Məhkəmə qərarları › İş №2(103)-5341/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5341/2023

20.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5341/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdeh "xxxx" MTK vəkili və nümayəndəsi Vəkil2 və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Səbinə İsmayılovanın iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1679/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev № 126A-da yerləşən 103 №-li mənzilin (bundan sonra – mənzil) özəlləşdirilməsi üçün qanunla tələb olunan sənədlərin iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Daha sonra iddianın dəyişdirilməsi barədə ərizə verilib, əlavə olaraq maddi zərərin əvəzi kimi 8.000 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat tələb olunub (iş v.23). Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, mənzilin özəlləşdirilməsi üçün qanunla tələb olunan sənədlər cavabdeh tərəfindən iddiaçıya təqdim edilsin. Maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbə qətnamədə münasibət bildirilməyib. İddiaçı qətnamədən apellyasiya şikayəti verməyib. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Səbinə İsmayılova isə mübahisənn həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı xx.xx.2019-cu il tarixli müqavilə əsasında cavabdehdən mənzil əldə edib (iş v. 43). İddiaçı iddia edir ki, müqavilə ilə müəyyən edilmiş ödənişi tam ödəyib. Cavabdeh isə müqavilə üzrə iddiaçının icra edilməmiş öhdəliyinin qalması barədə məhkəməyə sübut təqdim etməyib. Müqavilənin şərtinə görə, mənzilin üzərində iddiaçının hüququnın dövlət reyestrində qeydə alınması üçün zəruri olan hüquqi əhəmiyyətli sənədlərin iddiaçıya verilməsi üçüncü şəxs (ABB) tərəfindən verilmiş yazılı razılıq (iddiaçının ABB qarşısındakı kredit öhdəliyinin tam icra edildiyini nəzərdə tutan razılıq) əsasında təmin olunacaq. Müəyyən olunur ki, iddiaçının üçüncü şəxs (ABB) qarşısında kredit öhdəliyi var, bu barədə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanıb (iş v. 58). Cavabdeh isə bu öhdəliyə görə zamindir, bu barədə eyni tarixdə zaminlik müqaviləsi bağlanıb (iş v. 55). Hazırda cavabdeh məhz bu hala (ABB-nin yazılı razılığının olmadığına) istinad edərək mənzil üzərində iddiaçının hüququnın dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədləri iddiaçıya təqdim etməkdən imtina edir. Lakin cavabdehin imtinası qanuna ziddir. Çünki imtinanın əsaslandığı müqavilə şərti (bənd 5.3) qanuna ziddir. Müqavilə azadlığı tərəflərə müqvilənin şərtlərini azad surətdə müəyyən etmək imkanı verir, lakin tərəflər qanuna zidd şərtlər məyyən edə bilməzlər (Mülki Məcəllə, maddə 390). Müqavilə öhdəliyini tam icra etmiş tərəfin həmin müqavilə üzrə əldə etdiyi hüququn dövlət reyestrində qeydə alınması üçün zəruri olan sənədlərin ona verilməsinin müqavilənin tərəfi olmayan şəxsin (üçüncü şəxs ABB-nin) razılığından asılı edilməsi qanuna zddir. Belə ki, Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. O cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı madəsinə görə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqa dair dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, daşınmaz əşayaya olan hüquqa dair dövlət reyestrdə qeydiyyat aparılmasına bu formada məhdudiyyət yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına bərabər tutulur. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Həmin qətnamədə ifadə qüsuruna yol verilərək “özəlləşdirmə üçün sənədlər” ifadəsindən istifadə olunub. Buna baxmayaraq, qətnamənin ümumi məzmunundan aydın görünür ki, bu ifadə ilə mənzil üzərində hüququn dövlət reyestrində qeydə alınması üçün zəruri olan sənədlər nəzərdə tutulub. Qətnamə mahiyyəti üzrə düzgün olduğuna görə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1679/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar