Məhkəmə qərarları › İş №2(103)-5348/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5348/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5348/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı subroqasiya qaydasında pulun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(006)-766/2021 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sığorta Şirkətində sığortalanmış “X6” markalı, Az ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 4000 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 4030,40 manat pulun cavabdehlər “xxxx” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin məhkəmənin 08 fevral 2021-ci il tarixli 2(006)-766/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək qət olunan məbləğin İddiaçı Sığorta Şirkəti ASC-yə ödənildiyini, bu səbəblə işə baxılmasına zərurət qalmadığından apellyasiya şikayətindən imtina etdiklərini, gələcəkdə həmin tələblə bağlı məhkəməyə müraciət etməyəcəklərini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, cavabdeh “xxxx” MMC tərəfindən tələb etdikləri pul məbləği tam ödənilmişdir, buna görə də apellyasiya icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli 2(006)-766/2021 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin və cavabdeh “xxxx” MMC-yə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar