Məhkəmə qərarları › İş №2(103)-5349/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5349/2021

03.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5349/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-404/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əvvəllər tanıdığı Cavabdeh 2017-ci ilin oktyabr ayında ondan xahiş etmişdir ki, arvadına məxsus olan ** UF *** dövlət qeydiyyat nişanlı “Land Cruser- Prado“ markalı avtomaşını 10.000 ABŞ dollarına təcili satmaqda ona yardımçı olsun. İddiaçı ona təklif etmişdir ki, avtomaşını gətirib onun işlədiyi salona qoysun və alıcı olsa satar. Lakin, Cavabdeh iddiaçı ilə razılaşmamış, 10.000 dollara təcili ehtiyacı olmasını bildirmişdir. İddiaçının imkanı olmadığından bu barədə uzun illərdir eyni avtosalonda birlikdə işlədiyi Şəfi Nəbiyevə məlumat vermişdir. Şəfi Nəbiyev maşın alqı-satqısı ilə məşğul olduğundan Əliyarın maşınını 10.000 ABŞ dolları almaq üçün iddiaçıya 10.000 ABŞ dolları pul verdi. Lakin, Şəfi Nəbiyev 10.000 ABŞ dollarını iddiaçıya verməmişdən əvvəl belə bir şərt irəli sürmüşdür ki, avtomaşının baş etibarnaməsi onun adına verilməlidir. Əliyarda bu təkliflə razılaşmışdır. İddiaçı da həmin pulu Cavabdeh vermiş, Əliyar isə notarial qaydada avtomaşının satılması üçün Şəfi Nəbiyevin adına baş etibarnamə vermişdir. Lakin, onların arasında hər hansı alqı-satqı müqaviləsi mövcud olmamışdır. Baş etibarnaməyə əsasən onlar avtomaşını istədikləri şəxsə sata bilərdilər. Lakin, 4-5 gün sonra onların xəbəri olmadan Cavabdeh Nəbiyev Şəfinin adına verdiyi etibarnaməni ləğv etdirmiş və maşınının geri alması üçün hətta bir neçə ay sonra Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə də müraciət etmişdir. İddiaçı Cavabdeh Nəbiyev Şəfinin adına verilmiş baş etibarnamənin ləğv etdirməsini bildikdən sonra ondan 10.000 ABŞ dollarını geri tələb etmiş və gəlib maşınını aparmasını bildirmişdir. Lakin, cavabdeh 10.000 ABŞ dollarının arvadının müalicəsinə xərclədiyini bəhanə gətirərək verdiyi pulu geri qaytarmaqdan imtina etmiş və Polis şöbəsinə yalan məlumatlı ərizə vermişdir ki, guya maşını girov qoymuşdur. Ümumiyyətlə, Polis -Prokurorluq iddiaçıya məlum olmayan səbəblərdən Cavabdeh ona olan etibarından sui- istifadə etməklə və aldatmaqla iddiaçının 10.000 dollar pulunu talan etməsindən ibarət olan əməlini dələduzluq kimi qiymətləndirməmişdir. Halbuki, Cavabdeh etibarnamə ilə maşını iddiaçıya verməmişdən əvvəl niyyəti iddiaçının 10.000 ABŞ dollarını talan etmək olmuşdur. Maraqlısı odur ki, cavabdeh iddiaçının 10.000 ABŞ dollarını ələ keçirdiyini polis və məhkəmə araşdırmaları zamanı inkar etməmişdir. Lakin, maşınını girov qoyub 10.000 dollarını aldığını göstərmişdir. X6 Cavabdeh 10.000 dolların geri alınması barədə məhkəmədə iddia qaldırmışdır. Lakin, məhkəmələr hesab etmişlər ki, “iddiaçı tərəfindən cavabdehə pul verilməsi və aralarında hər hansı razılığın olması məhkəmə araşdırılması zamanı öz əksini tapmadığından və iddiaçının subyektiv hüquqa malik olduğu müəyyən edilmədiyindən hazırkı iddia tələbinin təmin edilməsi üçün də əsaslar mövcud deyil.” Bu əsasla Şəfi Nəbiyevin iddiası təmin edilməmişdir. Bundan sonra Şəfi Nəbiyev 10.000 dollar pulunu iddiaçıdan geri tələb etmişdir. İddiaçı hal-hazıra kimi X8 Babayevə verdiyi 10.000 dolların 7.500 dollarını qaytarmış və qalan 2.500 dolları da yaxın vaxtlarda Şəfiyə qaytarmalıdır. Beləliklə, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya 10.000 ABŞ dolları məbləğində zərər dəymişdir. Eyni zamanda artıq 3 ildən çoxdur ki,cavabdeh iddiaçının ona verdiyi 10.000 dolları qaytarmadığından iddiaçı dəfələrlə əsəbləşib sarsıntı keçirmişdir. Sarsıntılar iddiaçının xəstələnməsinə, xəstəxanada yatmağına səbəb olmuşdur. İddiaçı müalicəsinə xeyli xərc çəkmişdir. Daha sonra İddiaçı Cavabdeh ilə dəfələrlə görüşmüş və ondan pulunu geri tələb etmişdir. Hər dəfə o iddiaçını müxtəlif bəhanələrlə aldatmışdır. Nəticədə iddiaçı psixoloji travmalar almış, əzab çəkmiş, vaxt itirmişdir. Daha sonra iddiaçı 10.000 dolları banka qoysaydı, ən azı bank ona illik 10-13 faiz əlavə faiz hesablayacaqdı. Göründüyü kimi cavabdeh iddiaçının 10.000 dollar pulunu hal-hazıra kimi 31 ay qanunsuz olaraq özündə saxlamış, onu qaytarmaqdan boyun qaçırmış, həmin puldan qanunsuz istifadə etmiş və bu puldan faydalanmışdır. Nəticədə iddiaçını 6.000 manat (3.500 ABŞ dolları) məbləğində faydadan məhrum etmişdir. Qanunvericiliyin tələblərinə görə cavabdeh iddiaçıya əldən çıxan faydanı ödəməlidir. Faizlərin miqdarı pul öhdəliyinin tam və ya onun müvafiq hissəsinin icra edildiyi gün qüvvədə olan bank faizinin uçot dərəcəsinə müvafiq olaraq hesablanmalıdır. Göstərilənlərə əsasən Cavabdeh 17.000 manat (10.000 ABŞ dolları), 5.000 manat məbləğində mənəvi zərərin və 6.000 manat ( 3.500 ABŞ dolları) məbləğində əldən çıxan faydanın alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-404/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, Cavabdeh 10.000 (on min) ABŞ dolları (17.000 (on yeddi min manat ekvivalentində) məbləğində pul alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-404/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, hazırki iddia ilə eynilik təşkil edən iddia ilə ona qarşı hələ 2018-ci ildə Nəsimi rayon məhkəməsinə digər şəxs X7 oglu müraciət etmişdir.Hazırki iddianın əsasını təşkil edən hadisə 2017-ci ilin oktyabr ayında baş vermişdir.Həmin vaxt o, Nəbiyev Şəfi adlı şəxsə öz avtomobilimə dair baş etibarnamə vermişdir.Lakin bu hadisədən 4 gün sonra aldandığını başa düşərək notariusa gedərək yuxarıda qeyd etdiyi baş etibarnaməni ləgv etmişdir.Ona bəlli oldu ki, Nəbiyev Şəfi özünün tanışı və onun da tanıdığı Mirzəyev Elçin adlı şəxsə 10000 (on min) ABŞ dolları pul verib və onun avtomobili isə bu pul əməliyyatında girov rolunu oynayır.Biri digərinə sələmlə pul verir, onun avtomobili isə girov goyulur.Bu absurddur.O, bunu anlayan kimi etibarnaməni ləgv etmişdir.Bu hadisədən bir il sonra Mirzəyev Elçm Azərbaycanı tərk edir və bu günə gədər qayıtmayıb. Maraqlısı odur ki, Elçin Azərbaycanı tərk etdikdən sonra Nəbiyev Şəfi ona qarşı pul tələbi iddiası ilə Nəsimi rayon məhkəməsinə müraciət edir.Bir il ərzində Şəfi Elçindən verdiyi pulu ala bilimir, Elçin Respublikadan gedəndən sonra həmin pulu Şəfi ondan tələb edir.Nəsimi rayon məhkəməsi 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə 10.000 (on min) ABŞ dolları pulun ondan alınaraq Nəbiyev Şəfiyə verilməsi barədə qətnamə qəbul edir.Həmin qətnamədən onun verdiyi apellyasiya şikayəti təmin edilir və Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2019-ci il tarixli 2( 103)-11666/2019 saylı qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi ləgv edilirək iddia rədd edilir.Daha sonra iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir və apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılır.Qeyd etdiyi məhkəmə prosesslərindən hazırki iş üzrə İddiaçı oglu şahid qismində çıxış edir.Ali məhkəmənin qərarından 5 aydan sonra həmin bu şahid İddiaçı çevrilir olur iddiaçı.İndi bu pulu İddiaçı ondan tələb edir, Nəbiyev Şəfi isə ona şahidlik edir.Sadəcə yerlərini dəyişiblər.Göründüyi kimi, bu dəfə də Nəsimi rayon məhkəməsi onu borclu hesab edərək ondan pulun alınaraq İddiaçı ödənilməsi barədə absurd, gülünc və məhkəmə adına utanc verici bir qətnamə qəbul edir. Belə ki, İddiaçı üçün onun guya ona borclu olduğunu anlamaq üçün 3 (üç) il vaxt lazım olub.Əvvəl hesab edib ki, onun Şəfiyə borcu var, məhkəmədə bu iş alınmayandan sonra belə qərara gəlib ki yox ,sən demə onun borcu onun özünədir. Əslində bu yazdıqlarının hamısını o, 11 oktyabr 2020-ci il tarixində yazıl formada öz etirazında bildirərək Nəsimi rayon məhkəməsinə hakim R.Səmədova təqdim etmişdir.Lakin qətnamədə bu haqda heç nə yazılamayıb, sanki bu sənədi məhkəməyə təqdim etməmişdir (hazırk apellyasiya şikayətimə əlavə edir).Qətnamədə qeyd edilir ki, o, məhkəməyə gəlməmiş və bunun səbəl barədə məlumat verməmişdir. Beləliklə, Ali Məhkəmənin 20 fevral 2020-ci tarixli qərarı ilə Ba Apellyasiya Məhkəməsinin 09 oktyabr 2019-ci il tarixli 2(102)-11666/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmişdır. Hesab edir ki, hüquqi vəziyyətdə( iddiaçı və şahid yerlərini dəyişiblər) eyni tələbə dair növbəti dəfə iddianın qaldırılması qanunaziddir və yolverilməzdir. Eyni zamanda bildirir ki, onunla İddiaçı avtomobilin alqısatqısına dair heç bir müqavilə imzalanmayıb, bu müqavilə mövcud deyil.Bu baxımdan iddiaçının hazırki iddia ilə çıxış etmək üçün subyektiv hüququ belə mövcud deyil.Məhkəmə ilk növbədə buna hüquqi qiymət verməliidr, belə olduğu halda məhkəmə iddianın əsassız olması nəticəsinə gələcəkdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin dəlillərinə istinad edərək apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X4 tərəfindən verilmiş 17.10.2017-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamə ilə onun tərəfindən X2 17.10.2018-ci il tarixədək ** UF *** dövlət qeydiyyat nişanlı, “Toyota Land-Cruiser-Prado” minik markalı avtomobilə dair sərəncam vermək hüququ verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4811//2018 saylı, 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 10.000 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.02.2020-ci il tarixli, 2(102)-1304/2020 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qərara görə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilən qanuni qüvvəsini almış qərardan görünür ki, iddiaçının (X1) hazırda qaytarılmasını tələb etdiyi məbləğin onun tərəfindən deyil, İddiaçı tərəfindən cavabdehə ödənilməsi iş materialları ilə təsdiq edilir. Beləliklə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə pul tələbi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan pul tələbi ilə bağlı qeyd edilmişdir ki, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh öz izahatında 10.000 ABŞ dollarını İddiaçı götürdüyünü və avtomobili də bir həftəlik avtosalona qoyduğunu bildirmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı isə izahatında avtomobili 10.000 ABŞ dollarına hazırki iş üzrə Cavabdeh satın aldığını, lakin Şəfi Nəbiyev ilə birlikdə işlədiyindən avtomobili onun adına keçirdiyini bildirmişdir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 2(006)-404/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbini qismən təmin edərək Cavabdeh 10.000 (on min) ABŞ dolları pul alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə düzgün nəticəyə gəlsə də, qətnaməni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad etməklə prosessual hüquq normasının pozulmasına yol vermişdir. Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra – Konstitusiya) insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etməklə yanaşı, məhkəmələr tərəfindən onların müdafiəsinə də təminat vermişdir (Konstitusiyanın 12 və 60-cı maddələrinin İ hissəsi). Konstitusiyanın 60-cı maddəsi ilə hər kəsin həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına əsasən Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq qismən təmin etsə də, lakin prosessual hüquq norması düzgün tətbiq olunmadığından qətnamə ləğv olunmalıdır.Belə ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.02.2020-ci il tarixli, 2(102)- 1304/2020 saylı qərarı ilə həll edilən mübahisə üzrə tərəf olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmçinin, Kollegiya qeyd edir ki, 5000 manat mənəvi ziyan və 3.500 ABŞ dolları əldən çıxmış fayda ilə bağlı tələbləri təsdiq edəcək sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-404/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10.000 (on min) ABŞ dolları (ödəniş günü manata olan məzənnəyə uyğun olaraq) məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar