Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5350/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(006)-2107/2024 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən – hazırkı iş üzrə İddiaçı barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 10 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə iddiaçı 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ləğv olunmuş, təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilərək, barəsində seçilmiş həbs qətmkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Həmçinin, qeyd olunan hökmlə iddiaçıya tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətmkan tədbirinin tətbiqi və ya məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Sözügedən hökm Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 2.İddiaçı azadlığının qanunsuz məhdudlaşdırılmasına görə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmasına, 24 (iyirmi dörd) ay 4 (dörd) gün müddətində həbsdə saxlanılmasına görə ona dəymiş maddi və mənəvi ziyanın müqabilində maddi ziyana görə 48.000 (qırx səkkiz min) manat və mənəvi ziyana görə 60.000 (altmış min) manat məbləğində kompensasiya ödənilməsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, barəsində 12 sentyabr 2021-ci il tarixdə həmin maddə ilə cinayət işi başlanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanı tərəfindən İddiaçı ittiham verilmişdir ondan ötrü ki, o, 2021-ci il sentyabrın 06-da istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 3,867 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il sentyabrın 10-da saat 18 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin 4-cü sıra, 5-ci korpusundakı 44 saylı dərzi dükanında saxlanaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada inzibati otaqların birində saat 18:55 radələrində İddiaçı üzərində videoçəkilişlə şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən beş ədəd şəffaf sellofana bükülməklə ayrı-ayrılıqda 0,810 qram, 0,741 qram, 0,719 qram, 0,865 qram və 0,732 qram, ümumilikdə 3,867 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli, tərkibindəki komponentlərə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İddiaçı qarşı irəli sürülmüş ittiham tam əsassız olmuş və iş materialları, o cümlədən məhkəmə baxışı zamanı araşdırılan sübutlarla öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2022-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Həmin hökmdən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəmsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin hökmündən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli hökmü ilə İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir və barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilərək, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, ibtidai istintaq orqanı İddiaçı qarşı qanunsuz və əsasız ittiham irəli sürmüş, Bakı Ağır Cinayətlər Məhkəməsi isə həmin ittihamı təsdiq etmək üçün qərəzli şəkildə təqsirləndirilən şəxsin, şahidlərin və əlavə şahidlərin ifadələrini redaktə edərək, onların demədiyi halda, adlarından yalan məlumatları məhkəmə iclası protokollarına və məhkəmənin məlum hökmünə otuzdurmaqla qanunsuz və əsasız olaraq ittiham hökmü çıxarmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən İddiaçı bildirmişdir ki, “10 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzi, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dərzi dükanında işləyərkən, 6 nəfərdən ibarət olan Qaradağ rayon polis əməkdaşları onun işlədiyi dərzi dükanına daxil olaraq həm dükanda, həm də dükanda olan şəxslər üzərində axtarış aparmışlar, həmin vaxt dükanda 5-6 nəfər müştəri olmuş, dükanda paltar tikdirən Sahib Fətullayev adlı şəxsə məxsus siqaret qutusundan narkotik vasitə aşkar edilmiş, həmçinin, Sahib Fətullayevin dayandığı yerdə döşəmənin üzərindən kağız parçaya bükülmüş narkotik vasitə aşkar edilərək götürülmüş, polis əməkdaşları Sahib Fətullayevin, həmçinin dükan sahibi olduğuna görə də onun da qollarına əl qandalı vuraraq Qaradağ RPİ-nin inzibati binasına aparılmış, polis idarəsində polis əməkdaşları tərəfindən döyülərək fiziki və psixi təziqlərə məruz qalmış, əvvəlcədən hazırlanmış izahat və ifadələrə imza etməyə məcbur edilmişdir. İddiaçı yuxarıda göstərilən məzmunda ifadəsinə, məhkəmə qərəzli olaraq “yerdə içərisində narkotik vasitə olan kağız büküm tapıldığından onu da polis İdarəsinə aparmışlar, idarədə şəxsi axtarış və götürmə aparılarkən” sözlərini otuzdurmuşdur. Polis əməkdaşları Sahib Fətullayevin üzərindən çıxan narkotik vasitələrdən istifadə edərək İddiaçı da cinayət məsuliyyətinə cəlb etdiklərindən, X3 narkotik vasitə ilə tutmadıqlarını, onun məhkəmə prosesində şahid qismində iştirak etmədiklərini, ümumiyyətlə Sahib Fətullayevi tanımadıqlarını bildirdilər. Lakin, X2 AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 1 (101)-1963/2021 saylı hökmü müdafiə tərəfindən məhkəməyə təqdim edildikdən sonra, şahid qismində ifadə vermiş polis əməkdaşlarının məhkəməyə yalan ifadələr verdikləri tam təsdiqini tapdı. Həmçinin, Sahib Fətullayevin tutulmasında iştirak etmiş Elşad Ömərovun və Sübhan Bayramovun 14 dekabr 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmələri və verdikləri ifadələrin məhkəmə iclas protokolunda qeyd edilməsi onları tam şəkildə ifşa etdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, l(101)- 1963/2021 saylı hökmü məhkəməyə təqdim edildikdən sonra, X6,X4 və X7 əlavə şahid qismində məhkəməyə dəvət edilib dindirilmələri barədə müdafiə tərəfinin verdiyi vəsatət qismən təmin edilərək, Sahib Fətullayevdən başqa digər şəxslərin məhkəməyə əlavə şahid qisrnində dəvət edilmələri təmin edilmişdir. X8 və X13, Sahib Fətullayev və İddiaçı tutularkən, İddiaçı dərzi dükanında paltar düzəltdirən şəxslərdir və onlar da axtarışa məruz qalmışlar, lakin ibtidai istintaq orqanı onları şahid qismində dindirməmişdir. İddiaçı, birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadə verərkən özünü tam təqsirsiz hesab etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi məhkəmə iclası protokoluna və məhkəmənin məlum hökmünə qərəzli şəkildə “məhkəmə təqsirləndirilən şəxs İddiaçı törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə” ifadəsini otuzdurmuşdur. İddiaçı işlədiyi dərzi dükanında paltar düzəltdirən və üzərindən narkotik vasitə aşkar edilən X6, Bakı Ağır Cinayətlər məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 1(101)-1963/2021 saylı hökmü ilə 5 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, göstərilən hökm dəyişdirilərək X2 əməli AR CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə o, 02 (iki) ilmüddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Müdafiə tərəfindən birinci instansiya məhkəməsinə Sahib Fətullayev barəsində olan hökmü təqdim etdikdən sonra və polis əməkdaşlarının yalan ifadələr verdiyi ifşa edildikdən sonra, Bakı Ağır Cinayətlər Məhkəməsi Sahib Fətullayev barəsində olan hökmü İddiaçı əleyhinə şərh etməyə çalışmış, həmçinin, İddiaçıla birlikdə axtarışa məruz qalmış əlavə şahidlərin verdiyi ifadələri də şübhə altına almağa çalışmışdır. Yalnız belə qərəzli şərhlərdən sonra İddiaçı AR CM-nin 234.4.3-cü maddəsi ilə cəza təyin etmək mümkün olardı. Əslində, məhkəmə İddiaçı barəsində bəraət hökmü çıxarmalı idi. Qərəzli şəkildə İddiaçı istinad edilən narkotik vasitənin kimyəvi ekspertizası 11 sentyabr 2021-cİ il tarixə, ekspert rəyinin nömrəsi isə 6/3997 göstərilmişdir. 14 dekabr 2021-ci il tarixli, l(101)-1963/2021 saylı məhkəmə hökmündə isə Sahib Fətullayevə istinad edilən narkotik vasitənin kimyəvi ekspertizasının tarixi isə 11 sentyabr 2021-ci il tarixə,ekspert rəyinin nömrəsi isə 6/3998 göstərilmişdir. Bütün bunlar göstərir ki, istintaq orqanı, əməliyyatı keçirtmiş polis əməkdaşları və birinci instansiya məhkəməsi nə qədər gizlətməyə çalışsalar da, həmin narkotik vasitələrin Sahib Fətullayevə məxsus olmasını inkar edə bilməzlər. Hətta, həmin narkotik vasitələr bir dəfəyə təqdim edilsəydi, şübhəsiz ki, eyni tərkibli olmaları barədə obyektiv rəy əldə ediləcəkdi və həmin narkotik vasitələrin mütləq şəkildə Sahib Fətullayevə məxsus olması öz təsdiqini tapacaqdı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamasının İddiaçı münasibətdə tarixi 25 sentyabr 2021-ci il, ekspert rəyinin nömrəsi isə 3621 göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin ambulator məcburi narkoloji tibbi yoxlamasının Sahib Fətullayevə münasibətdə tarixi 25 sentyabr 2021-ci il, ekspert rəyinin nömrəsi isə 3622 göstərilmişdir. İttiham tərəfinin təqdim etdiyi qeyri-mötəbər “sübutlar” əsasında İddiaçı AR CM-nin 234.4.3- cü maddəsi ilə qərəzli olaraq cəza təyin edilmiş, müdafiə tərəfinin təqdim etdiyi sübutlar isə məhkəmə tərəfindən nəzərə alınmamış və heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə istintaqında dindirilmiş İddiaçı ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. O, ifadəsində, onun üzərindən heç bir narkotik vasitə olmadığını, Sədərək ticarət mərkəzindəki icarə əsasında işlədiyi dərzi sexində olan zaman tanışları Fətullayev Sahib və Hüseynov Zöhrab adlı şəxslər onun iş otağına gələrək müştərilərə məxsus olan paltarların tikilməsini xahiş etmişlər. Həmin vaxtı 5-6 nəfər polis əməkdaşı onun iş yerinə daxil olmuşlar. Həmin vaxtı otağındakı işləməyən tikiş aparatının (maşınının) yanından bir büküm, həmin yerdə işlədiyi otaqdakı stolun alt tərəfindəki pərdənin yanında yerdən daha bir büküm aşkar edərək götürərək həmin bükümlərdə narkotik vasitənin olmasını bildirmişlər. Onları polis idarəsinə aparan zaman S.Fətullayev dərzi tikiş maşının yanına qoyulmuş bükülünün ona məxsus olmasını bildirmişdir. Polis idarəsində isə Zöhraba aid olması bildirilən narkotik vasitə onun cibinə qoyularaq İddiaçı üstündə olması kimi sənədləşdirilmişdir. Özünün həmin narkotik vasitələrdən heç bir xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Qaradağ RPİ-nin əməkdaşları X14, X11, Bayramov SübhanAbuzər oğlu ifadələrində İddiaçı narkotik vasitəni şəxsi istehlakından ötrü əldə etdiyini, narkotik vasitəni satması faktını aşkar etməmələrini bildirməklə yanaşı, keçirmiş olduqları əməliyyat tədbirlərinin nəticəsində də həmin faktın təsdiq olunmadığını bildirmişlər. Lakin həmin polis əməkdaşları Bakı Apellyasiya Məhkəməsində verdikləri ifadədə həm Bakı Ağır Cinayətlər Məhkəməsində və həm də Bakı Apellyasiya Məhkəməsində verdikləri ifadəyə tam əks ifadə vermişdirlər. Onlar ifadələrində göstərdilər ki, həqiqətən həmin gün həm Fətullayev Sahibi və həm də İddiaçı şübhəli şəxs qismində polis idarəsinə aparmışdılar və bununla bağlı əməliyat işi olmuşdur. Lakin məhkəmə tərəfindən Polis İdarəsinə verilmiş sorğuya əsasən İddiaçı haqqında hər hansı bir əməliyyat məlumatı olmamış və polis əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını pozmuşdular. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqına dəvət olunmuş X15 məhkəmə istintaqında əlavə şahid qismində dindirilmişdir. O, ifadəsində 2021-ci il sentyabr ayının əvvəlində əvəllər işlədiyi Sədərək ticarət mərkəzində olan zaman özünə almış şalvarı düzəltdirmək məqsədilə bazarda dərzi işləyən İddiaçı iş yerinə getmişdir. Orada ondan başqa Zöhrab Hüseynov, Sahib adlı şəxs tanımadığı başqa şəxslər və bir qadın uşağı ilə olmuşdur. Həmin vaxt mülki geyimdə 5-6 nəfər otağa daxil olub özlərinin polis əməkdaşları olmasını deyib onları saxlayıb onların üzərinə baxış keçirmişlər. Həmin vaxtı Sahib adlı şəxsdən siqaret qutusunda aşkar etdikləri kütlənin narkotik vasitə olmasını bildirmişlər. Sahibin ayağı altından da bir büküm aşkar edib içində narkotik vasitə olmasını bildirmişlər. Otağın sahibinin kim olmasını soruşduqda Nizami otağın ona məxsus olmasını bildirmişdir. Ona görə də polis əməkdaşları Nizami ilə Sahibi polisə aparmışlar. Həmin vaxt hamının, o cümlədən İddiaçı üzərində axtarış aparılmış və üzərindən heç bir narkotik vasitə aşkarlanmadığını bildirmişdir. Məhkəmə istintaqında dindirilmiş X8 da ifadəsində eyni halları etiraf etmişdir. X19, həm də İddiaçı işində şahidlər eyni şəxslər olmuş, eyni gündə, eyni saatda əməliyyatda iştirak etmişdilər. Lakin əməliyyatçılar məhkəməyə verdikləri ifadədə göstərmişdilər ki, Fətullayev Sahibi tanımırlar. Məntiqi olaraq sual yaranır: Necə ola bilər ki, eyni şəxslər, eyni yerdən və eyni saatda 2 fərqli şəxsə qarşı əməliyyat keçirsin? İş üzrə həmin şahidlər daha sonra bildirmişdilər ki, İddiaçı polis idarəsinə tək aparmışdılar. X16 işindən məlum olur ki, həmin əməliyyatçılar eyni saatda onu da polis idarəsinə aparmışdılar. Bu hal onu sübut edir ki, İddiaçı üzərində narkotik vasitə olmamışdır. Fətullayev Sahibin Bakı Ağır Cinayətlər Məhkəməsində 1(101)-1963/2021 saylı iş üzrə verdiyi ifadəsində göstərmişdir ki, 10 sentyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək TM, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dükanda olduğu zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini deyərək onu Qaradağ Rayon Polis İdarəsinə dəvət etmişlər. X20 İddiaçı işi üzrə Bakı Apellyasiya Məhkəməsində əlavə şahid kimi verdiyi ifadəsində göstərmişdir ki, onu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək TM, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dükanın qarşısında saxlayıblar. Bu hal onu göstərir ki, Fətullayev Sahibə polis əməkdaşları tərəfindən təzyiq olub və o, bilərəkdən məhkəmədə yalan ifadə verib. İddiaçı Alahverdi oğlu əsassız yerə cinayət məsuliyyətinə cəlb olunduğu, həbsdə saxlanıldığı və ümumiyyətlə barəsindəki cinayət işinə baxılanadək, yəni ötən 24 ay 4 gün müddətində çəkdiyi məhrumiyyətlərlə yanaşı, qazancından da məhrum olmuş, ona və ailəsinə böyük məbləğdə maddi və mənəvi ziyan dəymişdir. Belə ki, iddiaçı Salyan şəhərində yaşasa da, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dərzi dükanında dərzilik edib gündəlik qazanc əldə edirdi və bununla, o həm öz ailəsini və həm də yaşlı anasının maddi vəziyyətlərini təmin edirdi. Eyni zamanda, iddiaçının 24 ay ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması, yəni saxlanıldığı yerin məsafə olaraq şəhərdən uzaq olması ailəsinin maddi durumunu daha da ağırlaşdırmışdır. Yaşlı anası ayda iki dəfə onun ziyarətinə Bakı İstintaq Təcridxanasına getməli olurdu, həmçinin, məhkəmə iclaslarında iştirak edirdi. Nəqliyyata sərf olunan maddi vəsait, qidalanması üçün istintaq təcridxanasına ərzaq məhsullarının aparılması və zəruri digər əşyaların göndərilməsi ailəsinin vəziyyətinə təsirsiz ötüşməmişdir. Odur ki, QasımovNizami Allahverdi oğlunun Beynəlxal Hüquq normaları və Azərbaycan Respublikası qanunvericiliyi ilə təsbit olunmuş hüquq və azadlıqları barəsində ibtidai araşdırmanı həyata keçirmiş istintaq orqanı və ona nəzarət edən prokurorluq orqanı tərəfindən ciddi şəkildə pozulmuş və o, bu pozuntular səbəbindən almış olduğu maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı işləmədiyi məlum 24 ay ərzində, həmçinin iddiaçı barəsində məhkəmənin bəraət hökmünün çıxmış olması mövcud dövr üçün iş fəaliyyətini bərpa etdirməsini istisna edir. Həmçinin azadlığa çıxandan sonra müayinə və müalicə üçün tibb müəssisələrinə müraciət etmiş və almış olduğu dərmanlar və tibbi ləvazimatlar daxil müayinə və müalicə üçün də maddi vəsait xərcləməli olmuşdur. Beləliklə, iddiaçı mövcud dövr üçün orta hesabla 48 000 (qırx səkkiz min) manat civarında qazancdan məhrum olmuşdur. İddiaçı əsasız yerə cinayət məsuliyyətinə cəlb olunması və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar ailəsindən və iş kollektivindən uzaq düşməsi, həmçinin ağır cinayət əməli törətməkdə təqsirləndirilməsinə görə ailəsi, dostları və yaxınları, iş kollektivi və həmyerliləri arasında barəsində mənfi fikirlər formalaşmış və onu əhatə edən şəxslərlə münasibətlərinə və nüfuzuna ciddi xələl dəymiş, şərəf və ləyaqəti ləkələnmiş, xəstə yaşlı anasına (anası çox çətinliklə gəzir) qayğı göstərmək imkanından məhrum olmuşdur. Həmçinin, iddiaçı bildirir ki, Bakı İstintaq Təcridxanasında saxlandığı 30 kvadrat metr ölçülü kamerada 10-15 nəfər qalırdılar. Yuxu yatmağa şərait yox idi, növbəli yatırdılar. Kamerada müxtəlif ağır, yoluxucu xəstəliklərdən əziyyət çəkən adamlarla birgə qalmaq məcburiyyətində idi. Həmin yoluxucu xəstəliklərə düçar olma ehtimalı iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyanın yaranmasına səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Buna görə çəkdiyi mənəvi iztirablara və sarsıntıya görə almış olduğu mənəvi ziyanı 60000 (altmış min) manat məbləğində dəyərləndirmişdir. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 13 iyun 2024-cü il tarixli, 2(006)-2107/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Günay Abidova) iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 24.000 (iyirmi dörd min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 6.Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı ********** VÖEN ilə xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. 7.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(002)-195/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 04 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 10 sentyabr 2021-ci il tarixdən hesablanması və s. qərara alınmışdır. 8.Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-302/2022 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməmüddətinin başlanğıcının 2021-ci ilin sentyabrın 10-dan hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və s. hökm edilmişdir. 9.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1329/2023 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-302/2022 nömrəli hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətmkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətmkan tədbirinin tətbiqi və ya məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının ona izah edilməsi və s. hökm edilmişdir. 10.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(102)-847/2024 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(107)- 1329/2023 nömrəli hökmünün dövlət ittihamçısı X9 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 11.Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən – hazırkı iş üzrə İddiaçı barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 10 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə iddiaçı 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa da, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ləğv olunmuş, təqsirliliyi sübuta yetirilmədiyi üçün ona bəraət verilərək, barəsində seçilmiş həbs qətmkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Həmçinin, qeyd olunan hökmlə iddiaçıya tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbs qətmkan tədbirinin tətbiqi və ya məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Sözügedən hökm Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024- cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 12.Hazırda iddiaçı qanunsuz cinayət təqibinə məruz qalması, barəsində həbs qətimkan tədbiri seçilməsi və azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu bildirərək, 48.000 (qırx səkkiz min) manat maddi, 60.000 (altmış min) manat mənəvi zərərin cavabdeh vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsini; iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi isə iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. 13.Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) vəqeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyrimümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 14.Məhkəmə qeyd etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni 2 (iki) il 4 (dörd) gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. 15.Məhkəmə iddia tələbinin “48.000 (qırx səkkiz min) manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edilməsi nəticəsində ona 48.000 (qırx səkkiz min) manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, bu dəlilini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı ona dəymiş maddi ziyanı qanunsuz olaraq azadlıqdan məhrum edildiyi və ondan sonrakı dövrdə işini itirməsi, anasının onun yanına gedib-gəlməsi üçün yol xərci, yemək, müayinə və müalicə xərcləri çəkməsi ilə əlaqələndirmiş, məhkəmə tərəfindən ona bu dəlillərini təsdiq edən mötəbər sübutları təqdim etmək təklif edilsə də, iddiaçı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əvvəllər VÖEN-ə (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə) malik olduğunu, lakin tutulmamışdan xeyli qabaq onu da bağlatdırdığını, müvafiq hesabatları (bəyannamələri) vermədiyini bildirmiş, buna görə də onun real gəlirlərinin müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti orqana sorğular verilməsinə zərurət qalmamışdır. Bununla da iddiaçıya real maddi zərər dəyməsi barədə mülahizələr məhkəmədə öz təsdiqini tapmamışdır. Halbuki, qeyd edilməlidir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildəaşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı ona real maddi ziyan dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin “48.000 manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi təmin edilməməlidir. 16.İddia tələbinin “60.000 (altmış min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki , işin mübahisəsiz halıdır ki, iddiaçının qanunsuz olaraq 2 (iki) il 4 (dörd) gün müddətinə azadlıqdan məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin məhkəmə hesab etmişdir ki, ona vurulmuş mənəvi zərərin əvəzi 60.000 manat deyil. Belə ki, məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 24.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 24.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. 17.Məhkəmə gəldiyi nəticəni “İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi”nin 3 və 9-cü; Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən suiistifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1100, 1101.1, 21 və 23-cü; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 106.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cümaddələrlə istinadla əsaslandirmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1101.1-ci maddəsinin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətin əsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 24.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Belə hesab edir ki, Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 24.000 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Lakin iddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmə tərəfindən iddiaçıya ödənilməli olan məbləğ bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil və həddən artıq yüksəkdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 22.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 23.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 24.Maddə 1101.1.Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 25.Maddə 1.Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 26.Maddə 5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 27.Maddə 6-cı maddəsinin 1-ci bəndi.Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 28.Maddə 7-ci maddəsinin 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 29.Maddə 12.Fiziki və mənəvi ziyan,Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmətərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraatmüddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləğiAzərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmətərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 30.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 33.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini apellyasiya şikayətinin dəlilləri həcmində qətnamənin iddia tələbinin qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası apellyasiya şikayətini və mülki iş materiallarının araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(006)-2107/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 35.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni 2 (iki) il 4 (dörd) gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, onun mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar onda inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər yaratmaqla nəticədə iddiaçıya mənəvi zərər dəymişdir. Belə ki, o, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. 36.Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçının 2 il 4 gün müddətində qanunsuz azadlıqdan məhrum edilməsi bununla da cinayət təqibinə məruz qalması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. 37.Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar” termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. 39.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 40.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntununxarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və yadigər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq,narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X5rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvizərər ödənilməsi qərarına gəlmişdir. 41.Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyikompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyəkompensasiyasının təmin olunmasına yönəlib. 42.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 43.Kollegiya cavabdeh tərəfin deliktin onun tərəfindən törədilməməsinə dörə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasının əsassız olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 44.Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 45.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 46.Bundan başqa Mülki Məcəllənin 1101.1-ci maddəsinin məzmunua əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 47.Göründüyü kimi, iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənildiyindən, cavabdehin qeyd olunan dəlili əsassız hesab edilməlidir. 48.Məhkəmə kollegiyası həmçinin apellyatorun kompensasiya məbləğinin hesablanması zamanı Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin nəzərə alınması barədə dəlilini də əsassız hesab edərək qeyd edir ki, Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir. 49.Göründüyü kimi qeyd olunan norma cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş, cinayət mühakimə icraatı qaydasında həll edilən məsələni tənzimləməklə hazırki mülki iddia və iddianın əsasında duran fakitki hallarla əlaqəsi yoxdur. 50.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 51.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 52.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 53.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(006)-2107/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5350/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5350/2024
25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver