Məhkəmə qərarları › İş №2(103)-5344/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5344/2022

10.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5344/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər Yasamal rayon İcra Şöbəsi, X9 və X13 cəlb olunmaqla) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5344/2022 (Açar sözlər: “hesabatın etibarsız hesab edilməsi”) Bakı şəhəri 10 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(001)-245/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı 210.000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaydan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə icra vərəqi göndərilmişdir.

5. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 qətnaməni icra etmək məqsədilə borclu İddiaçı məxsus olan Zaqatala rayonu Göyəm kəndində yerləşən əmlak kompleksini qiymətləndirmə tapşırığı vermişdir ki, onları hərrac vasitəsilə sataraq, qanuni qüvvəyə minmiş qətnaməni icra etsin.

6. Belə ki, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Göyəm kəndində yerləşən dövlət mülkiyyətində olan 0,09938 ha torpaq sahəsi üzərində ümumi sahəsi 829.55 kv.metr olan əmlak kompleksi kimi müəssisə (idarə binası, iki anbar, gözətçi və istirahət binası, ayaq yolu) İddiaçı xüsusi mülkiyyətidir.

7. Zaqatala rayon Daşınmaz Əmlakın Ekspertiza Mərkəzinin 22 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanladığı 03 mart 2021-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayonu, Qazangül qəsəbəsində 0.01 ha (1 sot) torpaq sahəsinin real bazar satış dəyəri 2500-3000 manat məbləği arası dəyişir.

8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 mart 2021-ci il tarixli qüsur aktından və smetasından görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış binası əmlak kompleksinə yerində baxış keçirilmiş və baxış zamanı tikinti quraşdırılma işlərinin mövcud olduğu aşkar edilmişdir. Tikinti quraşdırılma işlərinin cəmi dəyəri 471.772,3 manat hesablanmışdır.

9. 04 iyun 2020-ci il tarixdə Kərimov X12 rayon icra və probasiya şöbəsində izahat verərək bildirmişdir ki, o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(004)-962/2019 saylı icra vərəqəsindən məlumatlıdır. O, işləmir, lakin 337 manat məbləğində pensiya alır. Hazırda Zaqatala rayonunda olan əmlakına alıcı tapmışdır, lakin Covid-19 pandemiyası ilə bağlı bölgəni tərk edə bilmir. Yaxın zamanda həmin obyektin alqı-satqısını rəsmiləşdirib borclu olduğu məbləği ödəmək niyyətindədir. İcra sənədində göstərilən tələbi icra etməkdən boyun qaçırmır. Zaqatala rayonunda olan əmlakdan başqa əmlakı yoxdur. İcra sənədinin icrasından yayınmır.

10. Cavabdeh tərəfindən verilmiş 01 fevral 2021- ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, Zaqatala rayonu, Göyəm kənd ərazisində yerləşən 0.099380 torpaq sahəsi və ümumi sahəsi və 2.315,75 kv.m əmlak kompleksinin 01 fevral 2021-ci il tarixə bazar dəyəri 246.575 manat təşkil edir.

11. 08 aprel 2021-ci il tarixdə “İxtisaslaşdırılmış Təşkilat” "xxxx" Məhdud məsuliyyətli Cəmiyyəti ilə X5 etibarnamə əsasında nümayəndəsi X14 arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(004)-962/2019 saylı icra vərəqəsinin icrası ilə əlaqədar hərrac təşkil edilmiş, İddiaçı məxsus Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.09938 ha torpaq sahəsi və ümumi sahəsi 829.55 kv.m əmlak kompleksi 246.575 manat vəsaitə sonuncuya satılmışdır.

12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən dövlət müllkiyətində olan 0.0994 ha torpaq sahəsi üzərində ümumi sahəsi 829,55 kv.metr əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə 06 iyul 2021-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır.

13. Bakı şəhəri 23 saylı notariat ofisində 26 iyul 2021-ci il tarixdə X9 ilə X13 arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən 829,55 kv.m əmlak kompleksi 250.000 manat vəsaitə sonuncuya satılmışdır.

14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən dövlət müllkiyətində olan torpaq sahəsi üzərində ümumi sahəsi 829,55 kv.m əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə 28 iyul 2021-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır.

15. “Legal Prime” Hüquq və Konsaltinq şirkətinin 15 noyabr 2021-ci il tarixli, LP- 201/2021 saylı rəyindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksi kimi müəssisə 01 fevral 2021-ci il tarixinə olan bazar qiyməti 944.580 manat və likvid qiyməti 900.000 manatdır. Həmin rəydə qeyd olunmuşdur ki, əmlak kompleksi kimi müəssisəyə baxış keçirilərkən ümumi torpaq sahəsi 1.15 ha, əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi isə 3.260,7 kv.m-dir.

16. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 fevral 2022-ci il tarixli rəyindən görünür ki, QMA seriyalı ******* nömrəli çıxarışdakı məlumatlar nəzərə alınmaqla Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksinin 01 fevral 2021-ci il tarixinə olan bazar qiyməti 350.000 manat və likvid qiyməti 310.000 manat təşkil edir. Həmçinin, 08 iyul 2021-ci il tarixli Daşınmaz Əmlakın Texniki pasportundakı məlumatlar (o cümlədən əmlaka yerində baxış zamanı müşahidə edilən vəziyyət) nəzərə alınmaqla Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksinin 01 fevral 2021-ci il tarixinə olan bazar qiyməti 650.000 manat və likvid qiyməti 600.000 manat təşkil edir.

17. 21 may 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin "xxxx" MMC Hərrac Mərkəzinə ünvanladığı 15 avqust 2022-ci il tarixli, 2(103)-5344/2022 saylı soğusuna əsasən, İddiaçı məxsus əmlak üzrə keçirilmiş hərracların sənədlərinin təsdiq olunmuş ksero surətləri məhkəməyə göndərilmişdir. Sənədlərin surətlərindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində əmlak kompleksi qiyməti 246.575 (iki yüz qır altı min beş yüz yetmiş beş) manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2021-ci il tarixdə “Birja Yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2021-ci il tarixə, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11:00-17:00 dək (növbəlik əsasında) hərracı təyin olunmuşdur.

19. Bakı Apellyasiya Məhkəməsinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 15 avqust 2022-ci il tarixli, 2(103)-5344/2022 saylı soğusuna əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-962/2019 saylı, 27 fevral 2019-cu il tarixli icra snədi üzrə 67977/2019 saylı icra işinin ksero surəti məhkəməyə göndərilmişdir.

20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(005)- 119/2022 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə İddiaçı cavabdehlər "xxxx" MMC Hərrac Mərkəzinə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə, X6 və qeyrilərinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı X5 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilkin və qarşılıqlı iddiaçılara aid edilməsi qət edilmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı Cavabdehnə qarşı hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsi və əmlak kompleks tikilisini qiymətləndirilmələrinə dair 01 fevral 2021-ci il tarixli hesabatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

22. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə ondan 210.000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaydan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə icra vərəqi göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 qətnaməni icra etmək məqsədilə ona məxsus olan Zaqatala rayonu Göyəm kəndində yerləşən torpaq sahəsini və əmlak kompleksini qiymətləndirmə tapşırığı vermişdir ki, onları hərrac vasitəsilə sataraq, qanuni qüvvəyə minmiş qətnaməni icra etsin. 04 fevral 2021-ci il tarixdə icra məmuru İ.Allahverdiyevə müraciət edərək, həmin qiymətləndirmə tapşırığın surətini almış və görmüşdür ki, bu sənəd tam qanunsuz və əsassızdır. Belə ki, hesabatı göndərərkən 01 fevral 2021-ci il tarixli məktubu imzalamış cavabdehin direktoru Nümayəndə qeyd etmişdir ki, qiymətləndirmə prosesi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına, X2 (BQS) və digər qanunvericilik aktlarına uyğun aparılmışdır. Lakin, sadalanan sənədlərin heç birinə istinad edilmədən hesabat tərtib edilmişdir. Məktubda qeyd edilmişdir ki, ona məxsus olan 0,099380 (ölçü vahidi yoxdur) torpaq sahəsi və ümumi sahəsi 2315,75 kv.m əmlak kompleksinin 01 fevral 2021ci il tarixinə olan bazar qiyməti – 246.575 manat (hesabatda belədir). Məktub Yasamal rayon İcra və probasiya şöbəsinə ünvanlanmağına baxmayaraq, axırıncı abzasında qeyd edilmişdir ki, ona məxsus əmlakın obyektiv qiymətləndirilməsi və əmlaka aid digər məsləhət xarakterli məlumatları əldə etmək üçün cavabdehə müraciət edə bilər. Bildirir ki, həmin torpaq sahəsi və əmlak kompleksi Yasamal rayon icra və probasiya şöbəsinə deyil, ona məxsusdur. Hesabatın 5-ci bəndində göstərilir: qiymətləndirilən əmlakın qısa təsviri - 0,099380 (yenə də ölçü vahidi yoxdur) torpaq sahəsi. Torpağın texniki pasportu təqdim olunub və üzərində (hesabatda belə yazılıb) 2315.75 kv. m əmlak kompleksi tikilisi vardır. Bundan sonra həmin qrafada qeyd var - torpağın sotu 1.500 manat, tikilinin 1 kv.m 100 manat dəyərində qiymətləndirilmişdir. Onun üçün maraqlıdır ki, əmlakını qiymətləndirən şəxs hansı meyarla əmlakına qiymət qoyur? Bütün Zaqatala əhli bilir ki, ona məxsus olan torpaq sahəsi yerləşdiyi yerdə bir sot torpağın ən aşağı qiyməti 2500-3.000 manatdır, sənaye tikilisinin 1 kv.m qiyməti heç vaxt 100 manat olmamışdır. Nədənsə, mütəxəssis bu cür başa düşüb və ağlına gələn məbləği yazıb. Hesabatın 10-cu - Qiymətləndirilən əmlakın texniki göstəricilərini təsdiq edin sənəd bəndində göstərilir Daşınmaz əmlakın çıxarışı №0230178, elə burada qeyd də var: çıxarışda göstərilən 1 ha 15 sot torpağın Qərara əsasən 10 sotu qiymətləndirilib. Bu da onun üçün maraqlıdır - nəyə görə 1 hektar 15 sot olan torpaq sahəsinin məhz 10 sotu qiymətləndirilir? Hesabatın - Qiymətləndirmənin keyfiyyəti və AMQŞ-nın tələblərinə uyğunluğu haqqında bildiriş — adlı 3-cü bölümündə qeyd edilib ki, onlarda olan məlumatlar əsasında hesabatda göstərilən faktlar doğrudur və həqiqətə uyğundur. Çox maraqlı müddəadır! Hesab edir ki, ona məxsus olan torpaq sahəsinə və əmlak kompleksi tikilisinə cavabdeh tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatı qərəzli, qeyri-obyektiv və qanunsuzdur. Buna görə də həmin qiymətləndirmə hesabatı etibarsız hesab edilməlidir. Bunun üçün isə obyektiv rəy alınmalıdır.

23. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 məhkəməyə etiraz və mülahizələr göndərərək bildirmişdir ki, İddiaçı ondan notariat qaydasında aldığı 210.000 ABŞ dolları vəsaiti qaytarmadığından onun iddiası əsasında Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi əsasında vəsaitin qaytarılması təmin olunmuşdur. İddiaçı məhkəmə qətnaməsini icra etmək əvəzinə yuxarı instansiyalara müraciət etmiş və nəticə olaraq Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlib icra olunmasına baxmayaraq, bu günə kimi pul vəsaitini qaytarmaqdan imtina edir. Məhkəmə icra məmuru tərəfindən borclunun barəsində icra tədbirləri görülərək əmlakı üzərinə həbs qoymuş, müvafiq qaydada qiymətləndirmə aparılmış və hərraca çıxarılmış, tələbkar olaraq ona təklif olunmuşdur. O, iddiaçının əmlak vəziyyətini və digər süründürməçilik hərəkətlərinin nəzərə alaraq, həmin əmlakı 08 aprel 2021-ci il tarixdə hərracdan almışdır. Hərracın nəticələri aidiyyəti üzrə göndərilərək həmin əmlaka onun adına 06 iyul 2021-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd etdiyi bu proseslərin gedişindən iddiaçı tam məlumatlı olmuşdur. Baxmayaraq ki, Yasamal Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi əsasında 210.000 ABŞ dolları, yəni-357.000 manat pul vəsaitinin qaytarılması nəzərdə tutulsa da yalnız əmlak kimi 246.575 manat məbləğin əvəzi ödənilmişdir. Qalan 110.425 manat hələ ki, ödənilməmiş qalmışdır. Məhkəmə qətnaməsinin icrası qismən icra olunmasına baxmayaraq, İddiaçı əsassız mülahizələrlə Yasamal İcra şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsinə dair 01 fevral 2021-ci il tarixli hesabatın etibarsız hesab edilməsi barədə iddia tələbi vermişdir. Tələbini onunla əsaslandırmışdır ki, əmlak qiymətləndirilərkən torpaq sahəsi 1 hektar 15 sot olduğu halda yalnız 10 sotu qiymətləndirilmişdir. Absurd bir bəhanədir. İddiaçı özünün çox yaxşı bildiyi kimi qiymətləndirici yalnız təqdim olunmuş hüquqmüəyyənedici və təsdiqedici sənədlər əsasında hesabat aparmaq səlahiyyətinə malikdir. Təqdim olunmuş rəsmi sənədlərdə isə torpaq sahəsinin ölçüsü 0.0994 ha göstərilmişdir. Bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib olunmuş Daşınmaz Əmlakın Texniki Pasportunda müvafiq qeydlər aparılmışdır. Yəni qanunsuz zəbt olunmuş ərazi və özbaşına tikilmiş tikililərin hesabatının aparılması qanunvericiliklə qiymətləndiricinin səlahiyyətinə aid deyildir. Bu və bu kimi əsassız bəhanələrlə məhkəmə süründüməçiliyi yaratmaq hesab edir ki, məntiqsizlikdən başqa bir şey deyildir. Əgər həqiqətən də iddiaçı həmin əmlakın daha qiymətli olduğunu iddia edirsə, bu 3 il müddət ərzində onu satıb ona olan borcunu ödəyə bilərdi. Bu və digər məqamlar bir daha təsdiq edir ki, iddiaçının məqsədi illərlə davam edən məhkəmə proseslərini bir qədər də uzatmaqdır. Bütün bunların nəzərə alınması xahiş edilmişdir.

24. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 məhkəməyə etiraz və mülahizələr göndərərək bildirmişdir ki, o, Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,099380 ha torpaq sahəsində yerləşən 829,55 kv.metr olan əmlak kompleksini 26 iyul 2021-ci il tatrixli, AN-1№0907404 saylı alqısatqı müqaviləsi əsasında X4 almışdır. Bu əsasla ona 28 iyul 2021-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. Aldığı məlumata görə X9 həmin əmlak kompleksini hərrac vasitəsi ilə əldə etmişdir. X9 alqı-satqıdan sonra ona bildirmişdir ki, qapısı bağlı olan boksun içərisində "xxxx" ASC-yə məxsus olan avadanlıqlar qalmaqdadır. Həmin avadanlıqlar "xxxx" ASC ilə obyektin əvvəlki sahibi olmuş İddiaçı arasında bağlanmış müqavilə əsasında orada yerləşdirilmişdir. Bu gün həmin əmlak onun tərəfindən mühafizə olunur. Eyni zamanda həmin əmlakın qısa müddət ərzində götürülməsi ilə bağlı aidiyyəti üzrə "xxxx" ASC-yə rəsmi müraciət ünvanlamışdır. Onun qanuni əsasla əldə etdiyi əmlak barəsində İddiaçı ilə X5 aralarında hər hansı mübahisə açmalarının ona heç bir aidiyyəti olmamalıdır. Təqdim olunmuş rəsmi sənədlərdə torpaq sahəsinin ölçüsü 0.00994 ha göstərilmişdir. Bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib olunmuş Daşınmaz Əmlakın Texniki Pasportunda müvafiq qeydlər aparılmışdır. Yəni qanunsuz zəbt olunmuş ərazi və özbaşına tikilmiş tikililərin hesabatının aparılması qanunvericiliklə qiymətləndiricinin səlahiyyətinə aid deyildir. Bu və bu kimi əsassız bəhanələrlə məhkəmə süründürməçiliyi yaratmaq məntiqsizlikdən başqa bir şey deyil. Əgər həqiqətən də İddiaçı həmin əmlakın daha qiymətli olduğunu iddia edirsə, bu illər ərzində onu satıb borcunu ödəyə bilərdi.

25. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Həmçinin, ona verilmiş suallara cavab olaraq bildirdi ki, onun tərəfindən əmlak kompleksində əlavə tikililər də inşa edilmiş, hətta bir binanın inşasına onun tərəfindən 1 ABŞ dollar 0,78 manat olan dövrdə təqribən 350.000 manat məbləğində vəsait xərclənmişdir. Həmin bina çıxarışda və texniki pasportda əks olunmur. Belə ki, həmin binanın sənədləşdirilməsini həyata keçirməmişdir. Buna səbəb binanın tikintisinin yekunlaşması ilə bağlı təhvil-təslim həyata keçirilməməsi, həmçinin onun 5 il ölkədə olmamasıdır. Həmin bina çıxarışda göstərilən torpaq sahəsində inşa edilməmişdir. Binanın içində "xxxx" ASC-yə məxsus avadanlıqlar yerləşir. İcra işindən məlumatlı olsa da, ona məxsus əmlak hərraca çıxarılarkən ona məlumat verilməmişdir.

26. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirdi ki, iddiaçıya məxsus əmlakın hərracdan satılması ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırılmış, hərracın nəticələri mübahisələndirilmişdir. Eyni zamanda, əmlak kompleksi üzərində məhkəmə qərardadı ilə həbsin olmasına baxmayaraq, əmlak digər şəxsə satılmışdır. Həmin iş üzrə icraat dayandırılmış və hazırki işin nəticələri gözlənilir ki, icraat təzələnsin.

27. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, əmlakın qiymətləndirilməsi barədə tərtib edilmiş hesabatın etibarsızlığına əsas ola biləcək hər hansı hal yoxdur. O, şəxsən özü əmlak yerləşən ərazidə olmuş və qiymətləndirməni həyata keçirmişdir. İddiaçı ona sənədlərdə əks olunmayan əlavə tikililərə daxil olmağa şərait yaratmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

28. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili X10 məhkəməyə ünvanlanmış etiraz və mülahizələrdə göstərilən məzmunda izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizaları tərəfindən verilmiş rəylərdə qiymətlər həqiqəti əks etdirmir, həmin qiymətlər əsassız olaraq şişirdilmişdir. İddiaçının məqsədi borcu ödəməkdən yayınmaqdır və buna görə də hazırki əsassız iddianı qaldırmışdır.

29. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(001)- 245/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal rayon icra şöbəsi, X9 və X13 cəlb edilməklə) hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, dövlət mülkiyyətində olan 0,09938 ha torpaq sahəsi üzərində ümumi sahəsi 829.55 kv.metr olan əmlak kompleksi kimi müəssisə (idarə binası, iki anbar, gözətçi və istirahət binası, ayaq yolu) İddiaçı xüsusi mülkiyyətində olmuş, iddiaçı həmin ərazidə başqa tikililər inşa etsə də, onlar qeyd olunan torpaq sahəsi üzərində inşa edilməmiş, həmçinin həmin tikililər dövlət reyestrində qeydə alınmamışdır. Daha sonra, 829.55 kv.metr sahəsi olan əmlak kompleksi məhkəmə qətnaməsinin icrası ilə bağlı hərrac vasitəsilə satışa çıxarılmış və tələbkar X9 tərəfindən 246.575 manata əldə edilmiş və dövlət reyestrində qeydiyyata alınmış, daha sonra isə sonuncu tərəfindən 250.000 manata X1. Hazırda həmin əmlak dövlət reyestrində qeydə alınmaqla X7 mülkiyyətindədir. Həmçinin, hazırda iddiaçı tərəfindən başqa məhkəmədə qeyd olunan hərracın nəticələri mübahisələndirilir.

31. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söz edilə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Şəxsin hüquqi vəziyyətinin strukturunu isə bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və.s. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin hüquqi müdafiəyə ehtiyacının olub-olmadığını müəyyənləşdirərkən onun nail olmaq istədiyi yekun məqsədə çatmaq üçün hüquqi müdafiənin düzgün vasitələrindən istifadə edib-etmədiyi də nəzərə alınmalıdır. Bu isə iddiaçıdan nail olmaq istədiyi yekun məqsədə daha əlverişli və birbaşa yolla çatmağa xidmət edən iddia qaldırmağı tələb edir. Bu mənada, məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün mübahisələndirilən qiymətləndirmə hesabatının onun hüquqi vəziyyətinə təsir edib-etmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır.

32. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş hesabatı ona görə mübahisələndirir ki, ona məxsus 1,15 ha torpaq sahəsi və ümumi sahəsi 2.315,75 kv.metr olan əmlak sahəsinin qiyməti aşağı göstərilmişdir. Halbuki, iş materiallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətində hər hansı torpaq sahəsi olmamış, onun rəsmi reyestrdə qeydə alınmış 829.55 kv.metr sahəsi olan əmlak kompleksi olmuş və həmin əmlak dövlət mülkiyyətində olan 0,09938 ha torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin 829.55 kv.metr sahəsi olan əmlak kompleksi keçirilmiş hərrac nəticəsində X9 tərəfindən alınmış, daha sonra isə X11 alındığı qiymətdən 3.425 manat bahasına satılmışdır. İddiaçı tərəfindən inşa edilmiş digər tikililər isə hərracın predmeti olmamış, kiminsə mülkiyyətinə keçməmişdir. Ona görə də cavabdehin əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatın etibarsızlığı iddiaçıya nəyi vəd edir aydın deyil.

33. Bundan başqa, iddiaçı tərəfin bildirdiyinə görə hazırda onun tərəfindən başqa məhkəmədə keçirilmiş hərracın nəticələri mübahisələndirilir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının həmin iddiası uğurlu olduğu təqdirdə icra icraatı qaydasında o, əmlakın yenidən qiymətləndirilməsini tələb edə bilər, tələbi təmin olunmadığı təqdirdə hüquqlarını məhkəmə qaydasında müdafiə edə bilər. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər.

34. Məhkəmə öz mövqeyini, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə, 7-ci maddəsinə və 8-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

35. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

36. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız, ədalətsiz və qeyri-obyektiv hesab edərək, dəyişdirilməsini, iddianın tam həcmdə təmin edilməsini qanunauyğun hesab edir. Belə ki, birinci instansiya məhkəməsinə iddia ərizəsilə müraciət edərək, xüsusi mülkiyyətində olan, Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksini qiymətləndirən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Yasamal rayon icra şöbəsinin tapşırığına əsasən Cavabdeh MMC-nin verdiyi 01 fevral 2021-ci il tarixli hesabatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisələndirdiyi rəyə əsasən xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksinin (0,099380 torpaq sahəsi və ümumi sahəsi 2315.75 kv. m əmlak kompleksi) cavbdeh Cavabdeh MMC tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli rəyə əsasən bazar qiyməti 246,575 manat müəyyən edilmişdir. Bildirir ki, bu gün həmin obyektin qiyməti 1.000.000 manat civarındadır. Buna görə də həmin rəylə razılaşmayaraq, məhkəməyə hazırki iddia ərizəsilə müraciət etmişdir. Vəsatətinə əsasən məhkəmənin 23 iyul 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. Nədənsə, ekspertiza əvəzinə 15 noyabr 2921-ci il tarixli, LP-201/2021 saylı mütəxəssis rəyi alınmışdır. Həmin rəyə əsasən Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksi kimi müəssisə və yerləşdiyi torpağın 01 fevral 2021-ci il tarixə orta bazar qiyməti 944.580 manat; likvid qiyməti 900.000 manat təşkil edir. Məhkəmənin 27 dekabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə öz təşəbbüsü ilə təkrar qiymətləndirmə ekspertizası təyin etmişdir. Təkrar qiymətləndirmə ekspertizasının rəyindən görnünr ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, QMA seriyalı, ******* nömrəli çıxarışda məlumatlar nəzərə alınmaqla Zaqqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksinin 01 fevral 2021-ci il tarixində olan bazar və likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəində təxminən aşağıdakı kimi olunmuşdur. - əmlak kompleksinin bazar qiyməti: 350.000 manat, - əmlak kompleksinin likvid qiyməti: 310.000 manat, 08 iyul 2011ci il tarixli Daşınmaz Əmlakın Texniki pasportundakı məlumatlar (o cümlədən əmlaka yerində baxış zamanı müşahidə edilən vəziyyət) alınmaqla Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksinin 01 fevral 2021-ci il tarixinə olan bazar və likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən aşağıdakı kimi olunmuşdur - əmlak kompleksinin bazar qiyməti: 650.000 manat, əmlak kompleksinin likvid qiyməti: 650.000 manat. Beləliklə, iddia ərizəsində qeyd etdiyi kimi mübahisələndirdiyi 246.575 manat məbləği əmlak kompeksinin həqiqi qiyməti deyil. Bunu hər iki ekspertizanın rəyi də təsdiq etdi. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi bütün bunları nəzərə almayaraq, iddiasını heç bir qanuni əsası olmadan rədd etmişdir. Burada çətin bir şey yox idi. Ekspert rəy vermişdi ki, əmlak kompleksinin qiyməti 246.575 manatdır. O, bundan narazı qalıb, məhkəməyə iddia ərizəsilə müraciət etmişdir. Məhkəmənin təyin etdiyi ekspertizalar onun dediklərini təsdiq etdilər, ən aşağı qiymət 310.000 manat oldu. Lakin, nədənsə, birinci instansiya məhkəməsi məhkəmə iclas protokoluna bənzr 8 vərəqlik qətnaməsində iddiamı rədd etdi.

b) Apellyasiya şikayətinə yazılı etiraz

37. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

38. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

39. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Vəkil2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı mülahizə təqdim edərək izahatında bildirmişdir ki, apellyasiya şikayəti tam əsassız olduğundan təmin edilməməli, bu iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, İddiaçı hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna dair dəlili apellyasiya şikayətinə daxil etməmişdir. İddiaçı şikayətdə yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" Plenum qərarının 4-cü, 5-ci və 6-cı bəndlərinə istinad edərək sözügedən məhkəmə qətnaməsini mübahisələndirmişdir. Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən məhkəmə yalnız şikayətin dəlilləri əsasında aşağı instansiya məhkəməsinin qətnaməsinə qiymət verir, yəni şikayət olunan məhkəmə aktı həmin şikayətin dəlilləri həddində yoxlanır. Hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməyə əsas vermir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, əvvəllər ona məxsus olmuş daşınmaz əmlakın hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunan qiymətləndirmə ekspertizası ilə müəyyən olunan qiyməti ilə, həmin əmlakın hərracdan satılması zamanı müəyyən olunan qiymət arasında fərq var. İddiaçı qənaətinə görə, ona məxsus olmuş daşınmaz əmlak ucuz qiymətləndirildiyindən, iddia tələbi təmin edilməli, digər mülki iş üzrə məhkəmə qətnaməsinin icrası ilə bağlı icra icraatında əldə olunmuş qiymətləndirmə aktı ləğv olunmalıdır. Binəqədi rayon Məhkəməsinin mübahisələdirilən qətnaməsinin 6-cı səhifəsinin sonunda, 7-ci səhifəsinin əvvəlində iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etmişdir: "Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söz edilə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Şəxsin hüquqi vəziyyətinin strukturunu isə bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və.s. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin hüquqi müdafiəyə ehtiyacının olub-olmadığını müəyyənləşdirərkən onun nail olmaq istədiyi yekun məqsədə çatmaq üçün hüquqi müdafiənin düzgün vasitələrindən istifadə edib-etmədiyi də nəzərə alınmalıdır. Bu isə iddiaçıdan nail olmaq istədiyi yekun məqsədə daha əlverişli və birbaşa yolla çatmağa xidmət edən iddia qaldırmağı tələb edir. Bu mənada, məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün mübahisələndirilən qiymətləndirmə hesabatının onun hüquqi vəziyyətinə təsir edib-etmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır." Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs olaraq məhkəmənin belə qiymətləndirilməsi ilə razlaşır və iddia ərizəsinə dair etirazda qeyd etdyi kimi, iddiaçı sözügedən iddia tələbi ilə çıxış etməklə əsas məqsədi - qanuni qüvvəsini almış digər məhkəmə qətanməsinin icrasına əsassız maneələr yaratmaq niyyətində olmaqla həmin qətnamə ilə qət olunmuş məbləğin tam ödəməkdən yayınmaq olmuşdur. Mübahisələndirilən məhkəmə qətnaməsinin 7-ci səhifəsində məhkəmə onu da qeyd etmişdir ki, "...iddiaçı tərəfin bildirdiyinə görə hazırda оnun tərəfindən başqa məhkəmədə keçirilmiş hərracın nəticələri mübahisələndirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının həmin iddiası uğurlu olduğu təqdirdə icra icraatı qaydasında o, əmlakın yenidən qiymətləndirilməsini tələb edə bilər, tələbi təmin olunmadığı təqdirdə hüquqlarını məhkəmə qaydasında müdafiə edə bilər." Qeyd edir ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsində İddiaçı "hərracın nəticələrinin etibarsız hesab olunması" tələbinə dair iddia tələbi ilə çıxış etmiş və adı çəkilən məhkəmənin xx.xx.2022-ci tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli "Məhkəmə qətnaməsi haqqında" Plenum qərarının 4-cü, 5-ci və 6-cı bəndləri ilə bağlı apellyasiya şikayətinin dəlillinə gəlincə, belə hesab edir ki, mübahisələndirilən məhkəmə qətnaməsi qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə, o cümlədən Ali Məhkəmənin adı çəkilən Plenum qərarının tələbləri baxımından qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmış, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd oluanlar əsas verir ki, İddiaçı apellyasiya şikayətinin dəlilləri tam olaraq əsasızdır. Odur ki, sözügedən apellyasiya şikayətinin dəlilləri bu iş üzrə birinci instansiya məhkəməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz.

40. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun:

41. 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir;

42. 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər;

43. 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

53. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

54. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

56. Belə ki, işin araşdırılan hallarından görünür ki, dövlət mülkiyyətində olan 0,09938 ha torpaq sahəsi üzərində ümumi sahəsi 829.55 kv.metr olan əmlak kompleksi kimi müəssisə (idarə binası, iki anbar, gözətçi və istirahət binası, ayaq yolu) İddiaçı xüsusi mülkiyyətində olmuş, iddiaçı həmin ərazidə başqa tikililər inşa etsə də, onlar qeyd olunan torpaq sahəsi üzərində inşa edilməmiş, həmçinin həmin tikililər dövlət reyestrində qeydə alınmamışdır. Daha sonra, 829.55 kv.metr sahəsi olan əmlak kompleksi məhkəmə qətnaməsinin icrası ilə bağl hərrac vasitəsilə satışa çıxarılmış və tələbkar X9 tərəfindən 246.575 manata əldə edilmiş və dövlət reyestrində qeydiyyata alınmış, daha sonra isə sonuncu tərəfindən 250.000 manata X1. Hazırda həmin əmlak dövlət reyestrində qeydə alınmaqla X7 mülkiyyətindədir. Həmçinin, hazırda iddiaçı tərəfindən başqa məhkəmədə qeyd olunan hərracın nəticələri mübahisələndirilmişdir.

57. Kollegiya qeyd edir ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söz edilə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Şəxsin hüquqi vəziyyətinin strukturunu isə bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və.s. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin hüquqi müdafiəyə ehtiyacının olub-olmadığını müəyyənləşdirərkən onun nail olmaq istədiyi yekun məqsədə çatmaq üçün hüquqi müdafiənin düzgün vasitələrindən istifadə edib-etmədiyi də nəzərə alınmalıdır. Bu isə iddiaçıdan nail olmaq istədiyi yekun məqsədə daha əlverişli və birbaşa yolla çatmağa xidmət edən iddia qaldırmağı tələb edir. Bu mənada, məhkəmə kollegiyası hesab ki, iddiaçının hazırkı iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün mübahisələndirilən qiymətləndirmə hesabatının onun hüquqi vəziyyətinə təsir edib-etmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır.

58. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən tərtib edilmiş hesabatı ona görə mübahisələndirir ki, ona məxsus 1,15 ha torpaq sahəsi və ümumi sahəsi 2.315,75 kv.metr olan əmlak sahəsinin qiyməti aşağı göstərilmişdir. Halbuki, iş materiallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətində hər hansı torpaq sahəsi olmamış, onun rəsmi reyestrdə qeydə alınmış 829.55 kv.metr sahəsi olan əmlak kompleksi olmuş və həmin əmlak dövlət mülkiyyətində olan 0,09938 ha torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin 829.55 kv.metr sahəsi olan əmlak kompleksi keçirilmiş hərrac nəticəsində X9 tərəfindən alınmış, daha sonra isə X11 alındığı qiymətdən 3.425 manat bahasına satılmışdır. İddiaçı tərəfindən inşa edilmiş digər tikililər isə hərracın predmeti olmamış, kiminsə mülkiyyətinə keçməmişdir. Ona görə də cavabdehin əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatın etibarsızlığı iddiaçıya nəyi vəd edir aydın deyil.

59. Bundan başqa iddiaçının ona məxsus olmuş yuxarıda adıçəkilən əmlakının daha yüksək dəyərə malik olmasının sübutu kimi istinad etdiyi qiymətləndirmə rəyləri ilə bağlı kollegiya qeyd edir ki, Zaqatala rayon Daşınmaz Əmlakın Ekspertiza Mərkəzinin 22 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanladığı 03 mart 2021-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayonu, Qazangül qəsəbəsində 0.01 ha (1 sot) torpaq sahəsinin real bazar satış dəyəri 2500-3000 manat məbləği arası dəyişir.

60. Halbuki, iş materiallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətində hər hansı torpaq sahəsi olmamış, onun rəsmi reyestrdə qeydə alınmış 829.55 kv.metr sahəsi olan əmlak kompleksi olmuş və həmin əmlak dövlət mülkiyyətində olan 0,09938 ha torpaq sahəsi üzərində inşa edilmişdir.

61. Yenə də iddiaçının istinad etdiyi “Legal Prime” Hüquq və Konsaltinq şirkətinin 15 noyabr 2021-ci il tarixli, LP-201/2021 saylı rəyindən görünür ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksi kimi müəssisə 01 fevral 2021-ci il tarixinə olan bazar qiyməti 944.580 manat və likvid qiyməti 900.000 manatdır.Həmin rəydə qeyd olunmuşdur ki, əmlak kompleksi kimi müəssisəyə baxış keçirilərkən ümumi torpaq sahəsi 1.15 ha, əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi isə 3.260,7 kv.m-dir.

62. Kollegiya vurğulayır ki, “Legal Prime” Hüquq və Konsaltinq şirkətinin 15 noyabr 2021-ci il tarixli, LP-201/2021 saylı rəyi də əsaslı sayıla bilməz.Belə ki, bu rəydə də qeyd olunmuşdur ki, əmlak kompleksi kimi müəssisəyə baxış keçirilərkən ümumi torpaq sahəsi 1.15 ha, əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi isə 3.260,7 kv.m-dir.

63. Baxmayaraq ki, torpaq sahəsi iddiaçının deyil, dövlətin mülkiyyətindədir.

64. Həmçinin, iddiaçının istinad etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 fevral 2022-ci il tarixli rəyindən görünür ki, QMA seriyalı ******* nömrəli çıxarışdakı məlumatlar nəzərə alınmaqla Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksinin 01 fevral 2021-ci il tarixinə olan bazar qiyməti 350.000 manat və likvid qiyməti 310.000 manat təşkil edir. Həmçinin, 08 iyul 2021-ci il tarixli Daşınmaz Əmlakın Texniki pasportundakı məlumatlar (o cümlədən əmlaka yerində baxış zamanı müşahidə edilən vəziyyət) nəzərə alınmaqla Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksinin 01 fevral 2021-ci il tarixinə olan bazar qiyməti 650.000 manat və likvid qiyməti 600.000 manat təşkil edir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 fevral 2022-ci il tarixli rəyi də digər sübutlarla birgə qiymətləndirilərək əsaslı sayılmır.Belə ki, rəydə qeyd edilir ki, QMA seriyalı ******* nömrəli çıxarışdakı məlumatlar nəzərə alınmaqla Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksinin 01 fevral 2021-ci il tarixinə olan bazar qiyməti 350.000 manat və likvid qiyməti 310.000 manat təşkil edir.

66. Halbuki, QMA seriyalı ******* nömrəli çıxarışdakı məlumatlar nəzərə alınmaqla aparılmış qiymətləndirmə nəzəri qiymətləndirmə olmaqla əmlakın dəyərinə münasibətdə reallığı əks etdirmir.

67. Eyni rəydə daha sonra qeyd edilən 08 iyul 2021-ci il tarixli Daşınmaz Əmlakın Texniki pasportundakı məlumatlar (o cümlədən əmlaka yerində baxış zamanı müşahidə edilən vəziyyət) nəzərə alınmaqla Zaqatala rayonu, Göyəm kəndində yerləşən əmlak kompleksinin 01 fevral 2021-ci il tarixinə olan bazar qiyməti 650.000 manat və likvid qiyməti 600.000 manat təşkil etdiyi qənaəti isə digər qiymətləndirmə rəyləri ilə müəyyən edilmiş müvafiq qiymətlərlə müqayisədə kəskin fərq yaradır.

68. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

69. Daha sonra Kollegiya qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(005)-119/2022 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə İddiaçı cavabdehlər "xxxx" MMC Hərrac Mərkəzinə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə və qeyrilərinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı X5 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilkin və qarşılıqlı iddiaçılara aid edilməsi qət edilmişdir.

70. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.

71. Qeyd edilməlidir ki, adıçəkilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(005)-119/2022 saylı qətnaməsindən aydın olur ki, iddiaçı yuxarıda bəhs olunan daşınmaz əmlakla bağlı həm də aparılmış qiymətləndirmə üzrə müəyyən edilmiş qiymətdən narazı olmuş və keçirilmiş hərracın nəticələrini mübahisələndirmişdir.Odur ki, daşınmaz əmlakla bağlı həm də aparılmış qiymətləndirmə üzrə müəyyən edilmiş qiymətdən narazı olmuş iddiaçının hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edildiyi də nəzərə alınmalıdır.

72. Mhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM-in 88-ci maddəsi)

73. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal rayon icra şöbəsi, X9 və X13 cəlb edilməklə) hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

74. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(001)- 245/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar