud bununla bağlı konkret hərəkətlər etmiş (təkliflər vermiş) olardırlar. Lakin nə birinci instansiya məhkəməsinin baxışı, nə də apellyasiya baxışı zamanı maraqlı şəxslər mübahisələndirilən yazıların saytlardan götürülməsinə yönəlmiş heç bir addım atmamışlar. Əksinə, maraqlı şəxslər ümumiyyətlə həmin məlumatların yayılması qanunla qadağan edilən informasiyalara aid olmadığını iddia etmişlər.Maraqlı şəxslərin bəziləri işə baxıldığı dövrdə və sonradan da həmin və ya oxşar məlumatları öz resurlarında saxlamaqda davam etmişlər. Mövcud vəziyyət isə məhkəmədə Qanunun 13-3-cü maddəsi ilə müəyyən edilmiş xəbərdarlıq mərhələsinin baxılan iş üzrə səmərəsiz olduğu verməyəcəyi barədə qəti qənaət yaradır. Odur ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxslər “xxxxxxxxxx” Şirkəti (azadlıg.org saytının) “xxxxxxxxxxxx” MMC və “Meydan” TV-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2158/2017 saylı iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar