Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5347/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh Nağı qızına qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 04.02.2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaya aid olan, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev № 7-da yerləşən 83 №-li mənzilə cavabdehə aid olan, həmin evdəki 86 №-li mənzildən su axıdılması nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 4.910 manat, mənəvi zərərin əvəzi kimi 1.500 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 1.694 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cımi 1.724 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Ekspert rəyi ilə müəyyən edilib ki, iddiaçının mənzilinə su cavabdehin mənzilindən axıb. Rəydə qeyd olunub ki, su axmanın texniki səbəbi cavabdehin mənzilinin sanitar qovşağının baxımsızlığıdır. O cümlədən ekspert rəyi ilə müəyyən edilib ki, su axması nəticəsində vurulan maddi zərərin məbləği 1.694 manat təşkil edir. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar ekspertizanın təyin edilməsi üçün əsas yoxdur. Beləliklə, Məhkəmə Mülki Məcəllənin 1096, 1097 və 1111.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, lakin qətnamə ləğv edilməli, yeni qətnamə qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməyib. Mülki-Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə görə belə halda şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Maddi zərərin əvəzi kimi 1.694 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1.724 manat Cavabdeh Nağı qızından alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza xərci olan 50 manat Cavabdeh Nağı qızından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5347/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5347/2021
25.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver